Peşə təhsili: problemlər və perspektivlər
Peşə təhsili müəyyən bir sahədə
ixtisaslı işçi qüvvəsinin
hazırlanmasını təmin edən təhsil pilləsidir.
Bu təhsil pilləsi tələbələrin peşə və
texniki bilikləri, bacarıqları və səriştələri
əldə etmələrini təmin edərək onları əmək
bazarına hazırlaşdırır. Peşə təhsili adətən
orta məktəbdən sonra verilir və müxtəlif peşə
sahələrində (məsələn, sənaye, xidmət
sektoru, texnologiya və s.) işə hazırlıq məqsədi
daşıyır.
Bu təhsil sistemində, şagirdlər həm nəzəri
bilikləri, həm də praktiki bacarıqları əldə
edirlər. Bu təhsil növü həm də iş həyatına
inteqrasiya olunma müddətini qısaltmaq üçün nəzərdə
tutulub. Peşə təhsilinin əsas məqsədi işəgötürənlərin
tələblərinə uyğun gələn kadrların
hazırlanması və işsizlik səviyyəsinin
azaldılmasıdır.
Hazırda Azərbaycanda peşə təhsilinə maraq
hansı səviyyədədir? Bu sahədə problemlər və
perspektivlər nədən ibarətdir?
“Xalq Cəbhəsi” mövzunu təhsil məsələləri
üzrə ekspertlərlə araşdırıb.
“Tələbələrin yerləşdirilməsi ilə
bağlı müəmmalar var”
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu qeyd
edib ki, son illər peşə məktəblərində irəliləyiş
müşahidə olunur: “Bizdə ilkin peşə, texniki
peşə ixtisasları var idi və son illər yüksək
texniki peşə ixtisasları da əlavə olunub. Yüksək
texniki peşə ixtisası o deməkdir ki, sənə
oranı bitirəndən sonra birbaşa subbakalavr kimi kollec səviyyəsinə
bərabər diplom verilir. Bu, peşə məktəbini daha
da cəlbedici edib. Biz illərin statistikasına baxanda peşə
məktəblərinə sənəd verənlərin
sayının da artdığını görürük və
bununla paralel plan yeri də artırılır. Yəni peşə
məktəblərində müsbət irəliləyişlər
görmək olur. Sistemlə bağlı problemlər var. Amma
tələbə sayında artımlar var. Sistemlə
bağlı problem odur ki, yəni burada konkret portal.edu.az-da əlavə
peşə təhsili ilə bağlı müəyyən
qaranlıq məqamlar var. Tələbələrin yerləşdirilməsi
ilə bağlı müəmmalar var. Bilinmir bal əsasda yerləşdilir,
ictimaiyyətə bununla bağlı açıqlama verilmir”.
“Bu, cəmiyyətdə şübhələr
yaradır”
Ekspert əlavə edib ki, hətta bu ili çıxmaq
şərti ilə əvvəlki illərdə peşə məktəblərində
ixtisasların plan yerləri açıqlanmırdı: “Bu il
açıqlandı, amma bu da məlum məsələdir qəbul
attestat ortalamasına görə, yüksək peşədə
isə buraxılış balına görə
aparılır. Lakin hansı ixtisas neçə baldır,
bunlar açıqlanmır və bu da qaranlıq məqamdır,
cəmiyyətdə şübhələr yaradır. Yerləşdirmə
doğrudanmı şəffafdır? mən
düşünürəm ki, yerləşdirmənin şəffaflığında
problem var ki, açıqlanmır. Yəni məsələn,
mənim attestatım 4-dür. Mən düşünürəm
ki, 3-ü yerləşdirirlər məni yox. Yəni növbəti
illərdə peşə jurnalında mütləq şəkildə
bu da olmalıdır”.
“Əmək bazarının tələbini ödəməyən
ixtisaslara da rast gəlirik”
R.Fikrətoğlu bildirib ki, ümumilikdə, peşə
məktəbləri, peşə ixtisasları ilə
bağlı dəyişikliklərin sürətli və səmərəliliyi
hələ də istənilən səviyyədə deyil:
“Əsas göstəricilər üzrə effektiv iştirak səviyyəsi,
innovasiya, nəticə yönümlülük, müsbət
dinamika olsa da davamlı inkişaf üçün sistemli
yanaşma çatışmır. Problemlər var. Yəni
qanunvericilikdə strateji boşluqlar var. Çox vaxt qanunvericilik
real tələbatlarla ayaqlaşmır və tətbiq etmədə
mexanizmlər zəifdir. Düşünürəm ki, peşə
ixtisaslarında bəzən əmək bazarının tələbini
ödəməyən ixtisaslara da rast gəlirik. Bundan əlavə,
peşə məktəbləri ilə bağlı
ixtisaslı kadr problemi hələ də var. Mövcud
olanların səriştə
çatışmazlığı var,
çatışmazlığın inkişafı ləngiyir.”.
“Qısa, orta və uzunmüddətli məqsədləri
əhatə edən strategiya hazırlanmalıdır”
O eləcə də diqqətə çatdırıb
ki, ümumiyyətlə, sahəyə uyğun maddi-texniki baza
və rəqəmsal inkişaf zəifdir: “Müxtəlif
qurumlar, tərəfdaşlar arasında koordinasiya və nəticələrin
qiymətləndirilməsi də zəifdir, amma perspektivlər
də var. Yəni müasir texnologiyaların tətbiqi bu sahədə
ciddi keyfiyyət dəyişikliyi yarada bilib. Qısa, orta və
uzunmüddətli məqsədləri əhatə edən,
real əsaslara söykənən strategiya
hazırlanmalıdır. Maraq qruplarının iştirakı
və ictimai nəzarət artırılmalıdır. Həmçinin
qlobal təcrübədən istifadə və uğurlu modellərin
uyğunlaşdırılması müsbət nəticələr
verə bilər”.
“Mənfi mənada müstəqillik var”
Onun bildirdiyinə görə, peşə məktəbləri
ilə bağlı xırda detallar, problemlər də
mövcuddur: “Məsələn, biz Peşə Agentliyinin
saytına daxil olanda peşə məktəblərinin
ünvanlarının düzgün yazılmaması, mobil
nömrələrin düzgün olmaması ilə üzləşirik.
Düşünürəm ki, bu sahədə müəyyən
qədər də mənfi mənada müstəqillik var.
Peşə məktəblərinin bir qismi Peşə Agentliyinə
tabe olmamaqla sanki özlərini publik hüquqi şəxs kimi
aparırlar. Yəni bir növ o qədər də çətinmək
yoxdur. Bu sahədə müəyyən qədər məktəblərin
mərkəzə tabe olmama iddiaları da var. Müəyyən
qədər nəzarət və rəhbərlik sistemində də
dəyişikliyə ehtiyac var”.
“Peşə təhsili gənclərin əmək
bazarına tez və effektiv daxil olmasına şərait
yaradır”
Təhsil üzrə ekspert Cahid İmanlı söyləyib
ki, peşə təhsili konkret spesifik, dar bir sahəyə -
peşəyə yönəlmiş bilik və bacarıqlar
qazandıraraq gənclərin əmək bazarına daha tez və
effektiv daxil olmasına şərait yaradır:
“Aşağı əmək bazarında - yəni xidmət,
iaşə, müxtəlif istehsal sahələrində işəgötürənlər
praktiki biliklərə malik kadrlara daha çox
üstünlük verdiyindən peşə təhsili məzunları
rəqabətə daha davamlı olurlar”.
“Peşə təhsili şagird və valideynlərin
"təhsildə ən son variantı" kimi qalır”
C.İmanlı əlavə edib ki, lakin cəmiyyətdə
bəzən peşə təhsili zəif alternativ kimi qəbul
olunur: “Bu stereotiplər gənclərin və valideynlərin
seçimlərinə mənfi təsir göstərir. Son illər
sosial media, televiziya kampaniyaları və nümunəvi məzunların
hekayələri vasitəsilə bu fikirlərin dəyişdirilməsi
üçün maarifləndirmə aparılır. Lakin hələ
də peşə təhsili şagird və valideynlərin
"təhsildə ən son variantı" kimi qalır.
Abituriyentlər seçim zamanı yüksək texniki peşə
ixtisaslarına daha çox üstünlük verirlər və
bunun da səbəbi subbakalavr dərəcəsi alıb
universitetə keçid etmək istəmələridir.
Göründüyü kimi burada da peşə təhsili istəkdən
yox, məcburiyyətdən seçilir. Digər tərəfdən
bir çox peşə məktəblərinin, xüsusilə
bölgələrdə mövcud peşə məktəblərinin
keyfiyyəti - maddi tədris və pedaqoji bazası zəif
olduğundan "peşə məktəbi imicinə" ciddi
mənfi təsir edir”.
Peşə təhsilində Dual təhsil modeli
Ekspert bildirib ki, hazırda peşə təhsilində
Dual təhsil modeli (təhsil və iş yerlərində
paralel təcrübə), modul əsaslı kurikulumlar,
simulyasiya laboratoriyaları və real müəssisələrlə
əməkdaşlıq çərçivəsində təlimlər
tətbiq olunur: “Bu, tələbələrin iş mühitinə
adaptasiyasını və peşə vərdişlərini
artırır. Amma qeyd edim ki, bu yeniliklər tətbiq edilən
peşə ixtisaslarının ödənişi 2000- 5000
manata arası dəyişir. Bu da həmin ixtisaslarda təhsilin
aşağı sosial təbəqələr üçün
əlçatanlığını sual altına qoyur. Halbuki,
peşə təhsili elə məhz ilk növbədə bu təbəqənin
ehtiyac və maraqlarına uyğun olmalıdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 7 avqust(¹28).-S.13.