Seyid
Əzim Şirvani yaradıcılığına bir nəzər
Seyid Əzim Şirvaninin yaradıcılığı
olduqca çoxşaxəlidir. Lakin bu zəngin
yaradıcılıqda əsas yer maarifçilik ideyasına məxsusdur.
O, xalqını savadlı, dünyagörüşlü, məlumatlı
və müasir düşüncəyə sahib görmək
istəyirdi. Bu arzunun gerçəkləşməsi
üçün çalışır, həm poeziyası, həm
də pedaqoji fəaliyyəti ilə maarifçiliyi təbliğ
edirdi.
Bu fikirlər AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin müdiri filologiya elmləri doktoru, professor
Vüqar Əhmədin “Seyid Əzim Şirvani
yaradıcılığına bir nəzər” sərlövhəli
məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim
edirik.
Seyid Əzim ərəb, fars və rus dillərini
mükəmməl bilirdi. Şamaxıda müdirlik etdiyi yeni
üsullu məktəbdə rus dili də tədris olunurdu. Onun
maarifçilik istiqamətindəki fəaliyyəti yalnız
dil bilikləri ilə məhdudlaşmırdı. O, bu məktəbdə
şagirdlərinə türk olduqlarını anlatmaqla
yanaşı, İslam dəyərlərini dərindən
başa salır və Avropanın inkişaf etmiş
xalqları ilə ayaqlaşmaq üçün rus dilini
öyrənməyi tövsiyə edirdi.
Qurani-Kərimi əzbər bilən Seyid Əzim uzun
illər İraqın Nəcəf şəhərində
ilahiyyat dərsləri almış, ərəb dilində heyrətamiz
səviyyədə savad qazanmışdı. Amma dövründə
Azərbaycanda mətbuat olmadığı üçün
maarifçi fikirlərini geniş yaymaq imkanı yox idi. Bu
boşluq 1875-ci ildə Həsən bəy Zərdabinin
“Əkinçi” qəzetini yaratması ilə aradan qalxdı.
Seyid Əzim bu qəzetə şeirlər və məqalələr
göndərərək ictimai fikrin formalaşmasına
töhfə verdi.
O, həmçinin Tiflisdə fəaliyyət göstərən
“Ziya” və “Kəşkül” qəzetlərinə şeirlər
göndərir, bu mətbu orqanların işıqlanmasına
və sevilməsinə səbəb olurdu. Bu yazılar onun
maarifçilik ideyalarını daha geniş auditoriyaya
çatdırmasına imkan verdi.
Seyid Əzim təkcə Şamaxı və Bakı
deyil, Azərbaycanın bütün bölgələrindəki
ədəbi məclislərdə böyük hörmət
qazanmışdı. Şairin adı xüsusilə
“Əkinçi”, “Ziya” və “Kəşkül” qəzetlərindən
tanınırdı. Şamaxılı olan Ünsizadə
qardaşlarının təşəbbüsü ilə
Şamaxıda açılmış “Məclis” adlı yeni
üsullu məktəbdə şəriət dərslərini
Seyid Əzim tədris edirdi. Məhz bu məktəbdə Azərbaycanın
digər böyük şairi Mirzə Ələkbər Sabir
onun dərslərini dinləmişdi.
Maarifçi şairin Qafqazın müxtəlif
bölgələrində tanınması onun poeziyasının
gücündən və maarifçilik ruhundan irəli gəlirdi.
Mir Möhsün Nəvvab, hərçənd ona həcvlər
yazmışdı, Seyid Əzimin şeiriyyətinə
yüksək qiymət verirdi. Bölgələrdəki məclis
üzvləri onu Mövlanə Füzulidən sonra türk
poeziyasının nəhəngi hesab edirdilər. Ordubadda fəaliyyət
göstərən “Əncümənüş-şüəra”
məclisinin rəhbəri Hacıağa Fəqir Ordubadi onunla
məktublaşır və bir-birinə mənzumələr
yazırdılar.
Seyid Əzim yaşadığı dövrdə bir
çox şairin ilham mənbəyi və mənəvi müəllimi
olub. Firidun bəy Köçərli onu “Qafqaz şüərasının
səramədi” adlandırıb və Azərbaycan ədəbiyyatında
tutduğu mövqeyə xüsusi önəm verib. O, Bakı,
Şuşa, Gəncə, Qazax, Lənkəran, Təbriz,
Ərdəbil, Dərbənd və Şəki bölgələrinin
şairləri ilə sıx əlaqədə olub, təzkirələrində
onların yaradıcılığından geniş bəhs
edib. Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra”
ədəbi məclisində tez-tez iştirak edən şair
burada Əbdülxalıq Cənnətinin istedadına da
yüksək qiymət vermişdi.
Məlumdur ki, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev Seyid Əzimin yaradıcılığına
böyük maraq göstərmiş, onu Bakıya dəvət
etmiş və şeirlərini dinləmişdir. Seyid
Əzimin oğlu Seyid Cəfərin söylədiyinə
görə, Tağıyev onun külliyatını çap
etdirmək istəsə də, senzura və bəzi ruhanilərin
müqaviməti buna mane olmuşdu. Amma sonradan bu külliyat
Tehranda nəşr olunmuşdu.
Mərhum professor Xeyrulla Məmmədov “XIX əsr Azərbaycan
ədəbiyyatı” kitabında Seyid Əzimin
yaradıcılığına geniş yer ayıraraq, onun
“Əkinçi” qəzetində yazmaqla ictimai pafos
qazandığını, vətəndaş mövqeyinin
formalaşdığını qeyd edib: “Fəbbül-ətfal”,
“Qafqaz əhlinə xitab”, “Ruhanilik təhsili”, “Əkinçi
və xan”, “Köpəyə ehsan” kimi əsərləri həm
mövzu dərinliyi, həm də poetik dili ilə
dövrün şairlərinə örnək olmuşdur. O
dövrdə elə bir şair yox idi ki, Seyid Əzimin dəsti-xətindən
təsirlənməsin”.
Seyid Əzim təzkirəçilik sahəsində də
mühüm işlər görüb, Sadiq bəy Sadiqidən
sonra bu sahədə parlaq nümunələr yaradıb.
Azərbaycan ədəbiyyatı zəngin mənəvi
və mədəni irs xəzinəsidir. Seyid Əzim
Şirvani isə bu xəzinənin ən dəyərli
yaradıcılarından biri olaraq, öz humanist və tolerant
yaradıcılığı ilə ədəbiyyat tariximizdə
silinməz iz qoyub. Onun oğlu Seyid Cəfərə
ünvanladığı nəsihətnamə xarakterli
şeiri, şairin bütün bəşəriyyətə
açıq ürəyə sahib olduğunu nümayiş
etdirir. Bu xüsusiyyətlər onun
yaradıcılığını işıqlı və həmişəyaşar
edib.
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.16.