Azərbaycançılıq ideologiyasının əsas
atributlarından biri Azərbaycan dilidir
Füzuli Kərimov: “Ana dilimiz bizim milli sərvətimiz,
atributumuzdur”
Elçin Qaliboğlu: “Dil – hər bir xalqın müəyyənliyi,
özünəməxsusluğudur”
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili
Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin
təşəbbüsü ilə UNESCO tərəfindən
fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də
Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi
dil olması uğrunda mübarizə aparan 4 tələbənin
öldürülməsi hadisəsini bir daha insanların xatirəsində
canlandırır.
Bu gün 1999-cu il noyabr tarixində keçirilən
UNESCO-nun Baş konfransının 30-cu sessiyasında təsis
edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət
rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
UNESCO-nun baş konfransı tərəfindən üzv
ölkələrə bildirilib ki, həmin gün məktəblərdə,
universitetlərdə ana dilinin əhəmiyyəti ilə
bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə
üzləşən dillərin qorunması məqsədilə
hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər
kəsə öz doğma dilinin varlığını hiss
etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək
hüququ olduğunu bir daha xatırladır.
Bütün dünya dövlətlərində
olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə
də qeyd olunur.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə
İctimai Birliyinin sədri Füzuli Kərimov qəzetimizə
deyib ki, ana dilimiz, müqəddəs varlığımız
hesab etdiyimiz doğma Azərbaycan dilimiz ulu Vətənimiz kimi
tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa
da, başı minbir bəlalar çəksə də,
özünəməxsusluğunu qoruyub saxlayıb, nəsillərdən-nəsillərə
ötürülərək yaşayıb: “Ana dilimiz bizim milli
sərvətimiz, atributumuzdur. Azərbaycançılıq
ideologiyasının inkişafı və qorunub saxlanmasında
ana dilimiz böyük rol oynayır. Azərbaycançılıq
ideologiyasının əsas atributlarından biri Azərbaycan
dilidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev dilimizin saflığının qorunması
üçün çox böyük işlər
görüb. O, deyirdi: “Hər bir Azərbaycan vətəndaşı,
hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini,
dövlət dilini mükəmməl bilməlidir. Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi
köklərə malikdir. Şəxsən mən öz ana
dilimi çox sevir və bu dildə danışmağımla
fəxr edirəm”.
Müstəqillik illərində ulu öndər Heydər
Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində
tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul
edilib. Belə ki, Ümummilli lider 2001-ci il avqustun 9-da
imzaladığı Fərmana əsasən, avqustun 1-i
respublikamızda Azərbaycan əlifbası və Azərbaycan
dili günüdür. Bundan öncə isə 2001-ci ilin
iyununda Heydər Əliyev tərəfindən “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalayıb. Ümummilli lider deyirdi: “Hər
bir millətin dili onun üçün çox əzizdir.
Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən
artıq əzizdir. Çünki çox illər ana dilimiz,
Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir.
Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub
saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini
göstərmişdir. Xüsusən, bizim
yazıçılarımız, ədəbiyyatşünaslarımız,
şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin
yaşamasında böyük xidmətlər göstərmişlər.
Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm
ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu
keçmişdir. İndi baxın bizim dilimiz nə qədər
zəngindir, nə qədər məlahətlidir, nə qədər
şirindir və bütün fikirləri ifadə etməsi
üçün nə qədər söz ehtiyatlarına
malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim
olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini
təmin edəcəyik”. Bu gün dilimiz qorunur, inkişaf
etdirilir, yad təsir və müdaxilələrdən belə
hifz edilir”. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi
altında Heydər Əliyev böyük cəsarət
göstərərək Azərbaycan dilini dövlət dili
kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o,
bu təhlükəli tarixi məqamı belə
xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması
haqqında maddə daxil edəndə, Moskvadan bizim
başımıza nə qədər oyunlar
açıldı, nə qədər təzyiqlər göstərildi.
Ancaq biz bu təzyiqlərə dözdük”.
QHT sədri onu da vurğulayıb ki, Ümummilli lideri
Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti
onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən də uğurla davam
etdirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan
Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə
bağlı keçirilən ümumi yığıncaqda (9
noyabr 2015-ci il) söylədiyi dərin məzmunlu nitqində
xalqımızın mənəvi sərvəti olan Azərbaycan
dilinin saflığının qorunmasının zəruriliyini
ayrıca olaraq vurğulayıb: “Azərbaycan dili bizi xalq, millət
kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,
imperiyaların tərkibində yaşadığımız,
müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi,
ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dili o qədər
zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu.
Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi
qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan
dilinin saflığını təmin etməliyik".
F.Kərimovun fikrincə, dünyanın harasından
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
ana dilini qorumalıdır, ana dilimizə hörmət və
qayğı daim olmalıdır, onu unutmaq milli kimliyi, mənəvi
dəyərləri unutmaq deməkdir: “Azərbaycan dilinin
saflığını qorumaq, çirklənməsinin
qarşısını almaq hər birimizin borcudur, ana dilimizi
qorumaq millətin maddi və mənəvi irsini qorumaq deməkdir,
millətin özünəməxsusluğunu qorumaqla
yanaşı, tərcümə vasitəsilə başqa
xalqların mədəni irsi ilə tanış olmaq, onlarla
ünsiyyət qurmaq deməkdir, doğma dilin
varlığını hiss etmək, onunla qürur duymaq
lazımdır, dilimiz dünyada yaşayan 50 milyondan çox
azərbaycanlı arasında birlik, həmrəylik
körpüsüdür, gənclərimiz dilimizin mənəvi
birilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar
göstərməlidirlər, dilimizi itirməmək,
varlığını qoruyub saxlamaq üçün
mübariz olmalıyıq. Azərbaycançılıq
ideologiyasının kökündə duran amillərdən
biri də budur. Azərbaycançılıq milli mənsubiyyəti,
milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda,
onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Azərbaycan dili onun milli-mənəvi dəyərlərinin tərkib
hissəsi sayılır. "Hər bir insan üçün
milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır. Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq", - deyib ümummili lider Heydər
Əliyev”.
O, vurğulayıb ki, vətəndaş cəmiyyəti
institutları və media mütəmadi olaraq azərbaycançılıq
ideologiyasının əsaslarından biri ana dilimizin qorunması
istiqamətində layihələr həyata keçiriblər.
AMEA Folklor İnstitutunun aparıcı elmi
işçisi Elçin Qaliboğlu isə qeyd edib ki, dil – hər
bir xalqın müəyyənliyi, özünəməxsusluğudur.
Dünyada gərginliklərin artdığı bir
çağda xalqların, dövlətlərin dil qoruyuculuğu
məsələsində daha da bərkidiyi göz önündədir.
Dil uğrunda savaş əslində ulusal müəyyənlik
uğrunda savaşdır. Hər bir xalqın dili o xalqın təfəkkürünü,
səviyyəsini göstərir. Ən əski çağdan
bəri, yəni xalqın ilkin inancları yarandığı
çağlarda dilin imkan verdiyi səviyyədə həmin
özəlliklər yaşayıb, sonradan yetkinləşib,
bugünümüzə gəlib çıxıb. Dil
özündə tarixi çox gözəl ifadə edir,
yaşadır. Qəhrəmandır dilimiz, ona görə ki,
biz bir xalq olaraq sarsıldığımız, hətta
özümüzdən ayrıldığımız
çağlarda belə o, ruhumuzu ölməyə qoymayıb,
kamil şəkildə qoruya bilib: “Dil – ruhaniliyin ifadəsidir,
bu səbəbdən də o, zamandan, gerçəklikdən,
quruluşdan üstündür. Əgər dil ictimai hadisə
olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də
ölüb gedərdi. Hər bir xalq öz adıyla
bağlı olan dilin yaradıcısı,
yaşadıcısı, qoruyucusudur”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.8.