Zəngəzur dəhlizi Mərkəzi Asiyanı
Avropaya yaxınlaşdırır
Vaşinqtonda Azərbaycan və Ermənistan
arasında imzalanan sazişdən sonra Cənubi Qafqazda yaranan
yeni siyasi reallıq regional və qlobal müstəvidə
mühüm geostrateji dəyişikliklərə yol
açıb. Bu proseslərin mərkəzində isə Zəngəzur
dəhlizinin açılması məsələsi dayanır.
Siyasi və iqtisadi ekspertlər hesab edirlər ki, dəhlizin
reallaşması yalnız Azərbaycan və Ermənistan
üçün deyil, bütün Türk Dövlətləri,
Mərkəzi Asiya regionu və Avropa üçün yeni nəqliyyat,
ticarət və enerji imkanları yaradacaq.
Dəhliz region üçün açardır
Milli Məclisin deputatı Əli Məsimli söyləyib
ki, Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda
gedən siyasi proseslər regionun gələcək inkişaf
trayektoriyasını müəyyən edən əsas amillərdən
birinə çevrilib.
Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan
və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh və
dövlətlərarası münasibətlərin təsis
olunması haqqında Sazişdən sonra Zəngəzur dəhlizinin
açılması məsələsi daha da
aktuallaşıb: “Üçtərəfli Birgə Bəyanmanın
əsas müddəalarından biri olan nəqliyyat-kommunikasiya
xətlərinin açılması regional sabitlik və
inteqrasiyanın mühüm elementidir. Sülh sazişinin
siyasi niyyət yox, artıq real gündəm mövzusuna
çevrilməsi Zəngəzur dəhlizinin
açılması ehtimallarını gücləndirib. Bu dəhlizin
açılmasını həm beynəlxalq ictimaiyyət
müsbət qarşılayır, həm də qlobal güclər
bunun zəruriliyini qəbul edirlər. Zəngəzur dəhlizi
təkcə Azərbaycan üçün deyil,
bütövlükdə bölgə üçün yeni
strateji imkanlar yaradır”.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi
üç əsas müstəvidə-lokal, regional və beynəlxalq
səviyyədə böyük fayda verəcək: “İlk
növbədə, dəhliz Naxçıvanı nəqliyyat
blokadasından çıxaracaq, Türk Dünyası ilə əlaqələri
gücləndirəcək və Azərbaycanın strateji hədəflərinə
uyğun olaraq alternativ keçidi təmin edəcək. Bu,
regional yükdaşımaların genişlənməsi,
logistikanın inkişafı və tranzit gəlirlərinin
artması baxımından həm Azərbaycan, həm Ermənistan,
həm də Türkiyə üçün real iqtisadi
üstünlüklər yaradır. Zəngəzur dəhlizi
regional müstəvidə həm məsafəni, həm də
yükdaşımaların çatma müddətini əhəmiyyətli
dərəcədə azaldacaq, Naxçıvanla Azərbaycanın
digər bölgələri arasında dayanıqlı nəqliyyat
körpüsü formalaşdıracaq. Dəhliz, eyni zamanda,
Çin və Orta Asiya ölkələrinin Azərbaycan–Türkiyə
xətti ilə Avropaya çıxışını
asanlaşdıraraq ölkəmizi Şərq-Qərb ticarət
marşrutunun daha da vacib iştirakçısına çevirəcək”.
Əli Məsimli əlavə edib ki, bu yol həm də
Azərbaycanın İkinci Qarabağ müharibəsindən
sonra formalaşdırdığı yeni geosiyasi
reallıqların möhkəmləndirilməsinə xidmət
edir: “Çindən Avropaya yönələn yük
axınlarının getdikcə daha çox Azərbaycan
üzərindən daşınması gözlənilir. Son illər
Aralıq dənizi üzrə Azərbaycan vasitəsilə
yükdaşımaların həcminin iki dəfəyə
yaxın artdıb.Zəngəzur dəhlizi işə
düşərsə, Azərbaycan ərazisindən
Bakı–Tbilisi–Qarsla yanaşı ikinci strateji nəqliyyat xətti
də keçəcək. Bu isə əlavə yük həcmləri,
tranzit gəlirləri və ölkəmizin logistik mərkəz
kimi mövqeyinin daha da güclənməsi deməkdir.
Çin də bu marşrutdan istifadə etməyə
maraqlı olacaq”.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin
açılması nəinki regional əməkdaşlıq
üçün yeni səhifə açır, həm də
Azərbaycanın iqtisadi, siyasi və geostrateji mövqelərini
daha da möhkəmləndirir”.
Mərkəzi Asiya üçün yeni ticarət
imkanı
İqtisadçı ekspert Xalid Kərimli
vurğulayıb ki, Mərkəzi Asiya ölkələri
üçün həm idxal, həm də ixrac əməliyyatlarında
yeni və daha təhlükəsiz marşrutların
açılması real perspektiv olaraq gündəmdədir.
Ekspertin sözlərinə görə, bölgədə
yaranan yeni nəqliyyat imkanları xüsusilə Türkiyə
və Avropa ilə ticarətin genişlənməsinə ciddi
töhfə verə bilər: “Hazırda Mərkəzi Asiya
ölkələrinin yerləşdiyi coğrafi mövqe Şərq–Qərb
nəqliyyat dəhlizinin mərkəzində dayanır. Bu dəhlizin
mühüm istiqamətlərindən biri isə Zəngəzur
dəhlizidir. Dəhliz açılacağı təqdirdə
region ölkələri mallarının daşınmasında
həm dəmir yolu, həm də avtomobil yolu xətti vasitəsilə
daha sürətli və sərfəli kanaldan istifadə edə
biləcəklər. Mərkəzi Asiya dövlətlərinin
hazırkı ticarət çıxışları əsasən
İran və Rusiya üzərindən təmin olunur. Lakin bu ölkələrin
qeyri-sabit siyasi mühiti və Qərblə yaşanan
qarşıdurmalar alternativ marşrutlara olan ehtiyacı
artırır. İran və Rusiya beynəlxalq ticari münasibətlərdə
sabitlik baxımından riskli tərəfdaşlardır. Ona
görə də Mərkəzi Asiya üçün
etibarlı və dayanıqlı alternativ marşrutun
açılması strateji əhəmiyyət
daşıyır. Zəngəzur dəhlizi bu baxımdan ən
real və ən sərfəli variantdır.”
Ekspert bildirib ki, yeni dəhlizin işə düşməsi
regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və
Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara
çıxışını daha da genişləndirəcək:
“Bu marşrut təkcə nəqliyyat xətti deyil, həm də
iqtisadi təhlükəsizliyin təmin olunması
baxımından mühüm layihədir. Mərkəzi Asiya
dövlətləri üçün həm ixrac, həm də
idxalda yeni imkanlar açacaq.”
Günel Elxan
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.3.