Rusiya azərbaycanlıların “ovu”na
çıxıb
Kremlin dövlətimizə qarşı olan münasibəti
qəbuledilməzdir
Azərbaycanda tarixən törədilən bir
çox faciələrin, qətliamların arxasında
Rusiyanın dayandığı danılmaz faktlardandır. 20
Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan
torpaqlarının işğalı, eləcə də Ermənistana
dayaq durmaq, onu silahlandırmaq, Azərbaycan torpaqlarının
30 il işğal altında saxlanmasına şərait yaratmaq
bütün bu hadisələrin hər biri əsasən
Rusiyanın xüsusi rolu ilə baş verib.
Həmçinin 2024-cü ilin dekabr ayında
Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava
Yolları”na məxsus təyyarənin Rusiyanın hava
hücumundan müdafiə sistemləri tərəfindən
vurulması, Yekaterinburq, Ukraynada Azərbaycanın enerji
infrastrukturunun hədəfə götürülməsi, Rusiya
mediasında anti-Azərbaycan kampaniyası və təhqiramiz
yazılar, Rusiyanın Ukraynada Azərbaycan Dövlət Neft
Şirkətinə (SOCAR) məxsus neft bazasını
vurması bütün bunlar da Rusiyanın Azərbaycana
qarşı düşmənçilik siyasətinin bir hissəsidir.
Bildirək ki, ən son baş verən bu hadisələrdən
sonra Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşdi
və bu gərginlik indi də davam etməkdədir.
“Xalq Cəbhəsi” bütün bu proseslərdən
yola çıxaraq Rusiyanın Azərbaycana qarşı
düşmənçilik siyasəti haqqında millət vəkillərinin,
politoloqların fikirlərini öyrənib.
“Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır”
Milli Məclisin deputatı Müşfiq Cəfərov
bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin
Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına
sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya
münasibətləri gərginləşib: “Birmənalı
olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin,
xüsusi xidmət orqanlarının, hüquq-mühafizə
orqanlarının “xidməti” böyükdür”.
M.Cəfərov vurğulayıb ki,
soydaşlarımıza qarşı bu cür cinayətlər
qarşılıqsız qala bilməzdi: “Azərbaycan da öz
mövqeyini sərt formada bildirib. Hazırda Rusiyada yaşayan
soydaşlarımıza qarşı bu cür cinayət əməlləri
həyata keçirərək onların qorxudulması prosesi
gedir. Rusiyada etnik və irqi zəmində toqquşmalar ölkənin
əksər regionlarını əhatə etməyə
başlayıb. Azərbaycana soydaşlarımız vasitəsilə
təzyiq etmək istəyirlər. Bu, Rusiyanın istifadə
etdiyi hazır kartdır. Hər zaman ən kiçik siyasi
fikir ayrılığında bu dövlət həmin kartı
istifadə edərək Azərbaycana qarşı təzyiq
göstərməyə çalışır”.
“Rusiyanın dövlətimizə qarşı olan
münasibəti qəbuledilməzdir”
Deputatın sözlərinə görə, Rusiyada azərbaycanlılara
qarşı olan təzyiqlərlə bağlı
danışarkən ikitərəfli münasibətlərin,
daxili siyasi proseslərin və xarici amillərin kompleks
qarşılıqlı təsirini də nəzərə
almaq lazımdır: “Ümumiyyətlə, baş verən
hadisələr həm Azərbaycan dövləti, həm də
cəmiyyəti tərəfindən reydlərin sərtliyini və
saxlanılanların ölümünün
araşdırılmasında şəffaf olmadığından
bu hərəkətləri məqsədyönlü anti-Azərbaycan
siyasətinin təzahürü kimi qiymətləndirir. Rusiya
isə əksinə, əməliyyatın qanuni olmasında
israr edir, bunu mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə ilə əlaqələndirir və
saxlanılanların ölümünü təbii səbəblərlə
izah edir ki, bu da siyasi zərəri minimuma endirmək cəhdidir.
Amma bütün hallarda Rusiyanın dövlətimizə
qarşı olan bu münasibəti qəbuledilməzdir.
Ümid edirəm ki, Azərbaycanın müstəqil və
güclü xarici siyasətindən narahatlığı
açıq-aşkar nümayiş etdirən şimal
qonşumuz dövlətimizə qarşı olan münasibətində
dəyişikliklər edəcəkdir”.
“Bütün bunlar strateji partnyorluğa uyğun gəlmir”
Milli Məclisin deputatı Fariz İsmayılzadə
söyləyib ki, son dövrlərdə Rusiyanın Azərbaycana
qarşı olan siyasəti heç də strateji
partnyorluğa uyğun gəlmir: “Burada həm bizim enerji
infrastrukturumuza olan hücumlar, həm diasporamıza
qarşı olan hücumlar, diaspora üzvlərimizə hədə-qorxu
gəlinməsi, onlara qarşı təzyiqlər, basqılar,
həmçinin bizim təyyarəmizin vurulması
bütün bunlar qonşuluq və strateji partnyorluğa
uyğun gəlmir”.
“Təzyiqlər Rusiyanın parçalanmasına gətirib
çıxara bilər”
Deputat Azərbaycan cəmiyyətinin, dövlətinin
belə yanaşmanı qəbul etmədiyini vurğulayaraq əlavə
edib ki, Azərbaycan elə bir dövlət deyil ki, ona təzyiq
edə bilsinlər: “Azərbaycan kifayət qədər
müttəfiqləri, dostları olan bir ölkədir. Beynəlxalq
təşkilatlarda aktiv rolu, nüfuzu olan dövlətdir. Ona
görə belə yanaşmanın uğurlu ikitərəfli
münasibətin inkişafına aparılmasına
inanmıram. Düşünürəm ki, tərəflər
daha yaxşı olar ki, münasibətlərin
normallaşmasına doğru aparan addımlar atsınlar. Etnik
mənsubiyyət üzərində aparılan basqılar
Rusiyanın özü üçün də təhlükəli
ola bilər. Çünki Rusiya çoxmillətli dövlətdir.
Müsəlmanlara, etnik azlıqlara belə basqılar, təzyiqlər
gələcəkdə Rusiyanın özünün
parçalanmasına gətirib çıxara bilər”.
“Bu proses dini və milli ayrı-seçkiliyin göstəricisidir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva deyib ki, Rusiyada azərbaycanlılara
qarşı son vaxtlar artan təzyiqləri bir neçə
paralel müstəvidə şərh etmək olar: “İlk
növbədə, bu proses açıq şəkildə dini
və milli ayrı-seçkiliyin göstəricisidir. Azərbaycanlıların
müsəlman kimliyi hədəfə alınaraq “digər”
kimi təqdim olunması klassik islamofobiya nümunəsidir.
Burada məqsəd ictimai narazılıqları yönləndirmək,
daxildəki problemləri “xarici mənşəli günahkar”
obrazı üzərindən izah etməkdir. Bu tendensiya, eyni
zamanda, tarixdəki təhlükəli analoqları da yada
salır. Xüsusən də hitlerizmin ideoloji üsullarına
bənzər şəkildə “günah keçisi”
axtarışı, müəyyən etnik qrupların hədəf
elan edilməsi, kütlələrdə düşmən
obrazı formalaşdırılması müşahidə
olunur. Milliyyətçi ritorika və aqressiv təbliğat,
müxtəlif xalqları “təhlükə mənbəyi”
kimi göstərərək, toplumun aqressiyasını onlara
yönəltməyə xidmət edir”.
“Belə yanaşma Rusiya cəmiyyətini dərin
parçalanmaya aparır”
Politoloqun bildirdiyinə görə, Rusiyanın siyasi rəhbərliyi
üçün bu siyasət həm də təzyiq alətidir
– Azərbaycan dövlətinə qarşı mesajı, onun vətəndaşları
üzərindən ötürmək: “Bu, klassik “kolektiv məsuliyyət”
yanaşmasıdır ki, beynəlxalq hüquqla da ziddiyyət təşkil
edir. Nəticə etibarilə, Rusiyada azərbaycanlılara
qarşı edilən təzyiqlər sadəcə təsadüfi
hadisələr deyil, sistemli və məqsədli siyasətin tərkib
hissəsidir. Bu siyasət bir tərəfdən hitlerizmə bənzər
etnik ayrı-seçkilik elementləri, digər tərəfdən
islamofobiya və dini dözümsüzlük üzərində
qurulub. Belə bir yanaşma həm Rusiya cəmiyyətini dərin
parçalanmaya aparır, həm də ölkənin beynəlxalq
imicini daha da zədələyir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 21 avqust(¹30).-S.5.