Görkəmli tarzən Bəhram Mansurovun anadan
olmasından 114 il ötür
Muğamı qüsursuz səsləndirmək ifaçıdan
fitri istedad, müstəsna məharət, nəzəri
hazırlıq, xüsusi yaradıcılıq tələb
edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram
Mansurovun yaradıcılığı olduqca səciyyəvidir.
Dünən görkəmli tarzən, muğamların
mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum
günüdür.
Klassik Azərbaycan muğamlarının qorunub
saxlanılmasında və təbliğində böyük
xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi
Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda anadan
olub.
Tarzən ailəsində dünyaya gələn Bəhram,
Mansurovlar nəslinin musiqi ənənələrinin
davamçısı olmaq şansı qazanmışdı.
Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən
kimi püxtələşməsində böyük rol
oynadı. Mahir tarzən olan atası Məşədi
Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən
tarı çalmağı tez öyrənəcəksən.
Muğam sənin qanındadır”. O, yanılmadı...
Bəhram səkkiz yaşından arzularını
tarın kövrək tellərində köklədi. 19
yaşı olanda Müslüm Maqomayev onu Xalq
Çalğı Alətləri Orkestrinə, daha sonra isə
Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi.
1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin,
sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti
oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli,
Hüseynağa Hacıbababəyov, Əlövsət
Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi.
Rübabə Muradova, Sara Qədimova, Əbülfət
Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais
Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət
Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları
müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir
ki, onun ifasında “Çahargah” və “Rast” muğamları
nota alınıb, həmçinin “Bayatı-Şiraz”,
“Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə
UNESCO-nun xətti ilə vallara və CD-lərə
yazılıb, bütün dünyaya yayılıb.
Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə
keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı
təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet
Teatrında çalışıb, muğam operalarında xanəndələri
müşayiət edib. Onun ifasında olan bütün
muğamlar, dəraməd, diringə, təsnif və rənglər
oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan
musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş
“Çalır Bəhram Mansurov” sənədli televiziya filmi
çəkilib. Xalq artisti 1985-ci il mayın 14-də,
ömrünün 75-ci ilində vəfat edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram
Mansurovun anadan olmasının 100 illiyi qeyd olunub. Sənətkarın
oğlu, çağdaş dövrümüzün
tanınmış bəstəkarlarından olan Eldar Mansurov
atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı
kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu
ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın
yaratdığı ölməz sənət inciləri
neçə-neçə gənc tarzənin yetişməsinə
təkan verir, yol göstərir. Hər dəfə ona qulaq
asanda nədənsə yada ölməz Şəhriyarın bu
misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım
mənim”. Tar sənətimiz, muğamlarımız
yaşadıqca, ölməz sənətkarımız Bəhram
Mansurov da xatırlanacaq.
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.15.