Ana dili: arzuolunmaz vəziyyət və həll yolu
21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Bu
gün Banqladeş səfirinin təşəbbüsü ilə
1999-cu ilin noyabrından UNESCO tərəfindən Beynəlxalq
Ana Dili Günü elan olunub.
Dil hər bir millətin varlığının əsas
göstəricisi, şərti hesab edirir. Elə məhz 21
Fevral ilə əlaqədar Azərbaycanda hər il müxtəlif
tədbirlər, seminarlar, görüşlər və s.
keçirilir. Həmin tədbirlərdə ana dilini
yaxşı səviyyədə bilmək, onu qoruyub saxlamaq
haqqında çağırışlar edilir, dilin
saflığının qorunmasının
mühümlüyü vurğulanır. Bəs bu gün
ölkəmizdə bu çağırışlara nə qədər
əməl olunur?
Nəzər yetirdiyimiz zaman Azərbaycanda olan bir
çox mağaza, restoran, marketlərin və s. adının
doğma ana dilində yox, xarici dildə olduğunu
görürük.
Mövzu ilə bağlı mütəxəssislər
fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
“Milli dilə hörmət yaratmaq lazımdır”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli
qeyd edib ki, xarici sözlər dildən təmizlənir,
alınma sözlər dildən çıxır, milli
sözlərə qayıdırıq, ancaq bir yandan da bu kimi
ağrılı məsələlər qalır: “Biz müxtəlif
mağazaların, restoranların, iaşə obyektlərinin
xarici dildə olmasını təqdir etmirik,
alqışlamırıq. Birinci növbədə sözlər
milli dildə olmalıdır, ondan sonra xarici dildə. Bunun pis
tərəfi də var ki, insanlar öz obyektlərinə
verdikləri həmin xarici adın mənasını başa
düşmürlər. Eləcə də əksər insanlar
səhv oxuyurlar, hətta deyərdim ki, səhv yazırlar. Bəlkə
o ad pis məna daşıyır. Siz o sözü
götürüb restoran adı, iaşə obyektlərinə,
mağazaya verirsiniz. Əlbəttə, bunlar arzuolunmaz
haldır. Xalqın səviyyəsini yüksəltmək, milli
dilə hörmət yaratmaq lazımdır. Onu da
xatırladım ki, cənab Prezident İlham Əliyev dil
haqqında çox sərəncamlar imzalayıb. Onlar
müzakirə olunmalıdır”.
“Bir yol var...”
N.Məmmədli qeyd edib ki, bu məsələdə
bir yol var, o da insanları maarifləndirməkdir:
“Çünki uzun müddət sovet sistemində
yaşamışıq, qapılar üzümüzə
bağlı olub. İndi qapılar açılıb,
bildik-bilmədik əlimizə nə keçdi istəyirik
götürüb istifadə edək. Hələ siz insan
adlarına baxın. Görün nələr qoyublar. Xaricdə
qulaqlarına xoş gələn nə söz var,
götürüb o adı qoyurlar. Ancaq adın mənasını
bilsələr, bəlkə də istifadə etməzlər.
Bu kimi hallar dilə çox böyük ziyan vurur. Mən sizə
təşəkkür edirəm. Siz və sizin kimilərin bu məsələni
qaldırmağınız, buna reaksiya verməyiniz bizləri
çox sevindirir. Çox sağ olun”.
“Burada psixoloji məqam var”
Əməkdar jurnalist, professor, tənqidçi Qulu Məhərrəmli
paytaxtda, Sumqayıtda, bəzi iri şəhərlərdə
ticarət obyektlərinin, ictimai iaşə müəssisələrinin
adlarının xarici dillərdə yazılışı
haqqında çox müzakirələr olunduğunu bildirərək
əlavə edib ki, bunun iki aspekti var: “Birinci tərəfi odur
ki, bunu daha çox iş adamlarının biznes
maraqlarının olması ilə əlaqələndirirlər.
İkincisi də “Dövlət dili haqqında” Qanunda bu məsələlərin
kateqorik şəkildə qoyulmaması ilə bağlı məsələlər
müzakirə olunur. Əslində necə olmalıdır?
“Reklam haqqında” Qanunda da, bizim digər rəsmi sənədlərdə
də var ki, istənilən müəssisənin adı iki
dildə, birinci növbədə ana dilində
yazılmalıdır. Ondan sonra başqa bir dildə də
yazıla bilər. Amma başqa dildə yazılan şriftlər
ana dilindəki yazılardan böyük ola bilməz. Burada
söhbət ondan gedir ki, xarici adlar seçilir. Bu zaman həm
də burada bir psixoloji məqam var. Bizim iş adamları belə
hesab edirlər ki, onlar mağazalarının adına
“Afrodita”, “Alisa”, “Diana” və s. bu qəbildən ad qoysalar,
onların biznesi yaxşı gedəcək, amma, məsələn
“Nigar” və digər milli adlar qoyulsa, o qədər də
yaxşı olmaz”.
“Bizim iş adamlarında da milli hiss, duyğu
olmalıdır”
Professor vurğulayıb ki, bu məsələ birinci
növbədə “Reklam haqqında” Qanunla tənzimlənir:
“Çünki yazılar təkcə fərqləndirmə
deyil, həm də reklam xarakteri daşıyır. Amma burada bəzən
hüdudlar keçilir. Məsələn, indiyə qədər
restoranların adları elə “restoran” şəklində
yazılıb. İndi ingiliscə “restourant” kimi
yazılır. Belə olanda bu, nəyi dəyişir? Ona
görə də bizim iş adamlarında da milli hiss, milli
duyğu olmalıdır. Sahibkarlıq fəaliyyəti
üçün, əlbəttə, biznes maraqları çox
vacibdir. Amma təkcə biznes maraqları yox, eyni zamanda, nəzərə
almaq lazımdır ki, bu, milli ölkənin paytaxtıdır,
Azərbaycandır, yerli əhali var, təkcə xaricilər
üçün deyil. Xariciləri cəlb etmək
üçün başqa üsullar var. Məsələn, xidmət,
təqdim olunan malların keyfiyyəti var. Bunlara diqqət
yetirmək lazımdır. Əlbəttə, reklam da, yazı
da bir çağırışdır. Bu məsələ dəfələrlə
müzakirə olunub, o cümlədən Bakı Şəhər
İcra Hakimiyyətində də bu məsələyə
münasibət bildirilib. Bu, daha çox “Reklam haqqında”
Qanunla əlaqələndirilir və buna müəyyən mənada
bəraət qazandırılır. Ona görə də bu,
mürəkkəb məsələdir və hesab edirəm ki,
burada sahibkarların öz şəxsi yanaşması müəyyən
rol oynaya bilər”.
“Maarifləndirmək lazımdır”
Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki,
Bakı şəhəri başda olmaqla ölkəmizin bir
çox yerlərində müxtəlif obyektlərin adları
Azərbaycan dilinə tərs düşən adlardır: “Bu
adları ora pərçimləyənlərin də
böyük əksəriyyəti, ümumiyyətlə, həmin
o xarici dillərlə heç tanış da deyil. Mən o
iş adamlarının savadsız olduğunu demirəm, sadəcə
olaraq uyğun təhsil görməmiş adamlardır və
onlar düşünürlər ki, restorana və ya
şadlıq sarayına hansısa xarici dildə bir ad qoysalar
bundan nəsə fayda görəcəklər. Əslində
faydalı heç bir yönü yoxdur”.
A.Həsrət vurğulayıb ki, bu, aşağılıq
kompleksinin təzahüründən başqa bir şey deyil:
“Bir insan öz ana dilini kənara itələyib, heç bilmədiyi
xarici bir dildə öz obyektinə ad qoymamalıdır.
Əlbəttə, başa düşürəm ki, beynəlxalq
səviyyədə tanınmış markalar var. Onların
adını dəyişə bilmərik. Lakin şadlıq
sarayları hansısa beynəlxalq şəbəkənin tərkib
hissəsi deyil ki. Baxın, çoxunun adları xarici dildədir.
Tək-tük şadlıq sarayları var ki, onlara öz
dilimizdə ad qoyulub. Özü də ingilis dilində “palace”
(palas) yazırlar. Onu da ingilis dilini bilən düzgün oxuya
bilir, bilməyən isə yazıldığı kimi “palace”
oxuyur. Görürsünüzmü, bu, fəlakətdir. Bu
cür adamları hərəkətləndirmək, maarifləndirmək
lazımdır. Eyni zamanda, dövlətin buna məsul
qurumları da ciddi işləməlidir...”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.7.