Xalq
yazıçısı Elçin Əfəndiyevin xatirəsinə
həsr olunmuş videoçarx hazırlanıb
Azərbaycan Milli Kitabxanasında görkəmli
yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Xalq
yazıçısı, “İstiqlal” ordenli, dövlət və
ictimai xadim Elçin Əfəndiyevin xatirəsinə həsr
olunmuş videoçarx hazırlanıb.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, videoçarxda görkəmli
yazıçının ömür yolundan, bənzərsiz ədəbi
yaradıcılığından, ədəbiyyatşünas-alim
kimi elmi fəaliyyətindən geniş bəhs olunub.
Qeyd edək ki, Elçin Əfəndiyev 1943-cü il
mayın 13-də Bakı şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci
illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya
fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və
Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin
Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir.
O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar
İttifaqı İdarə Heyətinin katibi, 1987–1993-cü illərdə
isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni
Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti
rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev
1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin
müavini vəzifəsində
çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq
simalarından olan yazıçı Elçin Əfəndiyev
bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin
ənənələrinə sadiqlik nümayiş etdirmiş və
milli bədii fikrin zənginləşməsində
mühüm rol oynamışdır. O, hələ ədəbi
yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi
axtarışlarla dolu əsərlərinin poetik gücü ilə
geniş oxucu kütləsinin dərin rəğbətini
qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və
bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi
ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin
qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin
formalaşmasının fəal iştirakçısı olan
sənətkar uzaq və yaxın tarixi keçmişimizlə
bağlı roman, povest, hekayə və pyeslərində
xalqımızın mənəvi-əxlaqi dəyərlərinin
təbliğini diqqət mərkəzində
saxlamışdır. Elçinin ssenariləri əsasında
çəkilən filmlər uğurlu ekran həyatı
yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl
fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas
kimi klassik irsə və müasir ədəbi prosesə dair
aktual mövzularda dəyərli elmi-nəzəri
yazıları, portret-oçerkləri ilə ədəbi
mühitin inkişafına sanballı töhfələr
vermişdir.
Yazıçının əsərləri bir
çox xarici dillərə tərcümə olunmuş,
müxtəlif teatr səhnələrində tamaşaya
qoyularaq müəllifinə şöhrət
qazandırmışdır. Onun mötəbər beynəlxalq
konfranslarda çıxışları elmi və ədəbi
ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır.
Xalq Cəbhəsi .- 2025.- 7 avqust(¹28).-S.15.