Moskva siyasi həyasızlıq edir
Onun göz yaşlarına inanmaq olmaz
Rusiya tərəfi AZAL-a məxsus təyyarənin
vurulması ilə bağlı rəsmi Bakının
tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin
qarşısının alınması ilə bağlı
addımlarına özünəməxsus - hədə-qorxu
şəkildə cavab verməyə başlayıb. Cinayətini
etiraf edib ya susmaq, ya da üzr istəmək əvəzinə
Bakını başqalarının dili ilə hədələyir.
Həmişə belə olub, Kreml cinayətinin
üstünü ört-basdır etməyə cəhdlər
göstərib.
Bu Kremlin sınaqdan keçirdiyi taktiki gedişlərindən
biridir. Fakt qarşısında qalanda suyu bulandlrmaq onun adətidir.
Kreml bu dəfə birbaşa hakim elitaya bağlı "Vahid
Rusiya" Partiyasının Dumada təmsil olan
deputatlarını irəli verdi. Xarici mətbuatın “Rus bədheybəti”
adlandırdığı Dumanın deputatı Nikolay Valuyev və
separatçı deputat Andrey Pinçuk dilləndirib. "Rus
bədheybəti" sərsəmləyib ki, Rusiyadakı Azərbaycan
diaspor təşkilatları qapadılsın, bu ölkə ərazisində
qeyri-qanuni yaşayan azərbaycanlılar
çıxarılsın, qanuni yaşayanların isə hərbi
uçota götürülsün və cəbhəyə
göndərilsin. Hətta azərbaycanlılar da daxil olmaqla Mərkəzi
Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və
irqçi təxəyyülünün məhsulu olan və
rus dilində jarqon istifadə olunan “şobla-vobla”
adlandırıb.
Pinçuk isə “Crocus” şirkətinin və
“Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini
irəli sürüb... Bu həmin Pinçukdur ki,
Ukraynanın Donetsk vilayətində separatçılıq
işlərində qazandığı uğurlara görə
deputat mandatı ilə "təltif" edilib.
Bundan öncə də ictimai fəal Sergey Mantsayev
Bakıda “Rossotrudniçestvo”nun bağlanmasına cavab olaraq
bütün Azərbaycan vətəndaşlarının
Rusiyadan deportasiya edilməsi təklifini irəli sürüb.
Sözsüz ki, bunlar onların öz fikirləri deyil, Kremldə
hazırlanıb, sadəcə ictimailəşdirmək
tapşırığı yerinə yetirilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadə Rusiya Federasiyasının Dövlət
Dumasının deputatının Azərbaycan əleyhinə
fikirləri və ona qarşı atılacaq addımlar ilə
bağlı suala cavabında deyib ki, Dövlət
Dumasının Turizm komitəsinin sədrinin birinci müavini
Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə
işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə
qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.
"Qeyd edilən deputatın ölkəmiz əleyhinə
fikirləri ilə bağlı onun adı Azərbaycan
Respublikasına girişi qadağan edilmiş şəxslərin
siyahısına daxil edilib və onun ölkəmizə
girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya
Dövlət Dumasının deputatlarının “arzuolunmaz
şəxslər” siyahısına daxil edilməsi üzrə
ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl
Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünə qarşı fəaliyyət
göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət
Dumasının MDB ilə iş Komitəsinin birinci müavini
Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin
müavini Vitali Milonov da Azərbaycanda “arzuolunmaz şəxs”
kimi müvafiq siyahıya daxil edilib.
Təəssüflə bildirmək istərdik ki,
ölkəmizə qarşı fəaliyyət göstərən
bütün bu deputatlar məhz Rusiyanın hakim Vahid Rusiya
(Yedinaya Rossiya) Partiyasının üzvləridir.
Ölkəmizin suverenliyinə, ərazi
bütövlüyünə, Azərbaycan xalqına
qarşı fəaliyyət göstərən bu kimi şəxslərə
qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində
bundan sonra da müvafiq addımlar atılacaq", - məlumatda
qeyd edilib.
Söylənilən hər bir fikirdə milli ədavətin
qızışdırılması, bir millətə təhqir
edilməsi elementləri var. Rusiya İstintaq Komitəsi və
ya Daxili İşlər Nazirliyi bu xarakterli fikirlərdə
milli ədavətin qızışdırılması əlamətlərinə
və ya Rusiya qanunvericiliyinin pozulmasına göz yumursa, deməli,
bu, sifarişdir. Sanki Rusiya Azərbaycandan qisas alır. Azərbaycanda
bütün azsaylı xalqlar, millətlər, etniklərin
hüquqları konstitusiya çərçivəsində
qorunur, ölkədə tolerantlıq, multikultural dəyərlər
ən yüksək səviyyədə mövcuddur. Onların
müxtəlif mədəniyyət mərkəzləri, media
orqanları, özfəaliyyət ansamblları fəaliyyət
göstərir, sərbəst, maneəsiz, təhlükəsiz,
özü də dövlət qayğısı ilə. Amma
Rusiyada bunları görmək mümkün deyil. Azərbaycan
diasporunun fəaliyyətinə dövlət nəzarəti
var. Bu gün Rusiyada diasporumuz sərbəst formada fəaliyyət
göstərə bilmir, sıxışdırılıb.
Xatlrlayırsızsa, 2001-ci ildə Rusiyada ümummilli lider Heydər
Əliyev və prezidenti Vladimir Putin tərəfindən əsası
qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK)
Rusiya Ali Məhkəməsinin qərarı ilə
bağlandı. Azərbaycan diasporu iflic vəziyyətə
salındı, ermənilərin sifarişi ilə bu plan həyata
keçirildi. Amma Azərbaycan heç bir qisas barədə
düşünmədi, çünki rəsmi Bakı mehriban
qonşuluq siyasətinə üstünlük verdi. Baxın,
adıçəkilən partiyanın Dumada digər nümayəndəsi
Yevgeni Popov təklif edib ki, əgər “Rossotrudniçestvo”nun
fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada
iki şirkətinin də fəaliyyətinə baxmaq
lazımdır. Bu nə məntiqsiz yanaşmadır,
deputatların düşüncələrində
separatçılıq, milli ədavətin
qızışdırılması elementləri var.
Kreml qaranlıq otaqda qara pişiyi tapmaq istəyir,
xüsusən də əgər pişik otaqda yoxdursa. Məlum
təyyarənin vurulması hadisəsindən sonra Rusiyanın
informasiya məkanında Azərbaycana qarşı
genişmiqyaslı və qaydasız bir informasiya müharibəsi
başladı, müxtəlif ittihamlar, təhqiramiz
açıqlamalar və təxribat xarakterli məqalələr
sifariş xarakteri aldı. Məqsəd cinayət izini itirmək
idi.
“Çarqrad” telekanalının Azərbaycana
qarşı təxribat xarakterli saxta məlumatları misal
çəkmək olar. Moskvanın göz yaşlarına
inanmaq olmaz. İkinci Qarabağ müharibəsində əldə
edilən qələbə, torpaqlarımızın
işğaldan azad edilməsi Kremlin də kürkünə
birə salıb, sadəcə, səsini çıxara bilmir.
Çünki, təyyarəmizi vurulması cinayəti kimi
işğalçı Ermənistana hərbi yardımı
faktlarla üzə çıxdı, Moskva fakt
qarşısında qaldı. Bunu biz yox, ermənilər
özləri etiraf etdilər.
Məsələn, Ermənistanın baş naziri Nikol
Paşinyan İrəvanda Rusiya nümayəndə heyətinin
nümayəndələri ilə görüşündə
Rusiyanın müdafiə naziri Sergey Şoyquya 2020-ci ildə hərbi
əməliyyatlar zamanı göstərdiyi dəstəyə
görə təşəkkür edib.
Ermənistanın baş nazirinin sözləri ölkənin
Nazirlər Kabinetinin saytında yer alıb. “Qeyd etmək istəyirəm
ki, müharibə zamanı biz həmişə Rusiya
Federasiyasının, Rusiya Prezidentinin, Rusiya Baş nazirinin dəstəyini,
sizin şəxsi dəstəyinizi hiss etmişik. Buna görə
sizə təşəkkür etmək istəyirəm”, - deyə
Nikol Paşinyan bildirib.
“Artsax”a qarşı davam edən müharibə
kontekstində Rusiya müttəfiqlik öhdəliklərini
yerinə yetirmək üçün əlindən gələni
etdi”. Bunu isə Ermənistanın keçmiş müdafiə
naziri David Tonoyan 25 yanvar 2021-ci ildə Mediamax-a müsahibəsində
bildirib.
“Rusiya müttəfiqi Ermənistanı dəstəkləyirmi,
yoxsa yox” sualına o, bu cür cavab verib: “Bütün
müharibə boyu müdafiə naziri Sergey Şoyqu ilə əlaqə
saxlamışam. Gündə bir neçə dəfə
telefonla danışdığımız günlər olub. Məlum
səbəblərə görə bütün mötərizələri
açıqlamayacağam, lakin birmənalı olaraq deyə
bilərəm ki, davam edən müharibə şəraitində
Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək
üçün əlindən gələni etdi. Üstəlik,
sırf müdafiə məsələlərindən əlavə,
Rusiya Federasiyasının Müdafiə naziri ilə daimi
işgüzar ünsiyyət sayəsində bir sıra digər
vacib məsələləri də həll etmək
mümkün oldu”.
Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının
keçmiş rəisi, general-polkovnik Movses Akopyanın 2020-ci
il noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat
konfransında verdiyi bəyanatdan bir parça: “Rusiya Ermənistana
bizim heç arzulamağa cəhd etmədiyimiz silahlar verib.
Müharibənin ilk günlərindən, hələ Ermənistan
dövlətinin başçısı Rusiya Prezidenti ilə
telefonla əlaqə saxlamazdan əvvəl".
30 il işğalçı Ermənistana hərbi və
siyasi dəstək verən rəsmi Moskvanın cinayətlərini
etiraf etmək əvəzinə siyasi həyasızlıq etməklə
bu gün Bakıya hədə-qorxu gəlməsi düzgün
taktika deyil. Moskva həmişə fakt qarşısında aciz
qalanda siyasi həyasızlıq, hətta əxlaqsızlıq
seçiminə əl atır.
Azərbaycan müstəqil dövlətdir, heç
kimin hədə-qorxusu onun siyasətinə təsir edə bilməz,
heç kim də rəsmi Bakı ilə hədə dilində
danışa bilməz. Azərbaycanda digər millətlərlə
yanaşı ruslara da həmişə hörmətlə
yanaşılıb, hüquqları qorunub, heç vaxt Rusiya rəhbərliyi
təhqir edilməyib, xalqı aşağılanmayıb:
"Bu gün Azərbaycanda 119 mindən çox rus
yaşayır, rusdilli məktəb və universitetlər, Rus
Dram Teatrı, Bakı Slavyan Universiteti, beş Rus Pravoslav kilsəsi,
o cümlədən bakılıların sevimli istirahət
yeri olan bağ var ki, orada dahi rus şairi Aleksandr Puşkinin
abidəsi ucaldılıb.
Bundan başqa, rus mədəniyyətinin və dilinin
qorunması, məktəblərdə rus dilində tədrisi,
rus dilində qəzet və jurnalların nəşri,
saytların fəaliyyəti və s. bunlar ruslara münasibətin
nümunələrindən biridir... Rusiya Azərbaycandan
nümunə götürməlidir, mehriban qonşuluq siyasətinə
üstünlük verməlidir, hədə, təhqir sonradan
Kremlin özünün başağrısına çevrilə
bilər.
Yeri gəlmişkən, rusiyalı politoloq Yevgeni
Mixaylov Rusiya Dövlət Dumasının deputatı Nikolay
Valuyevin Azərbaycanla bağlı açıqlamalarına
münasibət bildirərkən deyib ki, o, böyük
ehtimalla belə yüksək rütbəyə yaraşmayan
çıxışına görə diqqət çəkəcək
və müvafiq tədbirlər görüləcək: “Onun
dediklərini birbaşa müzakirə etmək belə istəmirəm.
Boksçu deputatlar belədir – nəyisə siyasi cəhətdən
düzgün demək istəyir, amma həmişəki kimi
çıxır. Məncə, Valuyev bir məsələdə
haqlıdır. Dövlətlərarası münasibətlərdə
asayişi bərpa etmək lazımdır. Amma bu qədər
sərt və siyasi cəhətdən düzgün olmayan təqdimatda
yanılır. Görünür, o, hər şeyi
qızışdırmaq qərarına gəlib və Azərbaycana
girişi qadağan edilib. Çətin ki, onu Rusiya
deputatlarının növbəti tərkibində görək”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.8.