“SİYASƏTLƏ
MƏŞĞUL OLMAQ MƏNİ HƏDSİZ YORUB” – “Yəqin
ki, parlamentdə də artıq mənim üçün
axırıncı müddətdir”
Ədalət, Hüquq və Demokratiya
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə
60 illik yubileyi ərəfəsində görüşüb
müsahibə aldıq. Q.Həsənquliyev “AzPolitika”-nın
Azərbaycandakı mövcud ictimai-siyasi, sosial durum, problemlərdən
çıxış yolları, ölkənin xarici siyasəti
və beynəlxalq gündəmin aktual mövzuları ilə
bağlı suallarını cavablandırdı.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, yubileyinizi təbrik edirik. Elə
buradan başlayaq, Azərbaycanda ömrünün böyük
bir hissəsini siyasətə həsr edən siyasətçi
üçün 60 yaş nə deməkdir?
- İnsanlar çox vaxt yaşın gətirdiyi
problemlərdən danışmaq istəmirlər. Allah
Əbülfəz Elçibəyə rəhmət eləsin.
O, deyirdi ki, “insan yaşlandıqca müdrikləşir”, amma
yaşlandıqca insanın səhhətində problemlər də
yaranır, insan yorulur. Müdriklik insana xas olan bir keyfiyyət
kimi ancaq yaşla gəlir. İstedadlı, çox oxuyub
bilikli ola bilərsən, amma müdrik olmaq üçün
mütləq müəyyən bir yaşa çatmalısan. Məni
siyasətə tale gətirdi. Əslində, orta məktəbdə
oxuyanda prokuror olmaq arzusundaydım. Xalq hərəkatı
başladı və ondan kənarda durmaq sadəcə
mümkün deyildi.
Şərqi Sibirdə hərbi xidməti başa
vurandan sonra Sverdlovsk Hüquq Universitetində ali təhsil almaq
istədim, amma sənədlərimi qəbul etmədilər
ki, SSRİ Təhsil Nazirliyinin əmri var, Qafqazdan olanların
sənədlərini götürmək olmaz. Başa
düşdüm ki, biz ikinci növ müstəmləkə
xalqıyıq. Ona görə BDU-da Xalq Cəbhəsinin
şöbəsini yaradan təşəbbüs qrupunun, sonra isə
İdarə Heyətinin üzvü oldum. Bakının 12 ali məktəbinin
ictimai fəal tələbələrini birləşdirən
Şimali Azərbaycan Azad Tələbə
İttifaqının sədri seçildim. Elçibəyin
AXC-də hüquq məsələləri üzrə
müşaviri oldum.
Demokratik ənənələrin tam
oturuşmadığı ölkədə uzun illər siyasətlə
məşğul olmaq məni hədsiz yorub. Partiyamızın
adını dəyişdiyimiz axırıncı
qurultayında bəyan etdim ki, növbəti qurultayda yeni sədr
seçmək haqqında düşünün. Allah ömür
və imkan versə, yəqin ki, parlamentdə də artıq mənin
üçün axırıncı müddətdir.
Çünki 65 yaş artıq pensiya yaşıdır. Siyasətdə
olduğum dövrdə dövlət müstəqilliyimizi
qazandıq, onu qoruyub saxlaya bildik, ən başlıcası
torpaqlarımızı işğaldan azad etdik, bütün ərazimizdə
dövlət suverenliyini bərpa etdik. İnşallah, tezliklə
Naxçıvana da maneəsiz gediş-gəlişi təmin
edərik. Qaldı bizim üçün siyasi əhdimiz,
şüarımız olan ədalətli cəmiyyət,
hüquqi dövlət qurmaq, demokratiyanı inkişaf etdirmək.
Bu, uzun zaman alan prosesdir. Bunun üçün gərək əhalinin
siyasi dünyagörüşü, elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin, iqtisadiyyatın inkişaf səviyyəsi,
insanların sosial vəziyyəti xeyli yüksələ və
cəmiyyətdə keyfiyyət dəyişikliyi baş verə,
əlverişli beynəlxalq şərait yarana.
- Resursların ən çox olan dövrü yəqin
ki, ömrün gənc yaşlarına təsadüf edir.
Potensialı realizə eləmək baxımından 60
yaşdan dönüb geriyə baxanda hansı mənzərə
var?
- Müstəqillik əldə etdikdən sonra
xalqımız ağrılı, acılı, keşməkeşli
bir həyat yaşadı. Torpaqlarımız işğal
olundu, minlərlə şəhid verdik, bir milyon vətəndaşımız
ev-eşiyindən qovuldu, qaçqın-köçkün həyatı
yaşamalı oldu. Ölkə vətəndaş müharibəsi
təhlükəsi ilə üzləşdi. Ona görə
ki, cəmiyyətimiz böyük demokratik dəyişikliklərə
hazır deyildi. Erməni separatizmi və işğalı
regionun və dünyanın böyük gücləri tərəfindən
dəstəklənirdi. Biz totalitar cəmiyyətdə
böyümüş, formalaşmışdıq. Bu cəmiyyətin
dağılmasıyla Qərb demokratiyasını Azərbaycana
gətirmək faktiki həlli mümkünsüz bir vəzifə
idi. Biz ona cəhd elədik, amma çox böyük
uğursuzluğa düçar olduq. Ona görə ki, insanlar
dövlət həyatı ilə bağlı məsuliyyəti
öz üzərinə götürmək istəmirdilər.
70 illik sovet dönəmində insanlarda totalitar cəmiyyətə
xas olan keyfiyyətlər yaranmışdı. İstəyirlər
ki, iqtidar qərar qəbul etsin və həmin qərara görə
də o özü məsuliyyət daşısın. Məsuliyyət
hissi qorxu yaradır və insanlar da qorxduqlarından dövlət
həyatı ilə bağlı məsuliyyəti öz üzərinə
götürmək istəmirdilər. Bunun üçün bir
dövr yaşamalıydıq. Bu dövrdə, əlbəttə,
hakimiyyət dəyişiklikləri baş verdi, hərbi
çevriliş cəhdləri oldu. Yəni, çox çətin
proseslərdən keçdik. Şükür Allaha, indi
açıq qeyd eləmək lazımdır, Heydər
Əliyevin böyük xidmətləri sayəsində
dövlət müstəqilliyini qoruyub saxlaya bildik və sonra
da İlham Əliyevin rəhbərliyi ilə ərazi
bütövlüyümüzü bərpa etdik. Amma yenə də
deyirəm, müstəqillikdən sonrakı illər çətin
bir dövr kimi yaddaşlarda qalacaq. Baxmayaraq ki, bu dövrdə,
Allah Heydər Əliyevə rəhmət eləsin, “Əsrin
müqaviləsi”ni imzaladı və bu gün də həmin
müqavilənin sayəsində insanlar nisbətən yüksək
maaş ala bilirlər. Bir çox abadlaşma işləri
görüldü, yollar çəkildi, binalar tikildi, Ordu
quruldu və s.
- Ölkənin siması dəyişdi...
- Bəli. Güclü, şaxələndirilmiş bir
iqtisadiyyat qura bilməsək də, müəyyən işlər
görüldü.
- Qüdrət bəy, 2003-cü ildən bəri 5 dəfə
prezidentliyə namizəd olmusunuz. Altı
çağırış da Milli Məclisə üzv
seçilmisiniz. Uzun illərdir, partiya sədrisiniz, taleyini sizə,
partiyaya bağlayan çoxlu insanlar var. Bəs həmin insanlar
ötən dövrdə nə qazandılar, nə əldə
etdilər?...
- Deməzdim mümkün olan hər şeyi, amma
çox şey qazandılar. Ölkəmizin əldə etdiyi
bütün uğurlarda onların da payı var. Birincisi,
partiya parlamentdə təmsil olundu, parlament tribunamız oldu.
İkincisi, sərgilədiyimiz siyasi mövqe ilə ortaya
alternativ ideyalar qoyduq. Seçkilərə qatılmaqla həmin
ideyaları cəmiyyətə çatdırdıq. Cəmiyyətin
maariflənməsində iştirak etdik və partiyanın
özünün mövcudluğunu qoruyub saxladıq. Bir təşkilat
kimi beynəlxalq əlaqələr qurduq, Azərbaycana olan
hücumların dəf edilməsində rol aldıq, bu prosesdə
iştirak elədik. Reallıqları bəzən
çılpaqlığı ilə insanlara deməkdən
çəkinmədik. Bu zaman bizdən çox narazı qalanlar
oldu. Təkcə daxildən yox, bizə həm də xarici
dövlətlərin, onların əlaltılarının
vasitəsilə təzyiqlər oldu. Prezidentin iradəsi
olmasaydı, qonşu dövlətlərin təzyiqi ilə
bizi çoxdan siyasi sistemdən sıxışdırıb
çıxarmışdılar. Bu günə qədər
siyasi sistemdə mövcudluğumuzu qoruyub saxlaya bilməyimiz
bizim və hər kəsin böyük uğurudur.
Axırıncı seçkilərdən sonra partiyadan iki nəfər
parlamentdə təmsil olunur. Məncə, bu özü də
bir uğurdu.
Ən böyük uğurumuz isə Qələbəmiz,
Qarabağın işğaldan azad olunmasıdır. Bizim
üçün əsas hədəf xalqımızın təhlükəsizliyi
və inkişafı olub. Hakimiyyəti həmin hədəflərə
çatmaq üçün vasitə saymışıq. Bizdən
fərqli olaraq başqaları hakimiyyətə gəlmək
üçün demokratik dəyərləri istismar ediblər,
gözdən salıblar. Baxın qardaş Türkiyəyə.
MHP hakimiyyət istəmədən Ərdoğanı
müdafiə edir, çünki anlayırlar ki, bu tarixi mərhələdə
onu dəyişmək olmaz. İlham Əliyevin bizim dəstəyimizə
ehtiyacı olmasa da, bütün ümummilli məsələlərdə,
ölkəmizə təzyiqlər olanda onu dəstəkləmişik.
Ölkədə daxili sabitliyin qorunub saxlanmasına ciddi
töhfə vermişik. Çünki belə qəbul
etmişik ki, hazırda Prezidenti qorumaq, elə Azərbaycanı
qorumaqdır. İstər Qərbin indiki təzyiqləri
zamanı, istər 2013-cü ildə Moskvadan qidalanan Rüstəm
İbrahimbəyov avantürası zamanı, istər
İrandan olan təzyiqlər zamanı partiyamız həmişə
öndə olub. Xalqımızı bir yumruq kimi kənar
müdaxilələrə qarşı Prezidentin ətrafında
birləşməyə çağırıb. Amma həm də
o zərurəti qəbul etmişik ki, inkişafımız
üçün parlamentdə müxalifət və fərqli
fikir olmalıdır. Əgər biz inkişaf etmək və
demokratik bir ölkə olmaq istəyiriksə.
İstədiyimiz mülki cəmiyyəti qurmaq
üçün həqiqətən də zamana ehtiyac var.
Geosiyasi və ölkə daxilindəki vəziyyət müəyyən
islahatları qaçılmaz edəndə, bu islahatlar da
aparılacaq.
- Qeyd etdiniz ki, ədalətli cəmiyyətin
qurulmasına hələ nail ola bilməmişik, xeyli problemlər
var. Bu yolda hansı zəruri addımlar atılmalıdır?
Onu da nəzərə alaq ki, geosiyasi vəziyyət dəyişir,
yeni çətinliklər yaranır, ölkənin
resursları azalır. Ölkənin həll olunmayan daxili
problemləri kifayət qədərdi. Bunların həlli
üçün yeni bir yol xəritəsi lazımdır.
Deputat həmkarınız Zahid Oruc deyir ki, yeni Konstitusiya qəbul
edilsin. Sizin təklifiniz nədir?
- Bizim partiya yarandığı vaxtdan ölkəmizin
gələcəyini parlamentli respublika modelində
görür. Bütün seçkilərdə bu platformadan
çıxış edirik ki, ölkədə parlamentli
respublika olsun. Bundan sonra dövlət hakimiyyətinin həyata
keçirilməsində ifrat mərkəzləşmədən
qaçmaq lazımdır. Biz çalışmalıyıq
ki, Azərbaycanda 15 region yaradılsın və hər regionun
özünün Məclisi olsun, orada seçki yolu ilə
25-35 nəfər arası yerli deputat təmsil olunsun. Onlar
regionun rəhbərini seçsin. Milli Məclisə
seçkilər proporsional seçki sistemi əsasında həyata
keçirilsin ki, çoxpartiyalı sistem inkişaf etsin.
Güclü məhkəmə hakimiyyəti olsun ki, mülkiyyət
toxunulmazlığına təminat verə bilsin. Belə olanda
biz ölkəyə investisiya da cəlb edə biləcəyik.
Öz sahibkarlarımız da ölkə iqtisadiyyatına pul
qoymaqdan çəkinməyəcək ki, sabah məmur
özbaşınalıqları ilə üz-üzə gələndə
məhkəmədə hüquqlarını qoruya bilsinlər.
Daha sonra dövlət əmlakının tamamilə özəlləşdirilməsini
təklif eləmişdik. Neft şirkəti daxil olmaqla,
bütün dövlət müəssisələri, xidmət
sahələri özəlləşdirilsin. İqtisadiyyatda
dövlətin rolu yalnız tənzimləyici xarakter
daşımalıdır. Dövlət bizneslə məşğul
olmamalıdır. Dövlət yalnız hamı
üçün bərabər şərait və rəqabət
mühiti yaratmalıdır. Proteksionizmin qarşısı
alınmalıdır. Biz təklif etdirik ki, yerli hakimiyyət
orqanlarına geniş səlahiyyətlər verilsin.
- Bəs hakimiyyətin bölünməsi priniplərində
hansı dəyişikliklərə ehtiyac var? Məsələn,
Prezidentin, Nazirlər Kabinetinin, Milli Məclisin...
- Mən qeyd etdim, biz parlamentli respublika tərəfdarıyıq.
Hazırda daxili intiriqalara baxmayaraq, hakimiyyət
güclüdür. Ölkədə sabitlik, ictimai asayiş
ciddi şəkildə qorunur. Prezidentə xalqın dəstəyi
var. Maliyyə ehtiyatlarımız mövcuddur, bu da çox
önəmlidir, xaricdən kreditlər cəlb etməyə zəmin
yaradır. İqtisadi islahatların ardınca idarəetmədə
də islahatlar həyata keçirmək olar. Bəzilərindən
fərqli olaraq mən hesab edirəm ki, birinci iqtisadi
islahatlardan başlamaq lazımdır. Daha sonra digər sahələrdə
islahatlar həyata keçirilməlidir.
- Yeri gəlmişkən, ötən ay Prezident maliyyə
nazirini vəzifədən azad edib, Baş nazirin müavini təyin
edib, bu posta isə hələ ki, təyinat yoxdur. Mətbuat
yazır ki, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti
və Maliyyə Nazirliyinin bəzi səlahiyyətlərinin
birləşdirildiyi Dövlət Gəlirləri Nazirliyi
yaradıla bilər. Eləcə də əmlak sektorunda fəaliyyət
göstərən qurumların vahid orqanda birləşdirilməsi
barədə xəbərlər yayılır. Bu adddımlar
atılarsa, indiki şəraitdə uğurlar əldə etmək
mümkündürmü?
- Hər bir halda təşəbbüskarlığı
mən çox yüksək qiymətləndirirəm. Yəni
biri var, heç nə eləməyəsən, sakit oturasan,
biri də var, təşəbbüskarlıq göstərirsən,
nələrisə dəyişirsən. Amma mənim şəxsi
yanaşmam bundan ibarətdir ki, dövlət aparatı
üçdə bir qədər kiçildilməlidir.
Dövlət əmlakı özəlləşdirilməsə
və əlverişli biznes mühiti yaradılmasa ciddi nəticələr
olmayacaq. İnkişaf etmiş xalqların təcrübəsi
də bunu göstərir. Bütün dövlət müəssisələrini,
metropoliteni, AZAL-ı, kommunal xidmət sahələrini,
universitetləri özəlləşdirməliyik. İndi deyəcəklər
ki, imkansız ailələrin uşaqları necə təhsil
alsınlar? Qəbul haqqında bir arayış təqdim etmək
yetərlidir ki, 25 il müddətinə faizsiz kredit
götürəsən. O kredit götürən uşaq da məcbur
olacaq ki, yaxşı oxusun, yaxşı mütəxəssis
olsun ki, krediti gələcəkdə ödəyə bilsin.
Dövlət bu yolla getsə, qısa müddətdə,
ölkənin potensialı çox böyük olduğundan,
ciddi nəticələr ortaya qoya bilərik.
- Bu yolla gediləcəyinə nə qədər
inanırsız?
- Təsadüfi hallarda hökumət
könüllü islahatlara gedir. Gərək şərait məcbur
etsin. Tramp dedi ki, neftin qiymətini 40 dollara salacaq. O, Səudiyyə
Ərəbistanına səfər edəcək, İsrailə
olduğu kimi, ona da təhlükəsizlik zəmanəti versə,
bu ola bilər. Bizim də büdcə gəlirləri əsasən
neftdən formalaşır. Neft sektorunda qiymətlər
düşsə, maliyyə sıxıntıları ilə
üz- üzə qalacağıq. Bunun üçün indidən
müəyyən addımlar atılmalıdır. - Azərbaycanın
hazırda yürütdüyü xarici siyasəti qısaca necə
xarakterizə etmək olar? Bizim əsas xəttimiz nədən
ibarətdir? - Hesab edirəm ki, biz Qərblə münasibətlərin
tam korlanmasına imkan verməməliyik və Prezident də bu
istiqamətdə səy göstərir. Ölkə
başçısı mediaya verdiyi açıqlamalarda dəfələrlə
bildirib ki, biz Qərb ölkələri ilə, ABŞ ilə
münasibətləri tənzimləməyə
hazırıq. Avropa Birliyinə gəlincə, Fransa Ermənistanın
müttəfiqi olaraq bu qurumda əsas söz sahiblərindən
biridir. Qərbin bizə münasibətinin dəyişməsi
Ermənistana görədir. Biz bilirik ki, onlar zaman-zaman Azərbaycanın
problemlər içərisində çabalayan, geridə
qalmış bir müsəlman ölkəsi olmasını istəyirdilər.
Çünki Azərbaycan güclənsə,
torpaqlarının 20 faizinin işğal altında olması ilə
barışmayacaqdı. Burada xristian həmrəyliyi faktoru da
var. Məsələn, Tramp seçkiqabağı
çıxışında dedi ki, orada xristianlar
sıxışdırılır, özü də
Qarabağı “artsax” adlandırdı. Qərbdə din faktoru
çox önəmlidir. 30 il ərzində torpaqlarımız
işğal altında olanda Fransa və ABŞ-də nə qədər
prezidentlər dəyişdi. Amma həmin dövlətlərin
münaqişəyə münasibəti dəyişmədi.
Çünki dəyişməz qalan bir faktor var - erməni
diasporu. Bunlar bəzilərini şantaj edir, bəzilərini
pulla ələ alır, bəzilərinə ictimai, siyasi dəstək
verirlər.
Belə olanda bir çox siyasətçilər fikirləşir
ki, tutaq ki, Azərbaycana görə mən niyə bu diaspor ilə
münasibətləri korlamalıyam, pis olmalıyam. Bizə
pis münasibət həm də qonşularımızla əlaqələrimizə
görədir. Əsas məsələ odur ki, Qərbdəki
tərəfdaşlarımızı inandıraq ki, Azərbaycanın
Rusiya ilə əməkdaşlığını
anlayışla qarşılasınlar. Rusiya da Azərbaycanın
Qərblə əməkdaşlığına normal
yanaşmalıdır. Rusiyada səkkiz türk respublikası
var, 20 milyondan artıq müsəlman, 2 milyona yaxın azərbaycanlı
yaşayır. Rusiya kənd təsərrüfatı məhsullarımız
üçün, əmək miqrantlarımız
üçün əsas bazardır, oradan Azərbaycana pul gəlir.
Ölkəmizdə sosial gərginliyin
yumşaldılmasında Rusiyanın böyük rolu var. Bu
faktorları biz gərək Qərb insanına
çatdıraq ki, bizim coğrafiyanın çətinliklərini
anlaya bilsinlər. Cəhd eləməliyik ki, həyati əhəmiyyət
daşımayan məsələlərdə Qərblə qarşıdurmadan
yayınaq.
- Qarşıdurmanı davam etdirmək
potensialımız nə qədərdir?
- Biz müdafiə olunuruq. Azərbaycan tək
özünə yox, müttəfiqlərinə də güvənir.
Türkiyə faktoru var. İnanırıq ki, Türkiyə
bizi heç vaxt yenidən tək buraxmaz. İnanırıq
ki, ikinci dəfə belə bir hal baş verməz. Türk
Dövlətləri Təşkilatı var, Rusiya ilə
müttəfiqlik münasibətlərinə dair saziş
imzalamışıq. Amma qonşunun şamına ümid olan
işıqsız qalar. Çalışmalıyıq ki,
güclü olaq, daxili həmrəylik, milli birlik və
harmoniya olsun. 44 günlük müharibədə bir balaca
xaricdən təzyiq olan kimi xalq prezidentin ətrafında bir
yumruq kimi birləşdi. Eyni vəziyyət bütün
dövrlərdə olmalıdır.
- Rusiya ilə Azərbaycan arasında hazırkı gərgin
münasibətlər nə qədər dərinə gedə
bilər? Bunlar cari problemlərdir, yoxsa qarşıda müttəfiqlik
münasibətlərini zədələyən addımlar
gözlənilir?
- Azərbaycan Qərb yönümlü medianın
total bir basqısı altındadır. Qərbin bütün təbliğat
maşını bu istiqamətdə çalışır
ki, Azərbaycan torpaqlarını azad elədi, amma Rusiyadan asılı
vəziyyətə düşdü. İndi söhbət
Qroznı üzərində vurulan təyyarənin qiymətindən,
ödəniləcək kompensasiyanın məbləğindən
getmir, beynəlxalq qaydalar var və Rusiyanın bu qaydalara
uyğun davranışından gedir. Azərbaycan tələb
edir ki, biz səmimi dost, müttəfiqiksə, sən bunu eləməlisən.
Çox təəssüf ki, Rusiya bunu gecikdirir və bu da istər-istəməz
münasibətlərə təsir edir. Dövlətlərarası
münasibətlərdən çox insanlararası münasibətlərə
təsir edir. Bu yaxınlarda müsahibələrimin birində
demişdim ki, insanlar arasında münasibətlər zədələnəndə,
bunu bərpa etmək çox çətin olacaq. Birinci
Qarabağ savaşı dövründə bizdə Rusiyaya
qarşı etimadsız münasibət var idi, çünki
Ermənistanın arxasında durmuşdu. 44 günlük
savaşda Rusiya qismən öz neytrallığını
saxlayandan sonra bu ölkə ilə münasibətlər
yaxşı mənada dəyişmişdi. Amma indi yenidən
Rusiyanın bu inadkarlığı bizim insanlarda bir şok
yaşadır. İnsanların bu reaksiyası həm də
bizim Prezidentə təsir edir. Prezident də öz
xalqının əhval-ruhiyyəsini görür, nəzərə
alır. Ona görə də Prezident də tələb edir
ki, bu adi etik davranış qaydası yerinə yetirilsin.
- Keçmiş xarici işlər naziri Tofiq
Zülfüqarov deyir ki, “Kreml qüllələri” arasında dərin
konflikt, çəkişmə var, onlar təyyarəmizin
vurulması hadisəsindən öz məqsədləri
üçün istifadə etməyə cəhd edirlər. Azərbaycanla
münasibətləri gərginləşdirmək də onun
bir hissəsidir...
- Xeyli öncə mən demişdim ki, bu təyyarə
qəzası çox böyük ehtimalla
ehtiyatsızlıqdan, cinayətkarcasına səhlənkarlıqdan
törədilmiş hadisədir. Əgər bu cinayət qəsdən
törədilibsə, burada məqsəd Putinin
özünü zərbə altında qoymaq, onunla səmimi
münasibətləri qoruyub saxlayan Azərbaycan arasında
münasibətləri korlamaqdır. Elə burada əsas hədəf
Azərbaycandan çox, Putinin özüdür. Ona görə
biz istintaqın nəticəsini gözləməliyik.
İstintaq dəqiq müəyyənləşdirməlidir ki,
bu, doğrudan da ehtiyatsızlıqdan törədilən bir
cinayətdir, yoxsa onlar açıq-açığına sərnişin
təyyarəsini vurmaqla bağlı əmr veriblər? Bu, qəsdən
törədilibsə, burada əsas hədəf elə Putinin
özü ola bilər. Məntiq var, təyyarənin
vurulması Rusiya Prezidentinə nə verə bilər? Ona
görə bu hadisənin Putinə qarşı olmasını
tamamilə istisna etmək olmaz.
Gərək Rusiya tərəfi ciddi istintaq apara və
həqiqəti ortaya qoya ki, Azərbaycan insanı sakitləşsin,
münasibətlərə ziyan dəyməsin.
- Artıq gec deyilmi?
- Azərbaycanda Rusiya haqqında xoş söz deyəndə,
bu, bəzilərində qıcıq yaradır.
Keçmişlə yaşamaq olmaz. Bizim Rusiya ilə tarixi,
iqtisadi, humanitar əlaqələrimiz var. Avropada bir-biri ilə
döyüşməyən və ya hansısa imperiyaların
tərkibində olmayan neçə xalq, ölkə var? Mən
dəfələrlə təkrarlamışam, yenə deyirəm,
Rusiyada hansı rejim və kimin hakimiyyətdə olmasından
asılı olmayaraq, böyük qonşumuz kimi və öncə
qeyd etdiyim səbəblərə görə biz Rusiya ilə həmişə
münasibətlərimizin yüksək səviyyədə
qalması üçün özümüzdən
asılı olan nə varsa, etməliyik. Amma bu o demək deyil
ki, biz öz milli maraqlarımızdan, dövlətin nüfuz
və qürurundan imtina hesabına bu münasibətləri
qoruyub saxlamağa çalışaq. Rusiya ilə ciddi iş
aparılmalı, real vəziyyət onların diqqətinə
çatdırılmalıdır ki, siz bu addımı
atmalısınız. Deyilməlidir ki, doğrudan da, biz
müttəfiq ölkələriksə, siz bunu edin.
- Sonda ABŞ-nin yeni Prezidentinin cəhdlərini nəzərə
alsaq, Rusiyanın Ukraynaya qarşı apardığı
müharibənin dayanma perspektivini necə
görürsünüz?
- Mən bu müharibə başlayanda demişdim ki,
Bayden istəsəydi, onun qarşısını ala bilərdi.
Müharibə başlamaya bilərdi.
- Bu günlərdə Zelenski də bunu dedi…
- Putin və Tramp da dedi. Bunun qarşısını
ala bilərdilər. Bəzən yarı ciddi-yarı zarafat
deyirdim ki, nə vaxtsa Rusiyada arxivlər açılsa, bəlli
olsa ki, Bayden rus kəşfiyyatına işləyib, onda gərək
heç kim təəccüblənməsin. Ona görə
müharibə başlayandan dərhal sonra Bayden Zelenskini
Ukraynadan qaçırmaq istədi ki, məsələ bununla
da bitsin. Qərb hazır idi ki, Zelenski gedir, Ukraynada hakimiyyət
dəyişir və Medvedçuk prezident seçilir, o da
Rusiyanın istədiyi formada Ukraynanın böyük bir hissəsini
Rusiyaya verir. Bununla da məsələ bitirdi. Zelenski təcrübəsiz,
siyasi baxımdan yetkin olmayan bir gənc idi, ölkəsini
müharibədən qoruya bilmədi, amma cəsarətli idi.
Britaniyanın və Amerikanın bütün basqılarına
baxmayaraq ölkədən çıxmadı və
çoxlarının gözləmədiyi halda ordu ciddi
müqavimət göstərdi. Yəni, vəziyyəti dəyişən
bu oldu. Müharibəyə başlamaq çox asandır, amma
ondan çıxmaq çox çətindir. İndi Tramp deyir
ki, mən bu münaqişəni həll edəcəm.
- Tramp münaqişəni necə həll edəcək?
- Burda zəif tərəf Ukraynadır, onu məcbur edəcəklər
ki, ərazi güzəştinə getsin. Tramp gözləyir
ki, tərəflər tam əldən düşsün, ondan
sonra Ukrayna cəmiyyyəti və Rusiya özləri sülhlə
bağlı çağırış etsin. Amma bu nə
Ukraynada, nə də Rusiyada hakimyyət dəyişikliyinə
yol açmasın. Hər iki tərəf atəşkəsi qələbə
kimi qəbul etsin. Məncə, artıq razılıq da var.
Sadəcə, bunu xalqlara qəbul elətdirmək mərhələsi
başlayıb.
- Daha sonra Rusiya üzərindən sanksiyalar
götürüləcək?
- Bəli
- Ukrayna üçün təhlükəsizlik zəmanəti
veriləcək?
- Ukraynaya istədiyi formada olmasa da, müəyyən təhlükəsizlik
zəmanəti veriləcək.
Xalq Cəbhəsi .- 2025.- 6 fevral(№5).- S.3-4.