Nağdsız ödənişlərə görə
200 milyon manat ƏDV qaytarılıb
“ƏDV geri al” layihəsinin işə düşməsindən
5 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi
xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda
şəffaflığın təmin edilməsi,
nağdsız ödənişlərin genişlənməsi və
stimullaşdırıcı mexanizmləri təşviq edən
bir təşəbbüsdür. Bu layihəni başlayarkən,
Dövlət Vergi Xidməti ictimai
iştirakçılığı cəlb etməklə
“kölgə iqtisadiyyatı”nın miqyaslarının
azaldılmasında effektiv nəticələr əldə etməyi
hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir
hissəsinin geri qaytarılmasını nəzərdə tutan
mexanizm tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması
istiqamətində müəyyən nəticələr verir.
“ƏDV geri al” layihəsi çərçivəsində
fiziki şəxs olan istehlakçılara pərakəndə
ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz
məhsulları, avtomobillər, alkoqollu içkilər və
tütün məmulatları istisna olmaqla), tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən
tibbi xidmətlərə görə ödənilmiş
ƏDV-nin müvəkkil banklar tərəfindən
qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində
46 milyon 88,3 min manatdan çox olub. “ƏDV geri al” layihəsi
çərçivəsində fiziki şəxs olan
istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul
olan şəxslərdən nağdsız qaydada
alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş
ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi
8 milyon 59,8 min manatdan çox təşkil edib.
“ƏDV geri al” layihəsinin
reallaşdırılması nəticəsində pərakəndə
ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində
nağdsız ödəmələrin xüsusi çəkisi
əhəmiyyətli şəkildə yüksəlib. Layihənin
icrası nəticəsində vergi ödəyicilərinin real
dövriyyələrinin üzə çıxarılması
təmin edilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa
aparatlarının (NKA) tətbiqi istiqamətində işlər
davam etdirilir. “ƏDV geri al” layihəsi yeni nəsil
NKA-ların tətbiqi ilə paralel şəkildə həyata
keçirilir. İndiyədək ölkə ərazisində
105.694 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil
NKA-lardan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə
nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci
ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə
alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə
qeydə alınan dövriyyə 10,1 faiz artıb
Naxçıvanda da Dövlət Vergi Xidməti tərəfindən
yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir. 2025-ci ilin
yanvar-fevral ayında belə NKA-lar vasitəsilə qeydə
alınan dövriyyə 64,6 milyon manat təşkil edib ki, bu
ötən ilin eyni dövrü ilə müqayisədə
10,1 faiz çoxdur. Naxçıvanda ƏDV-nin bir hissəsinin
geri qaytarılması ilə bağlı innovativ layihə olan
“ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam
etdirilir. İndiyədək MR-də “ƏDV geri al” layihəsi
çərçivəsində istehlakçılara 2,5 milyon
manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan
məbləğ ötən ilin eyni dövrünə nisbətən
14 faiz artaraq 242,2 min manat olub.
2024-cü il ərzində pərakəndə ticarət
və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən
alınmış mallara (neft və qaz məhsulları,
avtomobillər, alkoqollu içkilər və tütün məmulatları
istisna olmaqla), eləcə də tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən
tibbi xidmətlərə görə ödənilmiş
ƏDV-nin 176 milyon 360,4 min manatı fiziki şəxs olan
istehlakçılara geri qaytarılıb. “ƏDV geri al” layihəsinin
reallaşdırılması nəticəsində pərakəndə
ticarət, iaşə və tibb xidmətləri sahələrində
nağdsız ödəmələrin xüsusi çəkisi
əhəmiyyətli şəkildə yüksəlib. Bundan
başqa, 2024-cü il ərzində nağdsız qaydada
alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş
ƏDV-nin qaytarılan həcmi 26 milyon 417,7 min manatdan çox
olub. Bu rəqəmləri cəmləsək, 1 il ərzində
qaytarılan ƏDV məbləği 202,8 milyon vəsait deməkdir.
Nağdsız ödəmələrin
stmullaşdırılması məqsədilə
nağdsız ödənişlər üzrə geri
qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi
15 faizdən 17,5 faizə qədər artırılıb ki, bu
da istehlakçılarda nağdsız ödəmələr
aparmağa əhəmiyyətli maraq yaradır. Hansı ki, 2022-ci
ildə layihə çərçivəsində
nağdsız qaydada alınmış mallara və ya əldə
edilmiş xidmətlərə görə
istehlakçılara qaytarılan ƏDV 68,4 milyon manat
olmuşdu. Qaydalara əsasən, ƏDV-nin müəyyən
hissəsinin qaytarılması zamanı 3 məqama diqqət
yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni
alış-veriş edən və ya xidmətdən yararlanan tərəf
fiziki şəxs olmalıdır. İkincisi, satıcı və
ya xidmət göstərən tərəf mütləq
ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə
satıcının yeni nəsil kassa aparatlarından istifadə
etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması
yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi
obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini
nağd və ya nağdsız qaydada ödəyə bilər.
Nağd ödəmələr zamanı satıcı
istehlakçıya onlayn nəzarət-kassa aparatının
çekini təqdim etməlidir. Malların dəyəri
nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa
aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya
POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının
çekini aldığı tarixdən 90 gün ərzində
www.edvgerial.az portalına müraciət etməli və
çek barədə məlumatları, yəni NKA çekinin
12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə
daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik
olan və onu müvafiq qaydada yükləyən bütün
istifadəçilər bu tətbiq vasitəsilə də
çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən
sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla
geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata
alınmış telefon nömrəsinə yüklənməlidir.
Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı
sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa
aparatı çeki barədə məlumatlar Dövlət
Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla
uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı
çekinin təsdiqləndiyi dərhal
istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin
nağdsız ödənişlər üzrə 17,5 faizi,
nağd ödənişlər üzrə 5 faizi müvəkkil
bank tərəfindən alıcının elektron kabinet açılarkən
yaradılan virtual "pul qabı"na yerləşdirilir.
İsitfadəçilər toplanmış vəsait ilə
kommunal, mobil, internet, TV, cərimə və sığorta
ödənişlərini həyata keçirə, həmçinin
ölkədaxili bank kartlarına köçürmələr
edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq
Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar
üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait
tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait
bank kartlarına köçürülərək
nağdlaşdırıldığı zaman müvafiq
bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq
edilə bilər). Qeyd edək ki, bu qaydalar supermarket və digər
pərakəndə ticarət obyektləri, restoran və kafelərdən
alınmış mallara, göstərilmiş xidmətlərə
görə ödənilən ƏDV-nin bir hissəsinin
qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma
məntəqələrindən neft və qaz məhsullarının
alışı zamanı ödənilən ƏDV geri
qaytarılmır.
Əslində iqtisadiyyata böyük ziyan vuran pandemiya
Azərbaycanda nağdsız ödənişlərin
artımını və bank kartlarından istifadəni
stimullaşdırmış oldu. Buna həm insanlar arasında
təmasların azalması məcburiyyəti, həm müasir
İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi,
həm də dövlətin nağdsız hesablaşmaların
artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi,
stimullaşdırması şərait yaratdı. Artıq insanlar
da elektron ticarət və nağdsız ödənişlərin
üstünlüklərini əyani şəkildə
görür, vaxt itkisi və əlavə prosedurların
olmaması, ödəmənin asanlılığı
baxımından nə qədər əlverişli olduğunu
başa düşür. Belə ki, kartla ödəniş
zamanı vəsaitin xərclənməsini izləmək, onu
geri qaytarmaq və ödənişi ləğv etmək
mümkündür. Pulları kart hesabında mühafizə
etmək onları oğurluqdan və itkidən tamamilə
qoruyur. Məsələn, nağd pul itdikdə və ya
oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə
onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə
kartını bloklaya bilir. Qanunvericilik nağdsız ödənişlər
üzrə həm sahibkarlara, həm də vətəndaşlara
müvafiq üstünlüklər nəzərdə tutur. Bu
üstünlüklərin nəticəsdir ki, Azərbaycanda
nağdsız ödənişlər artır və
nağdsız ödənişlərin inkişafı
strategiyası 2026-cı ilədək davam etdiriləcək.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.12.