Həyatın təbii axarı ilə yaşamağa
üstünlük verən akademik...
Muxtar İmanov- 70
Çox ahəngdar adamdır, bu, onun içindəki
insan sevgisi ilə bağlıdır. Heç vaxt ətrafdakı
adamlara əziyyət vermək istəmir, odur ki heç kimə
qarşı ağır tələblər irəli
sürmür. Əməkdaşlarını qiymətləndirir
və dinc bir həyat arzulayır. Onun ən mühüm fəziləti
odur ki, işi ləzzətə çevirə bilir. Onun azad,
rahat və hörmət içində keçən
ömrü heç vaxt solmayan gənclik nümunəsi
kimidir. Həmişə həyatın təbii axarı ilə
yaşamağa üstünlük verir, kifayət qədər
ağıllıdır...
Müsahibələrinin birində deyir ki:- “Həyatımda
akademik Məmmədcəfər Cəfərovun xüsusi rolu
olub. Məmmədcəfər müəllim iki baxımdan- həm
böyük ədəbiyyatşünas-alim, həm də nəcib
bir insan kimi məndən ötrü əziz və unudulmaz
olub. Aspiranturaya qəbul zamanı Ədəbiyyat nəzəriyyəsindən
imtahanda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məmmədhüseyn
Təhmasib kimi tanınmış ədəbiyyatşünaslarla
yanaşı, ayrıca söz sahibi olan Məmmədcəfər
müəllim də iştirak edirdi. Ədəbiyyat nəzəriyyəsi
üzrə elan olunmuş bir yerə məndən başqa bir
oğlan da imtahan verməli idi. Mən kənddən gəlmiş
arxasız bir müəllim idim, o oğlan isə Ədəbiyyat
İnstitutunun direktorunun yaxın qohumu. İmtahan götürən
o alimlərin, xüsusən də Məmmədcəfər Cəfərovun
nə qədər obyektiv və prinsipial insan olduğunu bir
anlıq təsəvvürə gətirin- o imtahanda kənddən
gələn müəllimə beş, institutun direktorunun
qohumuna dörd verdilər. Ədəbiyyat nəzəriyyəsi
üzrə aspiranturaya ayrılmış bir nəfərlik yerə
institutut direktorunun qohumunu yox, kənddən gəlmiş
müəllimi götürdülər. Məmmədcəfər
müəllim, təbii ki, özünün
razılığı ilə mənim elmi rəhbərim təyin
olundu və o nəcib insan məni yanına
çağırıb “Dissertasiya mövzusunu özün
seç”- dedi.”
Haqqında söhbət açdığım Muxtar
İmanov 1955-ci ilin may ayının 28-də Naxçıvan
MR-in Şərur rayonunun Axura kəndində Kazım
kişinin ailəsində dünyaya gəlib. 1977-ci ildə
indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. 1980-1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi"
ixtisası üzrə əyani aspiranturasında təhsilini
davam etdirərək, 1984-cü ildə- 29 yaşında ikən
"Müasir Azərbaycan nərsində psixologizm"
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edib. 2007-ci ildə isə "Azərbaycan folklorunda
gülüşün genezisi və poetikası"
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək
filologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnib.
2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adına
layiq görülüb. 2014-cü ildə "Ədəbiyyarşünaslıq"
ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2017-ci
ildə isə həqiqi üzvü seçilib...
Şən və mehriban adamdır. Yaxşı
dostluğu var. İntellektual və ağıllıdır.
Sürətli düşünmə qabiliyyətinə malikdir.
Əla natiqdir, gözəl sözləri, rasional
danışığı, biliyi və təcrübəsi ilə
insanları asanlıqla heyran edə bilir. Aktiv və dəyişkən
həyata üstünlük verir. Çətin vəziyyətlər
qarşısında sarsılmır, praktik həll
yollarını tez tapır...
BDU-nun jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədli
onu belə xarakterizə edir: “Muxtar İmanovun akademik statusu
onun ədəbiyyatşünaş kimi
yaradıcılığı haqqında çox şey deyir.
Görkəmli elm adamının
yaradıcılığının müxtəlif
yönlü akademik səviyyəsini aşkara çıxarmaq
xüsusi tədqiqat və məsuliyyət tələb edir.
Ünsiyyətə daha açıq olduğundan onun şəxsiyyəti
haqqında danışmaq daha asandır. Bəli, Muxtar
İmanovun şəxsiyyəti yaradıcılığı qədər
zəngin və parlaqdır. Mən tələbə olanda
Muxtar İmanov aspiranturada oxuyurdu. Yataqxanaya tez-tez gələrdi.
Mən hələ o vaxt onun müasir Azərbaycan ədəbi
mühiti ilə bağlı məntiqli fikirlərini maraqla
dinləyirdim. Erudisiyasından irəli gələn təhlilləri,
inandırmaq bacarığı sonunda hər kəsi onunla
razılaşmaq məcburiyyətində qoyurdu. Biz tələbələr
onu elə o vaxt da alim kimi qəbul edirdik. Hər kəsin elmi
adı elə onun adı qədər dəyərlidir. Elmi ad
insanın ömürlük yol yoldaşıdır. Hara gedirsə,
harda olursa onunla olur. Toyda, yasda, qonaqlıqda, hər hansı nəqliyyatda
yanında olur. Onu təqdim edir, məsuliyyətini
artırır, onun haqqında fikir formalaşdırır.
Muxtar İmanov azad insandır. Azadlıq sərbəst
düşünmək və düşündüyünü
sərbəst və səmimi söyləməkdir. Muxtar
İmanovun azadlığı doğruya, cəsarətə və
məntiqə söykənir. Onun azadlığı tamdır.
Ona görə ki, bilik və səyə əsaslanır.
Yadıma Şuşa zirvəsindən boylanan dahi Əhməd
bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində”
əsəri düşür. Zəncirlərini qırıb
azad olmaq istəyən bir qul sərbəst insanlar ölkəsinə
üz tutur. Həmin ölkəyə daxil olarkən ona deyirlər:
Görürük, əsarətin görünən
bağlarını qırmısan. Ancaq iç zəncirlərini
də söküb atmısanmı? Anlamır. Onu yenidən
imtahana çəkirlər: 1. Tamahına yiyə durursanmı?
2. Doğrunu sevirsənmi? 3. Həqiqətə
dözümün varmı? 4. Ləyaqət sahibisənmi? Bu
sualların cavabı Muxtar İmanovun bütöv şəxsiyyətindədir...”
Əmək fəaliyyətinə 1977-ci ildə
Naxçıvan MR-in Şərur rayonunun Həmzəli kənd
səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat
müəllimi kimi başlayıb. Aspirantura təhsilindən
sonra, 1983-1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Mifologiya şöbəsində kiçik elmi
işçi, elmi işçi və böyük elmi
işçi vəzifələrində
çalışıb. 1992-2000-ci illərdə
"Yazıçı" nəşriyyatının baş
redaktoru olub. 2001-2003-cü illərdə AMEA "Folklor
Sarayı" Elmi-Mədəni Mərkəzində
böyük elmi işçı kimi fəaliyyətini davam
etdirib. Həmin mərkəz 2003-cü ildə Folklor
İnstitutuna çevrildikdən sonra Türk xalqları
folkloru şöbəsinin aparıcı elmi işçisi
kimi fəaliyyət göstərib. Bir müddət AMEA Folklor
İnstitutuna rəhbərlik edib. Hazırda Azərbaycan Dillər
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiridir...
Emosionallıqdan həzz almır. Onun üçün
bilmək, öyrənmək, marağını təmin etmək
vacibdir. Tənhalığa nifrət edir. Ünsiyyət onun ən
böyük silahıdır. Yüksək mədəniyyəti,
ağayanə davranışı, mərdanə xüsusiyətləri
ilə ətrafdakı insanlara tez təsir göstərməyi
bacarır. Onunla ünsiyyətdə olanda darıxmaq
mümkün deyil. Ətraf mühitə qarşı çox
həssasdır. Elə buna görə də, hamı tərəfindən
sevgi ilə qarşılanır. Bir sözlə, nəzakətli,
ağıllı, cazibədar, təsiredici və yaxşı
natiqdir. Nə edirsə etsin, işlərinin orijinal
olmasını istəyir. Təqlid və saxta şeyləri
xoşlamır. Ümumiyyətlə, akademik Muxtar İmanov
maraqlı xarakterə sahibdir. Bir neçə ay öncə 70
yaşı tamam olub. 2025-ci il onun üçün hələ
də yubiley ilidir. Qoy, bu söhbətim yubileyi münasibətilə
şəninə deyilən sözlərin davamı olsun!..
“AMEA-nın müxbir üzvü, Folklor İnstitunun
direktoru, professor Muxtar İmanov bütövlükdə bir alim
və dövlətçilik ənənələrinə sadiq
bir kadr və həm də bir gözəl insan kimi ictimaiyyətin
yüksək qiymət verdiyi bir ictimai xadimdir”- bunları
jurnalistlərin ustadı, professor Cahangir Məmmədli
söyləyib...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 7 avqust(¹28).-S.15.