Azərbaycan-Çin münasibətləri yeni mərhələdə
Azərbaycan Prezidenti "Yeni dünya nizamına
doğru" mövzusunda beynəlxalq forumda
çıxışı zamanı Azərbaycan-Çin
münasibətlərindən də bəhs edib. Prezident siyasət
və nəqliyyat baxımından çoxsaylı müsbət
hadisələrin şahidi olduğumuzu diqqətə
çatdırıb. Dövlət başçısı həmçinin
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq
haqqında Bəyannaməni qeyd edib. O, “Həmin Bəyannamə
ötən il mənim Sədr Si Cinpinlə
görüşümün nəticəsində qəbul
olunub. Bu isə ikitərəfli münasibətlərimiz
üçün çox əhəmiyyətli nailiyyət
oldu. Çünki Çin kimi nəhəng ölkə ilə
strateji tərəfdaşlıq formatına nail olmaq bizim
üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri
ilə fəal çalışırıq. Biz onları
müxtəlif sahələrdə strateji tərəfdaşımız
olmağa dəvət etmişik, o cümlədən
yaşıl enerji sahəsində. Deyə bilərəm ki,
yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən
Çin şirkəti tərəfimizdən seçilib və
bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə
veriləcək”,-deyə bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, bununla
yanaşı, Çin şirkətləri Günəş
panelləri təchizatçılarıdır və bu panellər
Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə
inşa edilən stansiyalarda istifadə olunur: “Biz, həmçinin
Çin şirkətləri ilə yaşıl enerji sahəsinə
birbaşa sərmayə yatırılması istiqamətində
də danışıqlar aparırıq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan
Qlobal Cənubun fəal ölkəsidir və Çin burada
çox vacib rol oynayır: “Çin bizim 4 il sədrlik
etdiyimiz Qoşulmama Hərəkatının
üzvüdür. Beləliklə, bu, çoxşaxəli
münasibətdir, olduqca güclüdür və böyük
gələcək potensialı var”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev
yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television
Network) telekanalına müsahibəsində də Çin və
Azərbaycan əlaqələrindən bəhs edərək
diqqətə çatdırıb ki, Çin və Azərbaycan
6-7 ay bundan əvvəl strateji tərəfdaş oldular: “Bu, hətta
bundan daha da yaxşı dost olmaq üçün bizim
qarşılıqlı iradəmizi nümayiş etdirən
yüksəksəviyyəli tərəfdaşlıqdır.
Fürsətdən istifadə edərək, çinli dostlarımızı
Azərbaycanı ziyarət etməyə dəvət edirəm.
Onlara bunu etmək üçün artıq viza tələb
olunmur. Sadəcə, bilet alıb gələ bilərlər və
Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər
və özlərinə yeni dostlar qazana bilərlər.
Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi
və xalqlarımızı bir-birinə daha da yaxın edəcək”.
Prezidentin Azərbaycan-Çin münasibətləri
yönündə söylədiyi fikirlərlə
bağlı, eləcə də bu münasibətlərin
tarixi, inkişafı istiqamətində politoloqlar fikirlərini
“Xalq Cəbhəsi” ilə bölüşüb.
“Azərbaycan və Çin bir-biri üçün
çox önəmli tərəfdaşlardır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Ruslanqızı Azərbaycan
özünün çoxvektorlu siyasəti ilə hər zaman
seçildiyini bildirərək əlavə edib ki, Avropadan
Asiyaya materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz
günü-gündən inkişaf edir: “Bu sırada Çinin
adı xüsusi qeyd olunmalıdır. Hər iki dövlət
bir-biri üçün çox önəmli tərəfdaşlardır.
Azərbaycan-Çin diplomatik əlaqələrinin
qurulmasından 33 il keçir. Ümummilli lider Heydər
Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər
platforması çərçivəsində formalaşan Azərbaycan-Çin
münasibətləri qarşılıqlı siyasi etimad,
dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün
dəyərləndirilməsi və beynəlxalq hüququn təməl
prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə
xarakterizə olunur. Rəsmi Bakı Çinlə əlaqələrin
bütün sahələr üzrə genişləndirilməsində
maraqlıdır”.
“Bu əlaqələrin qədim tarixi var”
O diqqətə çatdırıb ki, Azərbaycan-Çin
əlaqələri sadəcə son dövrlərin hadisəsi
deyil, Böyük İpək yolunun tarixi qədər qədimdir:
“Hələ 2500 il öncə bu yol vasitəsilə
xalqlarımız arasında ticari və mədəni əlaqələr
mövcud olub. Çin Qafqaz, Xəzər hövzəsi və
Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə,
xüsusilə TRASECA çərçivəsində
reallaşdırılan Şərq-Qərb layihəsinə
böyük maraq göstərir. Azərbaycanın bu regionda
gücü, rolu, bölgənin sabitliyini təmin edən fiqur
olması bu marağın daha da artmasına və əlaqələrin
indiki tempdə inkişafına səbəb olur”.
“Bu əlaqələr çoxtərəflidir”
Politoloq Elman Telmanoğlu vurğulayıb ki, Azərbaycan
və Çin arasındakı münasibətlər son illərdə
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Hər iki ölkə siyasi, iqtisadi və humanitar sahələrdə
qarşılıqlı maraq əsasında əməkdaşlıq
edir. Eyni zamanda, Çin Azərbaycanın qeyri-neft sektoru
üçün böyük ixrac bazarı rolunu oynayır.
İkitərəfli əlaqələr təkcə iqtisadi
deyil, həm də mədəni və təhsil sahələrini
də əhatə edir”.
E.Telmanoğlunun sözlərinə görə, Azərbaycan
Çinin təşəbbüs etdiyi bir sıra regional layihələrə
maraq göstərir: “Xüsusilə də nəqliyyat-logistika
sahəsində, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı kimi layihələr Çin
mallarının Avropaya çıxışında əsas
tranzit rolunu oynayır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Çin
mediasına verdiyi müsahibədə Azərbaycan-Çin
münasibətlərinin yüksək səviyyədə
olduğunu vurğuladı. O, xüsusilə "Bir kəmər,
bir yol" təşəbbüsünün Azərbaycan
üçün yeni imkanlar açdığını, iki
ölkə arasında qarşılıqlı hörmət və
dəstək əsasında bərqərar olmuş siyasi dialoqun
əhəmiyyətini qeyd etdi. Eyni zamanda, Azərbaycanın
Çinin ərazi bütövlüyünə dəstək
verdiyini, Pekinin də Qarabağ məsələsində Azərbaycanın
mövqeyini anlayışla qarşıladığını
xatırlatdı”.
“Prezident Çinlə bağlı vacib mesajlar verdi”
O əlavə edib ki, Prezident İlham Əliyev aprelin
9-da Azərbaycan beyin mərkəzlərinin nümayəndələri
ilə görüşdə də Çinlə bağlı
vacib mesajlar verdi: “Cənab Prezident bildirdi ki, Çin Azərbaycan
üçün vacib strateji tərəfdaşdır və
ölkələrarası münasibətlər çoxşaxəlidir.
İlham Əliyev Çinin beynəlxalq siyasətdə artan
rolunu vurğuladı və qeyd etdi ki, Çinlə əməkdaşlıq
yalnız iqtisadi deyil, həm də siyasi, humanitar və
texnoloji sahələri əhatə etməlidir. Bu
görüşdə Prezident Azərbaycanın Çinlə əməkdaşlığının
gələcək perspektivlərinin daha da genişlənəcəyini,
xüsusilə yeni nəqliyyat dəhlizləri, texnoloji
transferlər və təhsil mübadiləsi sahələrində
real nəticələrin gözlənildiyini qeyd etdi.
Bütün bu siyasi, iqtisadi proseslər isə yalnız bir
fakt - Azərbaycanın yürütdüyü dəqiq və
güclü siyasət üzərində fokuslanır”.
“Sovetlər tərkibində olduğumuz dövrdə də
bu münasibətlər olub”
Politoloq Samir Hümbətov Azərbaycanın Çinlə
münasibətləri uzun tarixi prosesi keçdiyini diqqətə
çatdıraraq əlavə edib ki, Sovetlər tərkibində
olduğumuz dövrdə də bu münasibətlər olub:
“Ümummilli lider Heydər Əliyevin Çinə səfəri
ilə bağlı da məlumat var. Bu səfər həmin
dövr üçün də xüsusi əhəmiyyət
daşımaqdadır. Eyni zamanda, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra ilk mərhələlərdə elə
Çin Azərbaycanın müstəqilliyini tanıyıb və
diplomatik əlaqələr qurub. Həmin dövrlərdə
Ümummili lider Heydər Əliyevin Çinə səfərləri
olub. Həmçinin qarşılıqlı şəkildə
dövlət adamlarının səfərləri baş tutub.
Eləcə də cənab Prezident İlham Əliyevin
Çinə səfərləri olub. Yəni bütün
bunlar bizim ikili əlaqələrimizdə xüsusi əhəmiyyətə
malikdir. Bu əlaqələr bu gün də inkişaf edir. Nəzərə
almaq lazımdır ki, Çin dünyanın iki super
gücündən biridir”.
“İqtisadi sahədə də əməkdaşlığımız
davam etməkdədir”
S.Hümbətov qeyd edib ki, bu gün Azərbaycanla
Çin arasında ticarət dövriyyəsinin həcmi 1
milyard dollardan yuxarıdır: “Hətta bəzi məlumatlarda
2,5-3 milyard dollara qədər ticarət dövriyyəsi
olduğundan söhbət gedir. Yəni Azərbaycan Çin əlaqələri
təkcə siyasi əlaqələr deyil, həmçinin
iqtisadi sahədə də əməkdaşlığımız
davam etməkdədir. Hesab edirəm ki, cənab Prezidentin
toxunduğu məsələlər sırasında həm
Çinin regional bir güc olaraq bu gün artıq dünya
siyasətində yer tutması, eyni zamanda, Azərbaycan-Çin
əlaqələrinin inkişafı, perspektiv imkanları,
Çin rəsmiləri ilə keçirilən müxtəlif
görüşlər və s. bunun məcmusunu təşkil
edir. Azərbaycan Prezidentinin Çinlə bağlı söylədiyi
fikirlər Çinin yeni dünya nizamında özünəməxsus
yer tutması və Azərbaycana xüsusi önəm verməsidir.
Azərbaycanla Çinin əlaqələrində “Bir kəmər,
bir yol”, Orta dəhliz layihələrinin böyük önəm
kəsb etdiyini qeyd edə bilərik. Düşünürəm
ki, cənab Prezidentin toxunduğu məsələlər
sırasında bu da xüsusi əhəmiyyət
daşıyır”.
“Bu əlaqələr gələcəkdə daha da dərinləşəcək”
Politoloq diqqətə çatdırıb ki, bizim
üçün önəmli olan COP29 tədbirində də
Çinin dövlət və hökumət rəsmilərinin
iştirakı, onların Azərbaycanla bağlı olan
mövqeyi, münasibəti, hətta Çinin Ermənistan-Azərbaycan
arasındakı münaqişədə Azərbaycanın
haqlı mövqeyini dəstəkləməsi, eyni zamanda, Azərbaycanın
vahid Çin siyasətinə dəstək verməsi və s.
məsələlər hər biri cənab Prezidentin fikirlərinin
əsas məğzini təşkil edirdi: “Yəni cənab
Prezidentin fikirləri bu dediyim məsələləri əhatə
edir. O baxımdan düşünürəm ki, cənab
Prezidentin dövlətin birinci şəxsi və münasibətlər
kontekstini daha detallı bilən şəxs olaraq Çin Azərbaycan
əlaqələrinin bugünkü inkişafından məmmnunluğunu
ifadə etməsi gələcəkdə bu əlaqələrin
müxtəlif sahələrdə dərinləşməsinə
daha da çox töhfələr verəcək. Bunun bizim gələcək
münasibətlərimizə yalnız və yalnız müsbət
təsir edəcəyinə əminik”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(¹14).- S.4.