Azərbaycan torpaqlarını ayıran müqavilə
- Türkmənçay müqaviləsi
1828-ci il fevralın 10-da qədim Azərbaycan şəhəri
olan Təbriz yaxınlığında Türkmənçay kəndində
çar Rusiyası və Qacarlar dövləti arasında ədalətsiz
və separat müqavilə imzalandı. Azərbaycan
xalqının qan yaddaşına Türkmənçay faciəsi
kimi həkk olunan bu müqavilə işğalçı
imperiya olan çar Rusiyasının tarixi
torpaqlarımızı zəbt etməsindən sonra
imzalandı. Bu müqavilə Azərbaycan torpaqları
uğrunda gedən İkinci Rusiya-Qacar müharibəsinə
son qoydu. Ölkəmizin ərazi bütövlüyü məhz
bu müqavilə nəticəsində pozuldu.
Rusiyanın Cənubi Qafqazda
işğalçılıq siyasətini həyata keçirməsi
məqsədilə apardığı müharibələr nəticəsində
imzalanan Gülüstan müqaviləsindən (1813) sonrakı
dövrdə Rusiya-Qacarlar dövləti arasında münasibətlərin
kəskinləşməsi yeni müharibəyə gətirib
çıxardı. 1826-cı ilin iyulunda Qacarlar dövlətinin
ordusu Arazı keçərək, Şuşanı mühasirəyə
aldı, lakin səhər təslim olmadı. İyulun 26-da
Salyan tutuldu. Sentyabr ayınadək Talış, Şirvan,
Şəki, Qarabağ əyalətləri və Yelizavetpol (Gəncə)
dairəsi ələ keçirildi. Bundan sonra Rusiya əks tədbirlər
gördü, Şəmkir, Gəncə və başqa
döyüşlərdə qələbə çaldı,
itirilən mövqelər geri qaytarıldı. 1827 ilin
fevralınadək ciddi döyüşlər baş vermədi.
Müharibə ilə əlaqədar Rusiyanın
1826-cı il sentyabrın 16-da elan etdiyi “Bəyannamə”də
gələcək sülh müqaviləsinin əsas müddəaları
ümumi şəkildə şərh olunmuşdu.
Sülh haqqında ilkin danışıqlara Qacarlar
dövləti tərəfindən cəhdlər bir nəticə
verməmişdi. Buna görə də rus qoşunları yeni
hücuma başlamış, 1827-ci il iyunun 26-da
Naxçıvan tutulmuş, iyulun 7-də Abbasabad qalası təslim
olmuşdu. İyulda danışıqlar yenidən
başlanmışdı. Osmanlı dövləti ilə
müharibə təhlükəsi artdığına görə,
Rusiya sülh bağlanmasını sürətləndirməyə
can atırdı. Lakin bu niyyətdən bir nəticə hasil
olmadığına görə, Qafqaz ordusunun yeni baş
komandanı İ.F.Paskeviç 1827-ci il oktyabrın 1-də
İrəvanı tutdu. 1826-cı ilin sonunda Cənubi Azərbaycan
torpaqlarına daxil olan rus qoşunları həmin istiqamətdə
hücumu genişləndirdilər. 1827-ci il oktyabrın 13-də
Təbriz tutuldu. 1827-ci il noyabrında Dehqarqanda yenidən
danışıqlar başladı.
Təzminat məsələsində bəzi ciddi
narazılıqlar 1828-ci il yanvarın 7-də
danışıqların kəsilməsinə gətirib
çıxardı. Buna görə də rus qoşunları
yenidən hücuma keçməklə, Qacarlar dövlətinə
təzyiqi gücləndirdilər. Yanvarın 28-də Urmiya,
fevralın 8-də Ərdəbil tutuldu. Bu vəziyyət
müqavilə bağlanmasını sürətləndirdi.
1828-ci il fevralın 9-dan 10-na keçən gecə Miyanə
şəhərindən 33 km. şimal-qərbdə olan
Türkmənçay kəndində müqavilə imzalandı.
Müqavilə 16 maddədən ibarət idi. 1-ci maddədə
tərəflər arasında “bundan sonra əbədi sülh,
dostluq və tam razılıq” olacağı bildirilirdi; 2-ci
maddə Gülüstan müqaviləsi üzrə
qarşılıqlı təəhhüdlərin başa
çatdığını və onun Türkmənçay
müqaviləsilə əvəz olunduğunu təsdiq edirdi;
3-cü maddə ilə Qacarlar dövləti, İrəvan və
Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə
getdiyini etiraf edirdi; 4-cü maddə sərhədləri müəyyənləşdirirdi:
“Qafqaz sıra dağları və Xəzər dənizi
arasında yerləşən bütün torpaqların və
bütüm adaların... Rusiya imperiyasına məxsus
olduğu tanındı. Müqaviləyə görə,
Rusiyaya iyirmi milyon gümüş manat təzminat verilməli
idi (6-cı maddə). Gülüstan müqaviləsində
olduğu kımi yenə də Xəzər dənizində
yalnız Rusiya hərbi donanma saxlaya bilərdi (8-cı maddə).
12-15-ci maddələr ermənilərin Azərbaycan
xanlıqlarının ərazilərinə
köçürülməsinə, onlara tanınan imtiyazlara,
əsirlərin qaytarılması və başqa məsələlərə
həsr edilmişdi.
Türkmənçay müqaviləsinə əsasən,
əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə
hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində
bir çox erməni ailələri Qarabağ və İrəvan
xanlıqlarına köçdülər. Həm
1804-1813-cü və 1826-1828-ci illər Rusiya-Qacarlar dövləti
müharibələrinin gedişində, həm də sonralar
ermənilərin böyük kütlələrinin Cənubi
Azərbaycandan Cənubi Qafqaza, o cümlədən də
Qarabağa köçürülməsi nəticəsində
onların sayı ilbəil artırdı. Təkcə
1826-1828-ci illər Rus-Qacarlar dövləti müharibəsinin
gedişində Azərbaycanın cənub ərazilərindən
Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni
ailəsi köçürüldü. Türkmənçay
müqaviləsinə görə, ermənilərin maneəsiz
olaraq Cənubi Azərbaycan ərazisindən Rusiya ərazisinə
köçməsinə icazə verilmişdi. İki il ərzində,
1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən
çox Cənubi Azərbaycan və 84000 Türkiyə ermənisi
köçürüldü və onlar erməni əhalisinin
cüzi olduğu Gəncə, Qarabağ və İrəvan
xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi,
onlara 200000 desyatindən çox xəzinə torpağı
ayrıldı.
AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Ramin Əlizadə AzərTAC-a bildirib ki, Türkmənçay
müqaviləsinin üçüncü, dördüncü və
beşinci maddələri Azərbaycanın tarixi
torpaqlarının bölüşdürülməsi və sərhəd
xətti ilə ayrılmasını nəzərdə tuturdu.
Müqavilənin ikinci maddəsi yeni coğrafi istilahlar olan
Şimali və Cənubi Azərbaycan ifadələrinin meydana
gəlməsinə səbəb oldu. Bu müqavilənin on
beşinci maddəsi ermənilərin Qacarlar dövlətinin ərazisindən
çar Rusiyasının işğal etdiyi Araz çayından
şimalda yerləşən Azərbaycan torpaqlarına
köçürülməsini nəzərdə tuturdu. Nəticədə
Qafqaz regionu üçün yadelli etnik ünsür olan ermənilər
Qarabağ, İrəvan, Borçalı və İrəvan ərazilərinə
köçürüldülər.
Azərbaycan xalqının tarixində Türkmənçay
müqaviləsi hansı ağır nəticələrə gətirib
çıxardı? Bu müqavilədən sonra Qafqazın
geosiyasi vəziyyətini necə dəyişdi? Əvvəlcə
qeyd edək ki, bu müqavilə nəticəsində Azərbaycanın
tarixi torpaqlarının bölüşdürülməsi
onun tarixi-coğrafi sərhədlərinin kiçildilməsi
ilə nəticələndi. İşğalçı
imperiyaların qeyri-qanuni olaraq tarixi torpaqlarımızı
öz aralarında bölüşdürmələri, əslində,
beynəlxalq hüququn pozulması deməkdir.
Azərbaycan tarixində Gülüstan müqaviləsindən
sonra ən ağır şərtli müqavilə olan
Türkmənçay müqaviləsinin iki mühüm faciəli
nəticəsi oldu. Bunlardan birincisi Azərbaycanın tarixi
torpaqlarının iki hissəyə - Şimali və Cənubi
Azərbaycana bölünməsi, ikincisi isə çar
Rusiyası tərəfindən Azərbaycan türkünün
əzəli yurd yerləri olan torpaqlara ermənilərin
köçürülməsi. Ermənilər 1978-ci ildə
Ağdərədə “Marağa-150” sözləri
yazılmış park saldılar. Bu parkın adı
onların özləri tərəfindən Qarabağa 150 il əvvəl,
yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən
sonra köçürüldüklərini etiraf etmələrini
sübut edirdi. 1988-ci ildə isə ermənilər tarixi həqiqəti
ört-basdır etmək üçün bu parkın
girişindəki sözləri pozaraq parkı
dağıtdılar.
Müqavilələrin hüquqi qüvvəsi və
müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş
Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm
də Türkmənçay müqavilələri hazırda
qüvvədə olmayan və heç bir hüquqi məsuliyyəti
əks etdirməyən müqavilələrdir. Etibarlı
tarixi mənbələr və qədim xəritələr də
bir daha təsdiq edir ki, Araz çayının şimalında
da, cənubunda da yaşayan Azərbaycan xalqı öz tarixi
torpaqlarında min illər boyu vahid, qüdrətli dövlətçilik
ənənəsinə malik olub. 195 il bundan əvvəl
Türkmənçay müqaviləsini imzalayan çar
Rusiyası və Qacarlar dövləti bir əsr bundan əvvəl
süqut edib. Nə 1917-ci ilin oktyabrında V.İ.Leninin
çevriliş yolu ilə qurduğu bolşevik Rusiyası, nə
də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya
Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta
V.İ.Lenin sovet Rusiyasını qurduğu zaman özündən
əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin
çar dövrünə aid bütün öhdəliklərin,
borcların, müqavilələrin qüvvədən
düşdüyünü elan etdi. Müasir İran İslam
Cümhuriyyəti isə Qacarlar dövlətinin varisi deyil. Digər
tərəfdən Türkmənçay müqaviləsinin
birinci maddəsində nəzərdə tutulduğu kimi, bu
müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti
dövründə hüquqi qüvvəyə malik idi. Beləliklə,
tarixi gerçəkliyi əks etdirən hüquqi sənədlər,
eləcə də Türkmənçay müqaviləsinin
şərtləri bu müqavilənin ədalətsiz
olduğunu, işğalçı imperiya olan çar
Rusiyasının diktəsi ilə imzalandığını
bir daha təsdiq edir.
Türkmənçay müqaviləsindən sonra
tarixi Azərbaycan torpaqlarına köçürülən
ermənilər qısa müddətdən sonra regionda ilk etnik
münaqişələrin əsasını qoydular və Azərbaycan
türklərinə qarşı açıq düşmənçilik
mövqeyi tutdular. XX əsrin əvvəllərində Qafqaz
regionunda ilk soyqırımları da erməni daşnak terror dəstələri
Azərbaycan türklərinə qarşı törətdilər.
Həmişə öz havadarlarının himayəsinə
sığınan bu yadelli etnik ünsür son yüz ildə
dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü,
1988-1994-cü illərdə Azərbaycan türklərini əzəli
torpaqlarından deportasiyaya məruz qoymuş,
soyqırımları törətmiş, tarixi-mədəni
abidələrimizi məhv etmişlər. 2020-ci ilin
payızında 44 günlük Vətən müharibəsində
erməni faşizmi üzərində qazanılan böyük
Zəfər isə regionun gələcəyi üçün
vacib şərt olan təhlükəsizliyi təmin etdi. Nəticədə
müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi
Zəngəzuru azad etməklə, ölkəmizin ərazi
bütövlüyünü qorumaqla tarixi ədaləti bərpa
etdi və Qafqaz regionunda təhlükəsizliyin əsas təminatçısı
oldu.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 6 fevral(№5).- S.9.