USAID tarixə qovuşur: gizlinlər
açılacaqmı?
ABŞ hökumətinin Dövlət İdarəetməsinin
Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon
Mask Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi (USAID) ilə bağlı
açıqlama verib.
Mask bildirib ki, USAID seçkilərə təsir
göstərməkdə çox fəal iştirak edib. O,
vurğulayıb ki, USAID seçkilərə təsir etmək
üçün “şübhəli vasitələrdən”
istifadə edib: “USAID-in gördüyü işlərin
çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən
şübhəli üsullarla seçkilərə təsir etmək
məqsədi daşıyırdı. İnvestisiya gəliri
baxımından deyərdim ki, ümumiyyətlə, həmişə
çox yaxşı olmayıb. Agentlik səriştəsiz və
çox korrupsionerdir”.
O, təfərrüatları açıqlamayıb və
söhbətin hansı ölkələrdən getdiyini bildirməyib.
Prezident İlham Əliyev hələ ötən ilin
dekabrında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya
Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində
Trampın USAID-i qadağan edə biləciyini qeyd etmişdi.
Xatırladaq ki, Tramp bu təşkilatın fəaliyyətini
dayandırıb və mövzunun dünya mətbuatında
müzakirəsi davam edir.
Millət vəkilləri, siyasi şərhçilər
fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.
“Şər yuvası daim fəaliyyət göstərə
bilməzdi”
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib
ki, bütün dünya ölkələrində destruktiv fəaliyyəti
ilə tanınan USAID-in sonunun məhz belə olacağı bəlli
idi: “Yəni, şər yuvası daim fəaliyyət göstərə
bilməzdi. ABŞ-də 64 il əvvəl yaradılmış
bu təşkilat “humanitar” devizi altında fəaliyyət
göstərsə də, əslində rəngli
inqilabların, müharibələrin və bir sıra qlobal
“qara” planların həyata keçirilməsində aktiv rol
oynayıb. Məsələ burasındadır ki, USAID-in əl
qoyduğu bütün layihələrdə qarşıdurma,
müharibə, münaqişə, bir sözlə, şərə
söykənən hər şey var”.
A.Hüseynov diqqətə çatdırıb ki, bu təşkilat
dünya xalqlarının bədbəxtliyi üzərində
özünün xoşbəxtliyini qurmaq kimi çirkin
planlara sahib olub: “Cənubi Qafqazda, eyni zamanda, Azərbaycanda da
bu təşkilatın mənfur izləri görünməkdədir.
Regionumuzda siyasi qalmaqallar, hakimiyyət əlehinə
çıxışlar, itaətsizlik kimi neqativ işlərə
bulaşan USAID-in fəaliyyətindən ölkəmizdə
daim narazılıq olub. 2024-cü ilin dekabrında Prezident
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya
Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində
USAID barədə tutarlı fikirlər söylədi. Dövlət
başçısı vurğuladı ki, Azərbaycan
mediası heç bir xarici mənbədən hətta bir faiz
belə maliyyələşə bilməz. Əlbəttə,
bu qədər haqlı narazılıqdan sonra təşkilat
haqqında ciddi ölçü götürülməli idi və
Tramp andiçmədən dərhal sonra USAID-in qadağan
olunması barədə qərar qəbul etdi”.
“USAID-in daha dərin qatlarda olan cinayətləri üzə
çıxacaq”
Deputat qeyd edib ki, bəli, USAID cinayətkar təşkilatdır
və fəaliyyətinə xitam verilməli idi: “Bu təşkilatın
fəaliyyətində qalmaqallı məqamlar, qanundankənar
addımlar kifayət qədərdir. Diqqət edin, USAID 60
milyardlıq büdcə ilə dünyanın 100-dən
çox ölkəsində “fəaliyyət” göstərsə
də, onun işinə kənar müdaxilələrə
ABŞ administrasiyası tərəfindən heç vaxt icazə
verilməyib. Belə məlum olur ki, əslində USAID-in fəaliyyəti
ABŞ Konqresindən, hətta Ağ Evdən koordinasiya edilib.
USAID-in maliyyə dəstəyi ilə Azərbaycana
qarşı saysız-hesabsız təxribatlar törədilib,
Ermənistanın işğalçı siyasəti müdafiə
edilib, işğala məruz qalan Azərbaycan haqsız duruma
düşürülüb, beynəlxalq arenalardan, mötəbər
tribunalardan ölkəmiz əlehinə iftiralar
yağdırılıb. Bir məsələni xüsusi olaraq
vurğulayım, Ermənistanda insan haqlarının, söz və
mətbuat azadlığının, korrupsiya ilə mübarizənin
acınacaqlı durumda olmasına, əksinə, Azərbaycanda
bu sahədə bir sıra uğurlar əldə edilməsinə
baxmayaraq düşmən ölkə hesabatlarda həmişə
bizdən irəlidə olub. Bunun günahı bizdə yox,
USAID-in maliyyə dəstəyi ilə bu sənədi
hazırlayanlardadır”.
O həmçinin əlavə edib ki, USAID-in bizə
qarşı neqativ addım atmasının bir səbəbi də
Azərbaycanın müstəqil iqtisadi, sosial, humanitar və hərbi
siyasət yürütməsidir: “Məhz USAID-in “5-ci
kolon”ları vasitəsilə Azərbaycana iftiralar
atılıb. Ukraynada “narıncı”, yəni “Maydan hərəkatı”,
Gürcüstanda “məxməri”, Qırğızıstanda isə
“zanbaq” inqilablarının ssenariləri də USAID-in
otaqlarında hazırlanıb. “Politico” və “BBC” kimi
tanınmış dünya mediasında Azərbaycana
qarşı gedən kampaniyada da USAID-in əlinin olduğu kimsəyə
sir deyil. Beləliklə, ABŞ-də hakimiyyətə gələn
yeni komanda USAID-in fəaliyyətini haqlı olaraq
dayandırıb. ABŞ Hökumətinin Səmərəliliyinin
Artırılması İdarəsinin rəhbəri İlon
Mask təşkilata qarşı ağır ittihamlar səsləndirib,
bu təşkilatı hətta bioloji silah istehsalının
maliyyələşdirilməsində ittiham edib, onu “cinayətkar
təşkilat” adlandırıb. Proses davam edir,
düşünürük ki, USAID-in daha dərin qatlarda olan
cinayətləri üzə çıxacaq, kimin haqlı,
kimin haqsız olduğu bəlli olacaq”.
“Tezliklə USAID-in tamamilə tarixə qovuşması
qaçılmazdır”
Milli Məclisin deputatı Müşfiq Cəfərov
deyib ki, USAID-in əsl siması bəlli olduqca bu təşkilat
başqa ölkələrdən qovulur: “Əslində belə
bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur.
Tezliklə USAID-in tamamilə tarixə qovuşması
qaçılmazdır. USAID və ona bənzər institutlar
guya ehtiyacı olan digər ölkələrə köməklik
göstərmək istəyir, inkişaflarına təkan verməyə
çalışırlar, əslində isə USAID humanitar
missiya adı altında siyasi təbliğatla məşğuldur.
Bu təşkilatlar sadəcə müdaxilə funksiyası ilə
fəaliyyət göstərirlər. USAID-in fəaliyyətinin
əsas istiqamətlərindən biri müstəqil siyasət
yürüdən ölkələrdə “beşinci kolon”lar
formalaşdırmaq və onları maliyyələşdirmək
olub. USAID ələ keçirdiyi mediaları saxlamaq və
genişləndirmək üçün hər il milyardlarla
dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə
Azərbaycana qarşı dezinformasiya xarakterli
araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr”
barədə “araşdırmaları”, Misir və Ukrayna
inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti
hər kəsə məlumdur”.
Deputat əlavə edib ki, USAID hər hansı bir
ölkədə fəaliyyət göstərirsə, deməli,
o, yerli əhalidən də könüllülər cəlb
edir: “Bu insanlar da tədricən istər-istəməz təşkilatın
təsiri altında fəaliyyətə başlayırlar.
Bütün bunları nəzərə alan başqa dövlətlər
də USAID-in fəaliyyətindən narazıdır.
Düşünürəm ki, belə QHT-lər ciddi
araşdırılıb, sonra fəaliyyətinə icazə
verilməldir. USAID əvvəllər Azərbaycanda da fəaliyyət
göstərirdi. Təşkilatın ölkəmizin daxili
işlərinə kobud müdaxiləsi səbəbindən rəsmi
Bakını onunla əlaqələri kəsdi və təbii
ki, USAID Azərbaycanı tərk etdi”.
“USAID yerli rejimlərə, hakimiyyətlərə
öz maraqlarına uyğun təsirlər göstərib”
Politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki,
1961-ci ildə ABŞ-də USAID yaradılanda onun fəaliyyəti
ABŞ kəşfiyyat orqanları ilə əlaqələndirilmişdi:
“Dəfələrlə USAID rəhbərləri etiraf ediblər
ki, onlar ABŞ kəşfiyyat orqanları ilə əlaqəli
şəkildə çalışırlar. Yəni bunu
xatırlatmaqda məqsədim ondan ibarətdir ki, USAID müxtəlif
ölkələrdə destruktiv fəaliyyətlə məşğul
olub. Əsas fəaliyyət istiqaməti də ondan ibarət
olub ki, öz nəzarəti altında müxtəlif qruplar
formalaşdırılıb və lazım gələn anlarda
həmin qruplarda yerli hakimiyyətlərə qarşı təzyiq
aləti kimi istifadə edib. Bir sözlə, USAID təsir
imkanlarına sahib olduğu ölkələrdə siyasi rejimlərə
təsir etmək, onların fəaliyyətini istiqamətləndirmək
hətta rejimləri dəyişmək kimi məqsədlər
güdüb. USAID dünyanın 100-dən artıq ölkəsində
ofisə sahibdir və 10 mindən artıq müxtəlif
ölkələrdə işçiləri mövcuddur. Onlar əsasən
də postsovet ölkələrində qeyri-hökumət təşkilatlarının
və KİV orqanlarının maliyyələşdirilməsində
xüsusi fəallıq nümayiş etdiriblər”.
O vurğulayıb ki, USAID bir qayda olaraq vətəndaş
cəmiyyəti quruculuğu prosesinə dəstək adı və
ya bəhanəsi altında öz nəzarətində olan
qeyri-hökumət təşkilatlarının
formalaşdırılmasına xüsusi diqqət
ayırıb: “Məsələn, postsovet ölkələrində
rəngli inqilablar bir qayda olaraq belə qeyri-hökumət təşkilatları
vasitəsi ilə təşkil olunub. Gürcüstanda,
Ukraynada, Qırğızıstanda və bir sıra ərəb
ölkələrində məhz USAID öz nəzarəti
altında qeyri-hökumət təşkilatları və
KİV orqanlarını istifadə etməklə özlərinin
təhlükəli məqsədlərinə çatıblar.
Məsələn, Gürcüstanda 25 mindən artıq
qeyri-hökumət təşkilatı birbaşa Qərbdən
maliyyələşirdi. Bu mənada USAID-in rolunu xüsusi qeyd
etmək lazımdır və bu qeyri-hökumət təşkilatında
təmsil olunan insanlar da birbaşa onların sosial
bazasını təşkil edirdi, onların təlimatları əsasında
hərəkətlənirdi. Gürcüstanda günlərlə
davam edən etiraz aksiyalarının təşkilatçısı
da məhz USAID başda olmaqla, Qərb institutları idi...”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.7.