Turizm sektorunda geriləmə
Bu il ölkəyə gələn turistlərin
sayında azalma müşahidə edilir. Buna səbəb sərhədlərin
bağlı olması, hava nəqliyyatında biletlərin qiymətinin
yüksəkliyi, turizm xidmətlərinin rəqabət qabiliyyətinin
aşağı səviyyəsi, yəni xidmət keyfiyyətinin
qonşu ölkələrlə müqayisədə
aşağı, qiymətlərin isə baha olmasıdır.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın
183 ölkəsindən 2,172 milyon və ya əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi
və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0
faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı,
4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan,
2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan,
1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4
faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1
faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi
digər ölkələrin vətəndaşları olub. Gələnlərin
66,4 faizi kişilər, 33,6 faizi qadınlardır.
Ötən ilin eyni dövrü ilə müqayisədə
İsraildən gələnlərin sayı 2,1 dəfə,
Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə,
İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 faiz,
Qırğızıstandan - 37,3 faiz, Özbəkistandan - 35,8
faiz, Qazaxıstandan - 19,4 faiz, Almaniyadan - 17,0 faiz, Kanadadan - 16,7
faiz, ABŞ-dan - 16,4 faiz, İtaliyadan - 16,3 faiz, Pakistandan - 12,7
faiz, Koreya Respublikasından - 11,8 faiz artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin
sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən
gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər,
MDB ölkələrindən gələnlərin sayı 8,2
faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən
gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər
təşkil edib. Ölkəmizə gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə
dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə
xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının
ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub.
Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının
sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz
artmış, Rusiya Federasiyasına gedənlərin sayı
31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8
faiz azalmışdır. Azərbaycan vətəndaşlarının
42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına,
10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər
ölkələrə səfər etmişdir. Gedənlərin
63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə
səfər edən Azərbaycan Respublikası vətəndaşlarının
70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə
dəniz nəqliyyatından istifadə edib.
Ölkəyə turist axınının
azalmasının mənfi cəhətləri də var, bu
sektordan gələn gəlirlər azalır. Sərhədlərin
bağlı olması, yalnız təyyarə ilə
gediş-gəliş turistin xərclərini artırır.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyev Milli Məclisin plenar iclasında ikinci
oxunuşda müzakirə olunan “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” qanun layihəsi ilə bağlı
çıxışı zamanı qeyd edib ki, “hökumət
ciddi şəkildə düşünməlidir və onu bu məqam
narahat etməlidir ki, məsələn, niyə bu il keçən
illə müqayisədə turistlərin sayında 1,7 faiz
azalma baş verib? Məsələn, Avropadan gələn
turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya
respublikalarından gələn turistlərin sayında 10 faiz
azalma var. Amma qonşu Gürcüstanı götürsək,
Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında
turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana
2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik
Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla
müqayisədə 2 dəfədən də artıq.
Hesab edirəm ki, bunun səbəbləri
araşdırılmalıdır və Azərbaycan ilk növbədə
çalışmalıdır ki, ABŞ, Avropa ölkələri,
İran vətəndaşları üçün viza rejimini
aradan qaldırsın və eyni zamanda Azərbaycanda
böyük bir araşdırılma aparılsın ki, niyə
turistlər Azərbaycana gəlməkdən imtina edirlər?
Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin
artması ilə bağlıdır. Təyyarə biletləri
bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində
qiymətlər həddindən artıq bahadır və Azərbaycanda
ucuz otellər yoxdur. Ona görə də bu, turistlərin
sayına birbaşa təsir edir. Yəni hesab etmirəm ki,
büdcə hesabına biz otelləri bu formada beynəlxalq tədbirləri
keçirməklə dəstəkləməliyik”.
Təsadüfi deyil ki, xaricə gedənlərin
sayında da azalma var. Sərhədlər bağlı
olduğundan, təyyarə ilə xarici səfərlərə
çoxlarının maddi imkanı
çatmadığından insanlar yay tətili günlərini
də ölkə daxilində keçirməyə
üstünlük verdilər. Ölkə daxilində isə
turizmin yüksək qiymətləri diqqət çəkir.
Adamlar rayonlardan bir meçə gündən artıq istirahət
eləyə bilmirlər. Çünki otellər, hətta
şəxsi kirayə evlər əhalinin gəlirləri ilə
müqayisədə çox yüksəkdir. Müşahidələrimizə
görə, 1 nəfərin gündəlik turizm xərcləri
ortalama 150-200 manatdır. Bu xərclə orta gəliri olan azərbaycanlı
Quba, Qəbələ, Göygöl və s. turizm bölgələrində
1 həftə, 10 gün necə istirahət eləsin?
Pandemiya Azərbaycanda turizmə böyük zərbə
vurdu. Ölkədə turizm hələ də özünə
gələ bilməyib, pandemiyadan əvvəlki dövrün rəqəmlərinə
çatmamışıq. Belə ki, 2019-cu ildə respublikaya
3 milyondan artıq turist gəlsə də, bu rəqəm
keçən il hələ 2 milyona çatıb.
Regionlarda hələ də qiymətlər yüksək,
xidmətlərin kefiyyəti aşağıdır. Quru sərhədlərinin
bağlı olması səbəbindən insanlar ölkə
daxilində istirahət etməyə üstünlük verirlər.
Bahalı təyyarə bileti alıb, yayı xaricdə
keçirmək hər adamın cibinə və imkanlarına
uyğun deyil. Kasıblar yayı evində keçirir, orta təbəqə
isə ölkə daxilində turizmin imkanlarından
yararlanmağa çalışır. Aviabiletlərin fantastik
qiymətləri şəraitində Azərbaycanın bölgələrində
istirahətdən başqa alternativimiz də yoxdur.
Regionlarda bu il də qiymətlər əlverişli
deyil. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər
dəyişir. Xidmətin keyfiyyəti də
aşağıdır. Sezon vaxtında maksimum qazanc əldə
etmək əsas hədəfdir. Bizdə turizm hələ də
mövzümü xarakter daşıyır, ilboyu davam edən
turizm formalaşmır. Bunda həm sahibkarların
günahı var, həm də əhalinin gəlirlərinin
turizmə pul xərcləmək üçün yetərli
olmamasının. Sahibkarlar yay aylarında sanki turistləri
soymağa girişirlər, müştəri məmnunluğu,
növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək
strategiyaları yoxdur.
Ümid Qarabağda turizmin inkişafı nəticəsində
rəqabət mühitinin yaranmasınadır. Buna isə vaxt
lazımdır. İşğaldan azad olunmuş ərazilərdə
bərpa və quruculuq işlərinə böyük vəsaitlər
tələb olunur. Hələlik Qarabağda əsas investor
dövlətdir. Hökumət Qarabağda hazırda əsas
diqqətini daha çox infrastruktur layihələrinə
yönəldib. Çünki müasir infrastruktur olmadan
sahibkarları regiona cəlb etmək mümkün deyil.
Bizim Dövlət Turizm Agentliyi isə hələ
xarici təcrübəni öyrənir. 1-2 dekabr tarixlərində
Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin
turizm idarəetməsi, dayanıqlı turizm siyasəti, kənd
və aqroturizmin inkişafı, həmçinin turizm və
rekreasiya zonalarının planlaşdırılması sahəsində
təcrübələrin öyrənilməsi məqsədilə
Türkiyənin Antalya şəhərinə işgüzar səfəri
baş tutub. Səfər çərçivəsində
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin
müvafiq qurumları və Türkiyə Turizm Təbliğat
və İnkişaf Agentliyi tərəfindən məlumatlandırma
sessiyaları təşkil edilib, Türkiyədə turizmin
qanunvericilik çərçivəsi, turizm və rekreasiya mərkəzləri,
turistik bölgələrdə dayanıqlı idarəetmə
modelləri, iqlim dəyişikliyinə adaptasiya tədbirləri,
yaşıl destinasiya modelinin tətbiqi və ekoturizm fəaliyyətləri
üzrə təqdimatlar edilib. Nümayəndə heyətinin
BMT Turizm Təşkilatı tərəfindən “Ən yaxşı
turizm kəndləri” siyahısına daxil edilmiş Ormana kəndinə
səfəri təşkil edilib, icma yönümlü idarəetmə
modeli, ənənəvi kənd həyatının
qorunması istiqamətində tətbiq edilən metodlar
haqqında məlumat verilib. Eləcə də Belek Mədəniyyət
və Turizm Mühafizə və İnkişaf Zonasında
turizmin planlaşdırılması və sahilyanı turizm
infrastrukturunun idarə olunması ilə bağlı təcrübə
ilə tanışlıq olub. Keçirilən
görüşlərdə qeyd olunan istiqamətlərdə əməkdaşlığın
davam etdirilməsi, turizm sahəsində bilik və təcrübə
mübadiləsinin vacibliyi vurğulanıb...
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.12.