10 fevral Beynəlxalq
Təhlükəsiz İnternet Günüdür
Azərbaycanda qiymət artsa da, xidmət qənaətbəxşdir
Hər il fevral ayının ikinci çərşənbə
axşamı dünyanın 110-dan çox ölkəsində
Beynəlxalq Təhlükəsiz İnternet Günü
(İnternational Safer Internet Day) qeyd olunur. “İnsafe” (Təhlükəsiz
İnternet Avropa Şəbəkəsi) təşkilatının
təşəbbüsü ilə 2004-cü ildən etibarən
hər il qeyd edilən bu əlamətdar günün əsas məqsədi
təhlükəsiz İnterneti təbliğ etmək,
xüsusən də gələcək nəsilləri qlobal
şəbəkədəki mövcud təhdidlərlə
bağlı məlumatlandırmaq, maarifləndirmə işləri
aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn
texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli
istifadəni təbliğ etməkdir.
Bu il “Birlikdə daha mükəmməl İnternet
yaradaq” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz
İnternet Günü 10 fevral tarixinə təsadüf edir.
Qeyd edək ki, 2013-cü ildə yaradılan Avropa
Kibercinayətkarlıqla Mübarizə Mərkəzi tərəfindən
İnternetdə fırıldaqçılığa, maliyə
saytlarına müdaxiləyə və uşaq
pornoqrafiyasının yayılması əleyhinə
genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Mərkəzin
vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin
fəaliyyətinin qarşısını almaqdan ibarətdir.
Hazırda təşkilatın fəaliyyəti İnternetdə
üç cinayət növünün qarşısının
alınması ilə məhdudlaşdırılıb. Bunlar əsas
infrastruktur və informasiya sistemlərinə kiberhücumlar,
onlayn mütəşəkkil fırıldaqçılıq
və uşaq pornoqrafiyasının yayılması ilə
mübarizədir.
Azərbaycanda İnternet 1993-cü ildən inkişaf
etməyə başlayıb. İlk sayt 1994-cü ildə Azərbaycan
Elmlər Akademiyasında yaradılıb, ilk dövlət
orqanının saytı isə Azərbaycan Respublikası
Prezidentinin saytı olmuşdur və 1997-ci ildə
yaradılıb. 1993-cü ildən yüksək səviyyəli
milli AZ domeninin inzibatçılığı həyata
keçirilir.
İlk günündən İnternetin inkişafı əsasən
özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək
İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti
xüsusi razılıq (lisenziya) əsasında həyata
keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv
edilib. Bunun sayəsində hazırda ölkədə İSP
kimi xidmət göstərmək istəyən hər bir fiziki
və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə
başlaya bilər. Hazırda ölkədə 40-dək
İSP fəaliyyət göstərir və onlardan yalnız
3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət
qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət
və bazar münasibətləri şəraitində həyata
keçirilir. Şirkətlər İnternetə
çıxış üçün sabit və simsiz rabitə
texnologiyalarında istifadə edirlər. WiMax və digər
simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin
beynəlxalq İnternet şəbəkəsinə
qoşulması 2 özəl şirkət tərəfindən
(Delta Telekom və AzerTelecom) həyata keçirilir və
İSP-lər üçün alternativ seçim imkanı
yaradır.
Ölkədə fəaliyyət göstərən hər
3 mobil rabitə operatoru İnternetə yüksək sürətli
çıxışı təmin edir və hər
üç mobil rabitə operatoru 3G xidməti göstərir.
Azərbaycanda genişzolaqlı xidmətlərin
göstərilməsinə 2006-cı ildən
başlanılıb və son illərdə istifadəçilərin
sayında ciddi sıçrayış müşahidə
olunmaqdadır. Son illərdə ölkədaxili internet şəbəkəsinin
qlobal internet şəbəkəsinə qoşulma sürəti
dəfələrlə artırılıb.
Azərbaycanda internetə giriş böyüyür və
milli strategiya ölkəni Qafqaz regionunda informasiya və
kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsini
dəstəkləyir. Azərbaycan dövləti fəal olaraq
xarici yardımları cəzb etməklə telekommunikasiya və
(İKT) sahəsini inkişaf etdirmək istəyir. Hökumət
2013-cü ildə Azərbaycanda internet istifadəçilərinin
əhalinin 85 faizini təşkil edəcəyi bildiriləsə
də Beynəlxalq telekomunikasiya ittifaqına görə hal
hazırda bu rəqəm 58.7 faizdir.
Ötən ilin dekabr ayında Azərbaycan sabit
genişzolaqlı internetin orta sürətinə (65,59 MB/S)
görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb
ki, bu da noyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.
“Speedtest Global Index” xəbər verir ki, bir il əvvəlki
göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə
sabit genişzolaqlı internetin orta sürəti 86 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə
görə ötən ay birinci yeri Sinqapur (330,98 MB/S),
axırıncı yeri isə Kuba (2,96 MB/S) tutub.
Azərbaycan dekabrda mobil internetin sürətinə
görə isə noyabr ayına nisbətən 1 pillə irəliləyərək
56,78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri
Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/S),
sonuncu yeri isə Əfqanıstan (8,20 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit
genişzolaqlı internetin sürətinə görə əvvəlki
aya nisbətən 1 pillə geriləyərək 199 şəhər
arasında 58,31 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet
üzrə reytinqinə Valparaiso (322,91 MB/S)
başçılıq edib. Sonuncu pillədə Hələb
(2,04 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin
sürətinə görə noyabrdakı mövqeyində
qalaraq 72,75 MB/S sürətlə 160 şəhər
arasında 77-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə
görə birinci yeri Əbu-Dabi (527,65 MB/S), sonuncu yeri Herat
(8,84 MB/S) tutub.
Son illərdə Azərbaycanda internet infrastrukturunun
müasirləşdirilməsi, xidmət keyfiyyətinin
artırılması və bu sahədə sağlam rəqabət
mühitinin yaradılması istiqamətində əhəmiyyətli
layihələr həyata keçirilib. Dövlət
proqramları və strategiyalarda qarşıya qoyulan hədəflərə
uyğun olaraq, genişzolaqlı internet infrastrukturunun yenidən
qurulması məqsədilə müxtəlif irihəcmli layihələr
icra olunub. Telekommunikasiya sahəsini tənzimləmək və
nəzarəti gücləndirmək məqsədilə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində
İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi
(İKTA) yaradılıb. Bundan başqa, RİNN
Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə
“Rabitə və yüksək texnologiyalar sahəsi üzrə
xidmətlərin, o cümlədən internet xidmətlərinin
keyfiyyət göstəriciləri” təsdiqlənib. Müasir
tələbləri nəzərə alaraq “Telekommunikasiya
haqqında” Qanun əsasında yeni “Elektron kommunikasiya
haqqında” Qanun layihəsi də hazırlanıb.
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman
Gündüz deyib ki, İnternet Mübadiləsi Mərkəzləri
(Internet Exchange Point - IXP) ilə bağlı qlobal resurslarda həqiqətən
də Azərbaycanla bağlı məlumatlar yoxdur.
Görünür ki, əvvəllər Delta Telecom tərəfindən
aparılan az-ix.net adlı belə bir layihə olub, amma sonradan
bu qlobal resurslardan Azərbaycanla bağlı məlumatlar
silinib.
Osman Gündüz qeyd edib ki, Azərbaycanda iki magistral
provayder, Delta Telecom və Azertelecom arasında
arabağlantı (buna İXP demək doğru olmazdı) var:
"Yəni bu iki qurumun provayderləri arasındakı
mübadilə trafiki xaricə çıxmaya bilər.
Əgər hər iki magistralın daxili siyasəti
xarici tranzitdən istifadə etməyi tələb edirsə və
ya bəzi İSP-lər birbaşa bu əlaqəyə
qoşulmayıbsa, trafik xaricə çıxa bilər.
Maraqlıdır ki, lokal, 2-ci səviyyəli provayderlər bu
bağlantıya qoşulmayıb. Bu xidmət ödənişlidir.
Eyni zamanda, yeni yaranan magistral provayder olan Aztelekom ilə
digər magistralların bağlantısı haqqında da
bilgilər yoxdur. Halbuki əsas regional trafikimiz bu provayder
üzərindədir".
Ekspertin sözlərinə görə, bizdə
bütün lokal və magistral provayderləri birləşdirən
rəsmi, şəffaf, hamı üçün bərabər
əsaslarla istifadə edilə biləcək İXP indiyədək
formalaşmayıb:
"Əgər lokal provayderlər eyni magistrala
bağlıdırsa, mübadilə elə bu magistral üzərindən
baş tutur, yox əgər provayderlər müxtəlif
magistrallara bağlıdırsa, onda mübadilə birbaşa
deyil, magistrallar üzərindən baş tutur. Yəni hər
magistralın mübadilə mərkəzi, əslində, onun
özüdür.
Azərbaycanda iki provayder arasındakı trafik
mübadiləsinin marşrutuna traceroute vasitəsilə baxsaq
görərik ki, bu marşrut xeyli qəlizdir. Trafik çox
sayda marşrutlardan (routerlərdən – Hop) keçərək
son nöqtəyə çatır. Bu Hop-ların ortalama
sayı qonşu ölkələrdə 2-4 arasındadır,
bizdə isə adi istifadəçi üçün (məxsusi
İP yoxdursa) 10 civarındadır. Bu isə çox
böyük rəqəmdir və bu o deməkdir ki, internetin
sürəti hiss olunacaq dərəcədə
aşağı düşəcək".
Belə olan halda nə etmək olar?
Suala cavab olaraq ekspert vurğulayıb ki, yeni bir
magistral provayder –Aztelekom da backbone bazara daxil olub. Güman ki,
yaxınlarda daha bir magistral –Starlink də gələcək.
A2Z də telekommunikasiya lisenziyası alıb və
düşünmək olar ki o da magistral olmaq istəyəcək:
"Eyni zamanda RİNN-in apardığı “Onlayn Azərbaycan”
layihəsindən sonra regionlarda minlərlə internet istifadəçisi
arasında xeyli trafik mübadiləsi baş verir. Amma indiki
halda bu regional trafik də magistrallar üzərindən
mübadilə olunduğundan internetin sürətində ləngimələr
qaçılmaz olur".
Osman Gündüz qeyd edib ki, İKTA bütün
provayderlərin bəhrələnə biləcəyi, şəffaf,
bərabər əsaslarla qoşulmaq mümkün olan,
bütün magistralların və lokal provayderlərin
qoşulduğu, regional mübadilə mərkəzləri ilə
inteqrasiya olunan bir Milli İnternet Mübadilə Mərkəzinin
yaradılmasına təşəbbüs göstərməlidir:
"Eyni zamanda, İKTA-nın bu haqda məlumatları
qlobal resurslarda yerləşdirilməsi də doğru
olardı.
Ötən ilin 15 avqust tarixində ölkənin
bütün provayderləri birləşib eyni anda minimal tarifləri
qaldırdığından düşünmək olar ki,
lazım olanda onların birləşib Milli İXP
üçün də birgə addım atmasında problem
olmayacaq".
Azərbaycanda qiymət artsa da internet xidməti qəanətbəxşdir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi
Assosiasiyasının sədri Elvin Abbasov internet şikayətlərinin
99 % azalmasını ölkədə artıq sürətli
internetin mövcudluğunun və vətəndaş məmnuniyyətinin
göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə
görə, ölkədə internet infrastrukturu yenidən
qurulub, internet paketlərinin texnoloji
çağırışlara uyğun tənzimlənməsi
şikayətlərin azalmasına səbəb olub:
"Hazırda mövcud problemlər əsasən
avadanlıqlarla (modem) bağlıdır. Bununla belə bu sahədə
işlər mütəmadimi xarakterli olmalıdır".
Cavid
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.9.