3 iyul - Beynəlxalq Polietilen Paketsiz Günüdür
Elman Cəfərli: “Fikrimcə, Nazirlər Kabinetini
2021-ci il 1 yanvar qərarı təqdir olunmalıdır”
Bu gün ən çox istifadə edilən
daşıma vasitəsinin – plastik paketlərin
yaratdığı real və vacib problemlər haqqında
maarifləndirmənin gücləndirilməsinə həsr
olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik paketin
insan və gələcək nəsillər üçün təhlükə
mənbəyi olduğunu xatırlatmaq üçün qeyd
edilir.
Ölkəmizdə mövcud qanunvericiliyə əsasən,
2021-ci il yanvarın 1-dən etibarən qalınlığı
15 mikronadək olan polietilen torbaların sahibkarlar tərəfindən
istehsalı və idxalı, həmçinin ticarət, ictimai
iaşə və digər xidmət obyektlərində
istehlakçıya satılması və ya xidmət zamanı
istifadəsi qadağandır.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarına əsasən, market kassalarında məhsulların
yığılması üçün nəzərdə
tutulan, ölçüsü 15-50 mikron olan polietilen
torbaların ayrıca məhsul növü kimi ödənişli
olması ilə əlaqədar 15 fevral 2023-cü il tarixindən
etibarən polietilen torbalar müştərilərə ödənişli
qaydada təqdim edilir.
Mövzu ilə bağlı qəzetimizə
danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, bu
günün qeyd olunması polietilen torbaların, plastik qabların
zərərini anlatmaq, insanları ətraf mühitin
qorunması işinə təşviq etmək məqsədi
daşıyır. Bu çağırış ona yönəlib
ki, insanlar təhlükəni dərk etsin və gələcəyə
təmiz ətraf mühit, yaşana bilən bir planet buraxaq.
Plastik qablardan istifadə son 30 ildə daha çox artıb.
1960-cı illərə qədər bərk məişət
tullantılarının tərkibində plastik
tullantıların miqdarı 1 faiz idi. İndi isə bu rəqəm
12 faizdən çoxdur. Polietilen torbalar, plastikdən düzəldilmiş
qablar, stəkanlar və digər məşiət əşyaları
insanları işini asanlaşdırır: “Bazarlıq edərkən
istehlakçılar daha çox plastik torbalara
üstünlük verirlər. Çünki plastik torbaları
market özü təklif edir və onları daşımaq
asandır. Plastik boşqablar, stəkanlar, çəngəllər
isə daha çox piknik yerlərində, təbiət qoynunda
istirahət məkanlarında istifadə olunur. İş yerlərində
də, ayaqüstü nahar zamanı da plastik qablar köməyə
gəlir. Lakin insanlar bir şeyi unudur ki, polietilen torbalar,
plastik qablar təbiətdə yüzillər ərzində
çürümür.
Polietilen torbalar təkcə ekosistemə, mikroorqanizmlərə
zərər vurmur, eyni zamanda insanlar üçün də təhlükəlidir.
Plastik paketlərin tərkibi qarışıqdır, yüzlərlə
kimyəvi birləşmənin nəticəsində əldə
edilir. İnsan orqanizmində müxtəlif xəstəliklərin
yaranmasına səbəb olan polietilen qabların üzərinə
toplaşan bakteriyalar onda daşınan, saxlanan ərzaqların
keyfiyyətinə də təsir edir. Bu qablarda müxtəlif
göbələklərin inkişafı üçün əlverişli
mühit yaranır. Statistik məlumatlara görə, hər il
dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə
1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90
il qalır, çürümək bilmir və olduqca
böyük ziyan vurur”.
O, qeyd edib ki, bir sıra Avropa ölkələri
artıq polietilen torbalardan, plastik qablardan istifadəni məhdudlaşdırıb.
Azərbaycan da qabaqcıl təcrübədən istifadə
etməyə başlayıb.
2021-ci il yanvarın 1-dən etibarən
qalınlığı 15 mikronadək olan polietilen
torbaların sahibkarlar tərəfindən istehsalı və
idxalı, həmçinin ticarət, ictimai iaşə və
digər xidmət obyektlərində istehlakçıya
satılması qadağandır. Ölçüsü 15-50
mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi
müştərilərə satılır. Supermarketlərdə,
mağazalarda iriölçülü polietilen torbalar 5 qəpiyə,
daha kiçikləri isə 3 qəpiyə təklif edilir. Bəzi
tənqidçilər hesab edir ki, polietilen torbaların
satılması ondan istifadəni azaltmayıb, əksinə
işbazları varlandırıb, onlar üçün əlavə
qazanc qapısı açıb: “Fikrimcə, Nazirlər
Kabinetini 2021-ci il 1 yanvar qərarı təqdir
olunmalıdır. Bu qərar politetilen torbalardan istifadəni əhəmiyyətli
dərəcədə azaldıb. Mütəxəssislər
hesab edir ki, ölkəmizdə alış-veriş zamanı
polietilen torbalarının ödənişli olmasına dair qərarın
tətbiqindən sonrakı həmin torbalardan istifadə xeyli
azalıb. Başqa ölkələrin təcrübəsində
bu var və azalma müşahidə edilir. Bəzi ölkələrdə
politetilen torbalardan istifadə hətta 8- faizə qədər
azalıb. Əslində polietilen torbaların, plastik
qabların istehsalı tamamilə məhdudlaşdırılsa
yaxşı olar. Doğrudur, bu məmulatlar xırda sexlərdə,
istehsal müəssisələrində hazırlanıb. Biz
tullantıların təkrar emalını təşviq edirik.
Çünki bu həm məişət
tullantılarını idarəolunmasını
asanlaşdırır, ətraf mühitin çirklənməsinin
qarşısını alır, həm də yeni iş yerlərinin
açılması deməkdir. Amma polietilen torbaların,
plastik qabların təbiətə yaxın və uzunmüddətli
zərərini nəzərə alaraq onların
istehsalının tamamilə minimuma endirilməsi yaxşı
olardı. İnsanlar 40-50 il əvvəl bazarlığa gedəndə
həsir, parça çantalardan, kağız torbalardan
istifadə edirdilər. Yeri gəlmişkən, həmin
materiallardan hazırlanmış torbalarda ərzağa, meyvə-tərəvəzə
heç bir zərər gəlmir, keyfiyyəti olduğu kimi
qalırdı. Xüsusən tez əzilən meyvələr:
üzüm, çiyələk, gilas, albalı, şaftalı
həsir çantalarda daşınır. 50 il qabaq demək
olar ki, hər evdə həsir çantalar var idi. Əksər
insanlar dükana-bazara gedəndə həsir, parça
çantaları özləri ilə daşıyır və
içərisini dolduraraq geri dönürdülər. O
böyük çantaların daşınması kimdəsə
mənfi emosiya, aşağılıq kompleksi
yaratmırdı. Çox təəssüf ki, insanlar indi daha
asana qaçmağı seçir, ekoloji çantalardansa
plastik qablara, sellofan torbalara üstünlük verirlər”.
E.Cəfərli deyib ki, yaxşı olar ki, insanlarda
ekoloji şüurun formalaşdırılması məqsədilə
maarifləndirmə tədbirlər təşkil olunsun. Ekoloji
tərbiyə xüsusilə erkən yaşlardan başlansa
yaxşı olar: “Biz ekoloji tərbiyəyə uşaq
bağçasından başlamalıyıq. Özü də
bu işlə təkcə media, ictimai təşkilatlar məşğul
olmalı deyil. Hamı bu işə səfərbər
olmalıdır. Yaşıl nəqliyyatı da, ekoloji
çantaları da məşhur sənətçilər,
aparıcılar, müğənnilər
populyarlaşdırmalıdır. İnkişaf etmiş Qərb
ölkələrində ekoloji aksiyaların önündə
Hollivud ulduzları, məşhur futbolçular gedir. Onlar
ağacəkmə aksiyalarına çıxır,
qollarını çırmalayıb xüsusi geyimlərdə
təmizlik tədbirlərində iştirak edirlər. Siz
görmüsüz, hansısa azərbaycanlı xalq artisti, xalq
rəssamı, xalq yazıçısı ətraf mühitin
məişət tullantılarından təmizlənməsi
aksiyasında iştirak etsin? Mümkün deyil. Bizimkilər
bunu özlərinı sığışdırmazlar. Halbuki
bu cür aksiyalarda tanınmışlar başda
olmalıdır. Çünki ən ən yaxşı tərbiyə
nümunədir. Ünlülər nümunə göstərsələr,
sadə insanlar da bu aksiyalara qoşular.
İnsanların şüurunda qalıcı təsir
buraxan vasitələrdən, alətlərdən istifadə
olunmalıdır. Məsələn, müharibə,
soyqırım, terror, mina təhlükəsi, uşaq
ölümləri ilə bağlı təsirli aksiyalar,
flaş-moblar təşkil edilir. Bu cür tədbirlər
insanlara mənəvi, psixoloji təsir. Təcrübə
göstərir ki, bu cür aksiyalar çəkindirici alətlərdən,
cərimələrdən daha təsirli olur.
Məktəblərdə, ali təhsil ocaqlarında
maarifləndirici tədbirlər keçirmək, sərgilər
təşkil etmək, çağdaş informasiya kommunikasiya
texnologiyalarının imkanlarından yararlanaraq video-materiallar,
foto-slaydlar hazırlamaq olar. İnsanların gur olduğu yerlərdə
polietilen torbaların, plastik qabların insana, canlılara, təbiətə
vurduğu zərərin fəsadlarının əks etdirən
flaş-moblar, aksiyalar təşkil etməkdə fayda var.
Yaxşı olar ki, imkanlı fondlar, ictimai təşkilatlar,
iş adamları bir aksiya təşkil etsin, ekoloji torbalar
paylansın.
Həsir, parça çantalar, kağız
torbaların istehsalı artmalıdır. Maarifləndirici
aksiyalar qısa müddətdə təsirini göstərəcək,
effekt verəcək, insanlarda alış-veriş mədəniyyəti
formalaşacaq. Hesab edirəm ki, maarifləndirici tədbirlər
azdır, hətta polietilen torbalara, plastik qablara görə
müəyyən çəkindirici alətlərdən də
istifadə etmək olar.
Xatırladım ki, bir sıra inkişaf etmiş
ölkələrdə polietilen torbalardan istifadə məhdudlaşdırılıb.
İngiltərə, Yeni Zelandiya, ABŞ-da ərzaq məhsuları
kağız torbalarda daşınır. Tayvan, Keniya, Uqanda,
Fransa, Latviyada polietilen paket ümumiyyətlə yasaqlanıb.
Qonşu Gürcüstanda da artıq plastik qablardan, sellafon
torbalardan istifadə edilmir.
Biz bu yaxınlarda təbiətsevər dostlarla
Abşeron yarımadasının uzaq cənub şərq
qurtaracağında yerləşən Şah Dili adlanan əraziyə
getmişdik. Qeyd edim ki, ərazi inzibati cəhətdən
Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə
daxildir. Ərazidə, bütünlüklə Abşeron Milli
Parkında gördüklərimizdən zövq aldıq.
Ətraf tər-təmiz, neçə kilometr məsafə qət
edirsən, ətrafda bir dənən də olsun polietilen torba,
plastik tullantıya rast gəlmək mümkün deyil. Halbuki ərazi
turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.
Deməli, bu cür gözəlliyi istənilən yerdə
yaratmaq olar.
Sədri olduğum “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin də üzv olduğu “Yaşıl Azərbaycana
Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyası
yaxın vaxtlarda “Polietilen torbalara yox” adlı aksiya keçirməyi
palnlaşdırır. Məqsədimiz bu torbaların insan
orqanizminə, canlı aləmə zərər vurduğunu
ablatmaq, ekoloji çantaları təşviq etməkdir.
Aksiyada daha təsirli vasitələrdən istifadə etməyi
düşünürük”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 3 iyul(¹24).-S.9.