Maliyyə-bank sektorunda inkişaf trendləri
Azərbaycan bank əsaslı maliyyə sisteminə
malikdir. Bank sektorunun aktivləri maliyyə sistemi aktivlərinin
90%-dən yuxarı hissəsini təşkil edir. Bank sektoru
aktivləri 2022-ci ildə ÜDM in 35%-i təşkil
etmişdir. Pandemiya ilə bağlı yaranan qeyri-müəyyənliklər
fonunda dövlət və Azərbaycan Mərkəzi Bankı (AMB)
tərəfindən həyata keçirilmiş sinxron tədbirlər
2022-ci ildə iqtisadi canlanmanı sürətləndirib.
AMB-nin təhlilləri kredit portfelinin dinamikası ilə
iqtisadi aktivliyin dinamikası arasında yüksək
korrelyasiyanın olduğunu göstərir. Mürəkkəb
xarici mühit və şərtlərə baxmayaraq, bank sektoru
mənfəətliyini qoruyur. Sektorun kapital mövqeyi prudensial
tələbləri üstələməklə potensial itkiləri
absorbsiya etmək imkanındadır.
31 yanvar 2025-ci il tarixinə ölkədə fəaliyyət
göstərən 22 bankın filiallarının sayı 485,
şöbələrinin sayı 88, ATM-lərin sayı
3,253-dir. Bank sektorunda çalışanların sayı q
25,452 nəfərdir. Fəaliyyətdə olan bankların cəmi
aktivləri 53,090.7 mln. manat, cəmi öhdəlikləri 46,402
milyard manat, balans kapitalı 6,688.4 mln. manat olmuşdur. Bankların
kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27,5 milyard manat
olmuşdur. Kredit portfelinin strukturuna nəzər salsaq, biznes
kreditləri – 53.5% (14,709.9 mln. manat). istehlak kreditləri – 31.1%
(8,551.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4%
(4,253.1 mln. manat) təşkil edir. Cəmi kredit portfelində
(BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı
keçmiş kreditlərin payı əvvəlki ilin
müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi
azalaraq 1.6% olub. Bankların öhdəliklərinin strukturunda ənənəvi
olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi
öhdəliklərin 79.7%-i və ya 36,961 mln. manat. Depozit
portfelinin 61.1%-i (22,575.5 mln. manat) hüquqi şəxslərin,
38.9%-i (14,385.4 mln. manat) fiziki şəxslərin depozitlərindən
(fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin
depozitləri istisna olmaqla) ibarətdir. Fiziki şəxslərin
əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i
(4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət
portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən
ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri
yanvar ayında 1.7% və ya 146 mln. manat artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri
16,671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi
depozit portfelinin 73.8%-ni əhatə edir. Fiziki şəxslərin
əmanətlərinin dollarlaşması əvvəlki ilin
müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi
azalaraq 33.5% təşkil etmişdir. 2025-ci ilin yanvar ayında
banklar 71 mln. manat xalis mənfəət, 122.5 mln. manat əməliyyat
mənfəəti əldə ediblər.
Bu ilin yanvar ayında manatla geniş mənada pul
kütləsi (M2) keçən ilin müvafiq dövrünə
nəzərən 1.5% artaraq 34,752.2 mln. manat olub. Bank sektorunun
xarici öhdəlikləri ilin əvvəlinə nəzərən
38.2 mln. manat artaraq 2,623.6 mln. manat təşkil edib. Xarici
öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən
qeyi-rezident hüquqi şəxslərin cari hesablarının
həcmindəki artımla əlaqədardır.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə
yanvar ayının sonunda dövriyyədə olan ödəniş
kartlarının sayı ötən aya nəzərən 67
min ədəd artaraq 19 milyon 965 min ədəd olub. Keçən
ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 15.8% artıb. Ödəniş kartlarında
artım debet kartları üzrə 18.1%, kredit kartları
üzrə 0.3%-dir. Ödəniş kartlarının
artması nağdsız ödənişlərin həcminə
müsbət təsir göstərib. Belə ki, ay ərzində
ölkədaxili nağdsız əməliyyatların həcmi
keçən ilin müvafiq dövrü ilə müqayisədə
1.4 dəfə artmışdır. 2025-ci ilin yanvar ayı ərzində
kartlar vasitəsilə həyata keçirilən ölkədaxili
nağdsız ödənişlərin həcmi 6,902 mln.
manatdır. Həyata keçirilən nağdsız ödənişlərin
5,845 mln. manatı elektron ticarətin payına
düşür. Qalan məbləğin 1,052 mln. manatı
POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət
terminalları vasitəsilə gerçəkləşdirilmişdir.
Yanvar ayı ərzində ödəniş kartları ilə
nağdsız ölkədaxili əməliyyatların həcmi
ölkədaxili kart əməliyyatlarının 68.5%-ni əhatə
edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti
şəbəkələri üzrə dinamik artım
müşahidə olunur. Belə ki, keçən ilin yanvar
ayının sonu ilə müqayisədə bankomatların
sayı 6.8%, POS-terminalların sayı 37.3% artıb.
Bunlarla yanaşı, qeyri-bank maliyyə seqmentlərinin
maliyyə sektorunda payı kiçik olaraq qalmaqdadır.
Sığorta xidmətlərinin penetrasiyası üzrə
artım trendi müşahidə edilir. AMB-nin qiymətləndirmələrinə
görə, yaşam sığortası və icbari
sığorta sinifləri sığorta sektorunda artımın
əsas drayveridir. İqtisadi artımın bərpası və
daxili tələbin genişlənməsinə paralel olaraq
kapital bazarı da genişlənmişdir.
Maliyyə sistemində iqlim və ESİ amillərdən
yaranan riskləri idarə etmək və mövcud imkanları
reallaşdırmaq üçün yol xəritəsinə
ehtiyac vardır. Hazırda Azərbaycan maliyyə sistemində
dayanıqlı və yaşıl maliyyənin tətbiqi
üzrə tədbirlər sistemli qaydada həyata
keçirilmir. Dayanıqlı maliyyə üzrə maliyyə
sektorunun məlumatlığı adekvat səviyyədə
deyildir, dayanıqlı maliyyə üzrə requlyativ çərçivə,
dayanıqlı fəaliyyət növlərinin təsnifləşdirilməsi,
dayanıqlı maliyyə alətləri və bu alətlərin
inkişafının təşviq mexanizmləri, həmçinin
maliyyə institutlarında dayanıqlı maliyyə üzrə
risk idarəetməsi sistemi mövcud deyil. Bu baxımdan
dayanıqlı maliyyənin inkişafı üçün
müvafiq yol xəritəsinin hazırlanması zəruri hesab
olunur.
AMB ölkənin dayanıqlı inkişafında
maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləyir.
Bu məqsədlə, 2023-2026-cı illəri əhatə edən
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
hazırlanmışdır. Yol xəritəsi qabaqcıl beynəlxalq
təcrübələr nəzərə alınmaqla maliyyə
institutlarının maliyyə və investisiya qərar qəbuletmə
və risklərin idarə edilməsi proseslərinə iqlim dəyişmələri
və ESİ amillərin inteqrasiyasını, maliyyə
bazarı iştirakçılarının istiqamətləndirilməsi
məqsədilə müvafiq standartların və bələdçi
sənədlərin işlənib hazırlanmasını,
dayanıqlı maliyyə alətləri üçün
ekosistemin formalaşdırılmasını əhatə edir.
Yol xəritəsinin başlıca məqsədi iqlim dəyişmələri
və ESİ amillərini nəzərə alan dayanıqlı
maliyyə ekosisteminin formalaşdırılması və maliyyə
sabitliyinin təmin edilməsidir. Bu istiqamətdə beynəlxalq
təcrübə nəzərə alınmaqla Yol xəritəsi
əsas olaraq iqlim dəyişikliyindən və ekoloji risklərdən
yaranan maliyyə sabitliyi risklərinin tənzimləməsinə
yönəlmiş və sosial, idarəetmə amilləri ilə
bağlı tədbirlər, həmçinin digər
müvafiq strateji proqramların, o cümlədən Maliyyə
inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət
Proqramının tərkib hissəsi olacaqdır.
Müvafiq yol xəritələri və strategiyalarda əhalinin
müxtəlif sosial qrupları üzrə (cins, yaş, fiziki
və ya zehni qüsurlu şəxslər və s.) maliyyə əlçatanlığının
artırılması, özünüməşğul əhali,
mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin
maliyyələşmə imkanlarının genişləndirilməsi,
rəqəmsal maliyyə xidmətləri imkanlarının
artırılması, mikromaliyyələşmənin
inkişafı, maliyyə inklüzivliyinin dərinləşdirilməsi
və s. kimi müvafiq tədbirlər nəzərə
alınacaqdır.
Yol xəritəsi Azərbaycanın bank sektoru,
sığorta sektoru və kapital bazarının milli
dayanıqlı inkişaf hədəfləri ilə
uzlaşdırılması istiqamətində görüləcək
tədbirləri müəyyən edir. Tədbirlər maliyyələşdirmə
və investisiya qərarlarının ətraf mühitə və
ekologiyaya təsirinin sistematik qiymətləndirilməsi, iqlim
və ESİ amillərindən yaranan risklərin idarə edilməsi,
maliyyə institutlarının iqlimlə bağlı və
ekoloji riskləri fürsətə çevirmələri məqsədilə
müvafiq ekosistemin qurulması, maliyyə şəffaflığının
və bazar intizamının təşviq edilməsi kimi
çoxşaxəli məsələləri əhatə edir.
Maliyyə bazarlarının strukturu nəzərə
alınmaqla, dayanıqlı maliyyəyə keçid mərhələli
qaydada həyata keçiriləcək. Bu istiqamətdə
maarifləndirmə, bilik və bacarıqların
artırılması üzrə təşəbbüslər
maliyyə sektorunun bütün seqmentlərini əhatə edəcək.
İqlim dəyişmələri və ESİ amillərinin
maliyyə institutlarının investisiya və maliyyələşmə
qərarlarına və risklərin idarəedilməsinə
inteqrasiyası ilkin mərhələdə təlimat və
standartların verilməsi ilə dəstəklənən
könüllü əsaslarla tənzimlənəcək,
növbəti mərhələdə isə normativ bazaya daxil
ediləcək. Qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmalqa dayanıqlı maliyyənin əsas komponentləri
üzrə tədbirlər strukturlu qaydada həyata
keçiriləcək. Yol xəritəsində müəyyən
edilmiş müvafiq tədbirlər və görüləcək
işlərin icrası aidiyyəti dövlət qurumları,
agentliklər və sektor assosiasiyaları ilə koordinasiya və
əməkdaşlığı zəruri edir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.12.