Həsrətin Vüsallı günləri
“2020-ci ilin 29 noyabrı. Mənə ömürlük
kədər gətirən həmin gün. 5 il keçdi...
Amma yolunu gözləyirəm, igid oğlum!”
Professor, şəhid atası Kamran Kazımov
Şəhidlik. Vətən və millət yolunda
canından keçənlərin fəth elədiyi ən uca və
müqəddəs bir zirvə. Bu zirvəyə ucalanlar günəş
ömrü yaşamaqla heç zaman ölmürlər. Məhz
1990-cı ildə Lənkəranın Yuxarı Nüvədi kəndində
dünyaya göz açan Vüsal Kamran oğlu Kazımova belə
şərəfli ömür nəsib oldu. 44 günlük haqq
savaşımızda qazanılan parlaq qələbəmizin qəhrəmanlıq
simvoluna çevrilərək əl çatmaz, ünyetməz
göylərə ucaldı.
Bəli, zəfər şəhidi baş leytenant
Vüsal Kazımovun şərəfli ölümü onu
torpağa gömülmədi, köç etdiyi yer
könüllər oldu. Vətən sevdalısı indi
beşinci ildir öz ulduzlu dünyasında qürur yerimizə
dönüb. Böyük sevgi və məhəbbətə
layiq olan zəfər şəhidinin vaxti ilə oxuduğu Lənkəran
rayonunun M. Mirzəcanov adına məktəbində anım
günü münasibətilə tədbir oldu. “Qarabağ Azərbaycandır”
adlı bu tədbirə demək olar ki, Azərbaycanımızın
hər yerindən gələnlər var idi. Ziyarətçilərin
arasında olan Astara Pedaqoji Kollecinin kollektivi də
ölümsüzlüyə qovuşan qəhrəman
Vüsalın əziz xatirəsini dərin ehtiramla andılar.
Belə ki, boya-başa çatdığı halal ailə
ocağında oldular, yatdığı müqəddəs yeri
ziyarət edib, məzarı önünə əklil qoyub və
tər güllər düzdülər.
Vüsal Kazımov doğma kənd məktəbimdə
orta təhsilini başa vurub Vətəninə, xalqına gərəkli
olmaq üçün Lənkəran Dövlət Universitetinə
daxil olub. Əla oxuması, nümunəvi davranışı
ona yalnız hörmət qazandırıb. Təhsil
aldığı “Fiziki tərbiyə və gənclərin
çağırışaqədərki
hazırlığı” ixtisasını yüksək səviyyədə
bitirib. İkinci ixtisas almaq məqsədilə yenidən həmin
ali məktəbə üz tutub. Və burada qiyabı yolla
"Mühasibat uçotu və audit" ixtisasına yiyələnib.
Təhsili ilə bərabər, Lənkəran şəhər
gənclər və idman idarəsinin nəzdində Uşaq-Gənclər
İdman Məktəbinin direktoru vəzifəsində
çalışıb.
Qəlbi Vətən eşqli, əzəli yurd yerimiz
olan Qarabağımızın düşmən tapdağında
qalmasına dözməyən Vüsal Kazımov 27 sentyabr
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı altında olan ərazilərin
azad edilməsi üçün başlanan Vətən
müharibəsinə könüllü gedib. Əlinə silah
alıb müharibə meydanına girən andan baş leytenant
yağının kabusuna çevrilib. Füzuli əməliyyatında,
Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə,
erməni dığalarına sarsıdıcı zərbələr
endirib. Daha sonra Şuşada ağır ölüm-dirim
savaşında sözün əsl mənasında tarix
yazıb. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə
saxlayan igid komandir Şuşanın azad edilməsi uğrunda
gedən döyüşlərdə son nəfəsinə qədər
qəhrəmanlıqla vuruşaraq, şəhid olub əbədiyyətə
qovuşub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon
Yuxarı Nüvədi kəndində böyük izdihamla
sevdalandığı Vətən torpağı öz
oğlunu ağuşuna alıb.
Qısa həyat yolu mərdlik nümunəsi kimi tarixə
yazılan baş leytenant Vüsal Kazımov ölümündən
sonra 3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni, "Vətən uğrunda",
"İgidliyə görə", Xocavəndin və
Füzulinin azadlığı uğrunda medallarına layiq
görülüb.
Özündən sonra iki qızı hər şeydən
əziz bildiyi Vətəninə yadigar qalıb. Nuray və
Aynur. Onlar ataları ilə qürur duyur, onun kimi şərəfli
ömür yoluna yön alıblar.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.15.