Azadlıq, müstəqillik hissi bütün hisslərdən
üstündür
Şanlı tariximizə qızıl hərflərlə
yazılmış 28 May – Müstəqillik Günü
xalqımız üçün müqəddəs gün
olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının
qürur günüdür. XIX əsrin əvvəllərində
itirilən dövlət müstəqilliyini bərpa etmək
arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra
tarixi fürsətdən məharətlə yararlandı.
Şərqdə və müsəlman aləmində ilk
demokratik dövlət quruluşunu yaratmış Azərbaycan
Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək,
xalqımızın müstəqillik əzmini nümayiş
etdirdi. 1918-ci il may ayının 28-də Azərbaycanın
müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi
qəbul edildi. İstiqlal Bəyannaməsinin qəbul edilməsi
ilə müsəlman dünyasında ilk parlament
demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası
qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi
114 min kvadrat kilometr idi.
Xalq Cümhuriyyəti dövründə ilk dəfə
qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi
təmin olunub, milli ordu yaradılıb, milli valyutanın
dövriyyəyə buraxılıb, milli bank təsis edilib.
Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr
qurub və beynəlxalq ictimaiyyət tərəfindən
tanınıb. 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də
bolşevik işğalı nəticəsində devrilib.
Uzun müddət, yəni sovet dövründə Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcıları və onların
fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan
tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin
adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri
və himni bərpa edildi.
Cümhuriyyətin adının özünə
qaytarılması ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Müstəqillik
dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlı arxiv materialları açıldı, elmi işlər
reallaşdı, həqiqətlər ortaya çıxdı.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz
bu gün demokratik Azərbaycan dövlətini qururuqsa,
ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə
borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində
yenidən bərpasına xüsusi qiymət verən Heydər
Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması
gününü əziz tutaraq, onu Azərbaycanın dövlət
müstəqilliyi günü – Respublika Günü elan
etmişik və bu bizim milli bayramımızdır”.
Heydər Əliyev öz
çıxışlarından birində qeyd edib: “Bu gün –
bu bayram günü biz Azərbaycanda ilk Demokratik
Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi
xidmətlərə görə M.Ə.Rəsulzadəyə (
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli
Şurasının ilk sədri), Ə.Topçubaşova,
F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı,
təşəkkürümüzü bildiririk. Onların
gördüyü işlər Azərbaycan xalqının bu
günü üçün çox böyük əhəmiyyət
kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə
əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim
yaşayacaq”.
Ulu Öndərin bu siyasətini hazırda Prezident
İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin
başçısının tarixi keçmişimizə,
varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər
önəm verməsi xalqımız tərəfindən
böyük rəğbətlə qarşılanır.
Prezident İlham Əliyevin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi
haqqında sərəncamı milli yaddaşın
formalaşması prosesində mühüm əhəmiyyət
kəsb edir.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın
dövlətçilik tarixində çox mühüm və
şərəfli bir mərhələ olan Şərqdə
ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman
uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə
böyük dəyər verildiyinin sübutudur.
44 gün davam edən Vətən müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
uğurlu siyasəti və diplomatiyası, xalqımızın
qətiyyəti, ordumuzun şücaəti nəticəsində
Azərbaycan ərazi bütövlüyünə qovuşdu,
xalqımız dünyada mübariz, döyüşkən və
müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə
qazanılan uğurların, əldə edilən nailiyyətlərin
əsas hədəfi işğal altında olan
torpaqlarımızın düşməndən azad edilməsi
və Azərbaycanın bütün sərhədləri
boyunca bayrağımızın dalğalanması idi.
Müstəqilliyə 105 il əvvəl qovuşan Azərbaycan
Respublikası bu gün dünyanın inkişaf etmiş
dövlətlərindəndir. Bunu Müzəffər Ali
Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik
etdiyi, bu günki Müstəqil Azərbaycan
Respublikasının beynəlxalq nüfuzu, gücü və
qüdrəti təsdiq edir.
ƏHD Partiyası İdarə Heyətinin
üzvü, politoloq Azər Qasımov deyib ki, hər bir
xalqın tarixində elə bir an olmayıb ki,
yarandığı gündən bu günə kimi dövlət
qurmaq istəyi olmasın. Sadəcə məsələ tək
istəklə olmur. Mövcud olduğu regiondan tutmuş tarixi
reallıqlar daxil bir çox faktorlar xalqların dövlət
yaratmaq istəklərini müəyyən edib. Kimi xalqlar tarixdə
dəfələrlə dövlət qurub. Kimilərinin
qurduqları dövlətin ömrü qısa olub, kimiləri
isə buna cəhd etsə də nəticədə buna nail ola
bilməyib. Türk irqinin meydana gəldiyi gündən bu
günə kimi qurduğu dövlətlərin sayı
hesabı olmayıb, təbii ki, bədii dillə desək.
Tarixin elə bir mərhələsi olmayıb ki, Türk irqi
dövlətsiz olsun. Bir Türk dövləti
yıxılıbsa, digəri onu əvəz edib. Əksər
hallarda bir neçə Türk dövləti mövcud olub. Bu
da türkün dünyadakı tarixi yerinin və rolunun
göstərişi olub. Bu Türk dövlətləri
sırasında Azərbaycan xalqının qurduğu dövlətlər
daim xüsusi yeri ilə seçilmiş, tarixin həmin
dövrlərində əhəmiyyəti və
varlığı ilə tarixin gedişinə yön
vermişdir. Yaxın Şərqdən Hindistana,
Əfqanıstana kimi imperiyalar qurmuş ata babalarımız
daim Türk irqinin böyüklüyü və əzəməti
üçün vuruşmuşlar: “Hər fürsətdə
dövlət qurmaq istəyi və bacarığı keçən
əsrin əvvələrində 1918-ci il may ayının 28-də
yenidən Azərbaycan Demokratik Respublikası qurulmasına səbəb
olmuş, eyni zamanda, Şərqdə ilk demokratik respublika olmaq
ünvanını da daşımışdır. Bu
respublikanın ömrü nisbətən az olsa da, Azərbaycan
xalqı bir daha yenidən və əbədi olaraq öz
dövlətini 1991--ci il 28 mayında qurmuşdur, daha
doğrusu özünü 1918-ci ildə qurulmuş ADR dövlətinin
varisi bəyan edərək, yenidən Azərbaycan
Respublikasını bərpa etmişdir. 28 may ölkəmizdə
"Respublika günü" kimi tarixə
düşmüşdür. Azərbaycan xalqı bu gün
üçün son yüz ildə çox itkilər
vermiş, əzab-əziyyətlər çəkmişdir. Azərbaycan
xalqı bu yolda torpaqlarını dəfələrlə
itirmiş, qaçqın və köçkün həyatı
yaşamış, on minlərlə şəhidlər
vermişdir. Amma Azərbaycan xalqı heç vaxt öz
müstəqilliyi, azadlığı yolundan dönməmiş,
mübarizəsini davam etdirmişdir. Müstəqilliyinin ilk
illərində əraziləri işğalçılar tərəfindən
işğal edilmiş, şəhər və kəndləri
talan edilmiş, əhalisi yaşadığı yerlərdən
qovulmuş, öldürülmüş, əsir
götürülmüşdür. Buna qarşı var
gücü ilə mübarizə aparan Azərbaycan xalqı
beynəlxalq güclərin qarşısında otuz ilə
yaxın ağır günlər yaşasa da, nəhayətdə
uzun sürən hazırlıqdan sonra vətən müharinəsinə
qalxmış, xalqın bütün kəsimləri ilə
birlik olub düşməni öz torpaqlarından qova
bilmişdi. Təfərrüatları qeyd etməyə ehtiyac
görmədən bildirmək istəyirəm ki, bu dövr Azərbaycan
tarixinin ən şərəfli və şücaətli
dövrüdür desək yanılmarıq.
44 gün ərzində Azərbaycan ordusu işğal
altında olan ərazilərin böyük hissəsini azad
etmiş, işğalçı güclərə amansız zərbələr
endirmiş, onların ordularının müqavimətini
sındıra bilmişdi. Tarixə "44 günlük
müharibə" kimi düşən və 2020-ci ilin 27
sentyabrında başlayıb 9 noyabrında Şuşanın
alınmasının elan edilməsi ilə dayanan bu müharibə
yenidən antiterror əməliyyatı adı ilə 24 saat
olmadan belə bütün terrorçu qüvvələrin təslim
olması ilə başa çatmışdı. Son nəticədə
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
etmiş, bütün torpaqlarında suverenliyini elan etmişdi.
Azərbaycan xalqı öz müstəqilliyi ilə fəxr
edir. Onun əbədi olduğuna inanır. Dövlətimizin
güc strukturları daim müstəqilliyimizin keşiyində
ayıq-sayıq dayanır. Təxribatçı,
separatçı qüvvələrin fəaliyyətinə zərbələr
vurur. Azərbaycan xalqı müstəqillik illərində
tarixi proseslərdən keçərək bu günlərə
gəldi. İstər acı, istərsə də şirin olan
bu illər Azərbaycan xalqına tək bir şey öyrətdi
ki, hansı çətinliklər,
çatışmazlıqlar olsa da, azadlıq, müstəqillik
hissi bütün hisslərdən üstündür.
Azadlıq hissinin verdiyi mənəvi qida bütün dəyərlərdən
güclüdür. Bu hiss idi Azərbaycan xalqını,
ordusunu gələcəyinə nikbin baxmağa sövq edən.
Qələbə qazanacağına əminlik yaradan. Artıq
Azərbaycan xalqı öz istəyinə çatıb.
İşğaldan azad olan ərazilərdə quruculuq işləri
gedir, keçmiş qaçqın və məcburi
köçkünlər öz yurd-yuvalarına
qayıdırlar. Məktəblər, bağçalar, mədəniyyət
evləri, hava limanları, konqres mərkəzləri, istirahət
ocaqları açılır, əhalinin işlə təmin
olunması üçün istehsal müəssisələri,
infrastruktur layihələri həyata keçirilir, yeni və
müasir şəhərlər salınır. Əhali getdikcə
öz yeni yaşamına öyrənməyə
başlayır. Dağıdılıb, viran edilmiş ərazilər
yenidən dirçəlir, ora həyat yenidən qayıdır.
Xalq müstəqilliyinin bəhrəsini görməyə
başlayır. Azərbaycan xalqı üçün müstəqillik
tam olaraq indi öz mənəvi şəklini alır, dəyər
qazanır. Mahiyyət etibarilə müstəqilliyin elan edilməsindən
sonra keçən otuz il əgər müstəqilliyin
qorunması üçün mübarizə dövrü idisə,
bundan sonrakı illər müstəqilliyin mənəvi olaraq
dolğun şəkildə bilavasitə
yaşandığı illər hesab etmək olar. Azərbaycan
xalqı bütün dünyada başı uca və dik gəzən
xalqdır. Bütün dünya dövlətləri Azərbaycan
dövlətinə və xalqına hörmətlə
yanaşır. Bu, dövlətimizin və Prezidentimiz İlham
Əliyevin gərgin əməyinin və fəaliyyətinin nəticəsidir.
Xalq və dövlət birliyi bu uğurların əsasını
təşkil edir. Təbii ki, Azərbaycan xalqı bundan da
yaxşı həyata layiqdir, hətta bu, Azərbaycan
xalqının haqqıdır. Bu xalqın bundan sonra həyatı
sevinc, şadyanılıq içində keçməlidir,
çatışmazlıqları olmamalıdır. Dövlətimiz
hər zaman bunda maraqlıdır və bunun üçün
çalışır.
Müstəqilliyimizin Azərbaycan xalqına verdiyi tək
müstəqil iqtisadi layihələr, beynəlxalq əhəmiyyətli
proyektlər olmadı. Müstəqillik Azərbaycan gəncliyinin
həyatında xüsusi bir dövr açdı. Yaşlı
nəslin, hansı ki, Sovet imperiyasının təzyiqləri
altında müstəqillik ideyalarını
yaşatmışdı, üç rəngli bayrağı
qoruyub saxlaya bilmişdi, artıq gənc nəsildən
arxayın olması, estafetin əmin əllərdə
olmasını hesab etməsi onlara da rahatlıq gətirir. Gənc
nəsil artıq şanlı Azərbaycan tarixində
özünün şanlı tarixini yazıb. Qarabağ
müharibəsində göstərdiyi şücaətli, rəşadət
ilə. Azərbaycan gəncliyi müstəqilliyimizin dəyərini
bilir və anlayır. Anlayır ki, bu müstəqillik Azərbaycan
xalqına asan başa gəlməyib. Bu gəncliyin həyatı
əslində işğalla başlayıb.
İşğalçılar onların həyatın ən
gözəl ilk on illərini oğurlayıblar. Ona görə
də gənclik əldə etdiyi qələbənin dəyərini
daha çox başa düşməli, ölkəmizin
düşmənlərinə qarşı daha amansız
olmalıdır. Azərbaycan dövlətinin gücü
müstəqil Azərbaycan xalqının gücüdür.
Bu güc Azərbaycan dövlətinin müstəqilliyi
üçün daim artmalı, düşmənə qorxu,
dosta güvən aşılamalıdır. Azərbaycan
xalqı da öz dövlətinə baxıb fəxr etməlidir!
Müstəqilliyimiz əbədi, dönməz və
sarsılmaz olsun”.
Cavid
Xalq Cəbhəsi .- 2025.-5 iyun(¹20).- S.9.