Dayanıqlı İnkişaf Məqsədləri və
problemlər
BMT-nin İqtisadi və Sosial Məsələlər
üzrə Departamentinin nəşrində Azərbaycanda
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM)
icrasının maliyyələşməsi üçün tətbiq
olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və
üzv ölkələrə bu yanaşmanın tətbiqi
tövsiyə olunub. BMT-nin İqtisadi və Sosial Məsələlər
üzrə Departamentinin Könüllü Milli hesabatların
hazırlanmasına həsr olunmuş 2025-ci il üzrə nəşrində
DİM-nin icrasının maliyyələşməsi
üçün tətbiq olunan innovativ yanaşmalar müsbət
qiymətləndirilib və üzv ölkələrə bu
yanaşmanın tətbiqi tövsiyə olunub.
Ölkəmiz DİM-lərin maliyyələşdirilməsində
yerli resurslardan istifadə etməklə potensial maliyyə
boşluqlarının aradan qaldırılması məqsədilə
İnteqrə Edilmiş Milli Maliyyələşdirmə Sənədi
və DİM İnvestor Xəritəsindən istifadə edib.
Bundan əlavə, DİM-lərlə
uyğunlaşdırılması məqsədilə müxtəlif
dövlət xərcləri kateqoriyaları üzrə
büdcə xərclərinə dair hesablamalar aparılıb.
2022-ci il üzrə dövlət büdcəsinin DİM-lərlə
əlaqələndirilməsi nəticəsində konsolidasiya
olunmuş büdcə xərclərinin 82,3%-i milli DİM məqsəd
və hədəfləri ilə uyğunlaşdırılıb
və bu da həmin il üzrə ÜDM-nin təxminən
23%-ni təşkil edib.Nəşrdə Orta Müddətli Xərclər
Çərçivəsində kənd təsərrüfatı,
təhsil və ətraf mühit sahələrində
xüsusi planların hazırlanması, həmçinin
yaşıl maliyyənin təşviqi üçün ətraf
mühit, sosial və idarəçilik prinsiplərinin tətbiqi
müsbət qiymətləndirilib.
Azərbaycanda DİM üzrə vəzifələrin
icrası və bütövlükdə ölkəmizin əhalisinin
həyat səviyyəsinin yeni inkişaf pilləsinə
qaldırılması üçün kompleks tədbirlər
uğurla həyata keçirilir. BBMT-nin “Dayanıqlı inkişaf-2022”
hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal
toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb.
Bu göstərici ilə ölkəmiz Cənubi Qafqaz regionunda
liderdir.
Hər il dərc olunan hesabat 163 ölkədə
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının
vəziyyətini müqayisəli təhlillərlə
özündə ehtiva edir. Hesabatda ölkəmizin 1-ci məqsəd
(Yoxsulluğun azaldılması), 6-cı məqsəd (Təmiz
su və sanitariya), 12-ci məqsəd (Məsuliyyətli istehsal
və istehlak) üzrə ciddi irəliləyişlərin
olduğu, 4-cü məqsəd (Keyfiyyətli təhsil), 11-ci məqsəd
(Dayanıqlı şəhərlər və icmalar), 13-cü
məqsəd (İqlim dəyişmələri ilə
mübarizə) və 17-ci məqsəd (Tərəfdaşlığın
gücləndirilməsi) üzrə ötən dövrlərlə
müqayisədə nailiyyətlərin müşahidə
olunduğu vurğulanıb.
Bəs, Azərbaycan üçün də aktual olan
Dayanıqlı İnkişaf Məqsədləri nədir?
DİM-ə 17 istiqamət daxildir. Bunlar hamı
üçün inklüziv və bərabər keyfiyyətli
təhsili təmin etmək və ömür boyu təhsil
almaq imkanlarını dəstəkləmək; gender bərabərliyinə
nail olmaq, bütün qız və qadınların hüquq və
imkanlarını genişləndirmək; hamı
üçün su və sanitariyaya əlçatanlığı
və dayanıqlı idarə etməni təmin etmək;
hamının sərfəli, etibarlı, dayanıqlı və
müasir enerji mənbələrinə
çıxışını təmin etmək; davamlı,
inklüziv və dayanıqlı iqtisadi artımı, hamı
üçün tam və məhsuldar məşğulluğu
və layiqli işi təşviq etmək; möhkəm
infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni
təşviq etmək və innovasiyalara dəstək vermək;
ölkədaxili və ölkələrarası bərabərsizliyi
azaltmaq; şəhər və yaşayış məntəqələrinin
açıqlığını, təhlükəsizliyini,
davamlılığını və ekoloji
dayanıqlılığını təmin etmək; istehsal və
istehlakın səmərəli modellərinə keçidi təmin
etmək; iqlim dəyişikliyi və onun təsirlərinə
qarşı mübarizə üzrə təcili tədbirlər
görmək; dayanıqlı inkişaf naminə okeanları,
dənizləri və dəniz ehtiyatlarını qorumaq və
onlardan səmərəli istifadə etməkdir. Habelə bu hədəflərə
yer ekosistemlərini mühafizə və bərpa etmək və
onların səmərəli istifadəsinə dəstək
vermək, meşələrdən səmərəli istifadə
etmək, səhralaşmaya qarşı mübarizə aparmaq,
torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks
tədbirlər görmək və bioloji müxtəlifliyin
itkisinin qarşısını almaq; dayanıqlı inkişaf
naminə dinc və inklüziv cəmiyyətləri təşviq
etmək, hamının məhkəmə sisteminə əlyetərliyini
təmin etmək və bütün səviyyələrdə
effektiv, məsuliyyətli və inklüziv institutları
yaratmaq; dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı
canlandırmaq və gücləndirmək daxildir.
BMT və onun tərəfdaşları Azərbaycanda
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq
nəticəsində Azərbaycan dayanıqlı
inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə
edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini
prioritetləşdirib. Azərbaycan “2030 Gündəliyi”nə
nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirir.
2016-cı ildə Azərbaycan Prezidenti BMT-nin Azərbaycan
hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi
üçün əsas tərəfdaş kimi fəaliyyət
göstərən Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının
yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan,
DİM-ləri milli səviyyədə sürətləndirmək
üçün atıla biləcək konkret siyasət və
proqramlaşdırma addımlarını əks etdirən MAPS
(2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə
və siyasətə dəstək) missiyasını həyata
keçirən ilk ölkələrdən biri olub və
ölkə təcrübəsini 2018-ci ildə keçirilən
Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim
edib. Digər məsələlərlə bərabər
regional forum DİM-lərin inteqrasiyası və onların
icrasını sürətləndirmək məqsədilə
fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin
qəbul edilməsi ilə yekunlaşdırıb. BMT-nin dəstəyi
ilə interaktiv tablo, məlumatları vahid şəkildə
toplayan, DİM-lərə doğru inkişafı real vaxt
rejimində izləyən DİM-lər üzrə Milli Məlumat
Portalı yaradılıb. BMT həmçinin DİM-ləri təşviq
etmək istiqamətinə özəl sektor, media, parlament
üzvləri və ictimaiyyət də daxil olmaqla müxtəlif
qrupların cəlb edilməsi üçün xüsusi səylər
göstərməkdədir.
DİM-in əsas məqsədlərindən biri
yoxsulluğun bütün formalarına hər yerdə son
qoymaqdır. 1990-cı ildən bəri, kəskin yoxsulluq səviyyəsi
yarıdan çox azaldılmışdır. Bu nailiyyət
diqqətəlayiq olsa da, inkişaf etməkdə olan bölgələrdə
hələ də, hər beş nəfərdən biri
gündəlik 1,25 ABŞ dollarından az gəlirlə
yaşayır və milyonlarla insanın gündəlik gəliri
bu məbləğdən cüzi dərəcədə
yüksəkdir. Üstəlik, bir çox insanlar yenidən
yoxsulluğa düçar olma riski ilə üzləşir.
Hazırda 836 milyon insan hələ də kəskin yoxsulluq həddində
yaşayır. İnkişaf etməkdə olan ölkələrdə
təxminən hər 5 nəfərdən biri günə 1,25
ABŞ dollarından az qazancla yaşayır. Dünyada beş
yaşadək hər dörd uşaqdan birinin boyu öz
yaşına görə qeyri-adekvatdır. Qeyri-stabil vəziyyətdə
olan və münaqişələrdən əziyyət çəkən
kiçik ölkələrdə yüksək yoxsulluq səviyyəsibə
daha çox rast gəlinir. 2014-cü ildə hər gün 42
min insan münaqişələrlə bağlı olaraq,
sığınacaq axtarmaq üçün evlərini tərk
etmək məcburiyyətində qalmışdır.Yoxsulluq
sadəcə yaşayış vasitələrinin
dayanıqlılığını təmin etmək
üçün lazım olan gəlir və resursların
çatışmazlığından ibarət deyil. O,
aclıq və zəif qidalanma, təhsilə və digər əsas
xidmətlərə çıxış imkanının məhdud
olması, sosial ayrı-seçkilik və təcridolunma, eləcə
də qərarların qəbul edilməsində
iştirakın olmaması formalarında təzahür edir.
Dayanıqlı iş yerlərinin və bərabərliyin təşviq
edilməsini təmin etmək üçün iqtisadi
inkişaf inklüziv xarakter daşımalıdır.
Dünya əhalisinin təxminən yarısı
günə 2 ABŞ dolları məbləğindən az
qazancla yaşayır. Bir çox yerlərdə, iş sahibi
olmaq yoxsulluqdan qurtulmaq qabiliyyətinə zəmanət vermir.
Bu yavaş və qeyri-bərabər irəliləyiş bizdən
yoxsulluğun aradan qaldırılmasına yönəlmiş
iqtisadi və sosial siyasətlərimizi yenidən nəzərdən
keçirməyi və yenidən hazırlamağı tələb
edir. Dünya bazarında ərzağın kəskin
bahalaşması ilə ərzaq məhsullarını necə
yetişdirdiyimizi, paylaşdığımızı və
istehlak etdiyimizi yenidən düşünmək
vaxtıdır. Düzgün şəkildə həyata
keçirildiyi təqdirdə, kənd təsərrüfatı,
meşəçilik və balıqçılıq
insanların yaşayışının
yaxşılaşmasına yönələn aqrar inkişafa və
ətraf mühitin qorunmasına dəstək verməklə, hər
kəs üçün qidalı ərzaq təmin edə və
layiqli gəlir yarada bilər. Hazırda torpaqlar, şirin sular,
okeanlar, meşələr və bioloji müxtəliflik sürətlə
azalır. İqlim dəyişikliyi bizim asılı
olduğumuz resurslara, quraqlıq və daşqınlar kimi təbii
fəlakətlərlə əlaqəli risklərin
artımına daha çox təzyiq göstərir.
Layiqli iş imkanlarının
çatışmazlığının davam etməsi, yetərsiz
investisiya qoyuluşları və qeyri-kafi istehlak demokratik cəmiyyətlərin
təməlini təşkil edən əsas sosial həmrəyliyin
pozulmasına gətirib çıxarır: tərəqqi
hamı üçün ortaq olmalıdır. Keyfiyyətli
iş yerlərinin yaradılması bütün iqtisadiyyatlar
üçün əsas problem olaraq qalmaqdadır.
Dayanıqlı iqtisadi artım cəmiyyətdən ətraf
mühitə zərər verməməklə, insanların
keyfiyyətli işlərə sahib olmasına imkan verərək
iqtisadiyyatı stimullaşdıran şəraitlər
yaratmasını tələb edir. Həmçinin,
bütün əmək qabiliyyətli əhali
üçün iş imkanları və layiqli iş şəraiti
də tələb olunur.
Mahir
Xalq Cəbhəsi .- 2025.- 24 aprel(¹15).- S.12.