Vətən sənə oğul dedi...
Torpaq üçün canından keçmiş, əbədi
qəhrəmanlıq simvollarından birinə
çevrilmiş Tərzan Həşimovun ömür yolu
igidlik və şücaətlə dolu şərəfli bir həyatdır.
Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel
1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailəsi
onu milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik
ruhunda böyüdüb. Kiçik yaşlarından
dürüstlüyü, cəsurluğu, məsuliyyəti və
Vətən sevgisi ilə seçilib. Elə bu cəhətlərinə
görə də hərbçi olmaq istəyib.
Qəhrəmanımız Tərzan Həşimov
2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri
ilə gizir hərbi rütbəsi alaraq, Gəncə şəhərində
yerləşən “N” saylı hərbi hissədə
motoatıcı tağım komandirinin müavini vəzifəsində
xidmətə başlayıb. Daha sonra Azərbaycan Ordusunun
Xüsusi Təyinatlı Qüvvələrində xidmət
etməyə başlayıb, peşəkar hərbçi kimi
yetişib. O, rabitəçi gizir olub və bu sahədəki
xüsusi bilikləri ilə seçilib. Döyüş
yoldaşlarının söylədiklərinə görə,
düşmənin dilini səlis bilməsi onun çox
karına gəlib. Bir neçə dəfə düşmənlə
rabitəyə girib, onu çaşdırıb sirrlərini
alıb və əldə etdiyi zəruri məlumatlar sayəsində
onların texnikasını məhv etmək imkanından
yararlanıb. Bu, onun nə qədər bacarıqlı və qətiyyətli
hərbçi olduğunu sübut edir.
Azərbaycan Ordusunun mövqelərinin Ermənistan
silahlı qüvvələrinin aramsız artilleriya atəşinə
məruz qalması ilə başlanan 2016-cı ilin məlum
aprel döyüşlərinə Tərzan Həşimov da
qoşularaq, ön cəbhədə əməliyyatlarda
iştirak edib. Döyüş zamanı yaralanmasına
baxmayaraq, güclü iradə ilə hərəkət edərək
neytral zonada həlak olmuş bir əsgərimizi
çıxarıb və bununla da əsl qəhrəmanlıq
nümunəsi göstərib.
Şanlı Vətən Müharibəsinə isə
gizir Həşimov elə ilk gündən – 2020-ci il
sentyabrın 27-dən qatılıb və Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması uğrunda
mücadilədə ön sıralarda yer alıb. O, Cəbrayıl
və Füzuli rayonlarının azad olunması uğrunda gedən
döyüşlərdə yaxından iştirak edib.
Füzuli döyüşləri zamanı qəhrəmancasına
şəhid olub.
Məhz müzəffər Ali Baş Komandanımız
İlham Əliyevin sərkərdəlik istedadı və hərbi-siyasi
qətiyyəti, eləcə də Tərzan Həşimov kimi
igid oğulların misilsiz xidmətləri və xalq–ordu
birliyi sayəsində 44 günlük müharibə Azərbaycanın
hərb tarixində dönüş nöqtəsi oldu və
bizi tarixi zəfərə qovuşdurdu. Qəhrəmanlarımız
Vətən torpaqlarını yağı tapdağından
azad etməklə xalqımıza qürur, gələcək nəsillərə
isə örnək oldular.
Vətən qarşısındakı xidmətlərinə
görə Tərzan Həşimov ölümündən
sonra bir sıra medallarla təltif edilib. Bunlar “Azərbaycan
bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur
döyüşçü”, eləcə də Cəbrayılın,
Xocavəndin və Füzulinin azad olunmasına görə
medallarıdır. Təltiflərin hər biri onun Vətən
naminə göstərdiyi fədakarlığın, hərbi və
insani borcunu ləyaqətlə yerinə yetirməsinin təsdiqidir.
Valideynləri – atası Qəhrəman Həsən
oğlu və anası Gülçöhrə Məhərəli
qızı oğullarının igidliyi ilə fəxr edirlər.
Tərzan Həşimov gənc ailə
basşçısı kimi də hamının sevimlisi olub. Həyat
yoldaşı Mətanət xanım, iki qızı – Məsumə
və Hökümə onun adını böyük qürurla
anırlar.
Yaxınlarının və döyüş
yoldaşlarının söylədiklərinə görə,
Tərzan istiqanlı, mehriban, gülərüz və həyatsevər
bir insan olub. O, hər anını dəyərləndirən,
çevrəsinə müsbət enerji bəxş edən bir
şəxsiyyət kimi yaddaşlarda qalıb.
Tərzan Həşimovun həyat yolu və şəhidliyi
Azərbaycan gəncləri üçün vətənə
xidmətin, fədakarlığın, cəsarətin və
qeyrətin simvoludur. Onun adı yalnız sinif otaqlarında
deyil, tarix dərsliklərində, hərbi marşlarda və
xalq yaddaşında daim yaşayacaq.
O, yalnız bir ailənin övladı deyil, bir millətin
qəhrəmanıdır.
Bəhruz Məmmədzadə,
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid
Ailələri və Veteranları İctimai Birliyinin sədri,
Mətbuat Şurası İdarə Heyətinin üzvü
Xalq Cəbhəsi .- 2025.- 14 avqust(¹29).-S.13.