İranın Zəngəzur dəhlizi
narahatlığı: Tehrandan Qərbin layihəsinə dəstək
İranın xarici işlər nazirinin müavini Məcid
Taxt Ravançi Ermənistan İctimai televiziyasına
müsahibə verib. O, müsahibəsində Zəngəzur dəhlizinin
açılmasına qarşı çıxıb, Qərbin
layihəsi olan “sülh kəsişməsi” layihəsini dəstəkləyib.
Bu açıqlamadan bir daha bəlli olur ki, Zəngəzur dəhlizinin
açılmasına qarşı ən böyük maneə
Ermənistandır.
İranın bu siyasi kursunun nə ilə nəticələnə
biləcəyi yönündə millət vəkilləri,
politoloqlar fikirlərini “Xalq Cəbhəsi”nə bildirib.
“İran güclü Ermənistan istəyir”
Milli Məclisin deputatı Hikmət Babaoğlu
vurğulayıb ki, İran Cənubi Qafqaz regionunda
güclü Azərbaycan yox, güclü Ermənistan istəyir:
“Ona görə də İran xarici işlər nazirinin
müavini Məcid Taxt Ravançi regional inteqrasiyaya xidmət
edəcək Zəngəzur dəhlizinin
açılmasını yox, yalnız və yalnız Ermənistanın
inkişafına xidmət edəcək “sülh kəsişməsi”
layihəsini dəstəkləyir. Əslində “sülh kəsişməsi”
layihəsi Azərbaycanın kommunikasiyaları və sərvətləri
hesabına Ermənistanın varlanması deməkdir. Ona
görə də belə bir layihənin baş tutması o qədər
də real görünmür. Ancaq Zəngəzur dəhlizinin
açılması bütün region ölkələrinin, o
cümlədən İranın inkişafı deməkdir.
Lakin İran bunu istəmir”.
“Bu, tarixi zərurətdir”
H.Babaoğlunun sözlərinə görə, İran
ona görə Azərbaycanın güclənməsini istəmir
ki, Azərbaycan gücləndikcə İranda yaşayan azərbaycanlıların
mövqeyi də güclənir, onların İran
Konstitusiyası ilə tanınan hüquqlarının əldə
olunması üçün mübarizə əzmi artır:
“Bunu isə İran özünə təhdid kimi görür.
Yəni İran çalışır ki, İranda yaşayan
bütün xalqlar fars hegemoniyası altında olsun, digərlərinə
heç bir hüquq tanınmasın və fars dili hakim olsun.
Halbuki, İran Konstitusiyasına görə İranda azərbaycanlıların
öz dillərində oxumaq, yazmaq, danışmaq
hüquqları var. İran qorxur ki, nəticə etibarı ilə
bu hüquqlar bir çox Avropa ölkəsində olduğu
kimi İranda da iki dövlət dilinin yaranmasına gətirib
çıxara bilər. İran da bunu istəmir. Ancaq bu, tarixi
zərurətdir. Bu məsələnin geci-tezi var”.
“İran ən azı iki rəsmi dövlət dili olan
bir dövlətə çevrilməlidir”
Deputat əlavə edib ki, onsuz da İran ən azı
iki rəsmi dövlət dili olan bir dövlətə
çevrilməlidir: “Çünki əhalisinin
yarısından çoxu türkcə danışır və
İran Konstitusiyasında da bu dil azərbaycanlıların
dili kimi tanınır. Məsələnin mahiyyəti bundan
ibarətdir. Buna görə də İran daima
çalışır ki, güclənsin, onun fonunda Azərbaycanın
mövqeləri zəifləsin, İran yenə də
İranda yaşayan azərbaycanlıları assimilyasiya etmək,
onların dilini qısa etmək üçün desin ki, “bax,
görürsünüzmü, Azərbaycan müstəqildir,
amma torpaqları işğal altındadır,
gücsüzdür”. Yəni 30 il məhz bu hədə ilə
İran azərbaycanlıların hüquqlarını
tapdalayıb. Bundan əvvəlki dövrlərdə də azərbaycanlıların
hüquqları tapdalanıb. Bu gün də İranın Ermənistanı
güclü görmək istəməsinin məqsədi məhz
bundan ibarətdir”.
“Bu, Azərbaycan xalqına etdikləri ən
böyük xəyanətdir”
Milli Məclisin deputatı Aydın Hüseynov
İranın Zəngəzur dəhlizinin açılması
ilə bağlı müsbət addımlar atmağa mane
olduğunu, eyni zamanda, bunu qırmızı xətt
adlandırdığını deyərək əlavə edib
ki, əslində Zəngəzur bolşeviklərin Azərbaycan
xalqına etdikləri ən böyük xəyanətdir: “Zəngəzur
Azərbaycanın qədim torpağıdır və
1923-cü ildə Ermənistana verilməklə türk dünyasını
bir-birindən ayrıdı. Ən başlıcası
Naxçıvanla Azərbaycanın əsas hissəsi
arasında keçilməz bir sədd saldı. Bunun birinci
növbədə Azərbaycan xalqı üçün önəmi
ondan ibarətdir ki, bizim tarixi torpaqlarımız vasitəsilə
Naxçıvana getmək ədalətli istəyimizdir,
haqqımızdır. Digər tərəfdən isə Zəngəzur
dəhlizi region iqtisadiyyatı və dünya iqtisadiyyatı
üçün çox önəmli bir layihədir. Eyni
zamanda məlumdur ki, Zəngəzur dəhlizi Orta dəhlizin və
“Bir kəmər, bir yol” layihəsinin əsas seqmentlərindən
və vacib hissələrindən biridir”.
“İran Avropa tərəfindən sanksiya
altındadır”
Deputatın fikrincə, İran və Ermənistanın
bu məsələdə öz ambisiyalarını əsas
götürməsinin heç bir əsası yoxdur: “Bunun nə
tarixi, nə iqtisadi əsası var. Əslində məlumdur
ki, İran Avropa tərəfindən sanksiya altındadır.
Ermənistanın isə iqtisadiyyatı çöküb
gedir. Ermənistanın öz iqtisadiyyatını dirçəltmək
üçün yeganə çıxış yolu Azərbaycanın
həyata keçirdiyi layihələrdə iştirak etmək,
həm Azərbaycan, həm də Türkiyə ilə
kommunikasiyaları açmasıdır. İran da həmçinin
öz iqtisadi gələcəyini daha aydın şəkildə
qurmaq istəyirsə, Zəngəzur dəhlizi ilə
bağlı siyasi iddialarını, dünyada gedən prosesləri
təhlil etməli və Zəngəzur dəhlizinin
açılması ilə bağlı öz
addımlarını atmalıdır. Biz görürük ki,
Avropa ölkələrinin, məsələn, Çin və
digər ölkələrin də istəkləri Zəngəzur
dəhlizi vasitəsi ilə iqtisadi əlaqələrin
qurulmasından ibarətdir. Bu, onlar üçün
maraqlıdır. Bu, Azərbaycan üçün iqtisadi
marağı ilə yanaşı, ən böyük tarixi ədalətin
bərpa olunması deməkdir ki, biz Naxçıvanla əlaqə
saxlamalıyıq. Biz türk dünyasının əlaqələrinin
daha da genişləndirilməsini təmin edəcək Zəngəzur
dəhlizinin açılmasını daha real hesab edirik”.
“İran yalnız su bulandırmaqla məşğuldur”
Politoloq İlham İsmayıl İranın yalnız
öz maraqları çərçivəsində fəaliyyət
göstərdiyini, Ermənistanın və Azərbaycanın
maraqlarını nəzərə almadığını
söyləyib: “Amma bu o deməkdir deyil ki, İranın
mövqeyi ilə Zəngəzur dəhlizi açılmayacaq.
Hər halda Ermənistan da öz perspektivində mənafelərini
güdür”.
İ.İsmayıl vurğulayıb ki, bölgədə
sülhün yaranması üçün Zəngəzur dəhlizinin
açılması şərtlərdən biridir: “Hesab edirəm
ki, ona görə də İranın həmişəki kimi
inadı davam etdirməsinin sonunda elə bir nəticəsi
olmayacaq. Bu perspektiv də daha çox iki ölkənin - Azərbaycan
və Ermənistanın mövqeyindən asılıdır.
Ona görə də hesab edirəm ki, İran yalnız su
bulandırmaqla məşğuldur və öz
maraqlarını hesablayır. İranın başı indi
öz dərdlərinə o qədər
qarışıqdır ki, Zəngəzur dəhlizi onlar
üçün bir o qədər prioritet deyil”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.6.