Xocalı soyqırımı: insanlığa
qarşı cinayət
Azərbaycan tarixinin ən faciəvi, ən qanlı səhifələrindən
biri olan Xocalı soyqırımının 33-cü
ildönümüdür. 33 il əvvəl törədilən
Xocalı soyqırımı ermənilərin müharibə
cinayətləri arasında xüsusi amansızlığı
ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı
alayının dəstəyi ilə Xocalıya hücum çəkən
ermənilər bir gecənin içində bütün şəhəri
yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində
dinc əhalinin kütləvi qətliamı kimi dərin iz
qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və
Serebrenitsa kimi soyqırımları ilə bir sırada
dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər
dinc sakin xüsusi qəddarlıqla öldürülüb,
1275 insan əsir və girov götürülərək
işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin,
o cümlədən 68 qadın və 26 uşağın taleyi
bu günədək məlum deyil. Həmçinin 8 ailə
tamamilə məhv edilib, 130 uşaq valideynlərindən
birini, 25 uşaq isə hər iki valideynini itirib tək bir
xalqın deyil, bütövlükdə insanlığın
yaşadığı ən dəhşətli cinayətlərdən
biridir. Xocalı şəhəri yerlə-yeksan edildi, mülki
infrastruktur, tarixi və mədəni abidələr məhv
edildi.
İşğal nəticəsində Xocalı şəhərində
105 sosial-məişət obyekti, 3200 fərdi
yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana,
üç mədəniyyət evi və bir
tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə
XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar
yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla
dağıdılıb.
Millət vəkili Azər Allahverənovun sözlərinə
görə, xüsusilə qeyd edilməlidir ki, Xocalı qətliamı
Ermənistanın uzun illərdən bəri Azərbaycana
qarşı həyata keçirdiyi
planlaşdırılmış etnik təmizləmə və
təcavüz siyasətinin tərkib hissəsi idi. Həmin
qanlı gecədə erməni təcavüzkarlarının
törətdikləri vəhşilik heç zaman unudulmayacaq.
Çünki həmin gecə baş verənlər təkcə
Azərbaycan xalqına qarşı soyqırımı deyildi,
bəşəriyyətə, insanlığa qarşı
törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o
zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə
siyasi qiymət verilməsi, qanlı qırğın barədə
obyektiv məlumatların dünya ictimaiyyətinə
çatdırılması üçün heç bir
addım atmamışdı. Yalnız ümummilli lider Heydər
Əliyev xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə
hüquqi-siyasi qiymət verilib: “Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev Xocalı
soyqırımını Azərbaycan xalqına qarşı
törədilmiş ən ağır cinayətlərdən
biri kimi qiymətləndirərək, bu faciənin dünya
ictimaiyyətinə çatdırılması və beynəlxalq
hüquqi qiymət alması üçün mühüm
addımlar atmışdır. Belə ki, 1994-cü ildə
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi
qiymət verdi və 26 fevral “Xocalı soyqırımı
günü” elan edildi.
O, çıxışlarında “Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilən
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım,
eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın
millətçi, vəhşi qüvvələri tərəfindən
Azərbaycana qarşı edilən soyqırımıdır -
vəhşiliyin görünməmiş təzahürüdür"
deyə qeyd edirdi. O, Xocalı soyqırımını törədənlərin
gec-tez ədalət qarşısında cavab verəcəyini və
bu faciənin unudulmaması üçün gənc nəslin
həqiqətləri bilməsinin vacibliyini xüsusi
vurğulayıb.
Bu səbəbdən Respublikaımızda Xocalı
soyqırımı qurbanlarının xatirəsinin yad
olunmasına xüsusi diqqət yetirilir. Belə ki, məhz Ulu
Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı
ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan
Respublikası ərazisində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq
sükut dəqiqəsi elan edilib.
Ulu Öndər Heydər Əliyevin
başladığı bu işlər onun siyasi kursunun
davamı olaraq Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
Xocalı həqiqətlərini dünya ictimaiyyətinə
daha geniş çatdırmağa davam edir”.
Millət vəkili Samir Vəliyev isə deyib ki, ermənilərin
törətdikləri bu qətliam tərəqqipərvər bəşəriyyətin
genosid kimi tanıdığı Xolokost, Xatın və Sonqmi
faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir.
Beynəlxalq hüquqa əsasən genosid sülh və bəşəriyyət
əleyhinə yönələn əməl olaraq ən
ağır beynəlxalq cinayətlərdən biri
sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr
tarixli qətnaməsində də qeyd olunur ki, genosid insan
qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini
təhqir edir, bəşəriyyəti insanlar tərəfindən
yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə
bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə
tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III)
saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən
şərtlər də Xocalı faciəsinin məhz
soyqırımı adlandırılmasına tamamilə imkan
yaradırdı. Konvensiyaya qoşulan dövlətlər
sülh, yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürüblər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunub: “Həmin beynəlxalq sənəddə göstərilir
ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən
məhv edilməsilə törədilən bir sıra hərəkətlər
genosid cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər
- həmin qrupun üzvlərinin öldürülməsi,
ağır bədən xəsarətinin, onların fiziki məhvinə
səbəb olan həyat şəraitinin yaradılması,
uşaqların zorla bir insan qrupundan alınıb
başqalarına verilməsi törədilmiş cinayətin
soyqırımı kimi tövsif edilməsinə əsas verir.
Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin
Xocalıda törətdikləri dəhşətli cinayətlərin
genosid olduğuna heç bir şübhə qalmır. Həmin
gün mənfur erməni silahlı birləşmələri
Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə
son nəfərinədək qətlə yetirmək, məhv
etmək məqsədini qarşıya qoymuşdular. Xocalı
soyqırımı və işğalçı Ermənistanın
torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində
İnsan hüquqları haqqında Ümumi Bəyannamədə,
İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında Avropa
Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit
olunmuş hüquq və azadlıqlar, o cümlədən
insanların yaşamaq hüququ kobud şəkildə,
kütləvi surətdə pozulub, onların şərəf
və ləyaqəti tapdanıb”.
Millət vəkili Mahir Süleymanlınin fikrincə,
belə faciələr bir daha göstərir ki, müharibələrdə
ən çox zərər çəkən dinc əhali olur.
Buna görə də ədalət uğrunda mübarizə
davamlı olaraq aparılmalı, belə hadisələr
heç vaxt unudulmamalıdır. Beynəlxalq ictimaiyyət bu
cinayətə hüquqi və siyasi qiymət verməli, gələcəkdə
bənzər hadisələrin baş verməməsi
üçün birgə səylər göstərməlidir.
Biz Xocalı soyqırımını dərin hüznlə
xatırlayır, qurbanların ruhuna ehtiram göstərir və
gələcək nəsillərə belə faciələrin
təkrarlanmaması üçün sülh və ədalət
çağırışını
çatdırırıq: “2008-ci ildə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına
start verilib. Bu kampaniyanın əsas məqsədi Xocalı
faciəsi haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın
artırılması, soyqırımını törədənlərin
məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlarda
hüquqi tanınmanın təmin edilməsi, həmçinin
Xocalı qurbanlarının xatirəsinin
yaşadılmasıdır. Kampaniya çərçivəsində
dünyanın müxtəlif şəhərlərində
yürüşlər, sərgilər və konfranslar təşkil
olunur. Sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi
ilə geniş təbliğat aparılır. Bir çox beynəlxalq
media qurumları faciə haqqında məlumatlar
yayımlayır”.
O, qeyd edib ki, 2020-ci ildə baş verən 44
günlük İkinci Qarabağ müharibəsi nəticəsində
regionda yeni reallıqlar yaranıb. Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
torpaqlarımızı erməni işğalından azad edib.
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal
antiterror tədbirləri nəticəsində şəhər
separatçılardan təmizlənib. 2023-cü il
oktyabrın 15-də dövlətimizin başçısı
tərəfindən Xocalıda Azərbaycan
Bayrağının ucaldılması Xocalı
qurbanlarının ruhuna ehtiramın bariz nümunəsi olmaqla,
eyni zamanda, ədalətin bərpa edilməsi və azadlıq
mübarizəsinin uğurlu nəticəsidir.
Xatırladaq ki, bu günə qədər
dünyanın bir çox ölkələrinin parlamentləri,
beynəlxalq təşkilatlar və insan haqları qurumları
Xocalı faciəsini soyqırımı və insanlığa
qarşı cinayət kimi tanıyıb. “Xocalıya ədalət”
kampaniyası dünya ictimaiyyətinə göstərir ki, bu
faciə sadəcə bir xalqın deyil, bəşəriyyətin
faciəsidir və belə cinayətlərə heç vaxt
göz yumulmamalıdır. Xocalı qurbanlarının ruhuna ədalət
tələb etmək təkcə azərbaycanlıların
yox, bütün vicdanlı insanların borcudur.
Xocalı soyqırımı bir çox dövlətlərin
parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən
tanınıb. Bu günə qədər Pakistan, Meksika,
Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Peru,
Honduras, Panama, Sudan, Paraqvay, Şotlandiya və digər ölkələrin
parlamentləri Xocalı soyqırımını rəsmən
tanıyıb, ABŞ-ın 20-dən çox ştatında
bu faciə ilə bağlı müvafiq qətnamələr qəbul
olunub.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.9.