Tanınmış
şair İslam Səfərlinin doğum günüdür
O, cəmi 51 il ömür sürmüş mənalı
həyat yoluna böyük sənətkar irsini
sığışdıraraq yaddaşlarda əbədi
qaldı. Şairin poetik nümunələrinə 200-ə
yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və
Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə
qoyularaq tamaşaçı rəğbəti qazanıb.
Dünən tanınmış şair İslam Səfərlinin
anadan olmasının 102-ci ildönümü tamam olur.
İslam Səfərli 1923-cü il fevralın 12-də
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun
Şəkərabad kəndində dünyaya gəlib.
Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən
sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində
iştirak edib. Müharibə mövzusu gənc şairin
poemalarında da öz əksini tapıb. İslam Səfərli
dramaturq kimi də böyük uğur qazanıb. O, həm də
oçerk, novella, libretto və kinossenari, məqalələr
müəllifi kimi tanınıb. Həmçinin tərcüməçilik
fəaliyyəti ilə məşğul olub. A.S.Puşkin,
M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze,
Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini
müvəffəqiyyətlə tərcümə edib.
Tanınmış şairin adını əbədiləşdirmək
məqsədilə Xəzər dənizində üzən gəmilərin
birinə “İslam Səfərli” adı verilib, Bakının
mərkəzi küçələrindən biri şairin
adını daşıyır, Bakıda
yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun
barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin
Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun
adını daşıyır.
Böyük istedad sahibi olan İslam Səfərli
ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi
ənənələrinə yaradıcı münasibət bəsləyib.
18 kitabı işıq üzü görən
İslam Səfərlinin şeirlərində ictimai motivlərdən
çox təbiiliyi, səmimiyyəti, duyğu və
düşüncələri - lirikanı ön mövqeyə
çəkməsi diqqəti cəlb edib. Professor Əkbər
Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti
də İslam Səfərlinin tərənnümündə
tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.
“De, nə vardır dünyada,
Ana südündən təmiz.
Doğulduğun torpaqdan,
Olduğun evdən əziz?!” - deyən İslam Səfərli
1974-cü il noyabrın 6-da uzunsürən xəstəlikdən
sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda
dəfn olunub.
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.15.