Azərbaycan-Çin əlaqələri: yeni imkanlar,
inteqrasiya və kommunikasiyalar
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Çin Xalq Respublikasına səfər edib.
Dövlət səfəri çərçivəsində Azərbaycan
Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verib.
Prezident İlham Əliyev bildirib ki, fəal dialoq,
şəxsi görüşlər, telefon
danışıqları, məktubların mübadiləsi əsasında
yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli
münasibətlərin dərinləşməsində misilsiz
rol oynayır.
Səfər çərçivəsində aprelin
23-də Pekində “Azərbaycan Respublikası ilə Çin
Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq
əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”
imzalanıb.
Azərbaycan-Çin münasibətləri, həmçinin
Prezidentin Çinə səfəri və səfər
zamanı imzalanan sənədlərin əhəmiyyəti
haqqında millət vəkilləri, politoloqlar fikirlərini
“Xalq Cəbhəsi” ilə bölüşüb.
“Bu həm Azərbaycanın, həm də Çinin
düşünülmüş dövlət siyasətidir”
Milli Məclisin deputatı Hikmət Babaoğlu
Çin-Azərbaycan münasibətlərinin son dövrlərdə
yeni mərhələyə qədəm qoymaqda olduğunu
deyib: “Əslində bu yeni mərhələ ötən il
Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq
haqqında bəyannamə və onun müddəaları ilə
əlaqədardır. Yəni Çin-Azərbaycan münasibətlərinin
inkişaf etdirilməsi, dərinləşməsi və miqyasının
daha əhatəli olması həm Azərbaycanın, həm də
Çinin düşünülmüş dövlət siyasətidir”.
Deputat vurğulayıb ki, Çin-Azərbaycan
münasibətləri region və dünya üçün
yeni imkanlar, inteqrasiya, kommunikasiyalar vəd edir: “Ona görə
də bu kontekstdə iki ölkənin birgə hərəkət
etməsi həm də əslində yeni dünya
nizamının keyfiyyətini təyin edəcək bir hadisədir.
Təsadüfi deyil ki, aprelin 9-da ADA Universitetində "Yeni
dünya nizamına doğru" mövzusunda
keçirilmiş beynəlxalq forumda Azərbaycan Prezidenti Azərbaycanı
Qlobal Cənubun bir hissəsi kimi gördüyünü ifadə
etdi. Yəni əgər bu gün yeni beynəlxalq münasibətlər
sistemində Qlobal Cənub yeni bir güc mərkəzi kimi
ortaya çıxırsa, bunun ağırlıq mərkəzi
heç şübhəsiz ki, Çindir. Belə olan halda
Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi
hər iki ölkə üçün və
bütövlükdə region üçün çox
böyük vədlər verir. Düşünürəm ki,
Azərbaycan Prezidentinin Çinə səfəri də tarixi
bir səfər olacaq. Çünki orada dediyimiz istiqamətlər
üzrə çox mühüm sənədlər imzalanacaq”.
“Azərbaycan-Çin əməkdaşlığı
uğurla həyata keçirilir”
Milli Məclisin deputatı Aydın Mirzəzadə
vurğulayıb ki, cənab Prezidentin Çinə rəsmi
dövlət səfəri ərəfəsində Çinin
nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin
münasibətlərinə dair çox müfəssəl bir
məlumat və mövqe kimi qiymətləndirilə bilər:
“Nəzərə alaq ki, Sinxua agentliyinin informasiyası
bütün dünyada ən oxunan informasiyalardan hesab edilir. Beləliklə,
cənab Prezidentin müsahibəsi təkcə Çin yox,
Çinlə əlaqəsi olan bir çox dövlətlərin
aparıcı mətbuat orqanlarında yayıla bilər. Cənab
Prezidentimiz iki ölkə arasında münasibətlərə
yüksək qiymət verdi. Bu münasibətlərin
böyük tarixinin olduğunu və bütün bunların nəticəsində
2 il bundan əvvəl Çinlə Azərbaycan arasında
strateji əməkdaşlıq haqqında müqavilənin
imzalanması faktını da səsləndirdi. Cənab
Prezidentimizin səsləndirdiyi statistik rəqəmlər iki
ölkə arasındakı əməkdaşlığın
günü-gündən gücləndiyini bir daha təsdiq
edir. Həm neft-qaz, həm qeyri-neft sektoru üzrə əməkdaşlıq
öz yüksək nəticəsini verir. Bu gün Çinlə
Azərbaycan arasında ticarət iqtisadi əlaqələri təqribən
4 milyard dollara yaxındır və bu, Çini Azərbaycanın
xarici ticarət tərəfdaşları arasında 4-cü
sırada olmasına imkan verib. Hər iki ölkə birgə əməkdaşlıq
formalarını daim axtarır və bu, uğurla həyata
keçirilir. Çinin “Bir kəmər, bir yol” layihəsi Azərbaycan
tərəfindən dəstəklənir. Bu, Çindən gələn
yüklərin Azərbaycandan keçməklə Avropa və
dünyanın digər bölgələrinə
ötürülməsinə böyük dəstəkdir”.
“Çin alıcısının Azərbaycan məhsullarına
böyük marağı var”
Deputatın sözlərinə görə, cənab
Prezident bildirdi ki, keçən il 278 yük qatarı Azərbaycandan
keçib və bu, həcm günü-gündən
artmaqdadır: “Azərbaycanın vaxtilə qurduğu yol nəqliyyat
sistemi bu gün Çindən gələn yüklərin Azərbaycan
vasitəsilə asanlıqla dünyanın digər bölgələrinə
çatdırılmasına imkan verir. Bu gün Azərbaycanda
300-dən çox Çin kapitallı şirkət fəaliyyət
göstətir. Onlar müxtəlif sahələrdə
çalışırlar. Azərbaycan bu gün xarici
investisiya üçün cəlbedici olduğuna görə
Çin şirkətləri Azərbaycana böyük maraq
göstərir. Eyni zamanda, bu gün Çinin 7 iri şəhərində
Azərbaycan ticarət evi fəaliyyət göstərir. Bu isə
əlbəttə Azərbaycan məhsullarının Çin
bazarında özünə yer tapmasına böyük kömək
olur. Çin alıcısı Azərbaycan məhsullarına
böyük maraq göstərir. Çinlə Azərbaycan
arasında cənab Prezidentin müsahibəsində
göründüyü kimi siyasi və humanitar sahədə də
sıx əlaqələr var. Azərbaycan və Çin
bir-birinin ərazi bütövlüyünü dəstəklədikləri
barədə daim bəyanatlar verirlər. Vaxtaşırı
Azərbaycan və Çin rəsmi strukturlarının və
hakim partiyalarının bir-birinə səfərləri təşkil
edilir. Azərbaycanda Çin dilinə böyük maraq var.
Konfutsi İnstitutunun təşklatçılığı
ilə Azərbaycanda dost ölkənin dili böyük maraqla
öyrənilir. Eyni zamanda, Çinin bəzi universitetlərində
Azərbaycan dilinin öyrənilməsi də dost ölkənin
Azərbaycana böyük marağını göstərir”
A.Mirzəzadə bu səfərin iki ölkə
arasında münasibətlərin daha da genişlənməsinə,
əməkdaşlığın yenidən
formalaşmasına böyük kömək
olacağını və cənab Prezidentin Sinxua agentliyinə
verdiyi müsahibənin Azərbaycan tərəfinin bu məsələdə
qətiyyətini və Çinin Azərbaycanla əlaqələrə
böyük diqqət etdiyinin göstəricisi olduğunu
deyib.
“Çin Azərbaycanla əməkdaşlığı
davam etdirməyə maraqlıdır”
Politoloq Asif Nərimanlı Azərbaycan Prezidentinin
Çinə səfərinin xüsusi əhəmiyyət
daşıdığını diqqətə
çatdırıb: “Bu həm Çin, həm Azərbaycan
üçün vacib bir səfərdir. Azərbaycan Çin
üçün Avrasiyadakı nəqliyyat şəbəkəsində
əsas xablardan biri hesab olunur. Çünki Çinin “Bir kəmər,
bir yol” layihəsinin ən prioritet dəhlizi Orta dəhlizdir və
Azərbaycan bu dəhlizin Cənubi Qafqaz xabında yerləşən
əsas açar ölkədir. Bu baxımdan Çin Azərbaycanla
strateji əməkdaşlığı davam etdirməyə
maraqlıdır. Digər tərəfdən Azərbaycan
kiçik olsa belə Çin məhsulları
üçün bazarlardan biridir. Ən mühümü isə
Çinin Cənubi Qafqazdakı strateji siyasəti, maraqları
baxımından Azərbaycan önəmlidir. Çünki Azərbaycan
bu regionun əsas gücü hesab olunur”.
“Bu, Azərbaycanın qlobal səviyyədə önəmindən
xəbər verir”
O qeyd edib ki, Çinin Azərbaycan üçün
strateji üstünlüyünə gəldiksə isə
ümumiyyətlə Çin mövcud dünyada yüksələn
güc sayılır və bəllidir ki, artıq proses o yana
gedir ki, Çin yeni dünya nizamında əsas güc mərkəzlərindən
biri olacaq: “Hətta Çin ABŞ qarşısında əks
qütb sayılır. Yəni ikinci qütb olaraq qəbul
edilir. Təbii ki, bu, uzunmüddətli prosesdir. Amma Avrasiyada
yüksələn belə bir güclə Azərbaycan
arasında strateji tərəfdaşlıq haqqında bəyanatın
imzalanması olduqca mühüm amildir. Hər şeydən
öncə bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
həyata keçirilən çoxşaxəli xarici siyasətin,
bir mərkəzdən yox, bir çox mərkəzdən Azərbaycanın
milli maraqları kontekstində işləmək siyasətinin
tərkib hissədidir. Digər tərəfdən Azərbaycan
bu coğrafiyada, yəni Avrasiyada yerləşən bir ölkədir.
Təbii ki, Avrasiyada baş verən proseslər Azərbaycan
üçün əhəmiyyətlidir. Hesab edirəm ki,
Çinlə əməkdaşlıq Azərbaycanın Cənubi
Qafqazdakı gücünü artıracaq, ümumiyyətlə
isə Avrasiyadakı rolunu artıracaq. Xüsusən də
Avrasiyada nəqliyyat şəbəkələrində Azərbaycanın
oynadığı rol bunu deməyə əsas verir”.
Politoloq dünyanın hazırda yüksələn
gücü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq
haqqında bəyanatın imzalanması həm də Azərbaycanın
qlobal səviyyədəki önəmindən xəbər
verdiyini vurğulayıb: “Yəni Azərbaycanın əhəmiyyətli
ölkə olmasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycan
coğrafi baxımdan kiçik olsa da, qlobal proseslərdə və
siyasətdə mühüm və həlledici rol oynayan
oyunçulardan birinə çevirlib. Bu baxımdan Azərbaycanla
bu cür əməkdaşlığa həm də Çin
maraqlıdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 24 aprel(¹15).- S.5.