Sahibkarların
sayı və vergi yığımı artır
Ölkədə elektron xidmətlərin, müasir
texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin
tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq
subyektlərinin "bir pəncərə" sistemi tətbiq
edilməklə qeydiyyatı sadələşdirilib. Elektron
xidmətlərin tətbiqi nəticəsində fiziki və
hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin
onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki
bu da ölkədə sahibkarların sayının artmasına
imkan verib. Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafına dəstək göstərilməsi dövlətin
iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət müxtəlif iqtisadi yollarla
sahibkarlığın inkişafını təşviq edir.
Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi
artımın əsası kimi baxılır. “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən,
“iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə
söykənməli, dövlət və özəl əməkdaşlığı
gücləndirilməlidir. Yenilikçiliyə malik özəl
sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun
maliyyələşməsində özəl sektorun payı
artırılmalıdır”.
2025-ci ilin aprel ayının 1-nə respublika üzrə
uçotda olan 1,615 milyon vergi ödəyicisinin 87 faizi fiziki
şəxslər, 13 faizi hüquqi şəxslər və digər
təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə vergi ödəyicilərinin ümumi
sayı 5 faiz, o cümlədən fiziki şəxslərin
sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 7,6 faiz
artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi
şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət,
1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s.
formalarda yaradılıb. Aprel ayının 1-nə qeydiyyatda
olan kommersiya qurumlarının sayı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 8,2 faiz
artaraq 193.780 vahid təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında 3.479 vahid kommersiya qurumu
dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi
yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır.
Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata
alınıb. Hesabat dövründə qeydiyyatdan
keçmiş yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi
97 faiz təşkil edib.
Azərbaycanda sahibkar kimi qeydiyyata alınmaq çox
asanlaşıb. Bunun nəticəsidir ki, biznes
strukturlarının sayında artım müşahidə
olunub. Say artımı vergi yığımına da təsir
edir, hər halda rəsmən vergi ödəyicilərinin
sayı da çoxalır. 2025-ci ilin yanvar-mart aylarında
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
xəttilə dövlət büdcəsinə 4 milyard 380,6
milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə vergi daxilolmaları
98,9 milyon manat və ya 2,3 faiz artıb. Qeyri-neft-qaz sektorundan
daxilolmalar 3 milyard 226,4 milyon manatdan çox təşkil edib.
2024-cü ilin müvafiq dövrünə nisbətən bu
sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz
çox olub. Ödənilən vergilərin 73,7 faizi
qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına
düşüb.
Naxçıvanda da vergi daxilolmaları 10 faiz
artıb. 2025-ci ilin yanvar-mart ayları ərzində
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon
manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə
nisbətən 10 faiz və ya 4,6 milyon manat çoxdur. Ödənilən
vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə
dövlət sektorunun payına düşüb.
Naxçıvan MR-də 1 aprel 2025-ci il tarixinə aktiv vergi
ödəyicilərinin sayı ötən ilin eyni
dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20.192,
aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz
artaraq 572 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin)
sayı 7,6 faiz artıb və 6005 təşkil edib.
Əmək müqavilələrinin sayında da
artım müşahidə edilir. Təşviq əsaslı
vergi siyasəti əmək bazarına müsbət istiqamətdə
təsir göstərməkdə davam edir. İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı
fondunun “ağardılması” və şəffaflılığın
təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlər nəticəsində bağlanmış əmək
müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə
müqayisədə 464.906 vahid artıb və 2025-ci ilin aprel
ayının 1-nə 1.866.821 təşkil edib. Qeyri-neft
sektorunun özəl bölməsində isə həmin
göstərici 436.770 vahid artaraq 976.692 olub.
2025-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərinə
xidmət mərkəzlərində ümumilikdə 144.337
şəxs qəbul edilib, onlara 225.364 sayda xidmət göstərilib
ki, bunlardan 76,6 minə yaxını şifahi xidmət
(müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və
inzibatçılığı ilə əlaqədar
suallarının cavablandırılması), 51,1 minə
yaxın sayda elektron xidmət (bəyannamələrin və
hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına
və elektron formada göndərilməsinə köməklik
göstərilməsi) olub. 9 xidmət üzrə göstərilmiş
ümumi (şifahi və hazır sənədlərin verilməsi
ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin
90,2 faizini təşkil edib: bəyannamələrin
(hesabatların), habelə cari vergi ödəmələrinin
hesablanması barədə arayışın vergi
orqanlarına təqdim edilməsi; vergi ödəyicisinin fəaliyyətinin
dayandırılması (bərpası); sadələşdirilmiş
vergi üzrə sabit məbləğin, məcburi dövlət
sosial sığorta və icbari tibbi sığorta
haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi; vergi ödəyicisinə
arayışların verilməsi; fiziki şəxsin
uçotdan çıxarılması; fiziki şəxsin
uçota alınması və yenidən uçota
alınması; vergi ödəyicisinin uçot məlumatlarının
dəyişdirilməsi; vergi ödəyicisinin təsərrüfat
subyektinin (obyektinin) uçota alınması (uçotdan
çıxarılması). Həmin dövrdə vergi ödəyicilərindən
daxil olmuş 8,3 minə yaxın yazılı müraciət
cavablandırılıb, 5,4 milyondan çox məlumatlandırma
xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Rüb ərzində 1128 vergi ödəyicisinin iştirakı
ilə 93 görüş keçirilib, 1184 vergi ödəyicisinə
ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin
preventiv məlumatlandırılması məqsədilə
onların mobil nömrələrinə 525 minə yaxın SMS
göndərilib. Dövr ərzində ümumilikdə 75.488
müraciət üzrə 111.838 Asan İmza sertifikatı
verilib.
Azərbaycdanda bizneslə məşğul olanlar daha
çox mikro, kiçik fərdi sahibkar kimi qeydiyyatdan
keçməyə üstünlük verirlər. Bu, onlara sadələşdirilmiş
vergi ödəyicisi olmaq, digər vergilərdən azad olmaq
imkanları verir. Ölkə üzrə sahibkarlıq subyektlərinin
99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və
onların əlavə dəyərin yaradılmasında, ixrac,
məşğulluq və investisyalarda payı artır.
Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında
rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi,
bu sahədə idarəçilik sisteminin müasir tələblərə
uyğunlaşdırılması və institusional dəstək
mexanizmlərinin formalaşdırılması məqsədilə
yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən
KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin,
bilik və bacarıqlarının artırılması, maliyyə
resurslarına və satış bazarlarına
çıxışının genişləndirilməsi
istiqamətində müxtəlif təşviq və dəstək
mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB
İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil,
elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi,
"Startap şəhadətnaməsi"nin verilməsi buna
misal ola bilər.
Bəs kimlər mikro və kiçik sahibkar hesab
olunur? Mikro, kiçik və orta sahibkarlıq subyektləri
Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli qərarı ilə
təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkar
meyarlarına uyğun olaraq müəyyən olunur. Mikro
sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək,
illik gəliri 200 min manatadək olan, kiçik sahibkarlara
işçilərinin orta siyahı sayı 11 nəfərdən
50 nəfərədək, illik gəliri 200 min manatdan 3000 min
manatadək olan, orta sahibkarlara işçilərinin orta
siyahı sayı 51 nəfərdən 250 nəfərədək,
illik gəliri 3000 min manatdan 30000 min manatadək olan müəssisələr
aid edilir.
Bu arada hökumət özəlləşdirmənin əhatə
dairəsini də genişləndirməyə, iri və orta
müəssisələri də özəlləşdirməyə
çıxarmağa başlayıb. Azərbaycanda
iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya
və səmərəliliyin artırılması məqsədilə
davamlı struktur islahatları həyata keçirilir. Bu
islahatlar dövlət müəssisələrinin fəaliyyət
sahəsini də əhatə edir. İri dövlət müəssisələrinə
özəl investisiyaların cəlbi onların fəaliyyətinin
rəqabət mühitinin tələblərinə
uyğunlaşdırılmasına təminat
yaratmalıdır. Bununla yanaşı, dövlət müəssisələrinin
idarə edilməsində vətəndaşların
iştirakı və həmin müəssisələrə
özəl investisiyaların yatırılması imkanları
yaradılmlıdır.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(¹14).- S.12.