Azərbaycanla Çin arasında hərtərəfli
strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat
imzalanıb
Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq
əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
imzalanıb.
Birgə Bəyanatda bildirilib:
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti
ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına
dövlət səfəri etmişdir.
Hər iki dövlət başçısı
diplomatik münasibətlərin qurulmasından ötən 33
il ərzində Azərbaycan-Çin əlaqələrinin
inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək
səmimi və dostluq mühitində danışıqlar
apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil
edən, etibarlı və qarşılıqlı faydalı
strateji tərəfdaş kimi nəzərdən
keçirdiyini təsdiq edərək, qarşılıqlı
siyasi etimadı daim möhkəmləndirməyə,
qarşılıqlı dəstəyi gücləndirməyə,
hər iki ölkənin xalqlarının mənafeyi naminə
hərtərəfli əməkdaşlığı
inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək,
hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin
qurulması barədə yekdilliklə qərar qəbul etdilər.
1. Tərəflər xalqlarının seçdiyi və
milli şərtlərə uyğun olan inkişaf yolunu
seçməkdə bir-birini möhkəm dəstəkləyir,
hər iki ölkənin təməl maraqlarının,
suverenliyinin, təhlükəsizliyinin və ərazi
bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli
dəstək verirlər. Azərbaycan tərəfi dünyada
yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın
Çin ərazisinin ayrılmaz tərkib hissəsi
olduğunu, Çin Xalq Respublikası hökumətinin
bütün Çini təmsil edən yeganə qanuni hökumət
olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən
formasına qarşı qətiyyətlə çıxır
və ölkənin yenidən birləşməsinin həyata
keçirilməsində Çin hökumətini dəstəkləyir.
Çin Azərbaycan tərəfinin təklif etdiyi
sülh gündəliyini qətiyyətlə dəstəkləyir
və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları
qeyri-məhsuldar hesab edir.
2. Tərəflər strateji oriyentir kimi dövlət
başçılarının diplomatiyasını və ən
yüksək səviyyədəki mühüm
razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli
münasibətlərin davamlı və uzunmüddətli
inkişafını təşviq edəcəklərini bəyan
etdilər.
Tərəflər Çin Kommunist Partiyası ilə
“Yeni Azərbaycan” Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini
dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı
irəlilətmək üçün müntəzəm
mexanizmlər çərçivəsində hökumətlər
arasında əlaqələrin gücləndirilməsinə
hazır olduqlarını təsdiqlədilər. Tərəflər
beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi
də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları
və mübadilələri dəstəkləyir, xarici işlər
nazirlikləri arasında müntəzəm məsləhətləşmələr
keçirmək əzmindədirlər.
3. Tərəflər müasirləşməni birgə
şəkildə irəli aparmaq və daha yüksək səviyyəli,
yüksək dayanıqlılıq və uzunmüddətli
sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq
üçün "Bir kəmər və Bir yol" təşəbbüsünün
Azərbaycanın “İpək Yolunun dirçəldilməsi”
dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər
olan sosial-iqtisadi inkişaf Strategiyası ilə
uyğunlaşdırılmasını möhkəmləndirmək
barədə razılaşdılar.
4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici
və rəhbər rolunu gücləndirməyi davam etdirməyə
hazır olduqlarını ifadə etdilər. Ticarət,
investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat
sahələrində qarşılıqlı fəaliyyətin
gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə
ikitərəfli əməkdaşlığın yüksək
keyfiyyətli inkişafına töhfə vermək
üçün investisiya əməkdaşlığı
üzrə İşçi qrupun yaradılması barədə
qərar qəbul olundu. Tərəflər iki ölkənin
ticarət və iqtisadiyyatının inkişafı
üçün əlverişli şəraitləri birgə
yaratmaqla, ekoloji təmiz və yüksək keyfiyyətli kənd
təsərrüfatı məhsullarının bazarlara
qarşılıqlı çıxışını tədricən
genişləndirmək niyyətindədirlər.
Tərəflər ticarət və investisiya sahələrində
əməkdaşlığın dərinləşdirilməsi
üçün institusional zəmanətlərin yüksək
səviyyəsinin təmin edilməsi məqsədilə azad
ticarətə dair sazişlə bağlı
danışıqlara başlamağa hazır olduqlarını
ifadə etdilər.
Çin, Çin Beynəlxalq İdxal Məhsulları
Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları
Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər
Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin
Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil
olmaqla, Azərbaycanın Çində keçirilən
böyük sərgi tədbirlərində fəal
iştirakını alqışlayır, Azərbaycan tərəfindən
Çin ərazisində açılan ticarət mərkəzləri
və milli pavilyonlar platformasında, eləcə də
Çin elektron ticarət şəbəkələrində
tematik təqdimatların keçirilməsini və əlaqələrin
qurulmasını dəstəkləyir. Azərbaycan Çinin
aparıcı şirkətlərinin Azərbaycan ərazisində
keçirilən böyük sərgilərdə və
forumlarda iştirakını alqışlayır.
5. Tərəflər sənaye sahəsində əməkdaşlığı
daim dərinləşdirməyə və sənayenin rəqəmsal
transformasiyasını fəal şəkildə irəlilətməyə
hazır olduqlarını ifadə edirlər. Tərəflər
neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq,
maşınqayırma avadanlığı kimi sahələrdə
iki ölkənin müəssisələrini kommersiya əsaslı
əməkdaşlığın möhkəmləndirilməsində,
dərinləşdirilməsində və genişləndirilməsində
dəstəkləyirlər.
6. Tərəflər iki ölkənin enerji
keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını
təşviq edərək, bərpa olunan enerji mənbələri
sahəsində əməkdaşlığı fəal şəkildə
inkişaf etdirməyə və təmiz enerji sahəsində
qlobal tərəfdaşlığın
formalaşmasını birgə irəlilətməyə
hazır olduqlarını bildirirlər.
7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki
əməkdaşlığını yüksək qiymətləndirir
və regional qarşılıqlı əlaqələri təşviq
edərək, nəqliyyat infrastrukturunun inkişafına,
logistika və daşınmaların səmərəliliyinin
artırılmasına dəstəyi davam etdirməyə
hazır olduqlarını bildirirlər.
Tərəflər Azərbaycan Respublikası Hökuməti
ilə Çin Xalq Respublikası Hökuməti arasında
Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin
imzalanmasını yüksək qiymətləndirdilər.
Çin, birgə şəkildə təhlükəsiz, sabit,
birbaşa və Çin-Avropa-Çin transxəzər
ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin
rahatlığı səviyyəsinin və yük
daşımalarının səmərəliliyinin
ardıcıl şəkildə artırılması məqsədilə
Azərbaycan və marşrut boyunca yerləşən digər
ölkələrlə əməkdaşlıq etməyə
hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil
daşımaları üzrə hökumətlərarası
sazişin razılaşdırılmasının və
bağlanmasının sürətlənməsində, Azərbaycan
və Çin arasında avtomobil daşımaları
üçün əlverişli şəraitin səviyyəsinin
artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq
üçün dayaq yaradılmasında maraqlıdır.
Tərəflər qeyd edirlər ki, Çinin
keçirdiyi Nəqliyyatın Dayanıqlı inkişafı
üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində
ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi
üçün müsbət əhəmiyyətə malikdir.
8. Tərəflər elmi-tədqiqat müəssisələrini
və elm işçilərini qarşılıqlı maraq kəsb
edən mövzularda birgə tədqiqatlar aparmağa,
texnologiya transferinə və əldə olunan nailiyyətlərin
kommersiyalaşdırılmasına təşviq edəcəklər,
habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.
9. Tərəflər müxtəlif kanallar vasitəsilə
qarşılıqlı tələbə mübadiləsini
davam etdirmək, Azərbaycanda Konfutsi İnstitutlarının
inkişafına dəstək vermək və təhsil müəssisələrində
Azərbaycan və Çin dillərinin tədrisini təşviq
etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil
müəssisələri arasında müxtəlif səviyyəli
tərəfdaşlıq əlaqələrinin qurulması barədə
razılığa gəldilər.
Tərəflər mədəni və yaradıcı
kollektivlər xətti üzrə əməkdaşlığı
təşviq edəcək, xalqlar arasında
qarşılıqlı anlaşmanı dərinləşdirmək
və sivilizasiyalararası mübadiləni təşviq etmək
məqsədilə qarşılıqlı Mədəniyyət
günlərinin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər turizm siyasətinin əlaqələndirilməsini
gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi
üçün tədbirlərin təşkilinə imkan
yaratmağa, turizm müəssisələri, sahəvi
assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini
dəstəkləməyə, həmçinin ikitərəfli
turist axınının və vətəndaşların
qarşılıqlı səfərlərinin
artırılmasında birgə fəaliyyət göstərməyə
hazırdırlar.
Tərəflər səhiyyə, idman, kinematoqrafiya və
televiziya sahələrində əməkdaşlığı
genişləndirəcək, gənclər və akademik dairələr
xətti üzrə dostluq əlaqələrini artıracaqlar.
Tərəflər qarşılıqlı səfərlər,
informasiya və təcrübə mübadiləsi vasitəsilə
media sahəsində əməkdaşlığın
genişləndirilməsini dəstəkləyirlər.
Tərəflər insanlar arasında mübadilənin
daha da sadələşdirilməsinə kömək etməyə
hazır olduqlarını bildirirlər, bütün sahələrdə
əlaqələrin və əməkdaşlığın
aktivləşdirilməsi üçün təkan olacaq,
ümumvətəndaş pasportuna malik şəxslər
üçün vizaların qarşılıqlı ləğvi
haqqında hökumətlərarası Sazişin
razılaşdırılmasını və
imzalanmasını alqışlayırlar.
Tərəflər Heydər Əliyev Fondu ilə Xarici
ölkələrlə dostluq üzrə Çin Xalq
Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və
Əməkdaşlıq üzrə Çin Komitəsi
arasında qurulmuş tərəfdaşlıq əlaqələrini,
həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
müvafiq Çin assosiasiyaları və institutları ilə
əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.
10. Tərəflər terrorizm, separatizm və
ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə
ciddi hədə olduğunu və bu bəlanın
qarşısının alınmasının və ona
qarşı birgə mübarizə aparılmasının
vacib olduğunu vurğuladılar. İki ölkənin
hüquq-mühafizə orqanları və təhlükəsizlik
xidmətləri arasında əlaqələri və
mübadilələri gücləndirmək, narkotik cinayətləri,
transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin
kibertəhlükəsizlik kimi çağırışlarla
birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq
layihələrinin və iki ölkənin müəssisələrinin
işçi heyətinin təhlükəsizliyini birgə təmin
etməyə hazırdırlar.
Tərəflər humanitar minatəmizləmə sahəsində
beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin
vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi
Çin tərəfinin Azərbaycanın minatəmizləmə
işinə dəstəyini yüksək qiymətləndirir,
Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki
dəstək şəklində minatəmizləmə sahəsində
potensialın möhkəmləndirilməsində bundan sonra da
yardım göstərməyə hazırdır.
11. Çin BMT-nın İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının (COP29) 29-cu sessiyasının uğurla
keçirilməsi münasibətilə Azərbaycanı təbrik
edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi
ilə mübarizə üzrə qlobal fəaliyyətə
mühüm töhfə verəcək tarixi nailiyyət və
dönüş nöqtəsi kimi alqışlamışlar.
Tərəflər bütün ölkələri
qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə,
"BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası" və "Paris
Sazişi"nə uyğun olaraq öhdəlik və məsuliyyətləri
tam və vicdanla yerinə yetirməyə
çağırıblar. Tərəflər inkişaf
etmiş ölkələri öz tarixi öhdəliklərinə
ləyaqətlə yanaşmağa, inkişaf etməkdə
olan ölkələrə maliyyə, texnoloji və intellektual
dəstək verməyə, inkişaf etməkdə olan
ölkələrə iqlim dəyişikliyinə qarşı
mübarizə imkanlarının gücləndirməsində
kömək etməyə çağırırlar. Tərəflər
qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə
iqlim dəyişikliyi ilə mübarizə sahəsində
ikitərəfli və çoxtərəfli əməkdaşlığı
gücləndirməyə davam edəcəklər.
Çin tərəfi Azərbaycanın sədrliyi ilə
COP29 çərçivəsində irəli sürülən
"Dayanıqlı və sağlam şəhərlərin
formalaşması üçün Multisektoral Fəaliyyət
Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.
2026-cı ildə Bakı şəhərində
13-cü Ümumdünya şəhərsalma forumunun
keçirilməsini nəzərə alaraq, Çin tərəfi
Azərbaycan tərəfinə dəstəyini ifadə edib,
sıx və səmərəli əməkdaşlığa
hazır olduğunu təsdiqləyib.
12. Çin Azərbaycanın Ümumdünya Ticarət
Təşkilatına (ÜTT) tezliklə üzv olmasını
dəstəkləyir. Tərəflər dünya iqtisadi
düzənində baş verən dəyişiklikləri daha
yaxşı əks etdirmək üçün beynəlxalq
maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.
Tərəflər ticarət və investisiyaların
liberallaşdırılmasını və sadələşdirilməsini
dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və
dünya ticarəti qaydalarının pozulmasının əleyhinə
çıxırlar, birgə rifah naminə çoxtərəfli
ticarət sistemini birgə səylərlə müdafiə
edirlər.
13. Tərəflər BMT mərkəzli dünya
quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq
nizamının və beynəlxalq münasibətlərin BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan
əsas normalarının qorunmasına səy göstərir,
hegemonluğa və güc siyasətinə qarşı
çıxırlar. Tərəflər ümumbəşəri
dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət,
demokratiya və azadlığın təşviqinin lehinə
çıxış edir, yeni növ beynəlxalq münasibətlərin
və bəşəriyyətin vahid taleyi birliyinin
yaradılmasına səy göstərirlər.
14. Tərəflər birgə müzakirə, birgə
quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq,
çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə
sisteminin təkmilləşdirilməsini təşviq etməyə
hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici
rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və
inkişaf etməkdə olan dövlətlərin təmsilçilik
və səsvermə hüquqlarının
artırılmasının naminə çıxış
edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində
sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə
hazırdırlar.
15. Azərbaycan Çin tərəfindən təklif
olunan Qlobal İnkişaf Təşəbbüsünü,
Qlobal Təhlükəsizlik Təşəbbüsünü və
Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə
dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan
Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata
keçirilməsini sürətləndirmək
üçün səyləri birləşdirmək məqsədilə
“Qlobal İnkişaf Təşəbbüsünün
Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir.
Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik
üzrə əlaqələr və qarşılıqlı fəaliyyət
qurmağa, sülh və təhlükəsizlik üzrə
birgə səylər göstərməyə hazırdır.
Azərbaycan tərəfi Çinin BMT-də irəli
sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq
Günü”nün elan edilməsinə dair qətnaməni
yüksək qiymətləndirir və sivilizasiyaların
müxtəlifliyinə hörməti birgə müdafiə
etməyə, humanitar mübadilə və əməkdaşlığı
fəal şəkildə təşviq etməyə
hazırdır. Çin mədəniyyətlərarası
dialoqun təşviqi üçün qlobal platforma kimi
“Bakı Prosesi” adlı təşəbbüsə uyğun
olaraq Azərbaycanın səylərini və bu təşəbbüs
çərçivəsində çağırılan
qlobal forumları dəstəkləyir.
16. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq
Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir
və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə
inkişafı üçün göstərdiyi əməli səylərini
yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in
Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal
iştirak etməyə və Təşkilatın üzv
ölkələri ilə hərtərəfli əməkdaşlığı
dərinləşdirməyə hazır olduğunu bildirir.
Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun
artırılmasını dəstəkləyir.
17. Çin Azərbaycanın Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir
və Azərbaycan tərəfinin AQEM-in inkişafına
yönəlmiş “Daha Güclü AQEM: Asiyada
qarşılıqlı əlaqə, rəqəmsallaşma və
davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin
keçirilməsi üzrə səylərini yüksək
qiymətləndirir.
18. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə
və səmimi qəbula görə Çin Xalq
Respublikasının Sədri Si Cinpinə təşəkkür
etdi və öz növbəsində Sədr Si Cinpini hər
iki tərəf üçün əlverişli vaxtda Azərbaycana
səfərə dəvət etdi.
Xalq Cəbhəsi .- 2025.- 24 aprel(¹15).- S.2-3.