Torpağın çirkləndirilməsinə
qarşı ciddi tədbirlər görülməlidir
5 dekabr Dünya Torpaq Günüdür. Bu gün Birləşmiş
Millətlər Təşkilatının qərarı ilə
5 dekabr 2014-cü il tarixindən qeyd edilir. Məqsəd
torpağın deqradasiyadan qorunmasını təbliğ etmək,
torpaqla bağlı ekoloji problemləri diqqət mərkəzinə
gətirməkdir. Bu günlə əlaqədar hər il
müxtəlif maarifləndirici tədbirlər, flaş-moblar
keçirilir, əhalinin diqqəti ekoloji problemlərə
yönəldirilir.
Mövzu ilə bağlı “Yaşıl Dünya”
Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli
deyib ki, torpaq həyatımızın təməlidir.
Torpağın əmələ gəlməsi üçün
min illər tələb olunur. Torpaq hava, su, istilik, bitki və
heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin
iştirakı ilə yer kürəsinin aşınması nəticəsində
əmələ gəlir. Torpaq yerin bitki bitən
qatıdır.
Azərbaycanda torpaqların ekoloji mühafizəsi bir
neçə əsas məsələnin həllini zəruri
edir. Bunlardan birincisi ərazilərimizin minalardan təmizlənməsidir.
Bəllidir ki, işğal dönəmində Qarabağ və
Şərqi Zəngəzur ərazilərində Ermənistan
tərəfindən külli miqdarda piyada və texnika əleyhinə
mina basdırılıb. Təqribi hesablamalara görə, bu
gün işğaldan azad olunmuş bölgələrdə
1.5 milyondan çox mina və partlamamış sursat
mövcuddur. Mina təhlükəsi Qarabağın məskunlaşdırılması
prosesinə mane olur. Tarixən Qarabağ əhalisinin əsas məşğuliyyəti
əkinçilik, arıçılıq, maldarlıq,
baramaçılıq, tütünçülük olub. Bu
gün işğaldan azad olunmuş bölgələrdə əkinçilik
və heyvandarlıq çox riskilidir. Dəfələrlə
işğaldan azad olunmuş bölgələrdə məskunlaşdmış
və təsərrüfatla məşğul olan
soydaşlarımız piyada və texnika əleyhinə
minaların qurbanına çevriliblər: “Mina problemi təkcə
insanlar üçün deyil, heyvanlar üçün də təhlükəlidir.
İşğaldan azad olunmuş bölgələrdən
yayılmış videogörüntülərdə vəhşi
heyvanların mina qurbanına çevrildiyi görünür.
Mina problemi tikinti-quruculuq işlərinə də mane
olur. Son 30 ildə Ermənistan ölkəmizə qarşı
ekoloji terror həyata keçirib. Çaylarımız
ağır kimyəvi tullantılarla çirkləndirilib.
Meşələrimiz kəsilib, nadir bitkilər məhv edilib.
Ermənilər hər il yay aylarında işğal bölgəsində
yanğınlar həyata keçirirdi. Ağdam istiqamətinə
hərəkət edənlər bunu müşahidı ediblər:
işğalda olmuş zonada bitki örtüyü demək olar
ki, yoxdur. Yuxarıda sadalanan bütün neqativ hallar, ekosid
torpağa ciddi ziyan vurub. Ağır metallarla çirklənmiş
transərhəd çaylarımız torpağı da
çirkləndirir. Meşələrin kəsilməsi ərazidə
səhralaşmaya səbəb olur. Son 30 ildə ağır
texnikanın hərəkəti, hərbi təlimlərdə və
hərbi əməliyyatlarda hərəkəti torpağın
münbit üst qatını məhv edib. Keçmiş
işğal bölgəsində ekosistemə ciddi ziyan dəyib.
Quru ərazilərdə, çaylarda flora və fauna növləri
azalıb. Qarabağda və Şərqi Zəngəzurda
torpaqların bərpası, ümumiyyətlə ekosistemin bərpasına
zaman lazım olacaq. Amma Azərbaycanda torpaqla bağlı
problem təkcə işğaldan azad olunmuş bölgələri
əhatə etmir. Transərhəd çaylarının
hövzəsində yerləşən torpaq sahələrində
çirklənmə müşahidə olunur. Kür
çayının quruması ilə əlaqədar
çayboyu ərazilərdə torpağın deqradasiyası
artıb”.
Ekspert qeyd edib ki, Azərbaycanda torpaqların
şoranlaşması və səhraşlaması prosesi hər
il kənd təsərrüfatına külli miqdarda ziyan vurur.
Rəsmi statustikaya əsasən bu gün ölkə ərazisinin
yalnız 54,9 %-i kənd təsərrüfatına
yararlıdır. Bu ərazilərin də əksəriyyəti
2915,4 min hektarı bağlar, üzümlüklər, tingliklər,
çay plantasiyaları, otlaqlar və biçənəklərdir.
1,8 milyon hektar sahə şum altında istifadə olunur.
Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən
aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik
və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü
sahələr təşkil edir.
Qlobal iqlim dəyişikliyinin fəsadları hər
gün artır. Yağıntının miqdarı ciddi şəkildə
aşağı düşüb. Qlobal iqlim dəyişikliyinin
nəticələrinin yumşaldılması üzrə tədbirlər
sırasında torpağın qorunması, deqradasiyanın
qarşısının alınması ön sırada
olmalıdır. Torpağın şoranlaşmasını
önləmək üçün daha modern suvarma sistemi tətbiq
olunmalı, ənənəvi selləmə üsulundan imtina
edilməlidir. Ekspertlərinin hesablamalarına görə, selləmə
suvarma zamanı 40 faiz su itkiyə gedir. Su bitkinin kökünə
çatmır, üstəlik torpağın üst
qatını yuyur, şoranlaşmaya yol açır. Buna
görə də daha səmərəli su idarəetməsinə
keçilməli, qənaətcil suvarma sistemləri tətbiq
olunmalıdır. Damla suvarma üsulunun tətbiqi ənənəvi
genişləndirilməlidir. Bu məsələdə vətəndaş
cəmiyyətinin və medianın da üzərinə
böyük vəzfiə düşür: “Fermerler arasında
maarifləndirmə işləri aparılmalıdır. Ən
əsası fermerlərin daha qənaətcil suvarma
texnologiyalarına əlçatanlığı təmin edilməlidir.
Ölkəmizin əkinə yararlı torpaq fondu onsuz da
azdır. Torpağın mühafizəsi üçün
kompleks tədbirlərin görelüməsi vacibdir.
Torpağı eroziyadan, şoranlaşmadan qorumaq
üçün mövcud kompleks təsərrüfat, təşkilat,
aqrotexniki, meliorasiya, meşəsuvarma, hidrotexnika və
rekultivasiya tədbirləri görülməlidir. Gübrələrin,
kimyəvi maddələrin işlədilməsi və
saxlanılmasına da fikir verilməli, torpağın
sanitariya-texniki mühafizə tədbirləri yerinə yetirilməlidir.
Torpağı çirklənmədən qorumaq qanunu, təşkilatı
və sanitariya-texniki tədbirlərin yerinə yetirilmə
sistemi torpağın sanitariya mühafizəsi adlanır.
Torpağı mühafizə etmək üçün
vaxtaşırı onun çirklənmə vəziyyəti
sanitariya-epidemioloji stansiyalar tərəfindən
yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın
fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə
alınmalıdır. Öncə torpaqa nəzarət gücləndirilməli,
ondan səmərəli və düzgün istifadə təşviq
olunmalıdır. Torpağın kimyəvi tulantılarla
çirkləndirilməsinə qarşı ciddi tədbirlərin
görülməsi də günün vacib tələbidir.
Dağ-mədən sənayesi müəsissələrinin fəaliyyətin
vaxtaşırı monitorinq edilməlidir. Qlobal iqlim dəyişikliyinə
adaptasiya tədbirlərindən biri də susuzluğa
davamlı, daha səmərəli növlərin əkilməsidir”.
E.Cəfərlinin fikrincə, torpaq plansız surətdə
istifadə olunduqda, ona nəzarət edilmədikdə,
çirkləndikdə şübhəsiz xarab olur, gücdən
düşür. Bu gün bəzi bölgələrdə əkinlərin
plansız şəkildə aparılması müşahidə
olunur. Torpağa aqrotexniki qulluq göstərilmir. 1991-ci ilə
qədər əkin prosesi rəsmi qurumların ciddi nəzarəti
altında idi. Torpağın əkinə hazırlanması,
suvarma, toxumların saxlanması, səpilməsi prosesinə
ciddi nəzarət var idi. Bu prosesi düzgün aparmayan təsərrüfat
rəhbərləri ciddi şəkildə cəzalandırılırdılar.
Müstəqillik dövründə bu prosos demək olar ki, sərbəst
buraxılıb. Fermerlərin hamısının isə
aqrotexnikli bilikləri, təcrübəsi yoxdur. Heyvandarlıq
bağlı ciddi problem göz dəymir. Çünki əhalinin
heyvandarlıqla bağlı təcrübəsi yetərincədir.
Əkinçilikdə isə bu, belə deyil. Suvarma
dövründə fermerlər ciddi şəkildə çətinliklərlə
üzləşirlər. Bir yandan çaylarda suyun azalması,
yarıtmaz su idarəçiliyi, suyun ədalətsiz
bölüşdürülməsi məhsuldarlığa da təsir
edir: “Əkinə, tikintiyə, meşəsalmaya yararlı
torpaq sahələrinin artırılması üçün
ekoloji layihələrin həyata keçirilməsi vacibdir.
Bakı və Abşeronda bununla bağlı həyata
keçirilən iri layihələr təqdirlayiqdir. Məsələn,
bir zamanlar neftlə çirklənmiş “Qara şəhər”
adlanan ərazi təmizləndi, indi orada yaşayış massivləri,
iaşə müəssisələri tikilib,
yaşıllıq zolaqları salınıb. SOCAR-ın təşəbbüsü
ilə Bakının Xəzər rayonunun Qala qəsəbəsində
salınmış “Ekoloji park” uğurlu bir layihədir. Bu park
neftlə çirklənmədən təmizlənmiş 9,3
hektar sahədə yaradılıb. Ərazidə elektrik
enerjisinə tələbatın 40 faizi alternativ enerji mənbələri
hesabına təmin olunur. Parkda hər biri 10 kilovat-saat enerji
hasil etmək üçün 4 külək generatoru, eləcə
də ümumi gücü 20 kilovat-saat olan günəş
batareyaları quraşdırılıb. Bərpa olunan enerji mənbələrinin
hesabına hasil olunan elektrik enerjisinin ümumi həcmi 60
kilovat-saat təşkil edir.
Parkda, nadir və kökü kəsilməkdə olan
kol və ağac bitkiləri çoxaldılır. Anoloji eko
park Zirədə də yaradılıb.
Son illər Abşeronda hektarlarla meşə sahələri
salınıb. Bu, olduqca vacib layihədir. Son 30 ildə Bakı
və Abşeronda, ölkənin müxətlif bölgələrində
hektarlarla yaşıılıq sahələri
işbazların tamahının güdazına gedib.
Meşə sahələrinin azalması səhralaşmasını
sürətləndirir, flora və fauna növlərinin azalmasına
səbəb olur. Yeni dövrdə qarşıya qoyulan əsas
məqsədlərdən biri də yaşıllıq sahələrinin
artırılması olmalıdır. Xüsuilə hava
çirkliliyi yaşanan Bakı və Abşeronda
yaşıllıq sahələri artırılmalı,
göydələnlərin inşası
dayandırılmalıdır. Bölgələrdə mebel sənayesinə
qurban verilən meşələrə nəzarət gücləndirilməlidir.
Əhali arasında torpaqdan, sudan səmərəli istifadə
olunması işi təşviq edilməlidir”.
Cavid
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.9.