Praqa Azərbaycan Mədəniyyət
Evində sərgi açılıb
Praqa Azərbaycan Mədəniyyət Evində “İki
gözəllik harmoniyası: Azərbaycan xalçası və
Çex kristalı” adlı sərginin
açılışı olub.
Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça”
ASC və Praqada fəaliyyət göstərən “Halama”
Çex Kristal şirkətinin təşkilatçılığı
ilə baş tutub.
Sərgidə Azərbaycanın dünyaca məşhur,
zəngin mədəni, milli-mənəvi sərvətimiz olan
xalça nümunələri və “Halama”nın Çexiya əl
şüşə sənətinə məxsus maraqlı əsərləri
nümayiş olunur.
Tədbirdə Çexiya hökumətinin və
parlamentinin üzvləri, Çexiyadakı diplomatik nümayəndəliklərin
rəhbərləri, Çexiyadakı Azərbaycan
icmasının üzvləri, yerli ictimaiyyətin və yerli mətbuatın
nümayəndələri iştirak edib.
“Natəvan” Cəmiyyətinin sədri, Şərqi
Avropa Azərbaycanlıları Koordinasiya Şurasının
Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan Mədəniyyət
Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim Cəfərova
sərgi barədə ətraflı məlumat verib, bu məzmunun
həm Azərbaycan, həm də Çexiya tərəfindən
dərhal dəstəklənməsindən məmnunluğunu
ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov mədəniyyətin insanlar və xalqlar
arasındakı əlaqələri möhkəmləndirdiyinə
diqqət çəkib, xaricdəki Azərbaycan evlərinin bu
sahəyə verdiyi töhfələrdən danışıb:
“Sənət sərhəd tanımır və sənətlə,
zəngin tariximizlə bağlı olan bu mühüm tədbir
ənənələri müasir istiqamətlərdə
yaşatmağın, xalqlarımız arasında mədəni
mübadilənin dərinləşməsinin bariz nümunəsidir.
Cənab Prezidentin tapşırıqları əsasında
xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin
hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix
və mədəniyyətimizin də geniş təbliği həyata
keçirilir. Azərbaycan Evləri təkcə
soydaşlarımız üçün deyil, həm də
yerli əhali üçün mədəni mərkəz rolunu
oynayır, xalqlar və dövlətlər arasında birliyin
daha da möhkəmlənməsinə şərait yaradır.
Bu mənada bugünkü sərginin Azərbaycan Evində
keçirilməsinin əhəmiyyəti böyükdür”.
Sərginin kolleksiyasına müxtəlif
ölçülü, fərqli xalçaçılıq məktəblərinə
aid həm müasir, həm də klassik üslubda toxunmuş
11 yun xalça daxildir. Həmin tarixi sənət nümunələri,
eləcə də çex büllurları izləyənləri
heyran edib.
Açılış mərasimində Azərbaycan
xalçaçılıq sənəti, çex
büllurları və diaspor fəaliyyəti mövzusunda
videoçarxlar nümayiş olunub.
Sərgi mədəni hissə ilə davam edib. 2020-ci ildə Çexiyada “İlin
adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin,
fleyta ifaçısı Hana Jıtnıkovanın ifasında
səslənən Azərbaycan və çex musiqiləri
zövqləri oxşayıb.
Sərgi bir ay davam edəcək. Praqa Azərbaycan Mədəniyyət
Evinin qapıları hər kəsin üzünə
açıqdır, soydaşlarımız, yerli sakinlər və
şəhərin qonaqları bu əsrarəngiz sərgiyə
tamaşa edə bilərlər.
Qeyd edək ki, Praqa Azərbaycan Evi 2024-cü il
noyabrın 6-da açılıb və fəaliyyətə
başladığı gündən burada təşkil olunan saysız-hesabsız
tədbirlər Çexiyadakı Azərbaycan icmasının
və yerli cəmiyyətin əlaqələrinin
inkişafında böyük rol oynayıb.
Hazırda 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət
göstərir, həmin evlər soydaşlarımızın
tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində,
eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin
intensivləşməsində xüsusi rola malikdir.
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.15.