Ədəbiyyatımızın
Qoca Qartalı...
Əlisa Nicat- 89
Elə qocalar var ki, necə deyərlər, bir
ayağı burada, bir ayağı gorda olmasına baxmayaraq, yenə
də kimdən və ya nədənsə qorxurlar. Həqiqəti
dilə gətirməkdə acizdirlər. Amma elə qocalar da
var ki, dünyanı dərk etdikcə, ölüm
yaxınlaşdıqca daha da cəsarətlənirlər, həqiqəti
söyləməkdə daha qorxmaz olurlar. Belə qocalardan biri
də yazıçı, tərcüməçi və
tarixçi Əlisa Nicatdır. Bu gün, avqustun 10-u onun 89
yaşı tamam olur. Elə bu səbəbdən də, budəfəki
söhbətimi ona həsr etmək istəyirəm. Amma gəlin
əvvəlcə bu qocaman yazıçının
ömür yoluna nəzər yetirək...
O, 1936-cı ildə Lerik rayonunun Zuvand mahalının
Yuxarı Gədik kəndində dünyaya gəlib. 1955-ci ildə
Lənkəran şəhərində 3 saylı orta məktəbi
bitirib. 1963-cü ildə indiki Bakı Dövlət
Universitetinin filologiya fakultəsinin kitabşünaslıq
şöbəsində ali təhsilə yiyələnib.
1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik"
və "İncəsənət" redaksiyalarında,
ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərib.
1973-1983-cü illərdə “Elm və həyat” jurnalında
redaktor və şöbə müdiri vəzifələrində
çalışıb. 1983-1990-cı illərdə Lənkəranda
yaşayıb və bu dövrdə "Zərdüşt",
"Əsarət bayramı", "Gərəksiz"
povestlərini qələmə alıb, Plutarxın
"Makedoniyalı İskəndər", Məhəmməd
Tahirin "Şeyx Şamil" kitablarını tərcümə
edib. 1987-ci ildə povest və hekayələrin
toplandığı “Qəbilə başçısı”
kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı
çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin
əldə edilməsindən sonra 1993-1994-cü illərdə
"Turan" jurnalını nəşr etdirib. Müstəqillik
dövründə "Nağıllara dönən tarix",
"Ruhların söhbəti", "Dünya sərkərdələri",
"Dünya filosofları", "Kədər şərabı",
"Dünya tarixçiləri", "Yüz böyük
Azərbaycanlı", "Karvan", "Tarixin
qürubu" kimi kitabları çap edilib. Eyni zamanda bu
dövr ərzində ölkənin tanınmış mətbu
orqanlarında çalışıb...
Müsahibələrindən birində deyir ki:- “Mən
orta məktəbdə əlifbanı öyrənən
gündən oxumağa həvəs göstərmişəm.
Kitablar mənə çox əziz olub. Yadımdadır, rəhmətlik
atam mənə pul verən zaman kitab alardım.
Pullarımı xərcləməzdim, yığaraq kitab alar və
gecə-gündüz maraqla oxuyardım. Kitab oxumağımla
heç ətrafımda olan insanlar belə maraqlanmırdı.
Amma mən oxuyurdum. Kitab oxuyarkən rahatlıq tapırdım.
Yaxşı yadımdadır, atam həmişə
nağıllar danışardı, mən də həvəslə
qulaq asardım. Elə olurdu ki, bu nağıllar bir neçə
gün davam edirdi. Onları yadda saxlamaq belə olmurdu. Amma atam
həmin nağılları iti hafizısinə həkk
etmişdi. Anam bizə kitabları höccələyə-höccələyə
oxuyardı. Elə olurdu anamdan əl çəkmirdim ki, mənə
kitab oxu. Bax, beləcə, mən kitaba bağlandım. Düşünürəm
ki, bu, genetik faktordan da asılıdır. Oxuduqca beynimdə
biliklər zənginləşirdi və düşünməyə
məcbur olurdum. Nəticədə yazmağa həvəsim
artdı. Bu isə yaradıcılıqla nəticələndi.
Hətta deyə bilərəm ki, ilk yazdığım
şeirin adı “Armud ağacı” idi. “Ədəbiyyat” qəzetində
çap olunan ilk şeirim “Bircə söz” idi. Bu şeir
“Ədəbiyyat” qəzetində 1955-ci ildə çap
olunub...”
1959-cu ildə yazmağa başladığı
"Qızılbaşlar" romanını dövrün
yaratdığı əngəllər ucbatından yalnız
1983-cü ildə "Yazıçı" nəşriyyatında
çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə
qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk
şeirlər kitabı olan "Yay axşamı", 1970-ci
ildə isə "Bir qız, üç çinar"
adlı ilk hekayələr kitabı nəşr edilib. 1999-cu il
aprelin 28-də AMEA-nın Fəlsəfə və Hüquq
institutunun elmi şurasının qərarı ilə ona səmərəli
elmi və elmi-maarifləndirmə fəaliyyətinə görə
Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı
verilib. Bütün külliyyatı 50 cilddən ibarətdir.
Bundan başqa çox sayda tərcümələri, şeirləri,
esseləri, povestləri var...
“Yazmaq və oxumaq mənim daxilimdən gələn bir
tələbat və ilahi vergidir deyə düşünürəm.
Bəli, özümü yaradıcılıqda gördüm.
Buna həvəsim böyük idi və bu yolu seçdim. Bu
gün isə bu yolu seçdiyim üçün peşman
deyiləm. Əksinə, sevinirəm. Mən, hətta hərbi
xidmətdə olmamışam. Çünki fiziki cəhətdən
çox zəif idim. Ömrüm boyu heç bir təşkilat
və partiyanın üzvü olmadım. Sizə deyə bilərəm
ki, məni gənclik illərimdə tədbirlərə dəvət
edirdilər, mən isə getmirdim. Hətta bir neçə dəfə
kommist partiyasına üzv olmaq üçün mənə
müraciət etdilər, amma qəbul etmədim.
Yaradıcılığımı hər şeydən
üstün tutdum. Sadəcə,
yaradıcılığımla məşğul oldum. Bu yolla
irəlilədim. Qələmə sarılaraq
yazıb-yaratdım. Bu baxımından da özümü
başqa sahədə görə bilmədim. Çünki həvəsim
olmadı. Mən pul arxasınca yox, həvəsimin
arxasınca getdim. Bu yolda öz heykəlimi özüm
yaratdım. “Elm və Həyat” jurnalında, bir neçə
radio və redaksiyalarda işlədim.”- söyləyir.
Ağıllı, cazibədar və səmimidir, sevdiklərinə
qarşı səxavətlidir. Yüksək sosial
uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin
bütün səviyyələrinə uyğunlaşa bilir. Həyatda
öz istəklərinin fərqində olan və həmişə
daha yaxşı olmağı hədəfləyən birisidir.
O, istəklərini sadəcə arzu olaraq saxlamır, adətən
qarşısına qoyduğu məqsədlərə
çatır. Həyatındakı fədakarlığı,
ağıllı və ayıq rəftarı, bir çox
insandan daha bacarıqlı olması onu məqsədlərinə
asanlıqla çatdırır. Həm zehni, həm də
fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə
və özünü təkmilləşdirməyə
meyllidir...
Deyir ki:- “Əminliklə söyləyirəm; köməyimə
çatan və mənə şöhrət qazandıran
beynim oldu. Beynimin sayəsində bu günün Əlisa
Nicatı oldum. Kitab və qələmin həyatımda
oynadığı rolu danmıram. Gərək nəsə
olsun ki, qələmə alıb, kitab çap edərsən.
Beynim sayəsində çox uğurlara imza ataraq qalaq-qalaq əsərlər
çap etdirdim. Bunu uca Allahın mənə bir hədiyyəsi
və lütfü kimi qəbul edirəm. Beynimdə çoxlu
fikirlər cəmləşdi və qələmə
sarıldım. Bu zaman köməyimə fəlsəfə gəldi.
Dünyada ondan gözəl sığınacaq, təsəlli
verən nə var? Fəlsəfəyə böyük maraq
göstərdim və bu sahədə çoxlu
araşdırmalar apardım. Bir sözlə, həvəsim
böyük oldu. Hətta elə olub ki, bir aylıq məvacibimi
kitab çapına vermişəm. Bununla yanaşı, kitab
çap etdirə bilmədiyim vaxtlar da olub. O günlər məni
çox üzüb. Mən evimi belə kitab çap etdirmək
üçün satdım. Sonradan bu kitablarım mənə
qazanc gətirdi və özümə ev ala bildim. Bir sözlə,
deyə bilərəm ki, əsas köməyimə beynim, qələmim
və yazdığım kitablar gəldi...”
Çox iti ağıllıdır. Gördüyü
hər yeri və hər hadisəni əzbərləməyə
çalışır. Onun danışa biləcəyi və
qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri
var. Mühafizəkar, ağıllı, möhkəm ailə
bağları olan, sadiq, ünsiyyətcil, bacarıqlı və
cazibədar şəxsdir. Zəngin təcrübəsi var,
dünyagörüşü genişdir. Üzüyola adam
deyil, kiməsə yarınmaqdan uzaqdır. Həqiqəti
şapalaq kimi üzə çırpa bilir. Simpatik
davranışı ilə insanların könlünü fəth
etsə də, bəzən aqressiv mövqe sərgiləyir. Bu
da, ona necə deyərlər, düşmənlər
qazandırır...
“Mən yalan danışa və bəziləri kimi ola
bilmərəm. Mənim üçün həqiqət təkdir
və onu heç nəyə dəyişmərəm. Sovet
dönəminin adamlarından Mircəfər Bağırov və
Nəriman Nərimanovdan başqa heç kimi tərifləməmişəm.
Bir də təbii ki, M.F.Axundov ilə Üzeyir bəydən
başqa. Axundov haqqında saysız-hesabsız fəlsəfi əsərlər
yazmışam. O, dünya dramaturgiyasında xüsusi yeri
olmuş bir yazıçıdır. Mən onu yalnız
Şekspirlə müqayisə edə bilərəm. Şillerdən
filan, hamısından yüksəkdir. Sovet Azərbaycan ədəbiyyatında
20-ci ildən 90-cı ilə qədər, ümumi
götürsək, 70 il heç nə yazılmayıb. Tək-tük
istisnaları çıxsaq, daha dəqiq desəm,
C.Cabbarlı, Ordubadini. Bir sözlə, 10-15 cilddən başqa
qalan nə əsər varsa, heç biri ədəbiyyat deyil.
Həmin dönəmlərdə ədəbiyyat adına
heç nə yazılmayıb. Çünki
başdan-başa Lenin, Stalin, Kommunist partiyası təbliğ
olunub, sifarişlə kitablar yazılıb. Sizə bir
maraqlı fakt deyim. Dünyada Sovet vaxtı Kommunist
partiyasına ən çox əsər Azərbaycanda
yazılıb. Dünyada ha. Ən çox əsər Azərbaycanlı
şairlər tərəfindən yazılıb...”- söyləyir.
Səs-küyü, uzun-uzadı mübahisələri
sevmir. Onun üçün sakitlik əsas şərtdir. Tək
qalmağı, sakit bir otaqda yaradıcılıqla məşğul
olmağı xoşlayır. Sakitliyi yaradıcılıq
üçün münbit mənbə hesab edir. Əgər
qayğı göstərdiyi insanlardan gözlənilməz bir
zərbə alırsa, çox yorulur, amma kədərini ifadə
etmir. Yumoristik danışıq tərzi və mərhəməti
ilə seçilən dost tipidir. Həmişə hər
mövzuda və hər vəziyyətdə deyəcək bir
sözü var. Canlı, şən və mehriban rəftarı
ilə fərqlənir. Münasibətlərində sadiq və
etibarlıdır. Allaha bağlı adamdır, nə iş
görürsə Allahı yanında hiss edir...
Deyir ki:- “Mənim üçün, Allah zərurətdir.
İki trilyon qalaktika var. Hər qalaktikada milyardlarla ulduz və
s.. Hər necə olsa, mən hesab edirəm ki, Allah var və ən
ali səviyyədə düşünən bir
varlıqdır. Hansı şəkildədir, bilmirəm. Amma
fakt odur ki, o düşünür. Düşünürsə,
demək ki, canlıdır. Bu canlı özü iki trilyon
qalaktikanı yaradıb. Nəyə lazımdır bu qədər
qalaktika? Kainatın boşluğunu qalaktikalarla doldurub? Baş
açmaq olmur. Qalaktika olar yüz dənə, iki yüz dənə.
Nözənbillah, neynirsən axı iki trilyon qalaktikanı?
Fırlanırlar, yanırlar, partlayırlar. Hə, nə
olsun? Nə çıxdı bundan? Özü də mən
inanmıram ki, o qalaktikalarda həyat var. Həyat ancaq Yer
kürəsindədir. Amma bu boyda kainatı, hələ
kainatın qoyaq bir qırağa, adicə insan bədəni
kimi mükəmməl bir mexanizmin idarəsi onu göstərir
ki, hansısa bir qüvvə var və kainatın belə
olmasını istəyir...”
...Bəli, elə qocalar var ki, necə deyərlər,
bir ayağı burada, bir ayağı gorda olsa da, yenə də
kimdən və ya nədənsə qorxurlar. Həqiqəti dilə
gətirməkdə acizdirlər. Amma elə qocalar da var ki,
müdrikləşdikcə, ölüm yaxınlaşdıqca
daha da cəsarətlənirlər, həqiqəti söyləməkdə
qorxmaz olurlar. Belə qocalardan biri də ədəbiyyatımızın
QOCA QARTALI- yazıçı, tərcüməçi və
tarixçi Əlisa Nicatdır. Bu gün- avqustun 10-u onun 89
yaşı tamam olur. Onu təbrik edir, can
sağlığı arzulayıram!..
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 14 avqust(¹29).-S.15.