Problemli kreditlərdə artım: səbəb nədir?
Bu il martın 1-nə Azərbaycanda vaxtı
keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil
edib. Bu isə fevralın 1-i ilə müqayisədə 1,05 %
çoxdur. Ölkədə problemli kreditlərin məbləği
ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə
2,3 % artıb. Fevralın sonuna vaxtı keçmiş kreditlərin
ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil
edib. Bu nisbət yanvarın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %,
ötən il fevralın sonuna isə 1,9 % olub.
Problem nədən qaynaqlanır? “Xalq Cəbhəsi” məsələni
araşdırmağa çalışıb.
“24 milyard manata yaxın kredit portfeli”
İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda
olan problemli kreditlərin həcminə baxmaq üçün
ilk növbədə biz, kredit portfeli ilə problemli kreditin həcmi
və onlar arasında olan mütənasibliyə nəzərən
prosesin qorxulu olub-olmamasını deyə bilərik: “Təsəvvür
edin ki, 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1,5
milyard manata yaxın idi. Amma sonrakı dönəmlərdə
davamlı işlərin aparılmasının nəticəsində
problemli kreditlərin həcmi azaldı. 2023-cü ilin sonunda
ölkədə 24 milyard manata yaxın kredit portfelimiz olub,
lakin həmin vaxt problemli kreditlərin həcmi 437 milyon manat
olub. Yəni bu, ümumi kredit portfelinin cəmi 1,8 faizini təşkil
edirdi. Halbuki, 2020-ci ildə həddindən artıq
böyük bir nisbət var idi. Yəni, kiçik bir həcmə
rəğmən 1,5 milyardlıq problemli kredit vardı. 3 dəfədən
də çox azalma baş vermişdi”.
Mənfi tendensiyta
İqtisadçının sözlərinə görə,
2025-ci ilin fevralın 1-də isə ölkədə problemli
kreditlərin həcmi 475 milyon olub: “Amma 2023-cü ildə olan
həcm 437 milyon manat olub. Yəni arada olan təxminən 1 il 3
aylıq dövr ərzində problemli kredit təxminən 40
milyon manat artıb. Ancaq, gəlin baxaq görək bu müddət
ərzində kredit portfeli nə qədər artıb? Kredit
portfeli 2023-cü ilin sonundan 2025-ci il 1 sentyabra qədər olan
arada daha böyük həcmdə artıb. Belə ki, 23,9
milyard manatdan 27,6 milyard manata çatıb. Yəni təxminən
2,5 milyard manatlıq artım olub. Deməli, kredit portfelinin həcmi
2,5 milyard artığı halda, problemli kredit təxminən 40
milyon artıb”.
“Şərtlər yenidən baxılması məqsədəuyğundur”
E.Əmirov əlavə edib ki, təbii ki, çox
kredit veriləndə problemli kreditin həcmində də
artım olacaq: “Ümumiyyətlə isə problemli kreditlərlə
bağlı olan məsələdə hər zaman qeyd
etmişəm və bu gün də qeyd edirəm ki, məhz Azərbaycanda
kredit arzusunda olanlara kreditlərin banklar tərəfindən təşkil
edilməsi istiqamətində ən böyük qənaətbəxşedici
olmayan məsələ istehlak kreditlərinin atım
dinamikasının digər kredit növlərinin artım
dinamikasını üstələməsidir. Buna görə də
istehlak kreditlərinin verilməsi şərtlərinə yenidən
baxılmasını məqsədəuyğun hesab edirəm”.
Problemli kreditlərin ümumi kredit portfelində
payı
İqtisadçı ekspert Xalid Kərimli deyib ki, məsələ
ondan ibarətdir ki, bankların kredit portfeli də artıb: “Yəni
bankların keçən illə müqayidəsə kredit
porfelinə baxanda 18 faizdən çox artım olduğunu
görürük. Kredit portfeli bu qədər artıbsa,
problemli kreditlərin artması da normaldır. Çünki
banklar daha çox kredit verirlər, daha böyük həcmli
kredit verirlər. Bu baxımdan qeyd olunan rəqəmlər elə
də təhlükəli deyil. Əksinə, daha
yaxşıdır. Ümumiyyətlə, banklar kredit verəndə
çalışırlar elə kredit versinlər ki, bu, gələcəkdə
problemli kreditə çevrilməsin. Bunun üçün də
kredit götürən şəxslərdən öhdəliklər
haqqında məlumatlar istəyirlər. Həmçinin
banklar hamıya da istədikləri qədər kredit vermirlər.
Banklar bu işi daha yaxşı görmək üçün
onların özlərinin ciddi komandası, əməkdaşları,
modelləri var. Onlar müştəriləri analiz edir, kredit
tarixçəsinə baxırlar. Problemli kredit bankın
riskidir. Bank onsuz da bu işi ən yaxşı şəkildə
görməyə çalışır. Amma bütün
bunlar gələcəklə bağlıdır. Məsələn,
bir şəxsin indi gəliri yaxşıdır kredit
götürüb, üstündən 3 ay keçəndən
sonra həmin şəxsi işdən çıxarırlar və
ya onun başına bir iş gəlir və həmin krediti
ödəyə bilmir. Yəni bunu heç kim öncədən
proqnozlaşdıra bilmir. Ona görə də bu cür risklər
ortaya çıxa bilir”.
X.Kərimlinin bildirdiyinə görə, əsas
nüans problemli kreditlərin ümumi kredit portfelində
xüsusi çəkisidir: “Bu da Azərbaycanda kifayət qədər
yaxşı vəziyyətdədir. Artımlar sırf mütləq
rəqəmlərlə olan artımdır. Kredit portfelinə
baxsaq, əksinə, problemli kreditlərin ümumi kredit
portfelində payı aşağı düşüb,
artmayıb”.
“Tənzimləyici qaydalar tətbiq olunandan sonra...”
İqtisadçı ekspert Emin Qəribli diqqətə
çatdırıb ki, problemli kreditlərin sayının
artmasının səbəbi odur ki, ümumiyyətlə,
dövriyyə də, eləcə də kreditlərin sayı
da kifayət qədər artıb: “Təbii ki, belə olanda
problemli kreditlər də artır. Ancaq bir şey də var ki,
bunun qarşısını almaq üçün Mərkəzi
Bank tarifində müvafiq qaydalar da dəyişildi.
İnanıram ki, bu tənzimləyici qaydalar tətbiq olunandan
sonra vəziyyət düzələr. Bu artımın
qarşısını almaq üçün əlavə tədbirlər
də görülər. Görürük ki, dünyada baş
verən problemlər, böhranlar təsirini göstərir.
Əslində bankların kreditləri də artıb. Keçən
il bu qaydalar bir az dəyişdi. Kredit vermədə problemlər
yarandı, təklif də azaldı. Təklif
azaldığına görə faizlər artıb”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.13.