Azərbaycan-Pakistan əlaqələri
yeni mərhələdə: möhkəm təməl,
qarşılıqlı etimad
Pakistanın Baş naziri Məhəmməd
Şahbazın Azərbaycana rəsmi səfəri, Prezident
İlham Əliyevlə geniş tərkibdə
görüşü iki ölkə arasındakı əlaqələrin
inkişafı üçün mühüm əhəmiyyətə
malikdir.
Xatırladaq ki, görüşdə Azərbaycan və
Pakistan liderləri iki qardaş ölkə arasında bir
çox sahələrdə geniş əlaqələrin
mövcud olduğunu və bu əlaqələrin inkişaf edərək
daha da dərinləşdiyini qeyd ediblər.
Azərbaycan ilə Pakistan arasında mövcud olan
strateji əməkdaşlıq ölkələrimizə nə
vəd edir və perspektivlər nədən ibarətdir?
“Xalq Cəbhəsi” bu suallara millət vəkilləri
ilə cavab tapmağa çalışıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu
Nağıyev Azərbaycan və Pakistan arasında öz
qloballığı və regional məsələlərin
oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələrin
mövcud olduğunu vurğulayıb: “Hələ 1991-ci ildən
Azərbaycanın müstəqilliyini Türkiyə və
Rumıniyadan sonra tanıyan üçüncü bir ölkə
Pakistandır. Ermənistan-Azərbaycan arasında gərginlik,
münaqişə olduğuna görə bu günə qədər
Pakistanın Ermənistanda, eyni zamanda, Ermənistanın da
Pakistanda səfirliyi yoxdur. Biz hər bir tərəfdən beynəlxalq
səviyyədə bir-birimizi dəstəkləyən dövlətlərik.
Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistana rəsmi
səfərdə oldu. O vaxt 9 sənəd imzalandı. Azərbaycanla
Pakistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi
və Kəşmir problemində bir-birilərinə dəstəklərini
bəyan ediblər”.
Deputat diqqətə çatdırıb ki, bu gün
iqtisadi, siyasi, mədəni, hərbi və digər
bütün sahələrdə Pakistanla əlaqələrimiz
mövcuddur: “Cənab Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin apardığı müstəqil
daxili və xarici siyasət nəticəsində Azərbaycana
bir tərəfdaş dövlət də Pakistandır. Qeyd etmək
istərdim ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupu da fəaliyyət göstərir.
Hərbi sahədə əməkdaşlığımız
da uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan
arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində
əlaqələrin daha da genişləndirilməsi məsələsini
daim müzakirə ediblər və bu istiqamətdə də
ciddi addımlar atılır. Bura şəxsi heyət
mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi,
tərəflərin yeni sahələri müəyyən edə
bilən inkişaf perspektivi və s. daxildir”.
“Pakistan Azərbaycanın ən mühüm tərəfdaşlarından
biridir”
A.Nağıyev qeyd edib ki, ən mühüm
müqavilələrimizdən biri hərbi hava qüvvələri
istiqamətindədir: “Azərbaycan Hərbi Hava Qüvvələri
ilə “Pakistan Aeronautical Complex” (PAC, Pakistan Aeronaviqasiya
Kompleksi) arasında Pakistan tarixində ən böyük
müqavilə imzalanıb. Bu, son modifikasiya olan təyyarələrin,
super müasir təlim təyyarələri, döyüş təyyarələrin
alınmasıdır”.
Deputatın sözlərinə görə, 44
günlük müharibədə də Pakistan Azərbaycanın
ərazi bütövlüyünü daim dəstəklədi,
eyni zamanda, mənəvi dəstək olaraq hər zaman Azərbaycanın
yanında oldu: “Bir sözlə, bu proses daim davam edir. Bu gün
Pakistanın Baş nazirinin də Azərbaycana gəlişi, həmçinin
cənab Prezidentlə yüksək səviyyəli
görüşləri də bir daha ondan xəbər verir ki,
Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından
biridir”.
“Münasibətlərimiz tarixə söykənir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Azərbaycan
və Pakistanın dost, qardaş ölkə olduğunu bildirərək
ölkələrimiz arasındakı münasibətlərin
böyük tarixə söykəndiyini vurğulayıb:
“1991-ci ildə müstəqilliyimizə yenidən qovuşandan
sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən
olub. Pakistan torpaqlarımızı işğal etdiyinə
görə Ermənistanı bir dövlət kimi tanımayan
qardaş ölkədir. 44 günlük Vətən müharibəsi
dövründə də Pakistanın bir qardaş ölkə
kimi bizə verdiyi siyasi və mənəvi dəstək qələbəmizi
daha inamlı etməyə töhfə verib”.
Deputat əlavə edib ki, ölkələrimiz BMT,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, D-8 və başqa bir çox beynəlxalq
təşkilatlarda təmsil olunur: “Biz beynəlxalq təşkilatlarda
hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost
ölkələrik. Bu illər ərzində dövlət
başçılarımızın dəfələrlə
qarşılıqlı səfərləri olub, ikitərəfli
münasibətlərin inkişafına dair bir çox sənədlər
imzalanıb. Ölkələrimiz strateji tərəfdaşdırlar.
İqtisadi əlaqələrin genişlənməsi
üçün potensial böyükdür və hökumətlərarası
komissiyaların keçirdikləri mütəmadi
görüşlərdə ticari-iqtisadi əlaqələrin
genişləndirilməsi imkanları ətrafında
müzakirələr aparılır. O cümlədən hökumətlərarası
komissiyalarda qarşılıqlı investisiya imkanları da
müzakirə olunur”.
“Azərbaycan və Pakistan dostluğu əbədidir”
A.Badamovun sözlərinə görə, Azərbaycan
və Pakistan siyasi, iqtisadi, hərbi müdafiə, humanitar və
mədəni sahələrdə əməkdaşlıq edir:
“Azərbaycan Pakistanın çətin günlərində həmişə
yanında olub. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
mütəmadi olaraq pakistanlı qardaşlara yardımlar edib.
Həmçinin ali məktəblərimiz əməkdaşlıq
edir və qarşılıqlı şəkildə ölkələrimizə
həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə
rəsmi səfəri çərçivəsində dövlət
başçılarımız arasında ölkələrimiz
arası əlaqələrin inkişafına töhfə verəcək
bir çox məsələlər müzakirə olunur. Bəli,
Azərbaycan və Pakistanın dostluğu əbədi və
sarsılmazdır”.
“Münasibətlərimiz qardaşlıq prinsipləri
əsasında qurulub”
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib
ki, Azərbaycanla Pakistan arasında münasibətlər
dostluq və qardaşlıq prinsipləri əsasında qurulub
və bu gün iki ölkə arasında çoxşaxəli
münasibətlər mövcuddur: “Pakistan Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin
iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin
martında açılıb, Azərbaycan İslamabadda öz
diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb.
Müstəqilliyimizin bütün dövrlərində
qardaş Pakistan dövləti və xalqı daim Azərbaycanın
yanında olub. Pakistan Qarabağın Ermənistan tərəfindən
işğal olunması faktını beynəlxalq və
regional müstəvidə dəfələrlə pisləyib,
Azərbaycanın siyasi və strateji mənafelərini
açıq şəkildə dəstəkləyib”.
Deputat qeyd edib ki, 44 günlük müharibəsinin
sonunda əldə etdiyimiz tarixi Zəfərimiz dost və
qardaş ölkələrin beynəlxalq dəstəyi sayəsində
bütün dünyada tanınıb, haqq işimiz uğrunda
apardığımız mübarizə həm də Ermənistanın
işğalçı ölkə olduğunu sübuta yetirib:
“Böyük Qələbə Azərbaycanın hərtərəfli
inkişafına, beynəlxalq nüfuzunun artmasına, yeni
dostlar qazanmasına səbəb olub. Vətən müharibəsinin
ilk günündən qardaş Türkiyə ilə
yanaşı, Pakistan da Azərbaycanın yanında oldu, siyasi
və mənəvi dəstək göstərdi. Buna
bütün dünya şahidlik etdi. Hər üç ölkənin
bayraqları birgə dalğalandı və bu, bizim
dostluğumuzun, qardaşlığımızın simvoluna
çevrildi”.
“Bu münasibətlər sarsılmazdır”
A.Hüseynov vurğulayıb ki, möhkəm təmələ,
qarşılıqlı etimada əsaslanan dostluq,
qardaşlıq münasibətləri sarsılmazdır: “Bu
gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu,
qarşılıqlı maraq və hörmət prinsipləri əsasında
əlaqələr qurur. Ölkəmizin sıx dostluq və
qardaşlıq əlaqələri qurduğu,
qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmiş ölkələrdən
biri də qardaş Pakistandır. Azərbayvan Prezidenti
İlham Əliyevin Pakistana səfəri zamanı dediyi fikirlər
də dərin məna kəsb edir:
“Qardaşlığımız xalqlarımızın əsrlərlə
bundan əvvələ təsadüf edən, bir-birinə olan
dərin hisslərinə əsaslanır. Azərbaycana gələn
pakistanlıların sayı son illər ərzində daha da
artıb. Bu gün Pakistan ilə Azərbaycan arasında
qardaşlıq münasibətləri möhkəm
bünövrəyə əsaslanır”. Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə
səfəri də səmimi dostuğa və həqiqi
qardaşlığa söykənir və hər iki tərəf
bu əməkdaşlığın daha da möhkəmlənməsində,
bütün sahələr üzrə inkişafında
maraqlıdır”.
“Bu iki böyük güc mərkəzinin bir yerdə
olması üstünlük gətirir”
Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib
ki, Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq,
dostluq, sıx münasibətlər təkcə dövlətlər
arasında deyil, həm də xalqlarımız
arasındadır: “Ölkələrimiz arasında elə bir
köklər, bağlar var ki, bu, hər iki ölkəni tarixən
bir-birinə ən yaxın ölkələrdən edir. Təsadüfi
deyil ki, bəzən dünyada Azərbaycan-Türkiyə-Pakistan
dostluğu misal çəkilir və bunun başqa ölkələr
arasında olmadığı qeyd olunur. Azərbaycanla
Pakistanın strateji əməkdaşlığı,
dostluğu sayəsində hər iki dövlət həm də
geosiyasi baxımdan siyasi dividentlər əldə edib. Pakistan
Hind okeanına çıxışı olan önəmli
strateji coğrafiyada yerləşən ölkədir və Azərbaycanın
Pakistanla dostluğu, həm də müttəfiqi olaraq
Pakistanla bir yerdə olması Azərbaycanın gücünə
güc qatır. Pakistan İslam Əməkdaşlıq Təşkilatında
və ümumiyyətlə İslam dünyasında yeganə
nüvə silahı olan ölkədir. Hər bir ölkə
istəyər ki, Pakistan kimi müttəfiqi olsun. Pakistan həm
də Mərkəzi Asiyaya, Əfqanıstana sərhəd olan
bir ölkə kimi Pakistanla dost olan, münasibətləri
yaxşı olan ölkələrə böyük Avrasiya
regionunun ürəyinə çıxış əldə
etmək imkanı verir. Məşhur deyim var: “Avrasiyaya kim nəzarət
edirsə, dünyaya o, nəzarət edir”. Avrasiya məkanının
digər önəmli bir ölkəsi Azərbaycandır. Təsəvvür
edin ki, bu iki böyük güc mərkəzinin bir yerdə
olması çox böyük, önəmli geosiyasi anlamda
divident gətirir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.3.