Bir eksponatın izi ilə ...
Azərbaycanın görkəmli dramaturqu, dahi
Hüseyn Cavidin Ev Muzeyini ziyarət etsəniz bir çox
maraqlı eksponatla tanış ola bilərsiniz. Bu
eksponatların hər birinə böyük
yazıçının hənirtisi hopub. Sizə elə gəlir
ki, bu əşyalara toxunsanız əsrin əvvəllərinə
səyahət edə bilərsiniz. Ekspozisiya otaqlarını gəzdikcə
bu hiss daha dərinə nüfuz edir, sizə hakim kəsilir.
İxtiyarsız olaraq, tanış olduğunuz hər bir
eksponatda Cavid əfəndidən bir iz, bir nəfəs, hansısa
bir ismarıc axtarırsınız...
Diqqətinizi çəkəcək maraqlı
eksponatlardan biri vaxtilə Bakı şəhərinin baş
memarı olmuş Zivər bəy Əhmədbəyovun çəkdiyi
və Hüseyn Cavidə doğum günündə hədiyyə
etdiyi portretdir. Rəsm əsərinə baxdiqda ilk nəzərinizə
çarpan məğrur və qürurlu baxışlardır.
Sanki böyük ədib öz evində qonaqlarını
qarşılayır, onları baxışları ilə
müşayiət edir və ehtiramla yola salır.
Bu portret 1922-ci ildə Hüseyn Cavidə 40 illik
yubileyi münasibəti ilə yaxın dostu, memar və rəssam
Zivər bəy Əhmədbəyov tərəfindən
çəkilərək şəxsi imzası ilə hədiyyə
edilib. Uzun müddət bu rəsm əsəri Hüseyn Cavidin
Ev Muzeyində naməlum rəssamın əsəri kimi sərgilənsə
də, sənətşünas alim, əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev tərəfindən aparılan
araşdırmalar nəticəsində rəsm əsərinin
müəllifinin Zivər bəy Əhmədbəyov olduğu
müəyyən edilib.
Hüseyn Cavid və Zivər bəy Əhmədbəyov
– Azərbaycanın iki aydını. Təkcə
yaşadıqları dövrü, əhatə olunduqları
mühiti deyil, eyni zamanda, gələcək nəsilləri də
əqillərinin ziyası ilə nurlandıran, işıq
saçan iki xadim. İncəsənət və mədəniyyət
sahəsinin fərqli qollarında, eyni amala xidmət edən, fəaliyyət
göstərən, oxşar tale yaşayan iki dəyərli
şəxsiyyət.
Azərbaycanın ilk ali təhsilli memarı olan rəssam
Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov
1873-cü ildə Şamaxı şəhərində anadan
olub. Orta təhsilini Şamaxıda alıb, 1902-ci ildə
Peterburq İnşaat Mühəndisləri İnstitutunu
bitirib. 1902 – 1917 – ci illərdə Bakı Quberniyası idarəsində,
daha sonra Bakı şəhər idarəsində memar işləyib.
Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra Z. Əhmədbəyov
Bakı şəhərinin baş memarı olub, 1922-ci ilə
qədər bu vəzifədə çalışıb. Fəaliyyəti
dövründə bir çox memarlıq nümunələri
yaradan Zivər bəy daha çox məscidlərin
inşasında (Тəzə Pir məscidi, Cümə məscidi,
Muxtarov məscidi, Əjdərbəy məscidi və s.), eləcə
də yaşayış binası və xəstəxanaların
(Uşaq xəsxtəxanası, Doğum evi, Oftalmologiya
İnstitutunun korpusları, Səadət məktəbi və
s.) inşasında iştirak edib, bu binalar Zivər bəy
Əhmədbəyovun layihələri əsasında tikilib.
Əsrin əvvəllərində Azərbaycanın
görkəmli ziyalıları müxtəlif üsullarla təzyiq
və təqibə məruz qalır, repressiyanın amansız
üzünü görürdülər. Yuxarıda qeyd
etdiyimiz kimi, Zivər bəylə Cavid əfəndinin, eyni
zamanda, o dövrün bir çox ziyalısının taleyi
oxşar idi. Hüseyn Cavid kimi Zivər bəy Əhmədbəyov
da totalitar rejimin, erməni fitnəsinin qurbanına
çevrilmişdi. Bu ədalətsizliyə,
haqsızlığa tab gətirməyən Zivər bəy1925-ci
ilin 16 fevral tarixində canına qəsd edir.
Memarlıqla yanaşı rəssam da olan Zivər bəy,
Azərbaycan rəngkarlığının qabaqcıl
simalarındandır. Xüsusilə portret janrında
böyük ustalıq nümayiş etdirib. Onun Hüseyn
Cavidin portretini çəkməsi isə həm sənət,
həm də ədəbiyyat tariximizdə mühüm məqamlardan
birini təmsil edirdi. Bu sadəcə bir portret deyildi, bu bir sənətkarın
digər sənətkara hörməti, diqqəti idi... Onu nə
qədər dərindən duyduğunun, bəlkə də
daxili əzabını hiss etdiyinin göstəricisi idi...
Zivər bəy Cavid əfəndini duymuşdu, onun bəlkə
də dilinə gətirmədiyi
ağrı-acısını, vətəni üçün
nigaran olan sənətkar qəlbinin
çırpınışlarını hiss etmişdi... Zivər
bəy Cavid əfəndini “görmüşdü”...
Əlbəttə ki, Zivər bəyin Hüseyn Cavidi
anlayıb başa düşməsindən təbii heç nə
ola bilməzdi. Cavidin ədəbiyyatımızda tutduğu
mövqe, onun yaradıcılığının əsas xəttini
tutan insan və insanlıq idealları Zivər bəyə yad
deyildi. Bu səbəbdən idi ki, Zivər bəy sadəcə
Cavidin portretini yaratmamışdı – bu adicə bir şəkil
deyildi. Bu həm də, Cavidin fikir və düşüncələrinə,
onun fəlsəfi dünyagörüşünə, amal və
əqidəsinə hörmətin təzahürü idi.
Zivər bəy Əhmədbəyovun Hüseyn Cavidin
portretini çəkməsi, həm sənət, həm də
ədəbiyyat sahəsində əhəmiyyətli bir hadisə
olaraq qalır. Bu portret, yalnız Cavidin fiziki
görüntüsünü deyil, həm də onun ideoloji və
fəlsəfi dünyasını təsvir edir. Zivər bəyin
əsərindəki hər bir detal, şairin mənəvi
dünyasına, onun insan və cəmiyyət haqqında
düşündüklərinə dərin bir baxış
imkanı yaradır. Cavidin bu portreti, özünəməxsusluğu
ilə seçilən bir incəsənət nümunəsi
olaraq daim öz yerini qoruyub saxlayacaq.
Nuranə Nərimanova
Hüseyn Cavid Ev Muzeyinin əməkdaşı
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(№14).- S.13.