Tarixi gün: Prezident
İlham Əliyevin Kəlbəcər səfəri
Naqif Həmzəyev: “Azərbaycan Qarabağ və
Şərqi Zəngəzurda irimiqyaslı quruculuq, abadlıq
işləri həyata keçirir”
Əziz Əlibəyli: “Azərbaycanın qlobal miqyasda
artan çəkisi və regional liderliyi artıq danılmaz
faktdır”
Avqustun 21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Kəlbəcərə səfər ediblər və
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda
görülən işlərlə tanış olublar. Sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Kəlbəcər şəhərində 4-cü
yaşayış kompleksinin təməlqoyma mərasimində
iştirak ediblər, eləcə də İlham Əliyev Kəlbəcər
şəhərində 3-cü yaşayış kompleksinin təməlini
qoyub.
Prezident eyni zamanda Kəlbəcər şəhər
parkının təməlini qoyub. Sonra dövlət
başçısı “Balland – Kəlbəcər balı,
arı və arıçılıq məhsulları
mağazası”nın açılışında iştirak
edib.
Daha sonra Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində
1-ci yaşayış kompleksinin ərazisində fərdi və
çoxmərtəbəli evlərdə yaradılan şəraitlə
tanış olub, buraya köçən sakinlərlə
görüşüblər. Görüş zamanı Prezident
İlham Əliyev çıxış edib.
İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Kəlbəcərdə “Aşağı Vəng”,
“Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik
stansiyalarının açılışında iştirak
ediblər.
Dövlət başçısının və Mehriban
xanım Əliyevanın Kəlbəcərə səfəri
və Kəlbəcərdə görülən quruculuq-bərpa
işləri haqqında millət vəkilləri, politoloqlar
fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.
“Kəlbəcərin çox böyük turizm
potensialı var”
Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva Kəlbəcər
rayonunda səfər zamanı sakinlərlə
görüşüblər: “Görüşdə Prezident
İlham Əliyev nitq söylədi, çox maraqlı məqamlara
toxundu. Onu qeyd etməliyik ki, Kəlbəcər təkcə Azərbaycanın
deyil, regionun və dünyanın ən füsunkar məkanlarından
biridir. Kəlbəcər rayonunun çox böyük turizm
potensialı var və Kəlbəcərdə çox zəngin
yataqlar mövcuddur. Kəlbəcərin yenidən qurulması,
Kəlbəcərə həyatın qaytarılması nəticə
etibarı ilə Kəlbəcər rayonunun
iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına birləşdirilməsi
ümumilikdə Azərbaycanın iqtisadiyyatının
gücləndirilməsinə gətirib
çıxaracaqdır ki, məhz bu səpkidən də Azərbaycan
dövləti tərəfindən mərhələli şəkildə
layihələr həyata keçirilir. Biz inanırıq ki,
tezliklə Kəlbəcərdə çox sayda iş yerləri
yaradılacaq və orada yaşayan keçmiş məcburi
köçkünlərin - Kəlbəcər sakinlərinin məşğulluq
problemi ən yüksək səviyyədə həllini
tapacaq”.
“Azərbaycan bunu bacardı”
Deputat vurğulayıb ki, ilk növbədə onu qeyd
etməliyik ki, məhz 1990-cı illərin əvvəllərindən
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan
torpaqları işğal edildi və çox təəssüflər
olsun ki, məhz Kəlbəcərin işğal edilməsindən
sonra bu proses daha da sürətləndi: “Keçmiş
Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı
7 rayonun işğal prosesi həyata keçirildi. Məhz Kəlbəcərin
işğalından sonra Ermənistan və
separatçılar öz istəklərinə
çatdılar. Uzun illər ATƏT-in Minsk qrupu çox təəssüflər
olsun ki, sülh yolu ilə bu problemi həll etmək istəmədi
və nəticə etibarı ilə Azərbaycan öz
gücü hesabına torpaqlarını işğaldan azad etmək
məcburiyyətində qaldı. Ali Baş Komandan cənab
Prezident İlham Əliyevin uğurlu diplomatik həmlələri
nəticəsində Kəlbəcər, Laçın,
Ağdam bir güllə atılmadan Azərbaycana geri
qaytarıldı. Amma çox təəssüflər olsun ki,
o zaman bu əraziləri tərk etmək üçün
möhlət verildi, erməni xisləti isə burada da
özünü göstərdi. Ermənilər bu ərazilərdən
çıxanda belə bu ərazilərə daha çox ziyan
vurmaq istədilər. Kəlbəcərin meşələrini
qırdılar, oradakı evləri yandırdılar, çox
sayda minalar basdırdılar. Bu da sonradan dinc şəraitdə
bizim hərbçilərimizin və mülki şəxslərin
şəhid olmasına və ya yaralanmasına gətirib
çıxardı. Ancaq istənilən halda Azərbaycan bunu
bacardı və bu gün Azərbaycan Qarabağ və Şərqi
Zəngəzurda irimiqyaslı quruculuq, abadlıq işləri
həyata keçirir”.
“Kəlbəcər Azərbaycan iqtisadiyyatının
ayrılmaz bir hissəsinə çeviriləcək”
N.Həmzəyevin sözlərinə görə Azərbaycan
hökuməti Kəlbəcərə həyatın yenidən
qayıtması üçün əlindən gələn
bütün layihələri və işləri həyata
keçirir: “Həmçinin Kəlbəcərdə su
elektrik stansiyaları tikilir ki, bu da Kəlbəcərin fasiləsiz
elektrik enerjisi ilə təmin edilməsini həyata keçirəcək.
Eyni zamanda istifadəyə verilən yeni yaşayış
kompleksinə qaz da çəkilib və bu da bir ilkdir.
Çünki dağlıq ərazilərə qazın çəkilməsi
o qədər asan məsələ deyil. Ümumilikdə, Kəlbəcər
rayon mərkəzində 10 minə yaxın əhalinin
yaşaması planlaşdırılır. Sonrakı dövrlərdə
təbii ki, digər ərazilərdə də bu cür
quruculuq, abadlıq işləri həyata keçiriləcək.
Kəlbəcər Azərbaycan iqtisadiyyatının
ayrılmaz bir hissəsinə çeviriləcək və Azərbaycan
turizm imkanlarını daha irəli götürəcək. Bu ərazilər
yaxın 5 il ərzində yerli və xarici turistlərin ən
çox səfər edəcəyi məkana çevriləcək.
Biz bütün bu prosesləri izlədikdə çox
sevinirik. Çünki 5 il bundan öncə biz bunları
çox çətinliklə xəyal edə bilərdik. Ancaq
bu gün bütün bunların hamısı reallaşıb
və sakinlərlə cənab Prezidentin, Mehriban xanımın
söhbətləri əsnasında da biz insanların nə qədər
sevincli olduğunu gördük. Biz sevinirik ki, keçmiş məcburi
köçkünlərimiz öz dədə-baba yurdlarına
qayıdırlar. Biz inanırıq ki, bu proses hər ötən
gün daha sürətlə həyata keçiriləcək və
bizim bütün keçmiş məcburi köçkünlər
öz dədə-baba yurdlarına qaydıcaqlar”.
“Səfər zamanı gələcəyə yönəlik
strateji hədəflər açıqlandı”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva bildirib ki, dövlət
başçımızın Kəlbəcər səfəri
zamanı çıxışında Azərbaycanın
suverenliyinin tam bərpası, Laçın dəhlizinə nəzarətin
ələ alınması, 2023-cü ilin sentyabrında
keçirilən antiterror əməliyyatı nəticəsində
separatizmin ləğv edilməsi mühüm tarixi mərhələ
kimi qiymətləndirildi: “Prezident vurğuladı ki, Azərbaycan
yalnız hərbi qələbə ilə kifayətlənməyib,
həm də regionda sülh gündəliyinin müəllifi
kimi çıxış edir. Səfər zamanı həmçinin
gələcəyə yönəlik strateji hədəflər
də açıqlanıb: “Zəngəzur dəhlizinin
açılması, Naxçıvanla birbaşa quru əlaqəsinin
qurulması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi
və regionda yeni reallıqların qəbul etdirilməsi Azərbaycanın
qarşıya qoyduğu əsas vəzifələr kimi
göstərildi”
Bir çox mesajların ünvanlandığı
tarixi bir gün
Siyasi şərhçi Əziz Əlibəyli deyib ki,
Prezident İlham Əliyevin Kəlbəcər səfəri
regiondakı hadisələrlə maraqlı şəkildə
üst-üstə düşdü və bir çox
mesajların ünvanlandığı tarixi bir gün kimi yadda
qaldı: “Həmin gün Azərbaycan lideri Xəzər dənizi
ilə bağlı strateji mövzulara toxunarkən, təsadüfən
elə eyni vaxtda İran tərəfi dənizin adının dəyişdirilərək
“Mazandaran dənizi” adlandırılması təklifini gündəmə
gətirirdi. Bu, Xəzərin siyasi çəkisinin və ətrafında
gedən rəqabətin yeni mərhələyə qədəm
qoyduğunu göstərirdi. Prezidentin ordunun son illərdə
silahlanması və hazırlıq vəziyyəti barədə
danışdığı saatlarda isə Rusiya mediası Azərbaycanı
açıq şəkildə işğalla hədələyirdi.
Bu paralellik regionda informasiya savaşının necə
koordinasiyalı aparıldığını göstərir.
Lakin Azərbaycanın mövqeyi aydındır: güclü
orduya, möhkəm iradəyə və strateji müttəfiqlərə
arxalanaraq bu təhdidlərə qarşı qətiyyətlə
dayanmaq. Maraqlıdır ki, Prezident Kəlbəcərdə
azad olunmuş torpaqlara həyatın
qayıdışını vurğuladığı anlarda Ermənistanın
Baş naziri Nikol Paşinyan açıqlama verərək ermənilərin
artıq Şuşaya yalnız turist kimi gələ biləcəyini
etiraf edirdi. Bu, müharibə sonrası yaranmış yeni
reallığın Ermənistan rəhbərliyi tərəfindən
də qəbul edilməsinin bariz göstəricisi idi”.
“Bu gücü bölgədə heç bir qüvvə
dayandıra bilməyəcək”
Ə.Əlibəyli əlavə edib ki, Prezident
İlham Əliyev çıxışında regional təhdidlərdən
danışarkən eyni zamanda Azərbaycanın güclü
müttəfiqlərə malik olduğunu da xatırlatdı:
“Elə səhəri gün isə Türkmənistanda
keçirilən görüşdə Oğuz
qardaşlarını da əhatə edən yeni bir birliyin
formalaşdırılması təşəbbüsü ilə
çıxış etdi. Bu, Azərbaycanın təkcə hərbi
və siyasi gücü ilə deyil, həm də mədəni-sivilizasiyalı
əlaqələri möhkəmləndirən strateji
ittifaqları ilə bölgədə həlledici rol
oynadığını göstərir. Əgər Türkmənistan
da Azərbaycanın qurduğu bu birliyə tam şəkildə
qoşularsa, bu gücü bölgədə heç bir
qüvvə dayandıra bilməyəcək. Azərbaycanın
qlobal miqyasda artan çəkisi və regional liderliyi artıq
danılmaz faktdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-28 avqust(¹31).-S.7.