Misralarda yaşayan şair…
“Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək
yapılmır.”
Deyirdi ki,- "Yaradıcılığımda xeyirxah
adamların rolu az olmayıb. Onların arasında mənə
yol açan, istiqamətləndirən, şeirlərim
haqqında fikir söyləyənlər də olub.
Yaxşı yadımdadır, şeirlərim "Ədəbiyyat
qəzeti"ndə çıxmışdı. Dilçi
alim Yusif Seyidov şeirlərimi oxuyub qəzetə
açıq məktub yazmışdı. Məktub əsasən
"Təndir" və "Daşyonan" şeirlərimin
üzərində qurulmuşdu və bu şeirləri
işıqlandırdığı üçün baş
redaktora minnətdarlıq etmişdi. Ayaz Vəfalının
bildirdiyinə görə, həmin ərəfədə
redaksiyaya Nəriman Həsənzadə, Ələmdar Quluzadə,
Qəzənfər Paşayev, Hüseyn Abbaszadə kimi
böyük şairlər zəng vuraraq mənimlə
maraqlanmışdılar. Mənə ən çox
qayğı göstərən adamlardan biri də Fikrət
Qoca olub. Haqqımda "Tanıdığım və sevdiyim
şairə" adlı rəy də yazmışdı. Dəyərli
alimimiz Qəzənfər Kazımova kitab vermişdim, şeirlərim
haqqında “Kredo” qəzetində çox səmimi bir
yazısı çıxmışdı. Xalq şairi Fikrət
Sadiq isə "Payızın yanında gözlərsən məni"
kitabım haqqında "Ədəbiyyat qəzeti"nə
böyük bir məqalə çap etdirmişdi və s..”
Dostların elə bir tədbiri olmazdı ki, orada
görünməsin. Hamıya doğması kimi
yanaşırdı. Səmimi, insanpərvər, olduğu kimi
görünməyi bacaran adam idi...
Bəli, bu gün sizə 2020-ci ildə vəfat edən
şair, mərhum Fərqanə xanım Mehdiyeva haqqında
söhbət açmaq istəyirəm. O, 1964-cu ildə Salyan
rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlmişdi.
Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun
Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə,
daha sonra Nəsrəddin Tusi adına Pedaqoji Universitetin
Filologiya fakültəsini bitirmişdi...
“Atam məni orta məktəbdə oxuduğum illərində
rayonun "Qələbə" qəzetinin "Kürün
töhfəsi" ədəbi birliyinə aparırdı. Dərnəyə
ədəbiyyat müəllimi, gözəl şeirlər
müəllifi Cəfər müəllim rəhbərlik
edirdi. Şeirlərim tezliklə həmin qəzetdə
çap olunmağa başladı. Bir gün şair Zabil Pərviz
"İstedad əsasdır" başlıqlı məqaləsi
ilə məni oxuculara təqdim edib “uğurlu yol” yazdı. Dərnəyimizə
Bakıdan tez-tez tanınmış yazarlar gəlirdi- Xəlil
Rza, Ağacavad Əlizadə, Oqtay Rza. İlk şeirim 7-ci
sinifdə oxuyarkən "Qələbə" qəzetində
çap olunmuşdu. Xəlil Rza atama demişdi ki, bu qızdan
gözəl şair çıxacaq. Onun bu sözləri mənim
üçün bir stimul oldu. Və mən daha ürəklə
yazmağa başladım. Düşünürdüm ki, hər
gələn həftə keçən həftədəkindən
daha yaxşı olmalıdır.”- söyləyirdi.
Yaradıcılığa erkən yaşlarından
başlamışdı. 1981-ci ildən respublika mətbuatında,
radio, televiziya verilişlərində vaxtaşırı
çıxışlar edirdi. İlk kitabı 1999-cu ildə
işıq üzü görmüşdü. "Çəkdiklərim
mənə bəsdi" adlı bu kitabından sonra, onun
“Deyirlər dünya şirindi”, “Payızın yanında
gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları
da nəşr olunub...
Deyirdi ki:- “Tələbə vaxtı Musa Ələkbərlinin,
Məmməd İsmayılın dərnəklərində
iştirak etdim. Ötən əsrin 80-ci illərində
radioda, "Bulaq" verilişində müntəzəm olaraq
mənim şeirlərim səslənirdi. Bakı Mədəni
Maarif Texnikumunda oxuyanda bir dəfə dəyərli alimimiz Qəzənfər
Paşayev mənim bayatılar şeirimi bəyəndiyini
söylədi. Ayaz Vəfalı da onunla idi və söylədi
ki, bu şeir sabah "Ədəbiyyat qəzeti"ndə
çap olunacaq. Səhəri gün qəzeti alıb həmin
şeiri gördüm və çox sevindim. Bu hadisədən
sonra şeirlərim müxtəlif ədəbi qəzet və
jurnallarda mütəmadi çap olunmağa başladı. Ailə
qurandan sonra yaradıcılıqdan bir az uzaqlaşdım. Bir
müddət mətbuatdan uzaq oldum. Ədəbi mühitə
yenidən "Pərvanə" ədəbi dərnəyinə
qoşulandan sonra qarışdım. Ora gedib yeni şeirlərimi
oxuyurdum, müzakirələr olurdu. "Ədalət" qəzeti
dərnəyimiz üçün səhifə
ayırmışdı, şeirlərimiz orda çap olunurdu.
Mən lap orta məktəb, tələbəlik illərindən
"Ədəbiyyat qəzeti", "Azərbaycan",
"Ulduz" jurnallarını izləyirdim. Həmişə
də arzu edirdim ki, mənim də şeirlərim bu qəzet və
jurnallarda çap olunsun...”
Bəli, bu dünyada Fərqanə Mehdiyeva adlı bir
şair də var idi. Amansız ölüm onu aramızdan tez
aparsa da, dostlarının, sevənlərinin qəlbində,
şeirlərinin sətirlərində həmişə var
olacaq. Yaşasaydı fevralın 19-da Fərqanə
xanımın 61 yaşı tamam olacaqdı. Ruhu şad olsun!..
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.15.