İşğaldan azad edilmiş ərazilərdə
həyat canlanır
Hökumət Qarabağın iqtisadiyyatında
sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi
göstərmək üçün müxtəlif
stimullaşdırıcı addımlar da atır və bu poses
davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il
yanvarın 1-dən vergi və rüsumlardan azad ediliblər.
Azad edilmiş ərazilərin bərpası üzrə
işlər dövlət-özəl tərəfdaşlığı
çərçivəsində aparılır. Əslində
regionun iqtisadiyyat quruculuğu həm də burada
sahibkarların aktivliyindən asılı olacaq.
İşğaldan azad edilmiş ərazilərin sənaye
potensialının reallaşdırılması, regionda istehsal
sektorunun inkişafı, mövcud təbii və iqtisadi
resurslardan səmərəli istifadə olunması istiqamətində
işlər davam etdirilir. Bu məqsədlə regionda
yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye
parklarında innovativ metodların cəlb edilməsi ilə sənaye
istehsalının qurulması, rəqabətqabiliyyətli məhsul
istehsalı, qabaqcıl texnologiyaların geniş tətbiqi
istiqamətində sistemli tədbirlər görülür.
Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı
ilə yaradılan Ağdam Sənaye Parkında investisiya
portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4
qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə
ölkə üzrə ikinci yerdə olan sənaye parkında
sahibkarlar tərəfindən görülmüş işlərə
138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən
artıq daimi iş yeri yaradılıb. İşlə təmin
edilənlərin çoxu Ağdam və ətraf rayonların
sakinləridir. Sənaye Parkında fəaliyyətə
başladığı müddətdən indiyədək təxminən
500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən
18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasən
tikinti materiallarının, tütün məmulatlarının,
müxtəlif növ ayaqqabıların, havalandırma,
yanğınsöndürmə və metal məmulatlarının,
dəmiryolu avadanlıqlarının, elektirk
avadanlıqlarının və s. istehsalı həyata
keçirilir. İstehsal edilən məhsullardan
işğaldan azad edilmiş ərazilərdə aparılan
tikinti-quraşdırma işlərində geniş istifadə
edilir. Ağdam Sənaye Parkının əksər hissəsi
sahibkarların istifadəsinə verilib. Parkın qalan əraziləri
üzrə sahibkarlardan investisiya müraciətlərinin qəbulu
hazırda davam edir.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il
tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150
milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə
qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda
yerləşən sənaye parkında sahibkarlar tərəfindən
indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin I
yarısında 2,7 milyon manatlıq məhsul satışı
edilib.
Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası”
Sənaye Parkı logistika baxımından strateji əhəmiyyətə
malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və
dəmir yollarının üzərində yerləşir. Sənaye
parkının əsas fəaliyyət istiqamətləri
logistika və ticarət mərkəzi, anbar kompleksləri,
topdan və pərakəndə satış obyektləri, TIR
parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.
Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin
inkişafı üçün əlverişli mühit
yaradılıb. Sənaye parkının rezidentləri dövlət
vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq,
su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları
xətləri ilə təmin edilirlər. Parkın rezidentləri
qeydiyyata alındıqları tarixdən etibarən 10 il
müddətinə əmlak, torpaq, gəlir vergilərindən,
həmçinin istehsal məqsədilə texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı
zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad
olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki
mövcud sənaye parklarında əlavə güzəştlər
də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank
kreditləri, sosial sığorta ödənişlərinin
subsidiyalaşdırılması, kommunal xidmətlərə
20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə
gömrük rüsumları və ƏDV-dən tam azadolma
(müəyyən edilmiş siyahıya əsasən) aiddir.
Bu ilin 1-ci yarımilində Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri
açılıb. Bu barədə Trend Dövlət Statistika
Komitəsindən məlumat əldə edib. Məlumata əsasən,
bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 615 vahid və ya 62,4% çoxdur. Məlumata
görə, hesabat dövründə Qarabağda 1 040 (87,7%
çox), Şərqi Zəngəzurda isə 561 (29,9%
çox) yeni iş yerləri yaradılıb.
Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən
çox iş yeri Xankəndinin (385), Şərqi Zəngəzur
iqtisadi rayonu üzrə isə Laçın rayonunun (244)
payına düşüb. Ümumilikdə, 2025-ci ilin altı
ayı ərzində Azərbaycanda 48,9 min yeni iş yerləri
açılıb. Bu dövrdə yaradılmış iş
yerlərinin 92,1 faizi qeyridövlət sektorunda
açılıb. Yeni açılmış iş yerlərinin
74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan
Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o
cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi
Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən,
2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi
Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi
Şirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq
Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının
payına düşüb. Yeni açılmış iş
yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə
və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə
və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa
etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi
isə digər tədbirlər üzrə yaradılıb.
Bundan başqa, 2025-ci ilin birinci yarımili ərzində
ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə
bağlanmış iş yerlərinin 53,4 faizi qeyri-dövlət
sektorunun payına düşüb. İş yerlərinin 24,2
faizi müəssisə və təşkilatların fəaliyyətlərinin
dayandırılması, 75,8 faizi isə fəaliyyət
göstərən müəssisə və təşkilatlarda
aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Qarabağda paralel olaraq əhalinin məskunklaşdırılması
prosesi də aparılır. Bu ilin yanvar-iyun ayları ərzində
Qarabağ iqtisadi rayonunda istifadəyə verilən
yaşayış evlərinin ümumi sahəsi 43 102 kvadrat
metr təşkil edib. Trend-in Dövlət Statistika Komitəsinə
istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni
aylarındakı göstərici ilə müqayisədə
27,3 min kv. metr və ya 2,7 dəfə çoxdur. Qarabağ
iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda bu ilin ilk 6
ayında 13,380 min kv.metr yaşayış sahəsi (2,6 dəfə
çox), Ağdam rayonunda 4,702 min kv.metr yaşayış sahəsi
(4,6 dəfə çox), Bərdə rayonunda 13,520 min kv.metr
yaşayış sahəsi (2,5 dəfə çox), Füzuli
rayonunda 5,992 min kv.metr yaşayış sahəsi (2,9 dəfə
çox), Tərtər rayonunda 5,508 min kv.metr
yaşayış sahəsi (2,5 dəfə çox) istifadəyə
verilib. Hesabatda Xankəndi, Ağdərə, Xocalı, Xocavənd
və Şuşa rayonlarında istifadəyə verilən
yaşayış evlərinin sahəsi üzrə məlumat
verilməyib.
Cari ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonuna
yatırılan 8,579 milyard manatlıq investisiyanın 97,3%-i və
ya 8,351 milyard manatı tikinti-quraşdırma işlərinə
yönəldilib. Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda
bütün mülkiyyət növləri üzrə 1,830
milyon kv.metr yaşayış evi istifadəyə verilib ki, bu
da bir il öncəki göstəricidən 1,128 milyon kv. metr və
ya 2,6 dəfə çoxdur. Bunun 90,2%-ni və ya 1,651 milyon
kv.metrni fərdi yaşayış və bağ evləri təşkil
edib. Hesabat dövründə istifadəyə verilmiş
yaşayış evlərinin 6,645 min kv. Metri dövlət
müəssisələri tərəfindən, 1,730 milyon
kv.metri isə qeyri-dövlət müəssisələri tərəfindən
inşa edilib.
Azad edilən ərazilərdə aparılan bərpa-quruculuq
işlərinin tərkib hissəsi kimi, məskunlaşma olan
yaşayış məntəqələri və biznes subyektlərinə,
GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)
texnologiyasının tətbiqi ilə yüksəksürətli
internetlə yanaşı, “internet + telefoniya”, “internet +
televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya
(üçü birində)” xidmətləri də “Aztelekom”
MMC tərəfindən təmin olunur (Trend). Telekommunikasiya xidmətlərinin
genişləndirilməsi sakinlərin gündəlik həyatına
rahatlıq gətirməklə yanaşı, bölgədə
həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin
icrasına da mühüm dəstək verilir.
31 iyul 2025-ci il tarixinə olan məlumata əsasən,
həmin ərazilərdə ümumilikdə xidmətlərimizdən
istifadə edən 5 mindən çox abunəçi
mövcuddur və istəkdən asılı olaraq onlar
“Aztelekom”un təklif etdiyi Telefoniya və İP TV xidmətlərindən
də yararlana bilirlər. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na əsasən,
qarşıda dayanan prioritet məsələlərdən biri
də işğaldan azad edilmiş ərazilərdə
telekommunikasiya sahəsinin inkişafıdır.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.-28 avqust(¹31).-S.12.