Dənizdən zirvəyə
Vətən Müharibəsi Qəhrəmanı,
Sualtı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin
kiçik miçmanı şəhid Fəqan Zalovun
döyüş gündəliyi
Fəqan Zalovun kükrəyən dalğalardan əzəmətli
dağlara uzanan qəhrəmanlıq yolu ta doğulduğu
gündən çətinliklərdən, sınaqlardan,
mübarizələrdən keçərək əbədiyyətə
uzandı...
O, 1 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndindəki
çadır düşərgəsində gözünü
dünyaya məcburi köçkün kimi açdı...
Lap kiçik yaşlarından vətən həsrəti
qəlbinə köz kimi düşdü. Heç zaman
görmədiyi, sadəcə valideynlərinin xatirələri,
çoxdan saralmış ağ-qara fotolardan aşina olub
varlığıyla bağlandığı ana
torpağını - ata-anasının doğulduğu
Füzulini, Aşağı Güzlək kəndini azad etmək
eşqi ilə böyüdü...
Bayrağına könül verdi. Öncə Azərbaycanın
üçrəngli ay-ulduzlu bayrağını idman
yarışlarında bir güləşçi kimi
başı üzərində qaldırdı, sonra
şanlı bayrağımızı Qarabağın zirvələrində
qürurla dalğalandırdı..
Coşan dalğalara, dibsiz girdablara, qopan
fırtınalara heç zaman boyun əyməyən "dəniz
canavarı" Fəqan Zalov dərin yarğanlardan, sıx
meşələrdən, sıldırım qayalardan dolaşan
zəfər yolunu mərd-mərdanə keçərək hərb
meydanında düşmənə aman vermədi. Sonradan
döyüşçü yoldaşları cəsur igidin
şücaətlərindən söz açanda ilk dedikləri
bu oldu ki, o, neçə-neçə düşmənlə
üz-üzə, qarşı-qarşıya gələrək
onları məhv edib.
44 günlük müharibənin sonuna qədər
döyüşlərdə hünərlə iştirak edən
Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı
Fəqan Zalov oktyabr ayında ağır yaralansa da, qələbə
missiyasını başa vurmadan qətiyyən müharibədən
ayrılmayacağını bildirdi. Həkimlərin, valideynlərinin
israrlarına rəğmən onunla çiyin-çiyinə
döyüşərək həlak olan şəhid
yoldaşlarının qisasını almaq, hərbçi
yoldaşlarına dəstək olmaq, ana torpağını
azad etmək üçün yenidən düşmən
üzərinə yeridi...
Axı uşaqlıqdan ata-anasına söz vermişdi
- doğma torpağını düşmən
tapdağından qurtaranlardan biri olacaq..
Vətən müharibəsində yurd yerlərimiz
bir-bir azad olunduqca valideynlərinə zəng vurub
gözaydınlığı verirdi, od-alovun içində,
ölümlə burun-buruna olduğu halda gülə-gülə
"ata, ana, narahat olmayın, hər şey
yaxşıdır" deyirdi...
Bir də...
Qədd-qamətli, qaraqaş, qaragöz gənc
döyüşçü xalasına zəng vurub
çoxdandır ürəyində pünhan
saxladığı sirrini açdı, qəlbini verdiyi bir
nigara onun sevgisini yetirməyi tapşırdı...
O anlarda istər-istəməz üzünə-gözünə
ilıq bir təbəssüm qondu... Müharibənin bitdiyini,
doğmalarına qovuşduğunu, bəylik libası
geyindiyini xəyal etdi... Qulağına vağzalı sədası
gəldi...
Eh... Baharında ömrünün sazağa düşəcəyindən
xəbərsiz idi...
Görünür, gülüş günündə
doğulduğu üçün idi ki, Fəqanın
yaşadığı qısa - cəmi 23 illik həyatında
doğmaları, dostları, tanışları onun
üzündən nə zamansa təbəssümün,
dodağından gülüşün əskik olduğunu
heç zaman görmədilər...
"Mənə zəng vurub demişdilər ki, Fəqan
yaralıdır, Füzulidə hospitala gətirirlər. Ancaq təxliyə
maşını gəlib morqun ağzında dayananda hər
şeyi başa düşdüm. O, şəhid olmuşdu.
Özümü morqa necə yetirdiyimi bilmirəm. Fəqanı
uzandırmışdılar, elə bil ona heç nə olmamışdı,
sadəcə yatmışdı. Baxdım ki, üzündə
təbəssüm var, o, gülə-gülə şəhid
olmuşdu... Balamı bağrıma basıb öpəndə
gördüm ki, bədəni hələ istidir, o, yenicə
keçinmişdi..."
"Azərbaycan" qəzeti üçün
müsahibə aldığımız zaman qəhrəman
şəhidimizin atası Amil Zalovun oğlu ilə son
görüşünə dair təsvir etdiyi və ürəyimizi
parçalayan bu dəhşətli mənzərə cəsur
Azərbaycan oğlu, "dəniz canavarı" Fəqan
Zalovun ölümdən belə qorxmadığını,
zalım Əzrayılı gülə-gülə
qarşıladığını göstərirdi...
Uğur illəri
Əslən Füzuli rayonunun Aşağı Güzlək
kəndindən olan Fəqan Zalov 2003-2007-ci illərdə
Füzuli rayon Babı kəndindəki Marks Hacıyev adına
tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə
Sumqayıt şəhərində yerləşən
Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam
orta məktəbində təhsilini davam etdirib. 2015-ci ildə
hərbi xidmətə çağrılıb. Artilleriya
Qoşunlarında müddətli həqiqi hərbi
qulluqçu kimi xidmət edib.
Azərbaycan Artilleriya Qoşunlarının əsgəri
Fəqan Zalov Aprel döyüşlərində iştirak edib.
Həmin döyüşlərdə yaralanan əsgər Zalov
müalicəsi bitdikdən sonra xidmətini davam etdirib. 2017-ci
ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini
başa vurduqdan 9 ay sonra 2017-ci ilin oktyabrından dekabrınadək
müddətdən artıq həqiqi hərbi xidmət
qulluğu kursu keçərək, Azərbaycan Hərbi Dəniz
Qüvvələrinin müddətdən artıq həqiqi hərbi
xidmət qulluqçusu (matrosu) olub.
2017-ci ilin dekabrından 2019-cu ilin martına qədər
HDQ-nin Gözətçi Gəmilər Diviziyasının gəmisində
xidmət edib. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı
dövlətlərin birgə təşəbbüsü ilə
keçirilən "Beynəlxalq dəniz kuboku"
yarışlarına qatılıb. Onun xidmət etdiyi gəmi
dəniz kuboku yarışlarında dəfələrlə
qalib gəlib. Yarışlarda Fəqan Zalov bir çox fəxri
fərmanla təltif olunub.
2018-ci ilin martından həmin ilin dekabrınadək
"N" saylı hərbi hissənin nəzdindəki
Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi
ilə bitirdiyinə görə "kiçik miçman"
rütbəsi alıb. 2019-cu ilin martından "N"
saylı hərbi hissədə Sualtı Hücum (SAH)
Xüsusi Təyinatlı Qüvvələrində xidmət
edib. Xidmət dövründə kəşfiyyatçı
kimi "Dağçılıq", "Paraşüt",
"Antiterror", "Amfibiya" kurslarını bitirib. Fəqan
Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley
medalı ilə təltif edilib.
Vətən uğrunda
Azərbaycan Ordusunun Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı
Qüvvələrinin kiçik miçmanı Fəqan Zalov
İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə
Cəbrayılın azad edilməsi uğrunda gedən
döyüşlərdə vuruşub. Cəbrayıl rayonundan
başlayan əks-hücum əməliyyatlarında
qarşı tərəfin illərboyu qurduğu və möhkəmləndirdiyi
mühəndis-istehkam və müdafiə zolaqlarının
yarılmasında, strateji yüksəkliklərin ələ
keçirilməsində fərqlənib. Xüsusi Təyinatlı
Qüvvələr tərəfindən dörd gün ərzində
Cəbrayıl şəhəri istiqamətində olan strateji
mövqelər, o cümlədən Cəbrayıl şəhəri
və rayonun 14 yaşayış məntəqəsi -
Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq,
Şəybəy, Cəfərabad, Çərən, Daşəsən,
Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və
Yuxarı Maralyan işğaldan azad edilib.
Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl
rayonunun Soltanlı kəndi istiqamətində ayağından
qəlpə yarası alaraq yaralanır. Əvvəlcə
Füzuli, sonra Beyləqan, sonuncu dəfə isə
Hacıqabul rayon xəstəxanalarına yerləşdirilir.
Verilən məzuniyyətdən imtina edərək
döyüş meydanına qayıdır. İlk olaraq Xocavənd
istiqamətində gedən döyüşlərdə
adsız yüksəkliklərin ələ keçirilməsində
iştirak edir və fərqlənir.
Oktyabrın 19-da SAH Xüsusi Təyinatlı Qüvvələrinin
də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində
Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı,
Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq,
Hacılı, Göyərçin Veysəlli, Niyazqulular,
Keçəl Məmmədli, Şahvəlli, Hacı
İsmayıllı, İsaqlı kəndləri
işğaldan azad edilir.
Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi
uğrunda gedən döyüşlərdə də
vuruşaraq fərqlənir.
Şəhadət yolçuluğu
Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli
Bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd
rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub
istiqamətində "Qızılqaya" adlı ərazidə
yarımqrup tərkibində hücum əməliyyatını
yerinə yetirən zaman qarşı tərəfin atdığı
mərmilərin partlayışı nəticəsində qəlpə
yarası alır. Boyun hissəsindən girərək,
ağciyərini və ürəyini parçalayan qəlpənin
yarası ölümcül olduğu üçün onu xilas
etmək mümkün olmur. O, şəhidlik zirvəsinə
ucalır.
Fəqan Zalov Füzuli rayonunun Babı kəndində
yerləşən qəbiristanlıqda dəfn edilib.
Prezidentin sərəncamlarına əsasən, o,
"Vətən Müharibəsi Qəhrəmanı"
adına layiq görülüb, həmçinin "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Xocavəndin azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə"
medalları ilə təltif edilib.
Horadiz şəhərindəki 3 nömrəli tam orta
məktəbə Fəqan Zalovun adı verilib.
Şəhid və qazi atası: "Oğlanlarımla
fəxr edirəm"
İllər öncə Fəqan hərbçi olmaq
arzusunu atasına söyləyəndə Amil müəllim əvvəlcə
buna etiraz etmişdi. Böyük oğlu Nicat Zalov hərbçi
olduğu üçün atası Fəqanın başqa
peşəyə yiyələnməsini istəyirdi. Ancaq Fəqanın
elə hərbçilərə xas möhkəm inad və
iradə ilə arxasıyca gedib pillə-pillə
ucaldığı bu peşəni zamanla çox sevmiş,
oğlu ilə qürur duymuşdu. Şəhid və qazi
atası Amil Zalovla kövrək, qüssəli notlara köklənən
müsahibəmiz zamanı söylədi ki, övladları
Nicat və Fəqan uşaqlıqdan vətənpərvər
ruhda böyüyüblər:
- Buna görə də hər ikisi hərbçi
olmağa can atırdı. Xüsusi Təyinatlı Qüvvələrdə
xidmət edən böyük oğlum Nicat Aprel
döyüşlərində iştirak edib
yaralanmışdı. İkinci Qarabağ müharibəsində
də ön sıralarda olub. Füzuli rayonunun Merdinli kəndində
döyüşlər zamanı snayperlə vurulmuşdu. Nicat
həm də antiterror tədbirlərinin iştirakçısı
oldu. Fəqan Sabirabadda doğulduğu üçün
Füzulini, kəndimizi görməmişdi. Bir dəfə
uzaqdan kəndimizi ona nişan verəndə əlini
çiynimə qoyub dedi ki, "ata, narahat olma,
torpaqlarımızın hamısını alıb kəndimizə
qayıdacağıq".
Vətən müharibəsi zamanı demək olar ki,
Fəqanla hər gün telefonla danışırdıq. Həmişə
deyirdi ki, biz qələbə çalacağıq. Onunla son dəfə
noyabrın 8-də danışdıq. Səhəri
günü işdən evə qayıdanda dedilər ki, Fəqan
yaralanıb, gətirəcəklər Böyük Bəhmənli
kəndindəki Diaqnostika Mərkəzinə. Mən də ora
getdim. Şər qarışırdı, baxdım ki, kənd
camaatının hamısı bu mərkəzə
toplaşıb. Soruşanda dedilər ki, Fəqandan başqa da
yaralı var, onu da gətirirlər. Demə, onlar məni
yanıltmaqdan ötrü belə deyirmişlər. Az sonra hərbi
çağırış idarəsindən zəng vurub Fəqanın
yaralı olduğunu söylədilər. Öz-özümə
düşündüm ki, bundan əvvəl də hər iki
oğlum yaralanmışdı, amma onda heç kim mənə
zəng vurub bu barədə heç nə deməmişdi.
Görünür, nəsə var. Təxliyə
maşını gəlib morqun ağzında dayananda başa
düşdüm ki, Fəqan şəhid olub. O an dünyam
başıma uçdu...
Valideyn üçün övlad itkisi çox
ağırdır, bunu sözlə ifadə etmək
mümkün deyil. Amma hər oğula da bu cür şərəfli
ölüm qismət olmur. Fəqan indi ən ali məqamda,
şəhidlik zirvəsindədir. Vətən sağ olsun!
Allah qazilərimizə cansağlığı, şəhidlərimizə
rəhmət eləsin! Nəvəmin adını Fəqan
qoymuşuq. Eynilə əmisinə oxşayır, xasiyyəti,
duruşu, yerişi, gülüşü ilə...
Bilirsiniz, gündə yüz dəfə Allaha
şükür edirəm ki, böyük oğlum
salamatdır. Nicat həm Aprel döyüşlərində, həm
də Vətən müharibəsində ağır
yaralanmışdı.
Bir şəhid, qazi atası olaraq oğlanlarımla fəxr
edirəm. Onlar işğal altında olan
torpaqlarımızı azad etdilər, bizi doğma yurdumuza
qovuşdurdular.
"Nə olar, yuxularıma gəl, Fəqan!"
Sinəsində bala dağı, gözlərində
çeşmə kimi çağlayan yaş bir yaralı ana
ilə - şəhid anası ilə dünyadakı ən qiymətli
varlığı olan oğlu haqqında keçmişdə
danışmağın necə ağrılı-acılı
olduğunu yazmağa lüzum belə yoxdur.
Təkcə onu deyək ki, qəhrəman şəhidimiz
Fəqan Zalovun anası Səridə xanım cəmi 23
yaşında torpağa tapşırdığı
balasının ürəkdağlayan, həsrət, kədər
hopmuş xatirələrinin heç birini tamamlaya bilmədi...
Bu yasyüklü xatirələrin hamısını yaralı
ananın fəryadı, hönkürtüləri
yarımçıq kəsdi...
Sınıq, boynubükük xatirələri Səridə
xanımı 1997-ci ilə - Qalaqayın çadır şəhərciyindəki
acılı-şirinli günlərinə çəkib
apardı:
- Fəqanı çox əziyyətlə
böyütdüm. İsti çadır, su
qıtlığı, heç bir şərait yox... Hardasa 6
ay bu cür çətinliklərlə yaşadıqdan sonra
Füzulinin Babı kəndinə - ata evimizə
köçdük. Çətinliklə
balalarımızı böyütməyə başladıq. Fəqan
uşaq yaşlarından çox fəal, ünsiyyətcil
idi. Oxumağa da böyük həvəsi vardı. O, 4-5
yaşında olarkən xəbər tutduq ki, özündən
böyük bacısının çantasını gizlincə
götürüb çiyninə taxaraq məktəbə
yollanıb. Birinci sinfə getdiyi gün indi də
gözümün qabağındadır. Digər uşaqlar
ağlayırdılar, o isə elə sevinirdi ki...
Bacı-qardaşından oxuyub-yazmağı öyrənmişdi.
Dərslərini yaxşı oxuyurdu, müəllimləri tərifləyirdi.
Dostcanlı, idarəçilik ruhu olan uşaq idi. Fəqan həm
də çox zarafatcıl idi. Görərdin ki, nəsə
gülməli bir söz deyərdi, hamı qəhqəhə
çəkərdi, özü isə ciddi görkəm
alardı... Orta məktəbdə oxuyan zaman yunan-Roma güləşinə
gedirdi, nailiyyətlər də qazanmışdı. Ta
uşaqlığından Fəqanda bayrağımıza
böyük sevgi vardı. Hər bazara gedəndə bizə
tapşırardı ki, bayraq alaq, toqqasının,
saatının, çantasının üzərində bayraq
şəkilləri olardı. Nə biləydik ki, bir gün o
özü də bayrağa büküləcək... Məzarının
üzərinə bayrağımız kölgə salacaq...
Biz rayonda, Fəqan isə Masazırda qardaşı
Nicatgildə qalırdı. 2020-ci il sentyabrın 26-da zəng
vurdular ki, "ana, ikimiz də təlimə gedirik, sən gəl
Bakıya, uşaqların yanında qal". Səhərisi
gün müharibə başladı. Çox nigaran idim
onlardan. Sentyabrın 29-da xəbər gəldi ki, Nicat
ağır yaralanıb. Onu vertolyotla Bakıya gətirmişdilər.
Bir müddət sonra Fəqan da dizindən qəlpə
yaraları aldı. Onu Füzulidəki hərbi hospitala gətirmişdilər,
sonra Hacıqabula xəstəxanaya köçürdülər.
Mən Hacıqabulda onun yanına getdim. Yaralı da olsa,
heç zarafatından qalmırdı. Həmin vaxt Fəqana 15
gün məzuniyyət vermişdilər, gəlib bir neçə
gün Masazırda qaldıqdan sonra dedi ki, döyüşə
qayıdıram. Nə qədər yalvar-yaxar etsək də,
onu fikrindən döndərə bilmədik. Dedi ki, "yox,
getməliyəm, dostlarım oradadır, onları tək qoya
bilmərəm". O məni sakitləşdirirdi ki, "ana,
narahat olma, qorxulu bir şey yoxdur, qorxaq ermənilər elə
bizi görən kimi qaçırlar". Onu yenidən cəbhəyə
yola saldıq, arxasınca su atdım, dedim: "Sağ-salamat
get-gəl, Fəqan". Balalarıma iki qurban demişdik,
Nicatın qurbanını kəsdik, amma Fəqana qismət
olmadı... (ağlayır)
Daha mən də Bakıda qala bilmirdim, ona görə
də qayıdıb getdim Füzuliyə ki, heç olmasa Fəqana
yaxın olum. Noyabrın 8-də səhər-səhər onunla
danışdım. Dedim "anan qurban, necəsən? Gəlmişəm,
rayondayam". Dedi ki, "ana, yaxşılıqdı, Cəbrayıldayıq,
dincəlirik, sonra döyüşə gedəcəyik". Səhəri
gün nəsə ürəyim çox narahat idi. Evdə
heç qərar tuta bilmirdim. Bu dəm qızım zəng elədi
ki, "ana, deyirlər Fəqan yaralanıb gətiriblər
hospitala, bir azdan evə gətirəcəklər". Bu məni
şübhələndirdi ki, yaralı xəstəxanada
olmalıdır, axı nə üçün onu evə gətirirlər?
Birdən qonşulardan kimsə soruşanda mənim kənddə
olduğumu bilməyən əmim oğlu bərkdən dedi ki,
Fəqan şəhid olub, aparıblar məscidə... O anda elə
bildim ürəyimə bıçaq sancıldı.
Çırpındım ki, Fəqan şəhid olub?! Dünən
onunla danışmışam... Bir anda kənd
töküldü qapımıza. Fəqanın bayrağa
bükülmüş nəşini gətirdilər... Axı
mən balamı belə gözləmirdim... Zənn edirdim ki,
o, çiynində bayrağımız gülə-gülə
doqqazdan içəri girəcəkdi, sarılacaqdı boynuma,
"ana, gözün aydın, müharibə qurtardı,
aldıq torpaqlarımızı, qələbə
çaldıq, qəhrəman oğlunla fəxr et" deyəcəkdi...
Çox darıxıram onun üçün. Bilmirəm
balamın həsrətini necə ovudum, bircə gücüm göz
yaşlarıma çatır. Bir də gecə-gündüz
yalvarıram ki, nə olar yuxularıma gəl, ay Fəqan!..
Torpağını, bayrağını bu
dünyadakı hər nəsnədən çox sevən Fəqan
Zalovun elə noyabrın 9-da - Bayraq Günündə şəhadətə
ucalması da sanki taleyin qisməti idi. Qəhrəman şəhidimiz
canı qədər sevdiyi müqəddəs
torpağımızın zirvələrində Azərbaycan
bayrağını dalğalandırmaq üçün
gözünü qırpmadan gənc ömrünü fəda
etdi.
Suda da, quruda da böyük hünər, igidlik,
şücaət sərgiləyən Sualtı Hücum
Xüsusi Təyinatlı Qüvvələrinin kiçik
miçmanı şəhid Fəqan Zalov adını Vətən
tarximizə və xalqımızın qəlbinə unudulmaz qəhrəman
kimi həkk etdi...
Yasəmən MUSAYEVA
Xalq Cəbhəsi .- 2025.- 7 avqust(№28).-S.14.