Azərbaycanın enerji sahəsində beynəlxalq təşəbbüskarlığı
davam edir
Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
3-cü iclasları, Azərbaycanın enerji sahəsindəki
mövqeyini bir daha gücləndirdi. Bu tədbirlər, Azərbaycanın
enerji siyasətində yeni bir mərhələnin
başladığını və ölkənin regional və
qlobal enerji bazarlarında daha da fəallaşdığını
göstərir.
Mövzu ilə bağlı Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş
Qasımov bildirib ki, Cənub Qaz Dəhlizi, əsasən, Avropa
və Asiyanın enerji təhlükəsizliyini təmin edən
strateji layihə olaraq əhəmiyyət kəsb edir. Bununla
yanaşı, Yaşıl Enerji Məşvərət
Şurası da qlobal enerjinin yaşıl
dönüşümündə Azərbaycanın fəal
iştirakını vurğulayır, bu da ölkəmizin
ekoloji cəhətdən təmiz və davamlı enerji mənbələrinə
keçid məqsədini dəstəkləyir. Bu cür beynəlxalq
tədbirlər Azərbaycanın enerji sektorunun
inkişafını və dünya enerji bazarlarında daha
güclü iştirakını təmin edir. Azərbaycan
Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
3-cü iclasında çıxışında bu tədbirlərin
əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan
tərəfindən başlanmış və Avropa
Komissiyası tərəfindən dəstəklənmiş bu
vacib toplantı enerji təhlükəsizliyi sahəsində
yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin
həllində və birgə səylərimizin əlaqələndirilməsində
mühüm rol oynayıb. Həmçinin bu gün birgə
foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də
daha çox yer lazım olacaq, çünki komanda genişlənir.
Bu isə əməkdaşlığın çox
yaxşı təzahürüdür. Vaxt keçdikcə
prosesdə iştirak edən ölkələrin və şirkətlərin
sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”.
Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycan
üçün yalnız iqtisadi deyil, həm də strateji bir
əhəmiyyət kəsb edən mühüm bir layihədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən bu layihə, Azərbaycanın enerji
diplomatiyasının ən uğurlu və təsirli nümunələrindən
biri kimi qiymətləndirilir. Bu layihə, həm regionda, həm
də qlobal enerji bazarında Azərbaycanın mövqeyini
gücləndirib və ölkəmizi Avropanın enerji təhlükəsizliyində
vacib bir tərəfdaşa çevirib: “Cənub Qaz Dəhlizi,
Azərbaycan qazını, Gürcüstan və Türkiyə
üzərindən Avropaya daşıyan bir enerji
marşrutudur. Bu, Avropanın enerji təchizatında şaxələndirməyi
və Rusiyanın enerji monopoliyasını azaltmağı məqsəd
qoyan mühüm bir layihədir. Azərbaycanın təbii qaz
ehtiyatlarının Avropaya daşınması, həmçinin,
ölkənin enerji siyasətində mühüm strateji
addım olub, Azərbaycanın həm regional, həm də
qlobal enerji bazarlarında daha da möhkəmlənməsinə
səbəb olub”.
O, qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti, bu layihənin reallaşmasında həlledici rol
oynayıb. Azərbaycanın, həmçinin, öz qaz ixracatını
müxtəlif bazarlara yönəltmə imkanı əldə
etməsi, ölkəmizin enerji siyasətini daha müstəqil
və güclü edir. Bu layihə yalnız iqtisadi deyil, həm
də diplomatik baxımdan Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunu artırır: “Prezident İlham Əliyev bildirib ki,
enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan
daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma,
həm də çatdırılma ilə məşğuldur:
“Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş
olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli
nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan
enerji sahəsində etibarlı tərəfdaşdır və
Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir.
Qaz təchizatımızın coğrafiyası genişlənir.
Bakıda keçirilmiş son görüşdən, yəni,
10-cu Məşvərət Şurasından sonra əlavə 5
ölkə təbii qazımızın alıcısına
çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12
ölkəyə çatdırılır. Onlardan 10-u Avropa
ölkəsidir və 8-i isə Avropa İttifaqının
üzvüdür. Avropada qaz təchizatımızın
coğrafiyası birmənalı olaraq genişlənəcək,
çünki bu gün bəzi Avropa ölkələrinin
qazpaylama şəbəkəsinin yaradılmasında artıq
iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri
isə genişləndirilməlidir və Azərbaycan investor
kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın
coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o
cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.
Azərbaycanın təbii sərvətləri, xüsusən
də qaz və neft ehtiyatları, ölkəni enerji təchizatı
baxımından mühüm bir mənbəyə çevirib.
Azərbaycanın Avropa, Asiya və digər regionlarla
qurduğu strateji əməkdaşlıqlar, həmçinin
enerji sahəsindəki uğurlu diplomatiyası, onun etibarlı
tərəfdaş kimi nüfuzunu gücləndirib”.
S.Qasımov onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi kimi
mühüm layihələrdə Azərbaycan, yalnız
enerjini təmin edən deyil, həm də bu enerjinin təhlükəsiz
və dayanıqlı şəkildə daşınmasına zəmanət
verən bir tərəfdaşdır. Azərbaycanın enerji
siyasətindəki şəffaflıq, sabitlik və
uzunmüddətli tərəfdaşlıq anlayışı,
həm regional, həm də qlobal səviyyədə
etibarını artırır.
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa
İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə
institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə
nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli
nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra
işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi
sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı,
inkişafında tərəqqi və növbəti
addımlar” və “Yaşıl enerji layihələri və
yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla
davam etdirib.
Həmçinin Məşvərət Şurası
çərçivəsində Azərbaycan, Türkiyə,
Gürcüstan və Bolqarıstan arasında yaşıl
enerjinin ötürülməsi və ticarəti üzrə
II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa
Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər
Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə
Avropa İttifaqı arasında dənizdə külək
enerjisinin inkişafı üzrə dəyirmi masa
keçirilib.
Tədbir çərçivəsində enerji sahəsində
əməkdaşlıq üzrə sənədlər
imzalanıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlər
toplantısı 2015-ci ilin fevral ayından etibarən
keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan, enerji sahəsində bir çox beynəlxalq
layihə və təşəbbüslərdə fəal
iştirak edir, bununla da qlobal enerji təhlükəsizliyinə
öz töhfəsini verir. Bu da Azərbaycanın
etibarlılığını daha da möhkəmləndirir və
gələcəkdə də bu rolu davam etdirəcəyini
göstərir. Azərbaycanın enerji resurslarının beynəlxalq
bazarlara çıxarılması, ölkənin qlobal enerji təhlükəsizliyindəki
rolunun əhəmiyyətini artırır və Azərbaycanın
etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
ADPU-nun rektor müşaviri Ümid Mehdiyevin fikrincə,
müasir dünyada Azərbaycan Avropanın enerji mənbələrinin
diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayır. Bu baxımdan cari ilin
aprelin 4-də paytaxtımızda keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
3-cü iclasları əlbəttə ki, dövlətimizin
enerji siyasətində strateji mərhələ olmaqla
yanaşı, ölkəmizin regional və qlobal enerji
bazarlarında artan rolunu bir daha nümayiş etdirir: “Tədbirdə
çıxış edən Ölkə
başçısı cənab İlham Əliyev Azərbaycanın
ənənəvi enerji siyasəti ilə yanaşı bərpa
olunan enerji strategiyasının əhəmiyyətinə
toxunaraq bildirmişdir: “Bu gün Günəş və Külək
Enerji stansiyalarına aid sərmayədarlarımızla
artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə
qədər 6 giqavat günəş və külək enerjisi
təmin edəcək.
Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün
elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza
xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və
həmin qazı ixraca yönəldəcəyik. Ermənistan
işğalından azad edilmiş Şərqi Zəngəzur
və Qarabağ ərazilərində su elektrik enerjisi
potensialına gəldikdə, artıq 270 meqavatlıq su
elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox
kiçik su elektrik stansiyası istismara verilib və maksimum
növbəti beş ildə bu rəqəm əlavə 30
kiçik su elektrik stansiyası ilə 500 meqavata
çatdırılacaq. Beləliklə, nəticədə
2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı
yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq
üçün deyə bilərəm ki, bu gün Azərbaycanın
yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə,
növbəti beş il ərzində bərpaolunan mənbələrdən
enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə
artıracağıq”.
Göründüyü kimi, enerji təhlükəsizliyi
artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə
çevrilib. Bu baxımdan istehsalçı, tranzit və
istehlakçı ölkələr arasında maraqların
tarazlaşdırılması beynəlxalq maliyyə
institutlarının dəstəyi ilə mümkün olub.
Yaşıl gündəliyin sürətlənməsi ilə
paralel olaraq, Azərbaycan bərpaolunan enerji sektorunda ciddi
addımlar atır. İndiyədək imzalanmış
müqavilələrə əsasən, 2030-cu ilə qədər
6 giqavat günəş və külək enerjisi istehsalı
nəzərdə tutulur. Bu investisiyalar daxili təbii qaz
istehlakının azalmasına və qazın ixrac
üçün yönləndirilməsinə imkan verəcək”.
Tədbir zamanı xüsusilə vurğulanan məsələlərdən
biri faydalı qazıntı layihələrinin maliyyələşdirilməsi
ilə bağlı bəzi beynəlxalq maliyyə təsisatlarının
siyasətinin yenidən nəzərdən keçirilməsi
idi. Uzunmüddətli müqavilələrin bağlanması və
investorlar üçün dayanıqlı bazar təminatı
mühüm şərtlər kimi irəli sürülüb.
Ölkə Prezidenti cənab İlham Əliyev
çıxışında ölkəmizin nəhəng
hasilat və nəqletmə layihələrinin icrasını
mümkün etmiş korporativ maliyyələşmə, o
cümlədən borca götürülmüş pul vəsaitlərinin
kombinasiyasında böyük təcrübəyə malik
olduğunu vurğulayaraq qeyd etmişdir: “AÇG, “Şahdəniz”
və “Abşeron” - bütün bunlar bu gün bir çox
ölkələrin enerji təhlükəsizliyini təmin edən
neft və qaz yataqlarıdır: “Bir neçə ildən sonra
bir çox digər neft-qaz yataqlarının da istismarına
başlanılacaq. Beləliklə, müqavilələr
artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru
kəmərlərinin çəkilməsi,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və
həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər
qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq
sayəsində görülmüşdür. Beləliklə,
faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin
dayandırılması siyasəti başlayanda, bu, investorlara,
şirkətlərə, ölkələrə müsbət
olmayan siqnal göndərir. Bir sözlə,
düşünürəm ki, həmin mühüm məqam
da, ola bilsin, müzakirə ediləcək”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.8.