Həyat rejissoru...
Əliqismət Lalayev- 69
Çevik düşüncə tərzi və
yaradıcılıq bacarığı ilə tanınır.
Çox ağıllı adamdır, həyatı olduğu
kimi qəbul etməyi xoşlayır. Odur ki, hər işin
öhdəsindən asanlıqla gələ bilir və öz
qaydaları ilə yaşamağa üstünlük verir.
İstiqanlı, mehriban və fədakar xüsusiyyətləri
ilə seçilir. Onu yaxından tanıdıqca azadlıqsevər
təbiəti, həyatda öz yolunu seçmək arzusu
ön plana çıxır. Cəmiyyətin nə
düşündüyü onu elə də
maraqlandırmır, çünki o, hər zaman öz
qaydaları ilə hərəkət edir. Kiminlə dost oldusa,
bütün diqqətini ona yönəldir və həmişə
sadiq qalır...
Deyir ki:- “Bu gün ölkənin çox qaynar mədəni
həyatı var. Azərbaycanda beynəlxalq tədbirlər,
simpoziumlar, konqreslər keçirilir. Bakıda XXI əsr
dünya teatrı necə olmalıdır, inkişaf perspektivləri
necədir məsələlərinin əks olunduğu beynəlxalq
teatr konfransı keçirildi. Dünyanın hər yerindən
teatr xadimləri axışıb gəldi. Onların burda
gördükləri, hətta gedəndən sonra
yazdıqları məktublar, bizə göndərdikləri rəylər
o qədər xoş və cəlbedici idi ki. Biz sevinirik ki, biz
bu gün Azərbaycanda yaşayırıq və Azərbaycan
teatrında işləyirik. Bu gün Azərbaycan teatrı
dünyaya açqdır. Məhz buna görə deyirəmn
ki, ən gözəl dövrümüzü
yaşayırıq. Xaricə qastrollara gedirik, xaricdən bura
teatr nümayəndələri gəlir. Bundan artıq teatr
üçün nə lazımdır. Artıq yaxşı
işləri qiymətləndirmək tamaşacıların
üzərinə düşür. Ümid edirik ki,
tamaşaçılar gələcək yaxşı işlərə
öz qiymətlərini verəcək...”
O, 1956-cı il iyul ayının 4-də Salyan rayonunda,
Hümmət kişinin ailəsində dünyaya gəlib.
Əmək fəaliyyətinə 1972-ci ildə klub müdiri
kimi başlayıb. Daha sonra isə Salyan rayon "Qələbə"
qəzetində korrektor vəzifəsində
çalışıb. 1975-ci ildə indiki Mədəniyyət
və İncəsənət Universitetinin rejissorluq fakultəsinə
daxil olaraq, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə
bitirib. Sonra Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan
Muxtar Respublikasına göndərilib. Bir müddət
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinində çalışandan sonra ordu
sıralarında həqiqi hərbi xidmət keçib. 1982-ci
ildə ordudan tərxis olunandan sonra, 1988-ci ilədək
Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor
kimi fəaliyyətini davam etdirib. 1988-ci ildə Salyan şəhərinə
qayıdandan sonra müxtəlif illərdə "Qələbə"
qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət
şöbəsinin müdürü vəzifələrində
calışıb. 1993-cü ilin sentyabrında Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının direktor müavini vəzifəsinə irəli
çəkilib. 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət
İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət
şöbəsinin müdiri vəzifəsində işləyib.
2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və
Turizm nazirinin əmrinə əsasən, indiki Azərbaycan
Dövlət Akademik Musiqili Teatrına direktor vəzifəsinə
təyin olunub. Yenə də Azərbaycan Respublikası Mədəniyyət
nazirinin əmrinə əsasən, 4 aprel 2025-ci il tarixində
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
direktoru vəzifəsindən azad olunub. “Naxçıvan
MR-nın əməkdar incəsənət xadimi”, “Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi”,
“Fəxri Mədəniyyət İşçisi” fəxri adlarına
layiq görülüb. Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin, eyni zamanda Bakı
Xoreoqrafiya Akademiyasının müəllimidir...
“Professional səhnədə ilk işim Emin
Sabitoğlunun və Sabit Rəhmanın gənc nəslin
yaddaşında qalan Nəsibə Zeynalova, Səyavuş Aslan
və Hacıbaba Bağırov üçlüyünün təqdim
etdiyi “Hicran” tamaşası ilə olub. Heç ağlıma gəlməzdi
ki, 10 illər sonra mən Musiqili Komediya Teatrının
direktoru olacam. O zamanlar bizim görkəmli aktyorlarımız Nəsibə
Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov Naxcıvana gəlirdilər,
bizim aktyorlarla birgə tamaşada oynayırdılar.
Tamaşalardan çox razı qalırdılar, bu da məni
sevindirirdi. Rejissor öz tamaşalrını həyata gətirir,
heç kim deyə bilməz ki, mənim bu əsərim digərindən
daha yaxşıdır. Yaxşı hesab etmədiyi əsəri
rejissor tamaşaçıya göstərməməlidir. Mən
hesab edirəm ki, Naxcıvan teatrında, eləcə də son
iş yerim- Musiqili Komediya Teatrında səhnələşdirən
işlərin hamısı çox uğurlu olub. Bu gün də
rejissorlara, aktyorlara yaradıcılıqlarında irəliləyişlər
əldə etmələri üçün kömək edirəm.
Bunu bacarıramsa, demək öz funksiyamı yerinə yetirə
bilirəm...”
O, 1968-ci ildən dövrü mətbuatda
çıxış edir. Yüzlərlə məqalə,
oçerk və zarisovkanın müəllifidir.
Yazılarında əsasən mədəniyyətin müxtəlif
sahələrini işıqlandırır, mədəniyyət
və incəsənət xadimlərinin həyat və
yaradıcılığından bəhs edir. Onun milli teatr sahəsindəki
fəaliyyəti daha çox diqqəti cəlb edir. İstər
Naxçıvandakı uzun illər teatr
yaradıcılığı, istər incəsənət Baş
İdarəsinin rəisi və sonralar incəsənət
şöbəsinin müdiri vəzifələrində işləyərkən
teatrlarımızın inkişafı,
yaradıcılığıq fəaliyyətinin istiqamətləndirilməsi
sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir.
Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində
çalışarkən gənc, istedadlı aktyor və
rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini
cəlb edib və mütəxəssislər hər zaman onu
bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi
qiymətləndiriblər. Onun hazırladığı əsərlər
ideya-bədii düşüncə tərzi, səhnə
yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş,
bu tamaşalar və oynadığı müxtəlif rollar Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin xüsusi
mükafatlarını alıb...
Orijinal adamdır. Ən mürəkkəb məsələni
asanlıqla həll etməyi bacarır. Sağlam
düşüncəyə malikdir, düzgün qərar qəbul
etməyi xoşlayır. Əgər ona mane olan olmasa çox
uğurlara imza ata bilər. Demək olar ki, hər kəs onu
çox istəyir. O, bir çox insanlara baxanda, ətrafdakıların
üzündə təbəssüm yarada bilir.
Hazırcavabdır. Yenilikləri çox tez öyrənir və
şirin çılğınlığı ilə hər kəsin
ürəyində özünə yer tapır...
Filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyevin
onun haqqında söylədiyi fikirlər maraqlıdır:
"Azərbaycan-Orta Asiya teatr əlaqələri" namizədlik
işi zəngin faktlara əsaslanan çox dəyərli əsərdir.
Onun belə bir qiymətli əsər yazması isə
heç də təsadüfi deyil, çünki o,
bütün həyatını teatrla bağlamış
yaradıcı bir insandır."
Şair Əlisəmid Kürün dünyasında isə,
o belə görünür: "O, harda olur-olsun, hansı vəzifədə
olur-olsun, hansı məmur postunda oturur-otursun o postu dirildəcək,
o yeri ali mərtəbəyə mindirəcək.
Çünki təpədən-dırnağa qədər səmimiyyətlə
yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm
də bir həyat rejissoru kimi yetişib..."
Bəli, söhbət Əliqismət Lalayevdən
gedir. İyulun 4-ü onun növbəti ad günüdür.
Bu münasibətlə onu təbrik edir, möhkəm can
sağlığı arzulayıram. Çox yaşasın!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 3 iyul(¹24).-S.15.