65 yaşın
mübarək, İlqar ağa!..
Bu dəfə sizə tanınmış qarmon
ifaçısı, bəstəkar İlqar Kərimovdan
danışmaq istəyirəm. O, 1960-cı ilin avqust
ayının 21-də Şəkidə dünyaya gəlib. Səkkiz
illik təhsilini Şəki şəhər 2 nömrəli məktəbdə
alsa da, tam orta təhsilini Şəki şəhər 43 ¹-li
texniki-peşə məktəbində başa vurub.
1979-1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunda ali təhsilə yiyələnib. 1978-1979-cu illərdə
Şəki kolxozlararası tikinti idarəsində rəngsaz,
1984-1987-ci illərdə Azərbaycan SSR Avtomobil Yolları
Tikintisi və İstismarı Nazirliyinin təmir-tikinti sahəsində
iş icraçısı, 1988-ci ildə “Azərkinovideo”
İstehsalat Birliyində sahə rəisi, 1989-1991-ci illərdə
“Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin
rəisi, 1991-1996-cı illərdə “Azərkinovideo”
İstehsalat Birliyinin təmir-tikinti trestinin müdiri,
1996-2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təmir-tikinti trestinin müdiri vəzifələrində
çalışıb. 2016-cı ildən “İFAN” şirkətinin
direktorudur...
Qürurludur, kübarlıq ona gendən gəlib.
Ağayanə davranışı ilə dostlarının qəlbini
fəth edə bilib, yanlarında xüsusi hörmət
qazanıb. Ulu babası Əkbər aga Şəki İpək
fabrikinin(sonradan kombinat adlandırılıb) sahibi olub. Onun həm
də Telavidə də İpək fabriki vardı. İtaliya və
başqa Avropa ölkələri ilə ticarət əlaqəsi
saxlayırdı. Məşhur Şəki ipəyi onun
adıyla bağlıdır...
1966-cı ildə- 6 yaşında olarkən, ilk dəfə
qarmon aləti ilə məşğul olmağa
başlayıb. İlk müəllimi Nurəddin Bədəlov,
sonra isə Vaqif Mustafayev olub. 1976-1978-ci illərdə Şəkidə
Şahid Əbdülkərimovun “Şəfa” ansamblında,
1979-1984-cü illərdə Bakıda Azərbaycan
İnşaat Mühəndisləri İnstitutunun “Arzu”
ansamblında, 1983-1986-cı illərdə əməkdar incəsənət
xadimi Agası Məşədibəyovun rəhbərlik etdiyi
“Azərbaycan təranələri” ansamblında, 1979-1990-cı
illərdə professor Abbasqulu Nəcəfzadənin rəhbərlik
etdiyi “Günaydın” instrumental ansamblında, 1982-1989-cu illərdə
“Meyxana” ansamblında və Baba Mahmudoğlunun rəhbərlik
etdiyi Azərbaycan Televiziyası və Radiosunun “Dastan” folklor
ansamblında qarmon ifaçısı olub...
Sakit təbiətli, mədəni, gözütox
adamdır. Qəribə xüsusiyyəti var, heç zaman
imkan verməz ki, o olan yerdə kimsə əlini cibinə
salsın. Bir neçə dəfə qonaqlıqda olmuşuq.
Hamısının da məsrəflərini özü ödəyib.
Səxavətlidir...
Uzun illər Azərbaycan Televiziya və Radiosunun
çəkilişlərində, dövlət tədbirlərində,
böyük konsert salonlarında Azərbaycanın populyar
müğənnilərini, o cümlədən xalq artistləri
Baba Mahmudoğlunu, Teymur Mustafayevi, Səfa Qəhrəmanovu,
İlhamə Quliyevanı, Gülağa Məmmədovu,
Yalçın Rzazadəni, Qəndab Quliyevanı, Canəli
Əkbərovu, həmçinin, Xədicə Abbasova, Nazim
Agayev, Səyyad Əlizadə, Saleh Bədəlov, Süleyman
Zeynalov, Rəna Axundova və Elçin Cəlilov kimi
tanınmış müğənniləri müşayiət
edib. “Qarmon məktəbini yaradan Əhəd” kitabının həmmüəllifi
və bir sıra rəqs havalarının, müxtəlif
musiqi kompazisiyalarının müəllifidir...
Onu sənətşünaslıq elmləri doktoru,
professor, dostum Abbasqulu Nəcəfzadənin vasitəsi ilə
tanımışam. Necə deyərlər, dostumun dostudur. Hər
görüşümüzdə onun necə gözəl bir insan
olduğunun şahidi olmuşam. Aramızda haqq-salam var, xətri
mənim üçün çox əzizdir. Deyirlər, zadəganlıq
nəsildən nəsilə ötürülür. Bu mənada
İlqar Kərimova da ulu babasına olduğu kimi “ağa” deyə
müraciət etmək olar. Avqustun 21-i İlqar ağanın
65 yaşı tamam olur. İnanıram ki, bu yubiley
günündə onu təbrik edənlər çox olacaq. Həyat
və yaradıcılığına yaxından bələd
olanlar isə haqqında gözəl yazılar qələmə
alacaqlar...
Hörmətli İlqar ağa! Yubileyiniz münasibəti
ilə sizi təbrik edir, möhkəm can
sağlığı, firəvan həyat, xoş müjdəli
günlər arzulayıram!..
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 21 avqust(¹30).-S.14.