Azərbaycanda beyin
köçü: səbəblər nədir?
Son illərdə Azərbaycanda beyin köçü
narahatlıq doğurur. Əksər mütəxəssislər
Azərbaycanda elmlə məşğul olan şəxslərin
ölkəni tərk etməsinin gələcəkdə Azərbaycan
elminin problemlərlə qarşılaşmasına səbəb
olacağını deyir.
Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin
sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80
illik yubileyindəki çıxışı ilə
bağlı "Sosial-siyasi elmlər müasir
çağırışlar fonunda: Beyin mərkəzləri,
akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi
masada da bu məsələyə toxunaraq vurğulayıb ki,
narahatlıq doğuran daha bir hal - ölkədə qalaraq beyin
köçünə uğramaqdır: “Sosial Tədqiqatlar Mərkəzinin
2024-cü ildə elmi müəssisələrdə
keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri
təsdiqləyir. "Beyin köçü", intellektual
miqrasiya (39.7%), eləcə də kadr məsələləri
və karyerada yüksəliş imkanları (38.9%), həmçinin,
alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd
edilib”.
“Xalq Cəbhəsi” problemin səbəbini
araşdırmağa çalışıb. Beyin
köçünə səbəb nədir və qarşısını
necə almaq olar?
“Ölkənin elmi inkişafı populist söhbətlərin
predmeti olmamalıdır”
Milli Məclisin deputatı Elnarə Akimova söyləyib
ki, beyin köçü anlayış kimi leksikamıza yeni
daxil olsa da, dünyada bu proses tarixən mövcud olub: “Hətta
məşhur deyim də bu prosesin işığında
yaranıb: Elmin vətəni yoxdur, amma alimin vətəni
mütləq olmalıdır. Vətənini sevən alim
dünyanın harasında olsa da Vətən onunla qürur
duyacaq. O da öz vətənini düşünəcək. Məsələn
Lütvi Zadə kimi. Əndəlus mədrəsələrində
elmlə məşğul olan insanlar təkcə öz ölkələrinin
və mənsub olduqları xalqların deyil, dünyanın
inkişafına zəmin yaratdılar. Alimin ölkəsindən
getməsi elm xatirinədirsə bu başadüşülən,
qəbul olunandır. Hətta buna haqq qazandıran bir fikir də
var: “Elm Çində də olsa, gedin, öyrənin”. Ölkənin
elmi inkişafı populist söhbətlərin predmeti
olmamalıdır. Dünya elmi statistikası Georgi Sartonun “Elm
tarixi” əsərinə bu baxımdan məsələyə fərqli
yanaşmağı tələb edir”.
“Azərbaycanda ciddi elmi baza var”
Deputat Azərbaycanda ciddi elmi bazanın olduğunu
vurğulayıb: “Sadəcə, kütləvi şəkildə
axın müşahidə olunmur. Əgər varsa da, problem elə
elmin öz təcrübəsinə istinadən
nizamlanmalıdır. Tutaq ki, elmi potensialımızın ortaya
qoyulması üçün imkanların daha məhdud
olduğu 1960-cı illərdə krisalloqrafiya sahəsində
Xudu Məmmədov elmə gətirdiyi yeniliklərlə
Londonda Con Bernalı heyrətləndirirdi. "Həyatımı
həsr etdiyim suala cavab taparaq cansız aləmlə
canlılar arasında körpü salmış alim Xudu Məmmədovun
araşdırması laboratoriyadakı tədqiqatım
üçün böyük əhəmiyyətə malikdir.
Problem çox çətin problemdir. İngiltərədə
və başqa ölkələrdə olan bir çox
kristalloqraflar bu problemi həll etməkdə aciz
qalmışdır. Buna görə də cənab Məmmədovu
təbrik etmək lazımdır". Bunu London Unisersitetinin
professoru, Elmi Texniki İnqilab nəzəriyyəsinin banisi Con
Bernal deyir. Alimin gedişi elmini daha təkmilləşdirmək
üçündürsə bundan qorxmaq lazım deyil,əksinə
sevinmək lazımdır”.
“Problemin səbəbi əvvəlcə mənəvi
baxımdan çözülməlidir”
E.Akimovanın sözlərinə görə, söhbəti
birbaşa iqtisadi amillərlə bağlamaq da doğru deyil:
“Eynşteynin pul və alim mövzusunda müdrik bir qənaəti
var: "Siz İsa peyğəmbəri pul kisəsi ilə təsəvvür
edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm".
Məncə problemi yaradan səbəb ən əvvəl mənəvi
baxımdan çözülməlidir. Biz elmin ardıyca
köç edən alimlərimizlə, öz iqtisadi durumunu
yaxşılaşdırmaq üçün gedən alimləri
fərqləndirməliyik”.
“Elmin müxtəlif sahələrində
çalışmaq üçün çox geniş imkanlar
var”
Akademik Nizami Cəfərov bildirib ki, əslində, Azərbaycanda
son zamanlar beyin köçü yoxdur: “Ona görə ki, Azərbaycanda
elmi iş üçün, elmin ən müxtəlif sahələrində,
xüsusilə də humanitar sahədə çalışmaq
üçün çox geniş imkanlar var. Universitetlərimiz
fəaliyyət göstərir, hətta yeni-yeni universitetlər
açılır. İndi Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) ilə bağlı müəyyən
problemlər var. Çünki Akademiyada bir növ yeniləşmə
işi görülür və daha çox
çalışılır ki, Akademiyada
çalışanlar universitetlərdə dərs keçsinlər
və yaxud hansısa nazirliyin nəzdində olan elmi-tədqiqat
müəssisələrində çalışsınlar ki,
onların gördüyü iş effektli, məhsuldar olsun. Yəni
elə sadəcə ümumnəzəri məsələlərlə
məşğul olunmasın”.
“Bu, intellektin, beynin köçməsi məsələsi
deyil”
Akademikin sözlərinə görə, texniki elmlər,
biologiya elmləri, kompüter elmləri, bu sahələrdə
dünyanın inkişaf etmiş mərkəzləri var: “Həmin
mərkəzlərdə bizim alimlər olmalıdır, orada
çalışmalıdırlar, təcrübələr
keçməlidirlər. Hətta bəziləri, ümumiyyətlə,
orada qalıb işləməlidirlər. Eləcə də
bizim gənclərimiz. Məsələn, elə laboratoriyalar,
elə elmi-tədqiqat müəssəsləri var ki, onlar
dünyanın heç də bütün ölkələrində
olmur. Məsələn, bu gün Çində, ABŞ-də,
ya da başqa bu tipli ölkələrdə olan müasir,
modern elmi-tədqiqat mərkəzləri heç də
dünyanın bütün ölkələrində mövcud
deyil. Ona görə də bizim alimlərimiz də gedib orada
çalışmalıdırlar. Bəziləri orada qalıb
işini davam elətdirməlidir, bəziləri Azərbaycana
gəlib, öz ölkələrində o öyrəndiklərini
burada həyata keçirməlidirlər. Öz intellektlərini
ən azından burada yeni kadrları müəyyən həddə
qədər hazırlamağa sərf etməlidirlər. Yəni
bu, intellektin, beynin köçməsi məsələsi
deyil”.
N.Cəfərov həmçinin qeyd edib ki, bu gün
dünya vahid bir kənd halına gəlib: “Dünyanın o
başında oturub bu başı ilə elmi əməkdaşlıq
edirlər. Buna hər cür texnoloji imkanlar var. Ona görə
də klassik mənada beyin köçü baş verir. Bu məsələlərə
bir az ehtiyatla yanaşmaq lazımdır və bu məsələlərdən
danışanda reallığı, gerçəkliyi, o
miqyası nəzərə almaq lazımdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.13.