Sahibkarlar üçün güzəştli kreditləşdirmə
imkanları
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondunun 2024-cü il üzrə maliyyə
hesabatı açıqlanıb. Fond tərəfindən son
dövrlərdə daha çox kiçik və orta həcmli
kreditlər verilib. Müsbət haldır ki, güzəştli
kredit vəsaitlərindən yararlanan sahibkarlıq subyektlərinin
sayında artım müşahidə edilir. Belə ki,
2024-cü ildə Fond tərəfindən güzəştli
kreditlə təmin edilən sahibkarlıq subyektlərinin
sayı 2023-cü illə müqayisədə 74,7% artaraq 5722-yə
çatıb. Verilmiş kreditin məbləği 28% artaraq
248,1 milyon manat təşkil edib.
Fondun vəsaitinin səmərəli yerləşdirilməsi
məqsədilə 2024-cü il üzrə sənaye (o
cümlədən, aqrar emal), kənd təsərrüfatı,
logistika, anbar komplekslərinin yaradılması, turizm,
balıqçılıq və akvakultura (o cümlədən,
akvaponika), yaşıl layihələr, kütləvi informasiya
vasitələrinin inkişafı, tibb, təhsil və xidmət
layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi.
Fond tərəfindən verilmiş ümumi güzəştli
kredit məbləğinin 53,3%-i kənd təsərrüfatı
məhsullarının istehsalı, 38,1%-i sənaye məhsullarının
istehsalı və emalı (o cümlədən, aqrar emal),
6,1%-i xidmət, 2,1%-i turizm və 0,4%-i isə
balıqçılıq və akvakultura sahələrinə
yönəldilib.
İqtisadiyyatın prioritet istiqamətləri üzrə
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
dəstəklənməsində dövlətin maliyyə dəstəyi
mexanizmlərinin xüsusi rolu var. Azərbaycanda
sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə
kiçik və orta biznesin dəstəklənməsi istiqamətində
fəaliyyət göstərən Sahibkarlığın
İnkişafı Fondunun maliyyə mexanizmləri ölkədə
biznes mühitinin gücləndirilməsi istiqamətində
dövlət siyasətinin həyata keçirilməsi
üçün əsas vasitələrdəndir. Xüsusilə
güzəştli kredit mexanizmi sahibkarların bizneslərini
böyütmək üçün müraciət etdiyi əsas
maliyyə mexanizmlərindən biridir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
dayanıqlığının və inkişafının təmin
edilməsi üçün onların güzəştli maliyyə
resurslarına çıxışı mühüm əhəmiyyət
kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək
mexanizmləri belə sahibkarlar üçün əlverişli
maliyyələşmə imkanları yaradır və
onların biznes fəaliyyətlərini genişləndirməsinə
təkan verir. 2024-cü ildə Fond tərəfindən maliyyələşdirilən
layihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin
isə 93,4%-i məhz mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin payına düşüb.
Güzəştli kreditlər regionlarda
sahibkarlığın inkişafına, yeni iş yerlərinin
yaradılmasına və iqtisadi dinamikanın artmasına
töhfə verir. 2024-cü ildə dövlətin güzəştli
vəsaitlərinin əhəmiyyətli hissəsi
regionların inkişafına xidmət edən layihələrə
yönəldilib. Belə ki, ötən il Fond tərəfindən
güzəştli kredit ilə təmin edilmiş layihələrin
94,7%-i, verilmiş güzəştli kredit məbləğinin
isə 72%-i regionların payına düşüb.
Ötən il işğaldan azad edilmiş ərazilərdə
iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə
investisiya qoyuluşlarının sürətlənməsinə
dəstək diqqət mərkəzində saxlanılıb.
Belə ki, fevral ayından etibarən “İşğaldan azad
edilmiş ərazilərdə fəaliyyət göstərən
sahibkarlara dəstək” mexanizmi çərçivəsində
bu ərazilərdə investisiya layihəsi həyata keçirən
sahibkarların bank və bank olmayan kredit təşkilatlarından
əldə etdikləri kreditlərin 90%-dək hissəsinə
dövlət zəmanətinin verilməsinə
başlanılıb. Bununla yanaşı, həmin kreditlərin
illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər
müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır
və kreditin müddətinin yarısından çox
olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq
edilir. 2024-cü ildə bu ərazilərdə sahibkarların
zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında
12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat
dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər
üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi
təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən
layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı
sahələrini əhatə edib. Sözügedən layihələr
Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və
Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata
töhfə verirlər.
Bununla yanaşı, sözügedən mexanizmə
müraciətlərin operativ qəbul edilməsi məqsədilə
"Elektron kredit və zəmanət” informasiya sistemi
sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir
kredit təşkilatına getmədən elektron informasiya
sistemi vasitəsilə müraciətlərini ünvanlamaq
imkanına sahibdirlər.
İşğaldan azad edilmiş ərazilərdə
sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
istiqamətində zəmanət-subsidiya mexanizmi ilə
yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək
tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə
icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1
milyon manat güzəştli kredit əldə edilib.
Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin
maliyyə resurslarına əlçatanlığının
artırılması istiqamətində maarifləndirmə
işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla
mütəmadi olaraq keçirilən görüşlərdə
dövlətin güzəştli maliyyə mexanizmləri ilə
bağlı ətraflı məlumat verilib. Qurum eyni zamanda,
dövlət və özəl qurumların təşkilatçılığı
ilə keçirilən 10-a yaxın sərgi və konfransda
iştirak edib.
Sənaye, o cümlədən kənd təsərrüfatı
məhsullarının emalı sahələrində fəaliyyət
göstərən, eləcə də yaşıl layihələr
həyata keçirən sahibkarların fəaliyyətinin
genişləndirilməsi məqsədi ilə Fondla əməkdaşlıq
edən müvəkkil kredit təşkilatlarının
nümayəndələri arasında “Sənaye və
yaşıl layihələrə dəstək” müsabiqəsi
keçirilib. Müsabiqə çərçivəsində
2024-cü ildə Sahibkarlığın İnkişafı
Fondunun vəsaiti hesabına 311 layihəyə 66 milyon manata
yaxın kredit verilib.
Beləliklə, 2024-cü il ərzində ölkə
iqtisadiyyatının prioritet istiqamətləri üzrə fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin, o cümlədən
işğaldan azad olunmuş ərazilərin bərpasına
xidmət edən bizneslərin inkişafı dövlətin
güzəştli maliyyə mexanizmləri ilə dəstəklənib.
Dövlət müxtəlif iqtisadi rıçaqlar
vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir.
Belə institutlardan biri də artıq 30 ildir fəaliyyət
göstərən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın
İnkişafı Fondudur. Fondun əsas məqsədi Azərbaycanda
sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin
göstərilməsini təmin etmək,
sahibkarlığın inkişafına dövlət dəstəyi
mexanizmlərinin təkmilləşdirilməsində ən
yaxşı beynəlxalq təcrübələrin təşviqi
yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın
inkişafı və qarşılıqlı inam mühitinin
yaradılmasına nail olmaqdır.
Fondun başlıca fəaliyyət istiqamətlərinə
sahibkarlıq subyektlərinin investisiya layihələrini
güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
sahibkarlığın inkişafına dəstək sahəsində
proqramların (o cümlədən dövlət
proqramlarının) hazırlanmasında, həyata
keçirilməsində və maliyyələşdirilməsində
iştirak etmək; müasir texnologiyalara əsaslanan investisiya
layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin
öyrənilməsi məqsədilə müvafiq təhlil və
araşdırmalar aparmaq; sahibkarların yeni bazarlara
çıxış imkanlarını öyrənmək və
əldə olunan beynəlxalq təcrübəni sahibkarlara
çatdırmaq, maarifləndirmə işləri aparmaq və
onlara məsləhət xidmətləri göstərmək
daxildir.
Ölkədə elektron xidmətlərin, müasir
texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin
tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq
subyektlərinin "bir pəncərə" sistemi tətbiq
edilməklə qeydiyyatı sadələşdirilib. Elektron
xidmətlərin tətbiqi nəticəsində fiziki və
hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin
onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki
bu da ölkədə sahibkarların sayının artmasına
imkan verib. Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafına dəstək göstərilməsi dövlətin
iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət müxtəlif iqtisadi yollarla
sahibkarlığın inkişafını təşviq edir.
Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi
artımın əsası kimi baxılır. “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən
iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə
söykənməli, dövlət və özəl əməkdaşlığı
gücləndirilməlidir. Yenilikçiliyə malik özəl
sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun
maliyyələşməsində özəl sektorun payı
artırılmalıdır.
Bunlarla yanaşı, sahibkarların kreditlərə,
maliyyəyə olan təlabatları tam ödənilmir.
İş adamlarının investisiya qoyuluşları
üçün dah çox vəsaitə ehtiyacları var.
Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal
və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli
istifadə edilməsinə böyük ehtiyac var. Bunun
üçün yerli istehsalın və ixracın
stimullaşdırılması vacibdir. Bunlarla yanaşı,
özəlləşdirmənin əhatə dairəsinin
genişləndirilməsinə, iri və orta müəssisələri
də özəlləşdirməyə
açılmasına, yeni biznesə başlayanlara maliyyə və
texniki dəstək göstərilməsinə ehtiyac var.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.12