Avropa İttifaqının kəşfiyyat missiyası
Azərbaycan tərəfi missiyanın fəaliyyətini
diqqətlə izləyir
Avropa İttifaqı (Aİ) Ermənistandakı
missiyasının (EUMA) mandatını daha iki il müddətinə
uzadıb.
Aİ Şurasının yanvarın 30-da
yaydığı məlumata görə, İttifaq ölkələri
EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək
uzadılması barədə razılıq əldə ediblər.
Müşahidə missiyasına bu dövr üçün 44
milyon avrodan çox büdcə ayrılıb.
“EUMA Avropa İttifaqının regionda sülh və
sabitliyin dəstəklənməsi səylərinin
mühüm tərkib hissəsidir. Missiyanın məqsədi
yerdəki vəziyyəti müşahidə etmək və
hesabat vermək, münaqişədən təsirlənmiş
ərazilərdə insanların təhlükəsizliyinə
töhfə vermək, mümkün olduqca Ermənistan və
Azərbaycan arasında etimadın yaradılmasına dəstək
verməkdir”, məlumatda bildirilir.
Aİ Şurası həmçinin missiyanın vəzifələrinin
dəyişməz olaraq qaldığını bildirib,
EUMA-nın silahsız mülki missiya olduğunu və belə
də qalacağını əlavə edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
missiyanın mandatının uzadılmasını
alqışlayıb.
“Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu
sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini
və iştirakını yüksək qiymətləndiririk”,
Mirzoyan X sosial şəbəkəsində yazıb.
Lakin bu missiyanın kəşfiyyat xarakter
daşıdığı ortadadır. EUMA-nın bölgədə
vəziyyəti gərginləşdirməyə xidmət
etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi
kimi geniş şəkildə istifadə olunduğu
faktdır.
Hələ Azərbaycan Prezidenti İlham Əliyev
yanvarın 7-də yerli televiziyalara müsahibəsində
Aİ-nin missiyasının müddətinin
uzadılmasının etimadı möhkəmləndirmədiyini,
əksinə, sarsıtdığını vurğulayıb.
“Bizimlə heç bir razılıq olmadan onlar nəinki
bu missiyanın müddətini uzatdılar, sayını
artırdılar, həm də Avropa İttifaqının
üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə
etimadı qırdılar. Sonra, necə deyərlər, bu
binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi
geyim və çəkmələr geyinir və oraya hansısa
döyüşçülər kimi gedirlər”, Əliyev
deyib.
Brüssel müşahidə missiyasının sərhədin
Azərbaycan hissəsinə yerləşdirilməsini təklif
etsə də, Bakı bunu rədd edib. Bakı həmçinin
missiyanın mandatın uzadılması ilə bağlı təklifləri
də rədd edib.
2022-ci ilin dekabrında Ermənistanın xarici işlər
naziri Avropa İttifaqını bu ölkəyə mülki
missiya göndərməyə dəvət edib. Aİ
Şurası 2023-cü ilin yanvarında İrəvanın dəvətinə
müsbət cavab verib və Aİ-nin Ermənistandakı
missiyası 2023-cü il fevralın 20-də hazırkı iki
illik mandatına başlayıb.
Aİ missiyanın məqsədinin guya bölgədə
sabitliyə və etimad quruculuğuna töhfə vermək,
Ermənistanla Azərbaycan arasında normallaşma səyləri
üçün əlverişli mühiti təmin etmək
olduğunu qeyd edib.
Beləliklə, Aİ-nin Müşahidə
Missiyasının regionda qalma müddəti rəsmi
Bakının və digər region ölkələrinin
razılığı alınmadan yenə uzadılır. Bu isə
Avropa İttifaqının regionda yerləşmək,
mövcudluğunu qalıcı etmək niyyəti
güddüyünü göstərir. Ən əsası,
region üçün kənar qüvvə olan Avropa
İttifaqı Müşahidə Missiyasının 2027-ci ilə
qədər bölgədə qalması XİN
başçıları səviyyəsində təsdiqlənsə,
bu, sülh danışıqları prosesinə ağır zərbə
olacaq.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki,
Azərbaycanla Ermənistan arasında müzakirəsi
davam etdirilən sülh sazişi layihəsində
razılaşdırılmamış iki maddədən birinin
məhz sərhəddəki üçüncü qüvvələrlə
bağlı olduğu hər kəsə məlumdur. İndiki
məqamda isə həmin "üçüncü qüvvə"
rolunda çıxış edən əsas tərəf isə
Avropa İttifaqının (Aİ) Azərbaycan – Ermənistan şərti
sərhədinin Ermənistana aid hissəsində fəaliyyət
göstərən dırnaqarası "mülki"
müşahidə missiyasıdır.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev
çıxış və müsahibələrində dəfələrlə
bildirib ki, Aİ-nin sözügedən yarımhərbi
müşahidəçiləri sərhəd bölgəsindən
çıxarılmalıdır. Lakin əfsuslar olsun ki, həm
Brüssel, həm də İrəvan Ermənistan
üçün "təhlükəsizlik çətiri"
kimi nəzərdə tutulan Aİ missiyasının müddətinin
uzadılması xəttini seçdilər: "Avropa
İttifaqı ölkələrinin səfirlərinin ötən
gün Brüsseldə keçirilən toplantısında
qurumun Ermənistandakı müşahidəçi
missiyasının müddətinin uzadılmasına qərar
verilib. Missiyanın daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda
qalması layihəsi təsdiq edilib. Bununla bağlı
yayılan rəsmi açıqlamada bildirilir ki, missiyanın
müşahidə zonası Naxçıvan bölməsi də
daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi
boyunca uzanacaq. Bu da o deməkdir ki, Aİ-nin casus
missiyasının tez-tez durbinlərlə müşahidə
etdiyi sərhədlərimiz boyunca Ermənistan ordusunun təxribatları
bundan sonra da davam edəcək. Deməli, qarşıdakı
iki il ərzində yekun sülh sazişinin imzalanması da yenə
də ləngidiləcək və sabotaj ediləcək".
Onun sözlərinə görə, Aİ-nin mülki
missiyası sülhyaratma missiyası deyil, sabotaj missiyası
rolunda çıxış edir. Bu baxımdan, Aİ
missiyasının fəaliyyət müddətinin daha 2 il
uzadılması sözsüz ki, Azərbaycan-Ermənistan
normallaşma prosesinə mənfi təsir göstərəcək
və sülh danışıqlarını tormozlayacaq.
Sülh danışıqları süründürməçi
prosesə çevriləcək. Rəsmi İrəvan buna getməməliydi.
Çünki regionda kənar oyunçuların
mövcudluğu sülhə yox, eskalasiyaya zəmin yaradır.
Ermənistan rəhbərliyi Aİ-nin qeyri-qanuni missiyasını
prosesə cəlb etmək əvəzinə, Azərbaycanla
birbaşa danışıqlar prosesinə üstünlük
verməli, ikitərəfli format üçün etimad
mühiti yaratmalıdır:
"Üçüncü tərəflərin
sülh prosesinə fayda verməyəcəyi artıq tam bəllidir.
Ona görə də rəsmi Bakı haqlı olaraq Aİ missiyasının
müddətinin uzadılmasını qəbuledilməz hesab
edir. Ermənistan Brüsselin bu qərarına "yox!" deməməklə
sülh prosesinə növbəti dəfə ağır zərbə
vurdu. Bu səhvin bədəlini də Ermənistan özü
ödəyəcək".
Politoloq Elşən Manafov isə deyib ki, Ermənistan
Avropa İttifaqının məlum komissiyasının Azərbaycanla
həmsərhəd bölgələrdə monitorinq
keçirməsini tərəflər arasında münasibətlərdə
etimada, sərhəd bölgəsində təhlükəsizliyin
təmin edilməsinə xidmət etdiyini bəyan edir, rəsmi
Bakı isə fürqli düşünür: “Əvvəla,
erməni tərəfi Aİ mülki müşahidəçi
missiyasının mandat müddətini birtərəfli şəkildə,
qarşı tərəflə razılaşdırmadan
uzatmışdır, bu müddət 2025-ci ilin yanvarında
başa çatırdı. Rəsmi Bakı mandat niqabı
altında fəaliyyət göstərən bu missiyanın Azərbaycanla
həmsərhəd bölgələrdə kəşfiyyat
materialları topladığını, casusluq işi ilə məşğul
olduğunu düşünür. Azərbaycanın sərhəddə
təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi
ilə gördüyü tədbirlər Aİ müşahidə
missiyasi tərəfindən izlənilir, əldə edilmiş
kəşfiyyat məlumatlarının isə Ermənistanın
və Qərbin xususi xidmət orqanlarına öturulmələri
istisna edilə bilməz”.
Politoloq Mirsamir Məmmədovun fikrincə, Avropa
İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi
artırmaq məqsədilə yerləşdirilib. Azərbaycan
haqlı olaraq bu dırnaqarası mülki missiyasının sərhəddə
yerləşməsinin əleyhinədir.
Ümumiyyətlə, Aİ missiyasının bu
addımlarının əsas səbəbkarı rəsmi
İrəvandır. Ermənistan hakimiyyəti bu cür
addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə
çalışır. Digər tərəfdən, Ermənistanda
müəyyən kəsim Avropa İttifaqının
missiyasından narazılıq edir. Çünki Ermənistanın
təhlükəsizliyinin təmin edilməsi adı altında
Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik,
kəşfiyyat məlumatları toplayır. Erməni
müxalifəti isə Aİ ilə Ermənistan arasında
indiyə qədər heç bir hüquqi baza, ikitərəfli
razılaşma olmadığı faktını qabardır. O,
qeyd edib ki, Avropa İttifaqının “mülki missiya”sı bu
regiona gərginliyi artırmaq məqsədilə yerləşdirilib.
Azərbaycan haqlı olaraq bu dırnaqarası mülki missiyasının
sərhəddə yerləşməsinin əleyhinədir.
Dövlətimizin başçısı da bəyan edib ki,
Avropa müşahidəçiləri pərdəsi altında
bizimlə Ermənistan sərhədində NATO tərəfindən
infrastruktur yaradılıb. Məlumdur ki, həmin missiya sərhəddə
kəşfiyyat məqsədilə fəaliyyət göstərir
və təxribatlar törədir.
Onu da qeyd edək ki, Avropa İttifaqının (Aİ)
Ermənistandakı müşahidə missiyasının Azərbaycanla
şərti sərhəddə avantürist addımları
davam edir.
Bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla
Azərbaycan arasındakı şərti sərhədə
yerləşdirilən Aİ missiyasının üzvləri
durbinlə Azərbaycan ərazilərini müşahidə
ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini
diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə
bağlı dəfələrlə narazılığını
bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət
göstərdiyini bəyan edib.
Beləliklə də Aİ Ermənistanı
açıq şəkildə müdafiə etməklə, hərbi
potensialını möhkəmləndirməyə
çalışmaqla mövcud vəziyyəti daha da çətinləşdirir,
destruktib hərəkətləri ilə bölgədə
sülhün əldə olunmasına mane olur. Bununla da Aİ
revanşist erməni qüvvələrin faəliyyətinə
rəvac verir. Ermənistanda yerləşdirilən Avropa
İttifaqının “sülh missiyası” isə anti-sülh fəaliyyəti
ilə gündəmdədir. Missiya açıq şəkildə
anti-Azərbaycan bəyanatlar səsləndirir, Azərbaycan sərhədlərini
nəzarət altında saxlamağa çalışır. Bu
missiyanın arxasında heç də saf niyyət
dayanmır.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 6 fevral(№5).- S.8.