Azərbaycançılıq milli dövlət
ideologiyası kimi
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın
istiqlalını və bu ölkədə dünyəvi
prinsiplərə malik sivil demokratik dövlət uğrunda
mübarizəni strateji məqsəd seçən Azərbaycan
xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı
özünə vətən sayan bütün xalqların
milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi
ideyası dayanır.
Azərbaycançılıq milli dövlət
ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına
söykənən, Azərbaycanın müstəqilliyinə,
onun hüquqi və demokratik dövlət kimi inkişafına
və milli təhlükəsizliyinin qorunmasına xidmət edən
dəyərlər sistemidir.
Azərbaycançılığın bütün
dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi
Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir..
Prezidentliyə sabiq namizəd, siyasi ekspert Fuad
Əliyevin fikrincə Azərbaycan xalqının tarixi, mədəniyyəti
və milli kimliyi əsrlər boyu müxtəlif siyasi və
ictimai sınaqlardan keçib, bu çətinliklər fonunda
özünəməxsus dövlətçilik modelini
formalaşdırıb. XX əsrin əvvəllərində Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması ilə
başlanğıcı qoyulan və müasir dövrdə
müstəqil Azərbaycan Respublikasının ideoloji
dayağına çevrilən Azərbaycançılıq
milli kimliyi və dövlətçilik ənənələrini
vahid bir konsepsiyada birləşdirən mühüm
ideologiyadır. Bu ideya bu gün Azərbaycanın uğurlu
inkişaf modelinin təməlini təşkil edir və milli
birliyi möhkəmləndirən əsas faktorlardan biri kimi
çıxış edir: “Azərbaycançılıq
ideologiyası - Azərbaycanın müstəqil dövlət
kimi inkişafının ideoloji təməli, milli kimliyin və
dövlətçilik şüurunun möhkəmləndirilməsinə
yönələn dərin düşüncə sistemidir. Bu
ideya tarixən müxtəlif dövrlərdə formalaşsa
da, onun sistemli şəkildə dövlət siyasətinə
çevrilməsi və ümumxalq ideyasına yüksəlməsi
Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində
Azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə
qaldırılıb və müasir Azərbaycanın
inkişafında əsas aparıcı qüvvəyə
çevrilib. Ümummilli Lider Heydər Əliyev Azərbaycançılığı
hər şeydən əvvəl Azərbaycan xalqına xidmət
etmək, milli-mənəvi dəyərləri qorumaq, dövlətçiliyi
möhkəmləndirmək və milli birliyi təmin etmək
kimi ali məqsədlərlə bağlayırdı.
Ümummilli Lider Heydər Əliyev dəfələrlə
vurğulayırdı ki, Azərbaycanın gücü onun
birliyindədir. Etnik və dini müxtəlifliyə rəğmən,
bütün vətəndaşların ortaq “azərbaycanlı”
kimliyi altında birləşməsi milli birliyin əsasını
təşkil edir. Bu fikir onun “Biz hamımız azərbaycanlıyıq!”
tezisində aydın ifadə olunub.
Azərbaycançılıq – yalnız etnik mənsubiyyət
üzərində qurulan anlayış deyil. Bu, vətəndaşlıq
əsaslı, bütün etnik və dini qrupları əhatə
edən, ortaq tarix, mədəniyyət, dil və dövlətçilik
təməlləri üzərində qurulan ümummilli
ideologiyadır”.
F.Əliyev onu da vurğulayıb ki, müstəqil Azərbaycanın
siyasi və ideoloji inkişafında Azərbaycançılıq
ideyası strateji rol oynayır. Etnik və dini müxtəlifliyə
baxmayaraq, Azərbaycanın bütün vətəndaşlarını
ümummilli kimlik – Azərbaycanlı adı ətrafında
birləşdirir. Bu amil xüsusilə Qarabağ müharibələri
dövründə özünü göstərib, xalqın
vahid ideya ətrafında birləşməsi qələbənin
qazanılmasında əsas rol oynayıb.
Azərbaycançılıq milli dövlətin
möhkəmləndirilməsini, onun müstəqil və
suveren inkişafını ön plana çəkir. Bu
ideologiya ölkə daxilində siyasi sabitliyin, hüquq
sisteminin və idarəetmə mexanizmlərinin
inkişafını təşviq edir. Azərbaycançılıq
xalqın tarixi keçmişinə və milli qəhrəmanlarına
dərin ehtiramı təşviq edir. Şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi, Aprel döyüşləri
və 44 günlük Vətən müharibəsində
göstərilən vətənpərvərlik ruhu bu
ideyanın canlı təcəssümüdür.
Azərbaycançılıq cəmiyyətdə dini
və mədəni müxtəlifliyi qoruyub saxlayaraq harmoniya
yaradır. Azərbaycanda yaşayan rus, talış, ləzgi,
yəhudi və digər xalqlar bu siyasətin uğurunun bariz
nümunəsidir: “Azərbaycançılıq ölkə
daxilində ideoloji boşluğun qarşısını alaraq
ümummilli bir konsepsiyanın formalaşmasına şərait
yaradıb. Azərbaycançılıq ideologiyasının
dövlət səviyyəsində möhkəmləndirilməsi
və ümummilli bir dəyərə çevrilməsi
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən liderliyi
sayəsində mümkün olub. O, bu ideyanı həm nəzəri,
həm də praktik baxımdan inkişaf etdirərək Azərbaycanın
gələcəyini təmin edən ideoloji əsaslar
yaratdı. Bu gün Prezident İlham Əliyev tərəfindən
bu ideya uğurla davam etdirilir və Azərbaycanın milli
inkişaf strategiyasının təməl daşı kimi fəaliyyət
göstərir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıqla
bağlı fikirləri bu gün də
aktuallığını qoruyur və gələcək nəsillər
üçün ideoloji mayak rolunu oynayır.
Azərbaycançılıq ideologiyası, milli
kimliyi qoruyan, dövlətin dayanıqlı
inkişafını təmin edən və cəmiyyətin
müxtəlif təbəqələrini vahid məqsəd ətrafında
birləşdirən uğurlu və effektiv bir formuldur. Bu
ideologiyanın uğuru onun həm tarixi köklərə
söykənməsi, həm də müasir
çağırışlara uyğunlaşmaq qabiliyyəti
ilə bağlıdır. Azərbaycançılıq – təkcə
dövlət siyasətinin deyil, hər bir vətəndaşın
mənəvi kimliyinin də ayrılmaz hissəsinə
çevrilib”.
İdeologiya olaraq azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir və
bunların da mahiyyəti ölkəni mənəvi və
fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə
unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəldilib.
Azərbaycan tarixən müxtəlif millətlərin
dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə
olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə
bərabər münasibət göstərilib. Ona görə
Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi
proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
"Sosial Rifah və Tədqiqatlar" İctimai
birliyinin sədri, araşdırmaçı-jurnalist Əkrəm
Bəydəmirlinin fikrincə, tarixən Azərbaycan ərazisi
bütün xalqların, etnik qrupların azad
yaşadığı məkan olub. Yəni heç bir xalqın
nümayəndəsinə qarşı ayrı-seçkilik
olmayıb. Hətta ən çətin dönəmlərdə
belə Azərbaycan türkləri bu müsbət
tendensiyanı qoruyub saxlayıb. Bu gün azadlıqdan
ağızdolusu danışan ABŞ-da vaxtılə qara dərililərə
qarşı çox amansız münasibət,
ayrı-seçkilik olub. Amma biz də tarixin bütün
dönəmlərində tolerantlıq qorunub saxlanılıb.
Dünyaya örnək olacaq Azərbaycanın belə dəyərləri,
bu coğrafiyada yaşayan digər xalqların bigəyaşayışını
təmin edən Azərbaycançılıq
ideologiyasıdır. Bu dəyərlər sistemi hər
hansı tədris yolu ilə, xüsusi təlimlərlə,
qanunlarla toplusu ilə deyil, Azərbaycan türklərinin
genetik təfəkküründə formalaşan prosesdir. Hətta
70 illik totalitar sovet rejimi və digər müdaxilələr
belə dəyərlər sistemini sıradan çıxara
bilmədi. O baxımdan Azərbaycanda yaşayan müxtəlif
azsaylı xalqlar özlərini regionda rahat hiss edə bilərlər.
Millətin yaddaşında oturuşan Azərbaycançılıq
ideologiyası yazılmayan qanunlarla tənzimlənən azad
şəkildə birgəyaşayışın möhkəm
bünövrəsidir. “Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir
və biz Azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq”, - deyən
Heydər Əliyev Azərbaycançılığı milli
bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi,
mənəvi dəyərləri təkcə milli
varlığımızın yox, həm də siyasi
varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirirdi”.
Azərbaycançılığın əsas elementlərindən
biri vətəndaşlıqdır. Vətəndaşlıq
özündə vətəndaşın siyasi, mənəvi,
hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan
Respublikası Konstitusiyasının 52-ci maddəsinə
görə, “Azərbaycan dövlətinə mənsub olan,
onunla siyasi və hüquqi bağlılığı, habelə
qarşılıqlı hüquq və vəzifələri
olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti
və bu münasibətdə mövqeyi maraq kəsb edir. Vətəndaşlıq
azərbaycançılıq kontekstində fərdin öz
hüquq və vəzifələrini dərk edərək
ölkədə yaranan ictimai-siyasi münasibətlərə
mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq azərbaycançılığın
əsasını təşkil edir. Vətəndaşlıq
kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə
əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq
mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata
keçirilən uzunmüddətli sosial proqramların,
irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə
imkan yaradır. Azərbaycançılığın tərkib
hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin
bir xalq kimi birləşməsinə və dövlətçilik
kursu ilə inkişafına əhəmiyyətli zəmin
yaradır.
Azərbaycan cəmiyyəti dünya məkanına
inamla inteqrasiya edərək və paralel olaraq öz tarixi, mədəni,
dini və digər dəyərlərini daha dərindən və
əhatəli dərk edərək, bütün ölkə əhalisi
üçün vahid olan, ölkəni həqiqi tərəqqiyə
və firavanlığa çatdırmağa qadir olan Azərbaycançılıq
ideyası sayəsində fəal surətdə birləşir.
Azərbaycan xalqının birliyinin, mütəşəkkilliyinin,
özünəməxsusluğunun və nadirliyinin rəmzi
olan bu anlayış həyatımızda möhkəm yer
tutub.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 14 avqust(¹29).-S.9.