Orta Dəhliz dünyanın diqqətində - əsas
Azərbaycandır
Prezident İlham Əliyev Çinin CGTN telekanalın
müsahibəsində Orta Dəhlizin əhəmiyyəti,
potensialı haqqında da danışıb. Ölkə
başçısı Orta Dəhliz layihəsinin Azərbaycan
seqmentinin infrastrukturunun təkmilləşdirməsi, dəniz
ticarət limanı və dəmir yolu infrastrukturunun genişləndirilməsi
prosesi, yeni biznes imkanları, dəhlizin keçdiyi Azərbaycan
ərazisində müəssisələr yaratmaq planları
haqqında ətraflı məlumat verib. Prezident bildirib ki, Azərbaycanın
Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit
ölkəsi olmaq və tranzitdən ödənişlər
almaqdan ibarət deyil, bizim hədəfimiz özəl sektora
bundan faydalanmağa kömək etmək üçün dəhlizin
keçdiyi Azərbaycan ərazisində müəssisələr
yaratmaqdır.
Mövzu ilə bağlı millət vəkilləri,
iqtisadçı ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə
bölüşüb.
“Orta Dəhlizin genişləndirilməsi regionun
geosiyasi əhəmiyyətini artırır”
Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə
bildirib ki, Orta Dəhliz bütövlükdə region
üçün vacib layihələrdən biridir: “Orta Dəhlizin
genişləndirilməsi region üzərindən
daşınan yüklərin həcminə birbaşa təsir
göstərir və daha çox yüklərin məhz Orta Dəhliz
vasitəsilə daşınması müşahidə olunur. Təbii
ki, bu həm də Azərbaycan üzərindən
daşınan yüklərin həcminin artmasına, Azərbaycanın
beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə
etməsinə imkan yaradır. Nəticə etibarı ilə
Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox
gəlir əldə edir”.
Deputat qeyd edib ki, bu, qeyri-neft sektorunun ÜDM-dəki
payına, eyni zamanda, qeyri-neft sektorunun fiskal gəlirlərimizdəki
payına pozitiv təsir göstərir: “Bu baxımdan təbii
ki, Orta Dəhlizin genişləndirilməsi həm regionun
geosiyasi əhəmiyyətini artırır, Azərbaycan daxil
olmaqla regionda yerləşən türk dövlətlərinin
beynəlxalq yükdaşımalardan gəlirlərinin artmasına
səbəb olur, həm də bütövlükdə nəqliyyat
şəbəkəsinin genişləndirilməsi
baxımından vacibdir. Gələcəkdə Zəngəzur
dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizin
imkanlarının daha da artırılmasına və region
üzərindən daha çox yüklərin
daşınmasına gətirib çıxaracaq”.
“Çinlə olan əməkdaşlıq Orta Dəhlizin
inkişafı üçün son dərəcədə
önəmlidir”
İqtisadçı Eldəniz Əmirov bildirib ki, Orta
Dəhizin Çin, Qazaxıstan, eləcə də Mərkəzi
Asiya Respublikaları üçün olan əhəmiyyəti
və Azərbaycan üçün olan əhəmiyyəti
bir qədər fərqli mahiyyət daşıyır:
“Çünki Orta Dəhliz əslində Bakı Beynəlxalq
Dəniz Ticarəti Limanında Xəzər dənizindən
Avropa hissəsi və Xəzər dənizindən Asiya hissəsi
olaraq iki hissəyə bölünür. Məhz bu dəhliz
iki hissəyə bu nöqtədə bölünür. Ona
görə ki, digər dəhlizlər həmin bu nöqtədə
gəlib Şərq-Qərb dəhlizinə birləşərək
Şərq-Qərb dəhlizinin potensialını və
faydasını artırır. Məsələn, Lapis-Lazuli dəhlizi,
Şimal-Qərb dəhlizi və Cənub-Qərb dəhlizi məhz
Şərq-Qərb dəhlizinin Xəzər dənizindən qərb
istiqamətində olan hissəsi ilə birləşir. Ona
görə də Şərq-Qərb dəhlizi digər
üç dəhliz üçün bir növ baza və əsas
rolunu oynayır. Bu baxımdan Şərq-Qərb dəhlizi Azərbaycan
üçün digər dəhlizlərin də
potensialını daha yuxarı səviyyədə istifadə
etməyə imkan verir”.
E.Əmirovun sözlərinə görə, ümumiyyətlə,
istənilən dəhliz hansı ölkələrdən
keçirsə bu ölkələrdə investisiya perspektivləri,
biznes imkanları yaradır: “Eyni zamanda, infrastrukturun daha da
genişlənməsini, dəhliz boyunca mikro
sahibkarlığın, o cümlədən orta sahibkarlığın
inkişafını stimullaşdırır. Əlavə olaraq
dəniz logistikasını, dənizçiliyi məhz Şərq-Qərb
dəhlizi baxımından inkişaf etdirir. Yəni bu dəhliz
öz ətrafında bir vadi rolunu oynayır və öz
marşrut xətti boyunca iqtisadi inkişafı ciddi şəkildə
məşğulluqdan digər makroiqtisadi göstəricilərin
artımına qədər bir çox istiqamətlərdə
dəstəkləyir. Bu baxımdan Çinlə olan əməkdaşlıq
düşünürəm ki, Azərbaycan iqtisadiyyatı və
Orta Dəhlizin inkişafı üçün son dərəcədə
önəmlidir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.13.