Su qıtlığı problemi: Azərbaycanda təhlükə
varmı?
Elman Cəfərli: “Suya qənaətlə
bağlı sakinlər arasında maarifləndirmə işləri
aparılmalıdır”
Sevil Yüzbaşeva: “Ölkəmizdə bizim su ilə
bağlı əsas problemimiz pis idarəçilikdir”
Rövşən Abbasov: “Yağışların
çoxalması nəticəsində çaylarda sululuq
artacaq”
İranda istilər səbəbindən Tehran və digər
bölgələrdə su qıtlığı
yarandığı bildirilir. Həmçinin bu problem
qardaş Türkiyədə də müşahidə edilməkdədir.
Hətta bəzi təbii göllər quruyub. Mütəxəssislər
bu problemi müxtəlif səbəblərlə əlaqələndirirlər.
Bəs su qıtlığı ilə bağlı Azərbaycanda
vəziyyət nə yerdədir, təhlükə varmı?
Bu barədə ekoloqlar “Xalq Cəbhəsi”nə
danışıb.
“Urmiya gölünün 90 faizi artıq quruyub”
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib
ki, qlobal iqlim dəyişikliyinin fəsadları daha çox
özünü su resurslarının azalmasında göstərir:
“Yaşadığımız coğrafiya
yağıntının az düşdüyü, su mənbələrinin
o qədər də çox olmadığı
regionlardandır. Məsələn, Azərbaycan Cənubi
Qafqazın su resursları ən az olan ölkəsidir. Ön Asiya,
İran ərazisi də su qıtlığı yaşayan
bölgələrdəndir. Son 30 ildə Kiçik Asiyada 50-dən
çox göl quruyub. İran ərazisində də durum təxminən
eynidir. Güney Azərbaycan ərazisində yerləşən
Urmiya gölünün 90 faizi artıq quruyub”.
“Ekspertlər İranın İsfahan əyaləti ilə
bağlı ciddi həyəcan təbili çalırlar”
E.Cəfərli əlavə edib ki, İsfahanda,
Xuzistanda, Xorasan əyalətində ciddi şəkildə su
qıtlığı yaşanır: “İran transərhəd
Hilmənd çayı ilə bağlı qonşu
Əfqanıstanla münaqişə vəziyyətindədir.
Dəfələrlə iki ölkə arasında hətta
qanlı toqquşma da baş verib. Hilmənd çayı
Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan
vilayətinə qədər axır. Kabil hökuməti bu
çayın İran üçün həyati əhəmiyyətini
bilə-bilə, çay üzərində yeni su anbarları
tikir. Bu isə iki ölkə arasında gərginliyi
artıran faktordur. Su qıtlığı sosial-iqtisadi həyata
ciddi şəkildə təsir edəcək. Əvvəla,
bölgədən iri şəhərlərə köç
dalğası başlanacaq, kəndlər boşalacaq, bölgənin
aqrar sektoru ciddi ziyan görəcək. Artıq ekspertlər
İranın İsfahan əyaləti ilə bağlı ciddi
həyəcan təbili çalırlar. Belə ki, quraqlıq
üzündən bu əyalətin sakinlərinin böyük əksəriyyəti
bu bölgəni tərk edəcək”.
“Hər damlanın qədrini bilməliyik”
O vurğulayıb ki, su mənbələrinin
quruması baxımından Türkiyənin də vəziyyəti
ürəkaçan deyil: “Hər il Türkiyədə min
hektarlarla meşə yanıb külə dönür. Meşələrin
məhvi səhralaşmaya, torpağın
şoranlaşmasına, yeraltı su mənbələrinin
azalmasına yol açır. Bu isə kənd təsərrüfatında
ciddi fəsadlar yaradır. Azərbaycanda problem meşə
yanğınları ilə bağlı deyil. Bizdə də su
mənbələri quruyur. Lakin bizim əsas problemimiz
ağıllı su idarəetməsinin olmamasıdır.
Artıq su qıtlığı qapıdadır.
Arxayınlığa heç bir lüzum yoxdur. Bundan sonra hər
damlanın qədrini bilməliyik. Kənd təsərrüfatında
damcılı suvram sistemi geniş tətbiq edilməli, su
kanallarının səthi
betnolaşdırılmalıdır. İri şəhərlərdə
tullantı sularının təkrar emalı və
yaşıllaşdırmada, avtoyuma müəssisələrində
istifadəsi həyata keçirilməlidir. Suya qənaətlə
bağlı sakinlər arasında maarifləndirmə işləri
aparılmalıdır”.
“Su anbarları qurudulub”
“Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil
Yüzbaşeva bildirib ki, İran və Türkiyə həqiqətən
də ciddi su qıtlığı yaşayır: “Bu problem təbii
su anbarlarının qurumasına və su təchizatının
kritik vəziyyətə düşməsinə səbəb
olur. İranda su anbarlarının 80%-nin demək olar ki,
boş olması paytaxtın köçürülməsi, hətta
Türkiyənin Van gölündən İranın Urmiya
gölünə suyun çəkilməsi imkanlarının
müzakirəsi kimi qeyri-ənənəvi tədbirlərin
görülməsinə səbəb olub. İranda su
böhranı ilə ciddi vəziyyət yaranıb. Ölkə
misli görünməmiş su böhranı ilə
üz-üzədir, şirin su
çatışmazlığı xüsusilə Tehranda və
digər bölgələrdə kəskin şəkildə
müşahidə olunur. Su anbarları qurudulub. Ölkənin
su anbarlarının təxminən 80%-i demək olar ki,
boşdur, əsas çaylar və su anbarları quruyub. Hökumət
su qıtlığı ilə bağlı mümkün tədbirlərə
baxır. Bu tədbirlər iş həftəsinin
qısaldılması, uzaqdan işə keçid və paytaxt
Tehranın müvəqqəti bağlanması da daxil olmaqla
fövqəladə tədbirləri nəzərdən
keçirir”.
“Hər problemi iqlim dəyişikliyinin üzərinə
yıxmaq olmaz”
S.Yüzbaşeva diqqətə çatdırıb ki,
insanlar miqrasiya etmək kimi məsələlər üzərində
düşünürlər: “Bəzi sakinlər su axtarmaq
üçün şimala, Xəzər dənizinin
sahilyanı ərazilərinə köçmək məcburiyyətində
qalırlar. Əlbəttə, bunun həm təbii, həm də
antropogen səbəbləri var. Hər problemi də iqlim dəyişikliyinin
üzərinə yıxmaq olmaz. Məsələn, Urmiya
gölünün qurudulması hökumətin bilərəkdən
həyata keçirdiyi yanlış siyasətin nəticəsidir.
Mən şəxsən bunu belə qiymətləndirirəm.
Vaxtı ilə gölə gələn təbii şirin su mənbələrinin
istiqaməti dəyişdirilib. Ona görə indi belə bir
problem yaşanır. Əlbəttə, təbiətin işinə
müdaxilə edəndə həmişə onun fəsadları
ağır olub. İnsanlar ağıllanmırlar.
İranlı bir millət vəkili suyun Van gölündən
Urmiya gölünə nəql edilməsini də təklif edərək
bunun hər iki ölkə üçün faydalı
olacağını təklif etmişdi”.
“Ölkəmizdə su anbarlarında suyun səviyyəsi
aşağı düşüb”
O, Türkiyənin də su ehtiyatları ilə
bağlı problemləri olduğunu deyib: “Bu barədə
Türkiyənin xəbərlər proqramlarında da tez-tez məlumatlar
verilir. Azərbaycanda da su ilə bağlı problemlər
yaşanmaqdadır. Azərbaycan coğrafi mövqeyinə
görə içməli suyu az olan ölkədir. Ölkəmizdə
də iqlim şəraiti ilə bağlı su anbarlarında
suyun səviyyəsi aşağı düşüb. İstər
Samur–Abşeron kanalı olsun, istər Taxtakörpü su
anbarında, istərsə də ən böyük içməli
su arteriyamız olan Kür çayında suyun səviyyəsi
hətta aşağı düşüb deməzdim,
çünki Salyanda demək olar ki, Kürdə su yoxdur. Bu il
keçirdiyim monitorinqlər zamanı bunu özüm şəxsən
müşahidə etmişəm. Ölkəmizdə bizim su ilə
bağlı əsas problemimiz pis idarəçilikdir. Hər kəs
qonşu ölkələrdə iqlim dəyişikliyi ilə
bağlı adaptasiya tədbirləri həyata keçirir, tədbirlər
görür, su anbarları, barajlar tikir. Amma bizdə kəndlərdə
su istəyən əhali yerli qurumlar tərəfindən təhqir
edilir, qovulur. Bunu xəbərlər proqramlarında da
görürük. Bizim su ilə bağlı digər
problemimiz suyun çirklənməsi və gərəksiz
israfçılıqdır. Azərbaycanın su obyektlərində
suyun çirklənməsinin artması suyun keyfiyyətinin
monitorinqi sistemlərinin tətbiqini, çirkab suların təkmilləşdirilmiş
təmizlənməsini və suyun çirklənməsi ilə
bağlı daha güclü qaydaların və mühafizə
tədbirlərinin həyata keçirilməsini tələb
edir”.
“Ciddi su problemləri yaşanmaqdadır”
Ekoloq eləcə də söyləyib ki, Azərbaycanda
suyun çirklənməsi və pis idarə olunması ilə
bağlı problemlər su təchizatında fasilələrə
səbəb olur: “Müasir təmizləyici qurğuların
olmasına baxmayaraq onların effektivliyi qeyri-bərabərdir,
şəbəkələrdə ciddi su itkiləri baş verir
ki, kadr problemləri və s. bu da daha yaxşı idarəetməni
və yeni texnologiyaların tətbiqini tələb edir. Bəzi
rayonlarda, kəndlərdə hazırda ciddi su problemləri
yaşanmaqdadır”.
“Suya olan tələbatın artması fonunda proses
getdikcə kəskinləşir”
Ekoloq-hidroloq Rövşən Abbasov hazırda ilin ən
quraq vaxtı olduğunu deyərək əlavə edib ki, adətən
ilin bu dövrlərində çaylarda su minimum həddə
çatır və məhz buna görə də belə
dövrü yay minimal axın dövrü adlandırırlar:
“İlin bu dövrü həm də vegetasiyadan sonrakı
dövr olduğu üçün bütün su anbarları
boşalır, su anbarlarında su olmur və avqust
ayının sonu, sentyabr ayının ortalarına qədər
su çatışmazlığının pik
mövsümü hesab olunur. Bu təkcə Türkiyə və
Azərbaycanda yox, əksər region ölkələrində
müşahidə olunan bir fenomendir. Bir çox hallarda buna təbii
amil kimi baxmaq olar, lakin son illər suya olan tələbatın
artması fonunda bu proses getdikcə kəskinləşir.
Ümumiyyətlə, gözlənilir ki, sentyabr ayının
15-20-dən sonra dağlıq ərazilərdə atmosfer
yağıntılarının, xüsusilə
yağışların çoxalması nəticəsində
çaylarda sululuq artacaq. Bu da öz növbəsində su mənbələrinin
verimliliyini yüksəldəcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-28 avqust(¹31).-S.14.