Boşanmaların sayı niyə artır və problem
necə həll olunmalıdır?
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda
deyilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələri tərəfindən 2024-cü
il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və
21 min 384 boşanma halları qeydə alınıb. Bildirilib
ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin
hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən
4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək
eyni səviyyədə (2,1) qalıb.
Boşanma mövzusunda çox müzakirələr
aparılıb, fikirlər söylənib. Bir çoxu qeyd edir
ki, bütün boşanmaların konkret bir səbəbi yoxdur,
hər ailədə bir neçə fərqli səbəbdən
baş verə bilir.
Boşanmaların səbəbləri və
qarşısını necə almaqla bağlı “Xalq Cəbhəsi”
mütəxəssislərin fikirlərini öyrənib.
“Bu, nikahların sayının azalmasına gətirir”
Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
baş məsləhətçisi Rafiq Mahmudov qeyd edib ki,
boşanmaların sayında çoxalma və nikahların
sayında azalma cəmiyyət üzvlərini, eləcə də
aidiyyəti dövlət qurumlarını olduqca narahat edir: “Gəlin
əvvəl nikahların sayının azalma səbəblərini
araşdıraq. Nikahların sayının azalması bir
neçə səbəblə bağlıdır. Qeyd etmək
lazımdır ki, bu gün gənclər öz
qarşısına yeni prioritetlər, məqsədlər
qoyurlar. Bu məqsədlər təhsil, karyera,
özünü inkişaf və sosiallaşma ilə
bağlıdır. Əgər əvvəllər gənclər
təhsil alaraq valideynlərin tövsiyəsi ilə nikaha daxil
olurdularsa, bu gün gənclər daha çox müstəqil və
heç kəsdən asılı olmayan həyat tərzinə
üstünlük verirlər. Nəticə olaraq ailə qurma
məqsədi arxa plana keçir. Bu da orta nikah
yaşının çoxalmasına və olaraq nikahların
sayının azalmasına gətirir. Bu tendensiya Azərbaycanla
yanaşı, bir çox inkişaf etmiş ölkələrdə
də müşahidə olunur”.
“Onlar ailənin dağılmasından daha çox əziyyət
çəkirlər”
R.Mahmudovun sözlərinə görə,
boşanmaların səbəblərini araşdıraraq
görmək olar ki, düşünülmədən qurulan
münasibət, ailənin təməldən sarsılması,
cütlüyün, ailə üzvlərinin ümumi məsələlərdə
ortaq qərara gələ bilməməsi, bir-biriləri ilə
razılaşmaması, xarakterlərin uyğunsuzluğu, xəyanət,
uşağın olmaması, zorakılıq, kənar
müdaxilə, sosial şəbəkələrin mənfi təsiri
və s. kimi əsas səbəbləri var:
“Gördüyünüz kimi, səbəblər kifayət qədər
genişdir və onlar toplam olaraq üst-üstə gələrək
boşanmaya gətirə bilərlər. Bir çox hallarda
boşanmaların səbəbkarları ailə üzvlərinin
biri və ya hər ikisi ola bilər. Heç bir cütlük
nikaha daxil olarkən gələcəkdə
boşanacağını düşünmür, lakin bəzən
ailə həyatının gedişatı əksini göstərir,
problemlər artır, ümumi çıxış yolu
tapılmır və ya tapmaq üçün cəhd olunmur və
ən əsası ünsiyyət qurula bilmir. Belə olan halda
ailə üzvləri özləri üçün ən asan
çıxış yolunu boşanmada görürlər.
Ancaq biz unutmamalıyıq ki, ailə təkcə ər-arvaddan
ibarət deyil, eyni zamanda, ailənin balaca üzvləri də
var, hansılar ki, ailənin dağılmasından daha
çox əziyyət çəkirlər. Onlar həm mənəvi
həm də psixoloji sarsıntı keçirdirlər və
bunun fəsadı çox ağır ola bilər”.
“Uşaqlarla iş aparmaq olduqca vacibdir”
Mütəxəssis həmçinin vurğulayıb
ki, boşanmaların mütləq əksəriyyəti
sosial-psixoloji əsaslardan qaynaqlanır və bu məsələ
bir daha ənənəvi ailə dəyərlərinin qorunması
və təbliğinin vacibliyini ortaya çıxarır: “Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən mütəmadi olaraq
bütün bölgələrdə və paytaxtda ailə və
nikah institutunun qorunması, milli ailə dəyərlərinin
təbliği, gənclərin ailə həyatına hazırlığı
məqsədilə mütəxəssislərin iştirakı
ilə maarifləndirmə tədbirləri təşkil olunur,
eyni zamanda, sosial çarxlar hazırlanır, ailə üzvlərinin
birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin
düzgün təbliğ olunması üçün layihələr
həyata keçirilir. Nəzərə alsaq ki, nikahın
pozulması prosesində cütlüklə yanaşı,
uşaqlar da olduqca böyük travma alır. Bu istiqamətdə
hər zaman uşaqlarla da iş aparmaq olduqca vacibdir.
Bütün bunlar nəzərə alınaraq ailələrlə
və uşaqlarla işləyən mütəxəssislər
üçün Dövlət Komitəsi tərəfindən
beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər
təşkil edilib. Dövlət Komitəsi öz fəaliyyətində
hər zaman nümunəvi, uzunömürlü ailələrin
təbliğatına da geniş yer ayırır. Bu cür təbliğat,
nümunəvi ailələrin tanıdılması digər
ailələr üçün bir stimul olur”.
“Maarifləndirmə işi aparmaq olduqca əhəmiyyətli
olar”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin üzvü Günay Ağamalı qeyd edib ki,
boşanmalar ailə institutunun zəifləməsinə, cəmiyyətin
demoqrafik inkişafına da mənfi təsir göstərir:
“Bu problemin qarşısının alınması
üçün ailə dəyərlərinin qorunması, ailə
psixologiyası üzrə maarifləndirmə işi olduqca əhəmiyyətlidir.
Boşanmalara əsas səbəblər arasında ünsiyyət
çatışmazlığı, zorakılıq halları,
xəyanət və erkən nigahlar yer alır. Erkən
nigahların qarşısı alınarsa, ailə münasibətlərində
qarşılıqlı anlaşma olarsa, bu münasibətlər
sağlam və davamlı olar”.
“Boşanmaların xeyli hissəsi də buradan irəli
gəlir”
Vəkillər Kollegiyasının üzvü, vəkil
Vamiq Şükürov söyləyib ki, boşanma barəsində
danışmaq bizim üçün araşdırma tələb
edir: “Biz yalnız bizə edilən müraciətlər
üzrə şahid olduqlarımızı deyə bilərik.
Boşanmaların bir qismini daha çox tərəflərin
nigaha daxil olarkən, nigah zamanı öz həyatlarını
sürdürmələri üçün onlarda şəxsiyyətin
tam formalaşmaması və müəyyən yetkinlik səviyyəsinə
tam çatmaması ilə əlaqələndirmək olar”.
Vəkil əlavə edib ki, digər bir qismi maddi
imkanların məhdudluğudur: “Bu da bir neçə səbəblə
əlaqədardır . Yəni ola bilər ki, tərəflərin
maddi imkanları olmasın. Bu zaman onlar bir-birini başa
düşməlidirlər, bir-birinə dəstək verməlidirlər.
Bu da əslində birinci səbəblə əlaqələndirilə
bilir. Amma bəzən tərəflərdən biri ailənin
maddi vəziyyətinə, ümumiyyətlə, heç bir dəstək
vermir. Təbii ki, boşanmaların xeyli hissəsi də
buradan irəli gəlir”.
“Boşanmalar həm də müstəqil yaşamla
bağlı olur”
V.Şükürovun sözlərinə görə,
eyni zamanda, tərəflər arasında boşanmaların bir
qismi müstəqil yaşamla bağlı olur. Bu da müəyyən
qədər tərəflərin yetkinlik səviyyəsindən
aslıdır: “Yəni kişilər qadınların əvvəlki
dövrlərdə dədə-babadan gələn adətlərlə,
düşüncə tərzi ilə
yaşamadıqlarından narahat olurlar. Bu da mübahisələrə,
mübahisələr isə sonda münaqişələrə
çevrilir və nigahın pozulması ilə nəticələnə
bilir. Belə hallar olanda bunun səbəbləri də var. Bir
qismi isə tərəflərin bir-birini yaxşı
tanımaması, müxtəlif göstəricilərə
görə bəyənməməsi və nigah dövründə
ondan irəli gələn fərqlərin aşkar
olunmasıdır. Yəni tərəflər bir-birinə
heç bir halda uyumlu ola bilmirlər. Adətən biz
boşanma zamanı bu səbəbləri görürük”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.13.