“Hazırda ikinci dünya müharibəsindən sonra
formalaşan dünya düzəninin çöküş
prosesini izləyirik”
Əli Zülfüqaroğlu: “2020-ci ildə olduğu
kimi gözlənilməz hadisələrin şahidi ola bilərik”
Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq
Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını
bağlamalı olduğunu deyib. Bu haqda “X” hesabında yazan Mask
bu radiostansiyalara heç kim qulaq asmadığını və
onların fəaliyyətinə ildə təxminən 1 milyard
dollar xərcləndiyini deyib. O bildirib ki, boğucu
bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç
kim onlara qulaq asmır. Onun fikrincə, bu radiostansiyaları
öz-özünə danışan, dəli radikal
solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya
ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən
1 milyard dollar xərclənir.
Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi”
bir sıra digər media orqanları kimi ABŞ hökuməti
tərəfindən maliyyələşdirilir və ABŞ
Qlobal Media Agentliyi tərəfindən idarə olunur.
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının İdarə Heyətinin üzvü, siyasi
şərhçi Əli Zülfüqaroğlu “Sherg.az”a deyib
ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra qlobal
savaşın Amerika Birləşmiş Ştatlar daxilində
start götürəcəyi gözlənilirdi: “Tramp birinci
prezidentliyinin son ilində Birləşmiş Millətlər Təşkilatının
kürsüsündə səsləndirdiyi fikirlərlə
savaşın mahiyyətini açıqlamışdı. O,
ikinci dəfə hakimiyyətə gəldikdən sonra
savaşın daha geniç vüsət alacağı bəlli
idi. Məhz buna görə də Trampın hakimiyyətə gəlməsinə
qarşı əngəllər törədilirdi və sui-qəsd
cəhdi verirdi. Bundan sonra da Trampa qarşı sui-qəsd cəhdlərinin
olması mümkündür. ABŞ daxilində ciddi prosesin
şahidi oluruq. USAİD və “Azadlıq radiosu”, “Amerikanın
səsi” ilə bağlı görüləcək tədbirlər
deməyə əsas verir ki, artıq savaş ciddi mərhələyə
keçib. Bu isə dünyada bir sıra proseslərin
başlamasına və davam etməsinə gətirib
çıxaracaq. Eyni zamanda dünyada gərginliyin daha da
artmasına şərait yaradacaq. Söhbət
qlobalçılarla Donald Trampın təmsil etdiyi milli
dövlətçilərin savaşından gedir. Bu isə
dünya ictimaiyyətindən gizlədilən bir çox sirlərin
açılacağından xəbər verir. Belə olan halda
bütün sahələrdə paradiqma dəyişikliklərini
müşahidə edə bilərik. Əlbəttə, buraya
insan haqları, səhiyyə, qida, təhsil, siyasi və
bütün sahələri özündə birləşdirən
fəaliyyət istiqamətləri daxildir. Ümumiyyətlə
ABŞ daxilində baş verən proseslərin getdikcə daha
genişləcəyini görəcəyik. Çünki
USAİD kimi bənzər təşkilatların sayı
yüzlərlərlədir. Hətta elə təşkilatlar
var ki, mediada adı açıqlanmasa belə, dünya ictimai
rəyinin manipulyasında ciddi önəm daşıyır,
eyni zamanda ciddi maliyyə imkanlarına sahibdir. Təkcə
USAİD-in büdcəsi 50 milyard dollar idi. Bu isə bəzi
dövlətlərin büdcəsindən 2-3 dəfə
çoxdur. Amerikada müxtəlif əyləncələr və
narkotik aludəçilərinin sayı o qədər
çoxalıb ki, xalq köləlik və istehlakçı
kütlə rolu oynadığından xəbərsizdir. Bu vəziyyət
bilərəkdən yaradılıb”.
Ekspert söyləyib ki, Tramp Amerikanın idarəçilik
sisteminin milli dövlət ideologiyası üzərində
qurulacağının mesajını verir:
“Belə olan halda qlobal oliqarxiya və federal ehtiyat
sisteminin Amerikanı silahlı güc kimi istifadə etmək
dönəmi sona çatacaq. Burada söhbət dünya
hakimiyyəti uğrunda gedən savaşdan gedir. Savaşı
aparan dünya liderləri arasında öndə gedənlərdən
biri Donald Trampdır. Paradoks görünsə də,
Trampın Rusiya və Türkiyəyə ehtiyacı var. Biz
qarşıdurma formatının dəyişəcəyinin və
fərqli formatların şahidi olacağıq. Məsələn,
ABŞ-nin Rusiya, İranla gərgin münasibətləri
yumşaltmağa çalışacaq və ideoloji
savaşı əsas götürəcək Tramp və təmsil
etdiyi gücə qarşı ciddi təzyiqlər olacaq. Eyni
zamanda Tramp Administrasiyası da köhnə administraiya dönəmində
ABŞ-nin müttəfiqləri olan Avropa İttifaqı
ölkələrinə qarşı ciddi təzyiqlər edəcək.
Məsələn Fransa və Almaniya hökümətini
misal göstərə bilərik. Həmin ölkələr
Avropa İttifaqının siyasi və iqtisadi liderləridir.
Ona görə də yaxın müddətdə Avropa
İttifaqı lider ölkələrinin hökümətlərinə
qarşı çox ciddi şəkildə Amerikanın təzyiqlərinin
artacağını görəcəyik. Bunun ilk
işartıları artıq müşahidə olunur. Tramp həmçinin
bildirmişdi ki, Ona qarşı atılan addımlara adekvat
siyasət yürüdəcək. Avropa İttifaqının
xüsusilə lider ölkələrinin
başçıları Trampın seçilməməsi
üçün əllərindən gələni etdilər.
Bu isə o deməkdir ki, həmin hökumətlər problemlərə
hazır olmalıdır”.
Ə.Zülfüaroğlu vurğulayıb ki, Donald
Tramp Amerika Birləşmiş Ştatları sadəcə iki
cinsiyyət üzərindən siyasət yürüdəcək
deməklə LGBT və digər xəstə ideoloji xətlərin
sıradan çıxarılacağı mesajını verdi:
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə
söylədi ki, “biz Trampla əməkdaşlıq etməyə
hazırıq, lakin Avropa dəyərlərinə qarşı
mövqeyimizi qoruyacağıq”. Yəni LGBT və ona bənzər
pozğun meyillərin Avropa dəyərləri adı
altında inkişafında maraqlı olacaqlar. Bu ideoloji
toqquşma deməyə əsas verir ki, ABŞ-nin yeni
höküməti ilə Avropa İttifaqının lider
ölkələri arasında gərginlik ciddi səviyyəyə
yüksələk. Belə olan halda ABŞ-nin yeni höküməti
tərəfindən Avropa İttifaqı ölkələrində
sağçı liderlərə dəstək veriləcək.
Bu isə Avropa ölkələrində ixtişaşlara, eyni
zamanda qlobal maliyyə sisteminin kuklası rolunda istifadə
olunan Emmanuel Makron kimi marionetlərin sıradan
çıxarılmasına hesablanan proseslərin şahidi
olacağıq. Bu da eyni zamanda Avropa İttifaqının
dağılma prosesini sürətləndirəcək.
USAİD kimi bənzər təşkilatlar Avropa
İttifaqında da fəaliyyət göstərir. Onlara
qarşı da müəyyən tədbirlərin görüləcəyini
zaman-zaman müşahidə edəcəyik. Eyni zamanda
“Azadlıq radiosu” və “Amerikanın səsi” kimi müxtəlif
məqsədlərə xidmət göstərən,
xüsusilə dünya ictimai rəyinin manipulyasiyası
üçün alət rolunda istifadə olunan bu cür media
qurumlarına qarşı sərt tədbirlərin
görüləcəyinin şahidi olacağıq”.
Ə.Zülfüqaroğlu bildirib ki, dövlətlərarası
müharibə arxa plana keçir və ideoloji savaşlar
önə çıxır: “Nəticə etibari ilə tərəfdaş
olan ölkələr düşmənə, qarşıdurma vəziyyətində
olan dövlətlər isə müttəfiqə çevriləcəklər.
Bundan sonra bir sıra təşkilatlar və media
quruşlarının sıradan çıxarılma prosesi
daha geniş vüsət alacaq. Xüsulə də, Amerika Birləşmiş
Ştatlatı daxilində, eyni zamanda Avropa İttifaqı və
başqa bölgələrdə də həmin prosesi izləyəcəyik.
Həmin təşkilatlar prosesin sadəcə bir elementi qismində
çıxış edir. Baş verənlər həmçinin
dünyanı daha çətin vəziyyətlə
üz-üzə qoyacaq. Hazırda ikinci dünya müharibəsindən
sonra formalaşan dünya düzəninin
çöküş prosesini izləyirik. 2020-ci ildə
olduğu kimi gözlənilməz hadisələrin şahidi
ola bilərik”.
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.6.